Alman filosof radikal sağçı kimi ad çıxarıb, amma o, anti-semitizmə nifrət edirdi. Nitsşenin bioqrafının fikrincə, o səhv başa düşülüb və təhrif edilib.
19-cu əsrin üç ən görkəmli mütəfəkkiri Fridrix Nitsşe, Karl Marks və Çarlz Darvinin fikirləri bu gün belə böyük təsirə malikdir. Nitsşe fəlsəfənin məşhur üsyankarlarından idi: “Tanrı öldü”, “Faktlar yoxdur, ancaq interpretesiyalar var” – onun ən populyar aforizmləri arasındadır. Filosofun geniş miqyasda təhrif edilməsinin səbəblərindən biri çox güman ki, Übermenş, ali insanın əxlaqı, kölənin əxlaqı və ən təhlükəlisi olan hakimiyyət əzmi kimi qavramları ortaya atmasından qaynaqlanır. Amma onun adına çıxılan xüsusilə üç məsələ var ki, – siyasi dünyagörüşünün radikal sağa yaxın olması, qadın düşməni olması və yumordan məhrum olması kimi – diqqətlə saf-çürük edilmələri lazımdır.
Nitsşenin adından sui-istifadə geniş yayılıb. Amerikan radikal sağının liderlərindən biri olan Riçard Spenserin iddiasına görə, onu “Nitsşe yoldan çıxarıb”, Cordan Peterson isə tez-tez Nitsşedən sitat gətirir. Amma gəlin ilk öncə nasistlərdən başlayaq.
Bismarkın hakimiyyəti dövründə böyüyən Nitsşenin nifrət etdiyi üç şey vardı: böyük dövlət, millətçilik və anti-semitizm. “Deutschland, Deutschland über alles, bu, alman fəlsəfəsinin sonudur, o yazır və əlavə edirdi: Bütün antisemit güllələr mənə gəlsin”.
Əslində mübahisəli fikirlərə sahib olan onun bacısı Elizabet idi. O, nüfuzlu anti-semit təşviqatçı ilə evlənmiş (Nitsşe toya qatılmaqdan imtina etmişdi) və toydan sonra cütlük safqanlı Aryan müstəmləkəçilərin Yeni Almaniyasını qurmaq üçün Paraqvaya yola düşmüşdülər. Bir müddət sonra 1889-cu ildə müstəmləkə macərası tənəzzülə uğrayanda, Nitsşenin düşmənçilik etmək üçün səbəbi qalmadı. Elizabet Almaniyaya qayıdandan sonra qardaşına baxmağa başladı, onun bütün əlyazmalarını topladı və Nitsşe Arxivinin əsasını qoydu.
Saxta xəbərçiliyin pioneri Elizabet olub. 1900-cü ildə qardaşı öləndə, o, onun ölüm səbəbinin yetərincə təsirli olmadığını düşünüb, ona görə də ikincisini uydurub. Eyni şeyi o, onun yazılarının da başına gətirib, onun ədəbi irsini ələk-vələk edib, bilərəkdən kəsib-doğrayıb, nələrisə əlavə edib. O, qardaşı barəsində qeyri-inandırıcı bir bioqrafiya yazıb, əlyazmadakı özü haqqındakı xoşagəlməz hissələri silənə qədər isə Nitsşenin avtobioqrafiyasının, “Ecce Homo”nun nəşrini gecikdirib.
Nitsşe nəşr etdikləri barəsində həmişə ehtiyatlı idi, amma o, kitabların başlıqları ilə oynamağı sevirdi. O, kitabdan daha çox kitab başlıqları yazıb. Belələrindən biri də “Hakimiyyət əzmi” idi. O, bu adı alış-verişi siyahısı kağızına qeyd eləmişdi. Amma Elizabet ordan-burdan müxtəlif mətnlər toplayıb “Hakimiyyət Əzmi” deyə bir kitab ortaya çıxardı və onu qardaşının adından nəşr elətdirdi. Nəşr o dərəcədə uğurlu alındı ki, bir neçə il sonra o, daha genişləndirilmiş bir cildi çap etdirdi.
Elizabet 1935-ci ilə qədər yaşayıb. Bu ona 40 il vaxt vermişdi ki, mətnləri, məktubları ələk-vələk eləsin, ədəbi irsi manipulyasiyaya uğratsın. Beləliklə, Nitsşe Arxivi radikal sağçıların istinad nöqtəsinə çevrildi, onların aqressiv millətçiliyi isə Elizabetinki ilə üst-üstə düşürdü. Bu aqressivlərin arasında Osvald Şpenqler və Alfred Baumler kimi Berlində kitab yandırma aksiyaları təşkil edən şəxslər var idi, onlar həmçinin “Hakimiyyət əzmi” daxil olmaqla, Nitsşenin yeni nəşrlərini hazırlayırdılar (bununla kitabın Nitsşenin özü tərəfindən yazıldığı təəssüratı yaradırdılar). Martin Haydegger Baumleri redaktor kimi Nitsşenin Arxivinə qoşmuşdu. Onların ikisində də Nitsşenin artıq çap olunmuş kitablarını hesaba qatmamaq kimi qəribə bir görüş var idi, çünki onlara görə real fəlsəfə Nachlass-da idi (öz sağlığında çap olunmamış ədəbi irsi, ona isə artıq çoxdan Elizabet öz məqsədləri üçün barmaq eləmişdi). Bu isə onlara pərakəndə parçaları bir araya toplamağı davam etdirməyə və özlərinin ideyalarının Nitsşeni adına sırımağa imkan verdi.
Elizabetin Mussoliniyə böyük rəğbəti var idi. 1932-ci ildə o, Veymar Milli teatrını Mussolinin dramını tamaşa qoymağa inandıra bilmişdi. Hitler özü tamaşaya gəlmiş və ona böyük gül dəstəsi bağışlamışdı. Bir il sonra isə Hitler artıq Almaniyanın konsulu kimi əlində ənənəvi qamçısı ilə Nitsşe Arxivini ziyarət etdi. O burada bir saat yarım vaxt keçirdi. Hitler bir də ortaya çıxanda əlindəki qamçısı gözə dəymirdi, əvəzində o, Elizabetin təqdim etdiyi Nitsşenin gəzinti əsasını tutmuşdu.
“Ən nəcib, ən ağıllı kişi o kəsdir ki, nəhəng bığ saxlayır və öz kölgəsində oturmaqla özünü təhlükəsizlikdə hiss edir”
Hitleri özünü filosof lider kimi göstərmək üçün əldən-ayaqdan gedirdi. Onun Nitsşeni oxuyub-oxumadığı məlum deyil: əksəriyyət inanır ki, oxumayıb. 1924-cü ildə həbsxanada “Mənim mübarizəm” kitabını yazarkən, kitabxanasında salamat qalan kitablar arasında Nitsşenin heç bir kitabı olmayıb. Ola bilsin, onun kolleksiyasında filosofun kitabları olub və sonradan itib, amma onun sonrakı kitabxanasında da Nitsşenin hansısa bir nüsxəsi olmayıb. 1934-cü ildəki Nyurenberq yürüyüşündən bəhs edən məşhur film qəsdən verilmiş bir Nitsşean başlıq daşıyır: “Hakimiyyətin zəfəri”, lakin rejissor Hitlerə sual verəndə ki, o, Nitsşeni mütaliə etməyi sevirmi, o belə cavab verib: “Xeyr, Nitsşe ilə o qədər də yaxşı yola getmirəm… o mənim bələdçim deyil”.
Nitsşenin kitablarındakı ziddiyyətli fikirlər onun işinə yaramamışdı, amma “sarışın vəhşi”, Übermenş (heç birisi irqçi qavram deyil) və “Xeyirin və şərin hüdudlarında” kimi güclü ifadələr sonsuz sui-istifadəyə yol açdı. Baxmayaraq ki, hətta bəzi nasist təşviqatçıları və frazaçıları Nitsşenin sözlərini və anlayışlarını zorla mənimsəsələr də, onlardan bəziləri absurdu başa düşürdülər. Tanınmış Nasist ideoloqu Ernst Kriek kinayə ilə bəyan etmişdi ki, Nitsşe bilmərrə sosialist, millətçi olmasa da və irqçi düşüncəyə qarşı olsa da, ondan çox yaxşı Nasional Sosialist mütəfəkkir düzəldilib.
Nitsşe həmçinin layiq olmadığı halda qadın düşməni kimi ad çıxarıb. 1844-cü ildə doğulan filosof Avropanın ən yaxşı məktəblərindən birində oxumuşdu, Elizabet isə Frauleyn Paraski institutuna göndərilmişdi, burada qızlara ər ələ keçirməyin, təsərrüfatı idarə etməyin sirləri aşılanır və öyrənmək üçün deyil (Allaha şükür), zərif kimi görünmək üçün müəyyən qədər fransızca öyrədilirdi. Bununla belə, Nitsşe Elizabetə tay-tuşu kimi davranırdı. O, ona kitab siyahıları verir, özbaşına düşünməyi öyrənməyi və ictimai mühazirələrə qatılmaqla biliyini artırmağı tövsiyyə edirdi.
1874-cü ildə o, Bazel universitetində professor olarkən, qadınların universitetə daxil olması üçün səsvermə keçirilirdi. Nitsşe lehinə səsverənlərdən idi, amma təklif keçməmişdi.
1876-cı ildə o, qadın azadlıqları uğrunda qızğınlıqla kampaniya aparan Malvida von Meyzenbuqla görüşmək üçün İtaliyaya səfər etdi. Meyzenburq 1848-ci il inqilabı zamanı məktub qaçaqçılığına görə Almaniyadan qaçmışdı, bundan sonra o, digər siyasi mühacirlərlə birgə Londonun şimalında yerləşmiş və müəllimliklə məşğul olurdu. Malvidanın elə böyük hörməti var idi ki, Qaribaldi 1864-cü ildə gəmiylə Temzanı gəzməyə çıxanda siyasi söhbətlər etmək üçün Malvildanı öz yaxtasına dəvət etmişdi. Malvilda Qaribaldini elə heyran etmişdi ki, o, özlərinin səhər yeməyi görüşündə Malvildanın daha rahat əyləşməsi üçün qoltuqlu kreslosunu aşağı salmışdı.
Nitsşe və Meyzenburqun görüşməsinə səbəb isə Sorrentonun aşağısındakı mağaranın azad ruhları üçün məktəb yaratmaq idi. Bu azad ruhlara qadınlar da daxil idi, burada qadınların mədəniyyət, fəlsəfə, estetika, dini skeptisizm və seksual azadlıq sahəsindəki təhsillərinə heç bir məhdudiyyət tətbiq edilməməliydi. Məktəb ideyası heç bir zaman reallaşmadı, amma Nitsşenin Myzenburqla dostluğu Meta von Salis-Marsşlins və qadın səsvermə hüquqları uğrunda aktivizmlə məşğul olan Resa von Şirnhofer daxil olmaqla, onun feminist çevəsinin genişlənməsinə səbəb oldu.
1880-cı illərdə artıq qadınlara Hörerin “dinləyiciləri” kimi universitetin mühazirə teatrına daxil olmağa icazə verilirdi. Nitsşe öz bacısını, Salis-Marsşlinsi və Şirnhoferi müraciət etmək üçün həvəsləndirirdi. 1887-ci ildə Salis-Marsşlins İsveçrə universitetində fəlsəfə doktoru elmi adını alan ilk qadın kimi tarixə düşdü. Şirnhofer onun yolunu davam etdirdi. Onların hər ikisi fəlsəfə doktoru oldular.
“Şən Elm” kitabında Nitsşe qadınların seksin rüsvayçılıq və günahkarlıq olduğunu düşünməyə vadar edilməsinin necə dəhşətli olmasından bəhs edir.
1882-ci ildə Nitsşe tamamilə və ümidsizcəsinə Kui Salomeyə aşiq oldu, o, Salomeyə ki, Rilkeni və Freydi də dəli-divanə etmişdi. Bu müddət ərzində o, qadınların psixoloji dilemması haqqında yazdı. “Şən Elm” kitabında Nitsşe qadınların seksin rüsvayçılıq və günahkarlıq olduğunu düşünməyə vadar edilməsinin necə dəhşətli olmasından bəhs edir, ailə həyatı qurduqdan və kişilərin itaəti altına keçdikdən dərhal sonra onlara sitayiş etmək və seksə cavabdehlik kimi baxmaq öyrədilir. Onlardan bunun öhdəsindən gəlməyi necə gözləmək olar? O yazır: “Bu psixi düyümə düşən adam artıq bərabər ola bilməz”.
Məktublarını oxuyuncaya qədər mən Nitsşenin zarafatcıl biri olduğunu düşünməzdim. O, özü ilə məzələnərək belə yazırdı: “Ən nəcib, ən ağıllı kişi o kəsdir ki, nəhəng bığ saxlayır və öz kölgəsində oturmaqla özünü təhlükəsizlikdə hiss edir. Kişi nəhəng bığını aksessuar kimi özündə daşıyırsa, insanlarda hərbçi, çılğın, bəzən də zorakı təəssürat doğurur və buna uyğun münasibətə layiq görülür”.
Xəstəhal vücudu və pis görmə qabiliyyəti qısaca olaraq onun fəlsəfəsini aforistik püskürmələrə çevirmişdi, Nitsşe qəşş edən gülüş yaratmağın təsirini başa düşürdü, Siz bu aforizmin dərinliklərinə dalmaq üçün bunlara daha yaxşı nəzər salın: “İnsan Tanrının səhvidir, yoxsa Tanrı insanın səhvidir?” Cemeri Bentham və Con Stüart Millə atmaca kimi yazılan: “İnsan xoşbəxtliyə can atmır, ancaq ingilislər atır”. “Mülkiyyət adətən mülkiyyəti azaldır“. “Qapalı məkanlarda ağlına gələn fikrə heç vaxt bel bağlama”. O hətta oxucularıyla da zarafatlaşır: “Ən pis oxucular qarətçi ordular kimi davranırlar: onlar istifadə edə biləcəkləri çox az şey götürür, geri qalanı batırır və qarışdırır, axırda da hamısını söyüb lənətləyirlər”.
Nitsşe qeyri-adi filosofdur, çünki o bizə nə düşünməli olduğumuzu demir. Nitsşeizm deyə bir şey yoxdur. O, bunu aforizmlərindən birində qısaca belə izah edir: “Sən sadəcə şagird olmaqla, müəlliminin əziyyətini boşa çıxarırsan”. Yəni məni oxu, amma bundan o tərəfini də düşün.
Onun ətrafını mühasirəyə alan miflərə gəldikdə isə, ən axırıncı söz əlbəttə, onun özünə aiddir. “Mən bunu düşünəndə dəhşətə gəlirəm, – o yazırdı: ki, bir gün insanlar mənim nüfuzuma necə yaraşmayan və uyğun gəlməyən şeylər deyəcəklər. Bu, hər bir müəllim üçün işgəncədir… o yaxşı bilir ki, şəraiti və şərtləri nəzərə alanda, o həm fəlakətə səbəb ola, həm də insanlığına şəfavericisinə çevrilə bilər”.
Bilge.az