Bir müddət əvvəl Norveç Akademiyası dünyanın müxtəlif yerlərindən olan yazıçılara belə bir sual ünvanladı: Sizcə indiyə qədər yazılmış ən yaxşı roman hansıdır?
Yüz yazıçıdan əllisi “Don Kixot”u seçdi. Bundan başqa, səs çoxluğu ilə seçilənlər arasında Dostoyevski, Folkner, Markes də vardı. Bu anketin nəticəsi maraqlı bir problemi aktuallaşdırır: lonq-seller – uzunömürlü kitablar və best-seller – çox satılan kitablar. Best-seller niyə best-seller olur, yaxud uzunömürlü kitabların qalıcılıq səbəbi nədir? Şübhəsiz ki, hər kitaba uyğun gələn vahid cavab yoxdu.
“Don Kixot” 1605-ci ildə çap olunanda çox satılmışdı, o gündən bu günə qədər də çox satılmağa davam etdi. Başqa misal: Folknerin “Abşalom, Abşalom!” (1936) romanını Hervey Allenin həmin il çap olunan və bestsellərə çevrilən, Napoleon dönəmi avropasından bəhs edən, sevgi, müharibə və ticarət dastanı “Anthony Adverse”[1] ilə qarşılaşdırsaq, görəcəyik ki, Folknerin kitabı hədsiz az satılıb.
Bu da o deməkdir ki, belə məsələlərdə həqiqi termometr yoxdur – son sözü zaman desə də, zaman satdırsa da. Servantesin öz zəmanəsinə uyğunlaşdığını, amma tutalım, Stendalın şüurlu şəkildə həmişə “xoşbəxt azlıq” içində yazdığını, sağlığında kitablarının az satıldığını, ölümündən bir az qabaq Balzakın tərifi ilə mükafatlandırıldığını və XX əsrdə tənqidçi Henri Martinin araşdırmaları sayəsində həqiqi qiymətini aldığını xatırlamaq yerinə düşər.
Bəzi yazıçılar böyük populyarlıq qazanır, sonra isə bir də ortaya çıxmamaq üzrə yoxa çıxırlar. Son əlli ilin best-seller siyahıları bir-iki diri, marginal nümunədən başqa, qaramat, ölü kitablar məzarlığıdır. Bir məsələ var ki, uzunömürlülük istəklə olmur. Heç kim “ölümsüz olacağam” deyib kitab yaza bilməz; bu həm gülünc olar, həm də şübhəsiz ki, fanilikdən xəbər verər. Platon əbədiyyətə yeni rakursdan baxıb demişdi ki, “bir növ donmuş şəkildə olan Əbədiyyət hərəkətə gələndə Zamana dönüşür”. Uilyam Bleyk isə bunu daha ələgələn formada izah edir: Əbədiyyət zamanın işlərinə aşiqdir.
Zamanın işləri. Bura qədər yad etdiyim yazıçıların hər birini təhlil edib, onların öz zəmanəsi ilə olan əlaqələrinə doğru maraqlı bir səyahətə çıxa bilərik. Belə bir səyahət çox gözəl ola bilər, olmalıdır da; amma yazdıqları kitablar, onları yazmağa təhrik edən fantaziya, dilə münasibətləri, bədii ədəbiyyata tənqidi yanaşmaqları, Milan Kunderanın təzə kitabı “Pərdə”də qeyd etdiyi kimi, böyük ənənəyə aid olduqlarının nə qədər fərqində olmaqları ilə bağlı bizə nə dedikləri mənə çox maraqlı gəlir. Kundera yazır ki, romançı öz ölkəsindən, hətta öz ana dilindən də çox, Rablenin, Servantesin, Sternin və Didronun da eyni ailənin üzvü olduğu böyük ənənəyə bağlıdır və bu ailə Hötenin həsrətin çəkdiyi kimi, “Weltliteratur”un, yəni dünya ədəbiyyatının evində yaşayır. Onun fikrincə, hər yazıçı Hötenin təklif etdiyi kimi, dünya ədəbiyyatını, “artıq önəmli heç nəyi təmsil etməyən” milli ədəbiyyatlardan ayırır, bəsləyir, gücləndirir.
Əgər bu doğrudursa, onda bütün böyük ədəbi əsərlər öz canında həm də içindən çıxdığı ənənəni daşıyır, ona töhfə verir və bu yeni töhfə, özündən əvvəlki ənənəyə bağlı olduğu qədər, salamat qalmaq istəyirsə, onu qidalandıran yaradıcı yeniliklərə də açıq olmalıdır. Bu il “Don Kixot”un çap olunmasının 400-cü il dönümü olduğu üçün və mən Servantesin kitabını XVII əsrdən bu yana təkamül edən roman sənətinin əsas süutunu saydığım üçün, icazənizlə fikirlərimi bu əsərə söykənərək ifadə etmək istəyirəm.
Servantes elə bir ənənəyə bağlı idi ki, onun haqqında danışa bilmirdi. Bu ənənə V Karl Pettinin sarayındakı erkən İspaniya intibahının yolgöstərən işığı, Rotterdamlı Erazmın ənənəsi idi. Bu işıq, çox keçməmiş əks-reformatorların soyuq doqmatik küləkləri tərəfindən söndürülmüşdü. Erazm və əsərləri, Trento Konsilindən [2] sonra inkvizisiya tərəfindən yasaqlanmış, onun vəsiyyəti bir sirr kimi gizlədilmişdi.
Servantes bu yasaq fəlsəfədən mayalanmışdı. Erazm təkcə İnancın doqmalarını yox, Ağlın doqmalarını da inkar edərək, İnanc ilə Ağıl arasında bir uzlaşma axtarırdı. İspan erazmçılarının davamçısı olan Servantes aid olduğu intellektual istiqaməti gizlətməyə məcbur idi. “Dəliliyə tərif” kitabı bütün həqiqətlərin şübhəli olduğu, hər şeyin qeyri-müəyyənlik dənizində üzdüyü erazmvari bir dünyada dolaşan Don Kixota edilmiş tərifdir; beləcə, modern roman dünyaya gəldi.
Servantes erazmçı düşüncənin özgürləşdirici təsirini açıb-ağarda bilmədiyi üçün, Erazmdan bir addım irəli gedir: Rotterdamlının müdrikliyi La Mançlının dəliliyinə çevrilir və la sagesse[3] ilə l’incertitude[4]-un evliliyi, bu gün başa düşdüyümüz mənada romanı ortaya çıxardı, yəni sarsıntı və qeyri-müəyyənlik üçün nəzərdə tutulmuş imtiyazlı sahəni.
Qeyri-müəyyən məkan: İspaniyanın təcrid edilmiş bölgəsində unudulmuş bir kənd. Adlandırıla bilməyən yer: “En un lugar de la Mancha cuyo nombre no quiero acodarme.” [5] Qeyri-müəyyən yazıçı: bu kitabı kim yazıb? Servantesmi? De Saavedramı? Seyid Həmid Badincanimi? Adı-sanı olmayan Məğribli bir yazıçımı? Kukla ustası Pedronun cildinə girmiş maskalı kəndirbaz Gines de Pasamontemi? Qeyri-müəyyən adlar: Don Kixot, əslində Alonso Kixano adlı – yoxsa Kixada, ya da Kuxedamı? – yoxsullaşmış zadəgandır. Yoxsa əksinə, yoxsullaşan bəyzadə, əslində, macərapərəst cəngavər, düşgünləşmiş El Cid[6], gücdən düşmüş Kortesdir[7]?
Yaxşı, adlar nə deməkdir? “Don Kixot” romanında qarşımıza çıxan adlardakı qeyri-müəyyənlik, düz oxunuşdakı bütün konkretlikləri yoxa çıxarır. Dulsineya, Aldonzadır; dərdli gənc qızlar kraliçalara və şahzadələrə, yaşlı atlar möhtəşəm köhlənlərə çevrilir, cahil kəndlilər qubernatora dönür. Don Kixotun xəyali düşmənlərinin şişirdilmiş adları var; məsələn, nəhəng qollu Pentapolpin. Buna görə də həqiqi düşmənlərinin də adı şişirdilmiş olmalıdır: Bakalavr Samson Karrasko Don Kixotun adlar dünyasına girmək üçün, Güzgülər Cəngavəri adına sahib olmalıdır. Və Kixotun özü... ya da Kixada... yaxud Kesada da bu adlar karnavalına daxil olur: Məhzun Sifətli Cəngavər, ya da Aslanların Cəngavəri olur; yaxud da pastoral ovqatdadırsa Kixotiz olur; yol qırağı mehmanxanada gülməli Don Azote, yəni Cənab Qırmanc adını götürür, ya da Qrafın sarayında məsxərəyə qoyulan Don Jigote olur.
“Don Kixot”dakı məkanlar, adlar, yazıçı – hər şey qeyri-müəyyəndir. Və bu qeyri-müəyyənlik Servantesin zərifliklə işlədiyi böyük demokratik inqilabı möhkəmləndirir. Burda söhbət romanın yaradılışından gedir – hamının eşidilmək haqqının olduğu, amma heç kimin məxsusi olaraq danışmaq haqqının olmadığı ortaq bir yer, lieu commun, lugar comun, yəni şəhərin görüş yeri, ana meydan, poliforum.
Roman sənətinin bu əsas prinsipi Servantes tərəfindən Kladio Gilyenin növlərin dialoqu dediyi şeyə çevrilir. Bütün növlər “Don Kixot”un açıq sahəsində görüşürlər. Burada pikaresk – Sanço Panza – epik olanla – Don Kixot – salamlaşır. Lazarillo de Tormes, Qaliyalı Amadislə [8] tanış edilir. Burada təhkiyənin birxətliliyi “hekayə içində hekayə” ilə qırılır, çərçivələnir, sürətlə irəli ya da geri dartılır; araya girən pastoral interlüd, cəngavər romançı, Məğrib və Bizans hekayələrindən parçalarla naxışlar vurulur və axırda roman özünü dil dünyasının həm sinonimi, həm də əksi kimi ortaya qoyur.
Servantesdən əvvəl təhkiyə özünü ya epik növdə olduğu kimi keçmişin, ya da pikareskdə olduğu kimi indinin birüzlü, vahid oxunuşu şəklində tükədirdi. Servantes isə romanı tənqidi prosesə çevirib keçmişlə gələcəyə sintez etdi: roman, əvvəlcə bizə çoxlu kitab oxumuş bir adam haqqında bir əsər oxuduğumuzu deyir, sonra isə oxunduğunun fərqində olan bir adam haqqında əsərə çevrilir. Don Kixot Barselonada bir nəşriyyata girib çap edilməkdə olan kitabın öz kitabı “El ingenioso hidalgo Don Quijote de La Mancha” olduğunu görəndə, özümüzü birdən həqiqətən təptəzə oxucular dünyasında, kitabların təkcə məhdud dini, siyasi ya da ictimai iqtidar çevrələrinə yox, hamıya çatımlı olduğu bir dünyada hiss edirik.
Roman sənəti Servantes dönəmindən bu günə qədər həm yazıçılığı, həm də oxuculuğu çoxaldaraq demokratik bir vasitəyə çevirmiş, mənliyin, dünyanın, özümlə digərləri, “sən”lə “mən”, “biz”lə “onlar” arasındakı əlaqənin dəyişkən yozumlarına seçim müstəvisi olmuşdur.
Din doqmatikdir. Siyasət ideolojidir. Ağıl, məntiqli olmağa məcburdur. Amma ədəbiyyatın birmənalı olmamaq imtiyazı var. Bir romandakı çoxmənalılıq , şübhəçilik, bəlkə də yazıçının (iqtidarın) qeyri-müəyyən və fərqli yozumlara yatımlı olmasının dünyaya çox uyğun gəlməsini ifadə etməyin yoludur.
Gerçəklik sabit deyil, dəyişkəndir. Gerçəkliyə yaxınlaşmaq üçün gərək ona olub-bitmiş bir şey kimi yanaşmayaq. Bir romanda ifadə edilən gerçəklərin hərtərəfli olmaması doqmatik məcburiyyətlərin qarşısına çəkilən barrikada kimidir. Görəsən niyə siyasi baxımdan gücsüz və önəmsiz sayılan yazıçılara totalitar sistemlər təzyiq göstərirlər? Bu paradoks siyasi olanın ədəbiyyatın daha dərinlərindəki təbiətindən xəbər verir. Romanda eyham, özünə böyük aynalarda baxıb ölümsüz hesab edən avtoritetlərə, ötəri iqtidarlara yox, polis-ə, şəhərə, təkamül edib sürəkliliyini qoruyan vətəndaşlaradır.
Kafkanın fiksiyaları öz fiksiyasını gücləndirən iqtidarı təmsil edir. İqtidar, “Qəsr”dəki avtoritetlər kimi, gücünü qəsrdən kənardakıların fantaziyasından alır. Bu fantaziya iqtidara gücləndirməyi buraxan kimi kral çılpaq qalır və kralın dərziləri ona təzə paltar tikərkən, bunu ifşa edən yazıçı sürgünə, düşərgəyə, ya da dar ağacına göndərilir.
Sözüm ondadır ki, ədəbiyyatın siyasi gücü ancaq istisna ola bilər. “Normal” şəraitdə yazıçının siyasi önəmi demək olar ki, yoxdur. Şübhəsiz ki, yazıçı vətəndaş olaraq siyasətlə maraqlanır. Amma yazıçı, səssizcə, arxa planda və dolayı yolla olsa da, cəmiyyətə fərdi olanla kollektiv olanı birləşdirən iki mühüm dəyəri bağışlamaq – dil və yaddaş, dil və niyyət – kimi vacib siyasi əhəmiyyətə malikdir.
Deməli, Rable və Servantesdən Günter Qrass, Qoytisolo və Qordimerə qədər fiksiya gerçəkliyi araşdırmağın başqa yoludur, çünki həqiqətə çatmağın yolu fiksiyadakı paradoksdan keçir. Bu yalana fantaziya deyə bilərik, paralel reallıq da. Vərdiş olunmuş, adi dünyada gerçəkliyin yerinə keçən şeyin tənqidi güzgüsü kimi də görə bilərik bu yalanı. Bu yalan, bu fiksiya, Don Kixot, Hetklif[9] və Emma Bovari kimi ədəbi qəhrəmanların gündəlik həyatın tempi içində tanış olub unutduğumuz adamlardan heç də önəmsiz olmadığını, hətta daha çox gerçəkliyə sahib olduğu ikinci bir gerçəklik yaradır. Əslində, Don Kixot və Emma Bovari, gündəlik həyatda tanıdıqlarımızın müsbət və mənfi cəhətlərini – ələgəlməz, dəlisov xarakterlərini – aydınlaşdırır, ətə-cana gətirirlər.
Ahab[10]ın, Pedro Paramo[11]nun, Efi Brays[12]ın sahib olduğu şey, bəlkə də bizim unutduğumuz, atalarımızın tanıdığı, babalarımızın çox əvvəldən bildiyi, kişilərin və qadınların böyük, görkəmli və fani fərdiliklərinin yaşayan xatirəsidir. Dostoyevski demişdi ki, “Don Kixot”da gerçəyi yalan xilas edir. Servanteslə birgə roman həqiqətin təməli olan yalan olaraq yaşamaq haqqı əldə etdi. Çünki romançı fiksiya vasitəsilə düşüncəni sınağa çəkir. Fiksiya, dünyanın məhrum olduğu, unutduğu, ələ keçirmək istədiyi, bəlkə də heç vaxt çata bilməyəcəyi şeyi yaradır. Deməli fiksiya, dünyaya yiyələnməyə, öz varlığını davam etdirmək üçün ona istədiyi rəngi, dadı, mənanı, xəyalları, gecə dualarını, dözümü, eləcə də avaralığı verməyin bir yoludur.
Romançı bizə deyir ki: öz içinə daxil ol və dünyanı kəşf et. Amma belə də deyir: dünyaya çıx və özünü kəşf et. İkinci Dünya Müharibəsindən əvvəlki qaranlıq günlərdə Tomas Mann Atlantik okeanı “Don Kixot”la – ölümlə çarpışan Avropa üçün ən sağlam həyat bağı saydığı əsərlə keçmişdi. Tomas Manndan əvvəl Frans Kafka da Birinci Dünya Müharibəsinin qara buludları altında kəşf etmişdi ki, Don Kixot Sanço Panzanın fövqəladə icadıdır və beləcə, Sanço Panza heç kimə zərər vermədən macərapərəst cəngavərin dalına düşə bilir. Və son olaraq, Xorxe Luis Borxes özünün “Don Kixotun müəllifi Pyer Menar” adlı hekayəsində yazmışdı ki, Servantesin romanını yenidən yarada bilmək üçün onu sözbəsöz, amma fərqli zamanda və ayrı məqsədlə yenidən yazmağın yetərlidir.
Servantes öz dövrünü yaşadı: Habsburqların son imperatoru III.Filipin çürüyən İspaniyasını; pulun qiymətdən düşməsini; işgüzar yəhudi və ərəb xalqlarının ölkədən dalbadal qovulması nəticəsində yaranan iqtisadiyyatın çöküşünü; yəhudi, ya da məğribli soy-köklərini gizlətməyə məcbur edilən insanların zərif maskalar taxmasını; geniş ərazilərə yayılmış imperiya üçün gərəkli olan işbilən, bacarıqlı lider çatışmazlığı; Hind Adalarındakı qızıl və gümüşün Şimali Avropanın möhtəkirlərinə qapdırılmasını. Küçə uşaqları və dilənçilərin, içi boş yekəxanalıqların, qəddar aristokratların, kələ-kötür yolların, xarabaya qalmış mehmanxanaların və güclü vaxtlarında Meksikanı fəth edən, Karib körfəzinə yelkən açan, Yeni Dünyaya ilk universitetləri və ilk mətbəəni gətirə biləcək İspaniyanı; İspaniyanın Amerikanın kəşfindəki möhtəşəm gücünü də.
Servantes və İspaniyanın Qızıl Dövrünün digər böyük yazıçıları isbat etdilər ki, tarix cəmiyyətin əlindən nəyi alıbsa, ədəbiyyat onu geri qaytara bilər. Don Kixot ölüm döşəyindəykən inləyirdi: “Hanı o əvvəlki quşlar?” O əvvəlki quşlar öldürülüb içi samanla doldurulduğu üçün, Servantes öz romanını yenidən qartal kimi uçurtmağa, romanına albatrosun geniş qanadlarını taxmağa məcburdur. Servantes öz dövrünün deqradasiyaya uğramış cəmiyyətinə tənqidi fantaziya ilə cavab vermişdi; biz də korlanmış bir cəmiyyətlə üz-üzəyik və bu korlanmış dünya həyatımıza nüfuz edib bizi caynağına keçirməkdəykən, bizi davamlı şəkildə tarixin ötüb keçməsinə ədəbiyyat sevgisiylə cavab vermək məcburiyyətində buraxmaqdaykən, bu dünya haqqında dərin-dərin düşünməliyik.
Biz 21-ci əsrin əvvəllərində başa düşürük ki, insani problemləri ertələmək çox təhlükəlidir. Hərbi xərclərə ayrılan pullar tibbə, təhsilə və inkişafa qoyulan investisiyanı çox-çox qabaqlamaqdadır. Qadınların, qocaların və gənclərin həyati istəkləri taleyin axarına buraxılır. Təbiətə qarşı törədilən cinayətlər dayanmadan çoxalır. Borxes yazmışdı ki, qorumaqla yaratmaq Cənnətlə sinonimdir. Bu əməllər – qorumaq və yaratmaq, Dünyada bir-birinə düşmən oldular. Terrorun kökündəki səbəblərə diqqət edilmir. Terrora terrorla qarşılıq vermək olmaz; terrora daha ağıllı, demokratik üsul-idarələrlə və ictimai, iqtisadi inkişafla cavab verilməli, uzunömürlü müstəmləkəçi rejimlərin basqısı altında yaşamış ölkələrdə mədəni kimlik məsələsi gücləndirilməlidir.
Tənqidi məqsədyönlülük və entuziazmla qazanılmış beynəlxalq dəyərlər – insan haqları, diplomatiya, çoxtərəflilik, hüququn aliliyi – birtərəfliliyin, profilaktik müharibənin və “kor-təbii qürurun törətdiyi fəlakətin”[13] şüursuz, təlaşlı hücumuna məruz qalır. Bəzən biz bu reallıq qarşısında passiv xoşbəxtliyi seçirik. “Mümkün olan ən yaxşı dünyada” yaşadığımıza inananlar var, çünki onlara öyrədiblər ki, mövcudluq əlçatmazdır. Amma digər tərəfdən, Hötenin dediyi kimi, “Tanrının öz bəndələrini artıq sevmədiyi və hər şeyi məhv edib təzədən başlamalı olduğu” vaxtda, gizli bir vəhyin dəlisov, amma passiv qorxusunun hücumuna məruz qalırıq.
Kosmos təslim bayrağını qaldırıb. Görüntü sayəsində bircə anın içində hər yerdə ola bilirik, olmaq istəyirik. Amma zaman tikə-tikə olub, bizə keçmişin fantaziyasını, gələcəyin xatirəsini də qıymayan görüntülərə bölünüb. Özümüzü seçmədiyimiz illüzior görüntülərin köləsi ola bilərik. Özümüzü dəlicəsinə əyləndirən nəşəli robotlara çevrilə bilərik. Mən inanıram ki, bu reallıqlar bizi dilin, mədəniyyətin təməli, təcrübənin qapısı, fantaziyanın tavanı, yaddaşın zirzəmisi, sevginin yataq otağı və əsas da şübhəçilik, çoxmənalılıq, eləcə də araşdırma mühitinə açılan pəncərəyə doğru yönəldəcək.
Bütün böyük romanlarda insani bir impulus olur; adına təşnəlik də demək olar, sevgi də, azadlıq da, ədalət də. Uğursuzluğa təhkimli olduğumuzu bilsək də, bizi özünü reallışdırmağa çağıran bir impulsdur bu. Don Kixot uğursuzluğa düçar olduğunu bilir, eynilə Qorio ata, Anna Karenina və Knyaz Mışkin kimi. Amma onlar bu uğursuzluğun müəyyən qədər, yaxud da tamamilə fərqində olduqları üçün, bütün dövrlərin, irqlərin, bəşəriyyətin bütün ailələrinin bitib tükənməz, təsdiqlənmiş inkişafına və xoşbəxtlik illüziyası ilə özgələşmədən yaşadıqları, ortaya qoyduqları və xatırladıqları ömrün təbiətini, insan ekzistensiyanı və onun dəyərlərini xilas edirlər, bizim də xilasımıza yardımçı olurlar.
Ötən əsrdə başımıza gələnlərdən sonra bəşəriyyətin xoşbəxtlik və inkişaf haqqında davamlı şəkildə qarşılaşdığı tragik epizodları görməzdən gələ bilmərik. Uilyam Folkner “Avqust işığı” romanındakı bir-birindən fərqli iki xarakteri – yetkin nimfoman Coanna Bardan və gənc zənci sevgilisi Kristması qarşılaşdırır, bağrına basır. Kristmas azadlığı təmsil edir. Amma azadlığının məhdud, prometeyvari bir azadlıq olduğunu bilir. Özünü bir qartal kimi sərt, güclü, amansız, lüzumlu hiss edir. Amma bu hiss keçib gedir və o, başa düşür ki, dərisi onun həbsxanasıdır. Coanna Burdan isə Kristmasın bədənini əldə edib özünü ittiham etmək istəyir; çox yox, bir azca: “Mənə dua etdirmə, Tanrım,” – deyə yalvarır. “Qoy özümü bir az daha ittiham edim.”
Bunlar Folknerin sevgidə azadlığı və taleyin tragik təbiətini kəşf edən xarakterlərindən ikisidir. Folknerin mətnlərində dirənmə gücümüzün olduğunu bilmək, bəzi məqamlarda qələbə qazanmaq gücümüzün də olması anlamına gəlir. Folknerdəki bu tragik və zamana dirənən reallığı xüsusi olaraq vurğulayıram, çünki romanın ürək döyüntülərinin kökündə bunun olduğuna inanıram: Azadlıq tragikdir, çünki həm öz lazımlılığının, həm də sərhədlərinin fərqindədir.
Kafka yazırdı ki, “Qələbə gözləmirəm. Mübarizə bacardığım yeganə şey olmaqdan əlavə, həm də özü-özlüyündə nəşəli bir şey deyil... Bəlkə də axırda mübarizəyə yox, amma mübarizənin verdiyi ləzzətə təlsil olacağam.”
Folkner demişdi ki, “Ağrı ilə heç nəyin arasından ağrını seçirəm.” Və əlavə etmişdi: “İnsan qalib gələcək.” Bu, romanın ehtimal olunan həqiqəti deyil? Bəşəriyyət qalib gələcək, çünki tarixdəki qəzalara baxmayaraq, roman bizə öyrədir ki, tarixin iqnor etdiyi yaşantıları sənət bərpa edir, təzələyir. Ədəbiyyat – tarixin unutduğunu reallaşdırır. Tarix olub-bitmiş olduğu üçün, ədəbiyyat həmişə tarixdə olmayanları təklif edəcəkdir. Elə buna görə də –universal fəlakətləri çıxmaq şərtilə – biz tarixin sonunu heç vaxt görməyəcəyik.
Beləliklə, Kafkanın və Folknerin sözlərini tarixin sonu və sivilizasiyaların toqquşması kimi yaxşı düşünülməmiş anlayışlarla müqayisə edin. Mən ispandilli bir yazıçı kimi, iberiyalı, yerli, zənci və metis, Atlantikdən və Sakit okeandan, Aralıqdan və Karib dənizindən, xristian,ərəb və yəhudi, yunan və latın əhalisi olan bir qitənin nümayəndəsi kimi danışıram.
Əgər mən öz mədəniyyətimin bacardığı hər bir şeyə, əsasən də məqsədlərinə, fəaliyyətinə bağlıyamsa, onda sivilizasiyaların toqquşması erasında yaşayırıq tezisini qəbul edə bilmərəm. Çünki beynimdəki bütün sivilizasiyalar mənimdir. Onlar dalaşmırlar, danışırlar, bir-birilə söhbətləşirlər, ruhumun lap dərinliklərində ünsiyyət qurur, həm sevincin, həm də kədərin nisbiliyini, geri düşsə də, həmişə mövcud olacaq olanı (mənim qədimi Yerli və İslam mədəniyyətlərimi) qucaqlayır, özünü əbədi sayana (varlığımın qərbli, xristian izlərini) sahib çıxırlar. Və bütün bunların görüşdüyü nöqtələri – hamımızın içindəki söz, düşüncə, yaddaş və fantaziyaya xeyir-dua verməyin lazımlılığını anlamaq üçün mübahisə edirlər. Bizdən istəyirlər ki, sivilizasiyaların dialoquna qoşulaq və tarixin sonunu inkar edək.
Biz son sözümüzü söyləmədikcə, tarix necə sona çata bilər?
V. Beynəlxalq Berlin ədəbiyyat festivalındakı çıxış. 2005-ci il.
“Le Monde Diplomatique"
[1] Hervey Allen (1889-1949). Amerikalı şair, bioqraf və romançı. 1933-cü ildə çap olunan “Anthony Adverse” adlı tarixi romanı populyar ədəbiyyat çevrəsində böyük maraq doğurmuşdu.
[2] Trento Konsili (1545-1563), Katolik kilsəsinin 19-cu ekumenik toplantısıdır.Reformasiyaya qarşı Katolikiyin özünü yenidən səhmana salmasına aid qərarları və Protestantların əksinə getdikləri bütün təlimləri şərh edən doqmatik fikirlərin müzakirəyə çıxarılması ilə məşhurdur.
[3] Müdriklik, ağlabatanlıq.
[4] Qeyri-müəyyənlik, şübhəçilik.
[5] “La Mançanın adının xatırlamadığın bir kəndində...”
[6] XI əsrdə yaşamış El Cid kastilyalı komandirdir. Az müddətdə Kastilyanın milli qəhrəmanı səviyyəsinə yüksəlmiş, həyatı əfsanələşmişdir.
[7] Hernan Kortes (1485-1547), Aztek imperatorluğunu süquta uğradıb Meksika torpaqlarını İspaniyaya qazandıran fateh.
[8] Amadis de Gaula (Qalyalı Amadis), 1508-ci ildə ən əski mətni ispanca olan prozaik bir cəngavər romansıdır. Bu əsərdə göylərə qaldırılan cəngavər davranış ölçüləri avropanın hər yerindəki kübar dairələrin qəlbini fəth etmişdi. Əsər xüsusilə Fransada cəngavərcə davranmağın və cəngavərliyə layiq məktub yazmaq üslubunun bələdçi kitabı kimi də məşhurlaşmışdı. Qalyalı Amadisə böyük qiymət versə də, Servantes “Don Kixot”da romans növünə parodikləşdirərək bu dəbə ölümcül zərbə vurmuşdur
[10] ABŞ yazıçısı Herman Melvilin “Mobi Dik” romanın qəhrmanı.
[11] Meksika yazıçısı Xuan Rulfonun eyniadlı romanın qəhrəmanı
[12] Alman yazıçısı Teodor Fontanenin “Efi Brays” adlı romanın eyni adlı qəhrəmanı.
[13] Müqəddəs kitab, Köhnə sövdələşmə, “Süleymanın nəğmələri”, 16:18
TƏRCÜMƏ ETDİ: QİSMƏT
Sim-sim.az