post-title

Cavid Ramazanlı - Özümə məktub


Salam, dəyərli özüm. 

Xeyli vaxtdır, özündən əməllicə aralı düşmüsən. Gündəlik həyat fəaliyyətləri, işin çoxluğu, həzz və əyləncə dalınca sürüklənməyin səni özündən xeyli aralı salıb. Tez-tez düşünürsən ki, daha təxirə salmaq olmaz, özünə qayıtmalı və düzgün bildiyin şeyləri etməlisən, lakin bunlara yetərincə nail ola bilmirsən, çünki iradən zəifləyib, xaos səni cənginə alıb. Ona görə də, sənə prinsiplərini xatırlatmağın vaxtıdır deyə düşünürəm, fürsətdən istifadə edib sənə öz məsləhətlərimi də verəcəm. Çünki bilirsən, bizdə kiməsə məsləhət vermək milli idman növüdür, sən də tez-tez başqalarına məsləhət verirsən. Amma nədənsə özün üçün doğru bildiyin şeyləri eləməyə o qədər də həvəsli deyilsən, özündənsə başqalarına məsləhət vermək sənə daha asan gəlir. Bir fikirləş, gör ətrafda nə qədər ağıl öyrədən insan, kitab və videolar var. Sən daxil olmaqla, əksəriyyət özünün problemsiz olduğuna bilmərrə əmindir, ona görə də başqalarına ağıl öyrədir, mühakimə edirsiniz. Bu ola bilər pis şey də deyil, amma insan gərək arada bir özünə də ağıl öyrətsin, elə deyilmi? Ən azından ədalət naminə. Ona görə də, dəyərli özüm, sən bu gün özün özünə ağıl öyrədəcəksən. 

Birinci ondan başlayaq ki, sən axmağın birisən. Biraz kobud oldu, bağışla. Amma nə qədər ağıllı görsənməyə çalışsan da, bunu özünə təlqin etmək istəsən də, əlimdə sənin axmaq xüsusiyyətlərini ifşa edəcək yetərincə sübut var. Çünki, məsələn, əzizim, sən özün üçün nəyin yaxşı olduğunu bilirsən, amma eləməyə iradən çatmır, əvəzində özünə və başqalarına boş-boş fəlsəfə kaçatdamaqla məşğulsan. Sabah-sabah deyib təxirə salırsan, zərərli vərdişlərini atmağa əzmkarlığın çatmır, nəsə səfeh bir hərəkət eləmək üçün o qədər bəhanə uydurursan ki, axırda buna nail olursan. Amma axmaqlığı eləyəndən sonra təbii ki, peşman olursan, özünü söyüb danlayırsan. Bu o qədər tez-tez baş verir ki, bəzən az qalıram sənin xalis  axmaq olduğun qənaətinə gəlim, amma hər halda səndən əlimi birdəfəlik üzmürəm. Səndə nəsə işıq görürəm düzü, xahişim budur, tamamilə özünü buraxmayasan. 

Sən riyakar və əclafsan. İstəyirəm ürəkdən inanaraq, tam səmimiyyətlə deyəsən ki, bəli, mən riyakar və əclafam. Mən riyakar və əclafam! 

Həzm eləmək çətindir, elə deyilmi? Amma bilirsən ki, həqiqətdir. Çünki bəzən özündən gizlətməyə çalışsan da, ikiüzlülüklərini və etdiyin pislikləri yaxşı bilirsən. Səni sevən insanları o qədər aldatmısan, o qədər qeyri-səmimi davranmısan ki, sayı-hesabı bilinməz. Bir xeyli insana ədalətsizlik, kobudluq eləmisən. Əgər bir balaca ədalət hissin varsa, bunları etiraf etməli, özün özündən utanmalısan. 

Sən riyakarsan, çünki sənə dəyər verənləri incitdiyin halda, ürəyində “bu axmaqdır”, “bu gicdir”, “bunun başında çatmır”, “bundan isə zəhləm gedir” dediyin adamların üzünə gülür, riyakarlıq eləyirsən. Başqalarının xoşuna gəlmək üçün min oyundan çıxırsan. Bunlar hələ xırda-xuruş məsələlərdir, özünə belə etiraf etməyə qorxduğun o qədər pis əməllərin var ki! 

Amma ürəyini sıxma, sadəcə əclaflıq və riyakarlıqlarının, başqalarından öz mənafeyin üçün necə istifadə etdiyinin fərqində ol. Həyatda riyakarlıq və əclaflıq eləmədən yaşamaq mümkün deyil, onda gərək tənha bir otağın içinə girib çıxmayasan. Amma çalış əclaflıqların və riyakarlıqların qırmızı xətti keçməsin, yoxsa peşmançılıq həyatını zəhərə döndərər, ya da mənliyini itirərsən. Ona görə də ürəyinin qapısını həmişə aralı qoy ki, nə vaxtsa geriyə qayıda biləsən. Bacarsan lap tez-tez. Yadda saxla, ürəyin sənin istinad nöqtəndir, onunla öz dünyanı silkələyə, dəyişdirə və yaxşılaşdıra bilərsən.  

Sənə verəcəyim məsləhətlər çoxdur. Məsələn, elə biri budur ki, özünü bir şey zənn eləmə! Zəifliklərini ört-basdır etməkdən ötrü dəridən qabıqdan çıxma. Başqalarının sənin zəifliklərini görməsindən qorxma. Güclü adamlar öz zəifliklərindən qorxmurlar. Sənin zəif xüsusiyyətlərin çoxdur, çünki insansan. Denən: “Mən özünəinamsız olmalıyam”, “Mən qorxaq olmalıyam”, “Mən zəif olmalıyam”, “Mən bacarıqsız olmalıyam”. Çünki bəzən həqiqətən də belə olursan, bundan qaçış yoxdur. Sən idealsan ki, hər zaman özünəinamlı, bacarıqlı və möhtəşəm olasan? Biraz rahat ol, özünü cırma.

Heç kimi və heç nəyi ideallaşdırma. İdeallıq qüsursuzluq deməkdir. Bu dünyada isə qüsursuz bir şey yoxdur. Əgər nəyisə və kimisə ideallaşdırsan, gec, ya tez bir gün hansısa qüsuru ortaya çıxacaq. Onda xəyal qırıqlığı və peşmançılıq qaçılmaz olacaq.

Güclü xüsusiyyətlərinlə də öyünmə. Nəyisə bilirsənsə, bunu başqalarının gözünə soxma, qulağına qışqırma. Bilirəm, bəzən bunu eləməyi ürəkdən istəyirsən, istəyirsən başqaları bilsinlər ki, sən necə də möhtəşəmsən. Amma çalış, bu tələyə düşməyəsən, düşəndə də fərqində olasan. İntellektini və sahib olduğu nəyisə bəzək əşyası kimi üzərlərində gəzdirən lovğa adamlardan, bir də boğazını yırtaraq “mən həqiqətəm” deyib qışqıranlardan olma. Belələrindən uzaq gəz, lap dünyanın ən böyük həqiqətini desələr belə. 

Maddiyata uyma. Maddiyat dincliyə və rahatlığa təminat vermir. Bunu başa düşməkdən ötrü, maddiyatın dalınca düşüb dəyərli vaxtını itirməyə gərək yoxdur. Bəsirət gözün açıq olsun. Çoxlu oxu, öyrənməyə çalış, nə qədər az bildiyini görəcəksən. Bacardığın qədər gəz, Günəşin çıxmasına, qüruba tamaşa et. Həyatın eliksiri olan səhərin xam havasını ciyərlərinə çək, ağaclara və buludlara baxmaqdan həzz al. Bacardığın qədər seviş. Qəzəb saçma. Aqressiyanı cilovla. İradəni və dözümünü gücləndirmək üçün məşq et. 

Bəzən kiminsə səndən daha statuslu olduğunu görəndə, paxıllıq hissi ürəyini gəmirsə də, çalış ki, bu epizodik olsun. Paxıl olma, paxıl artmır. Başqalarının həqiqi uğur qazanması, sənin də uğurlarına yol açır. 

Özünün manipulyasiyalarına diqqət etdiyin qədər, başqalarının da səni manipulyasiya etməsinə diqqət et. Bəzi insanlar tənqid, lağ və rişxənd etməklə, digərlərini nəzarətdə saxlamağa, müəyyən qəlibə salmağa çalışırlar. Belə adamlara yem olma. Həmçinin təriflərə və xoş sözlərə da aldanma. Yoxsa daim tərif, xoş söz eşitmək üçün dəridən-qabıqdan çıxmalı, insanlarda xüsusi təəssürat yaratmaq üçün əlləşib-vuruşmalı olarsan. Özün düzgün bildiyini et, qoy başqaları nə istəyir danışsın.

Kütləyə baş qoşma. Nə tərif, nə də qarayaxma kampaniyasında iştirak et. Xüsusilə heç bir vəchlə qarayaxma kampaniyasının yaxınına getmə. Əlinə daş alıb kimisə daşlamağa çağırış edənlərdən ehtiyat et. Əlləriylə gözlərini, qulaqlarını bağlayıb görmək, dinləmək istəməyənlərdən olma. Nə də olsa, başqasını ittiham etməyin, daşlamağın da öz həzzi var, özünü başqasından yuxarı qoyaraq ehkam kəsmək də bir cür zövq mənbəyidir. Amma sən çətin olanı et: dinlə və empati qur. İsa peyğəmbərin məşhur kəlamını xatırla: 

“...İsa Zeytun dağına getdi. Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı. İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb İsaya dedilər: “Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı. Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?” Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: “Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın”. Sonra yenə əyilib yerə yazı yazdı. Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi. İsa dikəlib ona dedi: “Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?”  Qadın “heç kim, 
Ağa” dedi. Onda İsa dedi: “Mən də səni məhkum etmirəm, get, daha günah etmə””.

Çalış, daim özünü ifadə edəsən. Axı sən bu qərara gəlmisən ki, həyatın mənası özünüifadədir, deyilmi? O zaman təxirə salma, özünü ifadə et.

Prinsiplərini daim xatırla, heç kimə və heç nəyə görə prinsiplərindən üz döndərmə. 

Bilirəm, tezliklə gündəlik həyatın təlaşları və çağırışları səni öz ağuşuna alacaq. Fikrin dağılacaq, oradan-ora, buradan-buraya sürüklənəcəksən, amma dediyim kimi ürəyinin qapısını daim açıq qoy, tez-tez geriyə qayıtmağa çalış. 

Hələlik demək istədiklərim bu qədərdir. Deyəsən, qısaca olaraq lazım olan hər şeyi dedim. Ona görə də çox vaxtını almadan sağollaşıram.

Möhkəm ol və tezliklə görüşmək diləyilə!

Hələlik.

Cavid Ramazanlı

Kultura.az

 





Yuxarı