post-title

Rusiya : Xorvatiya oyunu ətrafında düşüncələr



Rusiya : Xorvatiya oyununa kifayət qədər böyük, olduqca rəngarəng, maraqlı bir heyətlə kafedə baxdıq. Adam hətta qarşısına məqsəd qoysaydı, o cür rəngarəng, maraqlı  bir heyəti yığa bilməzdi. Yığsa da, çox çətinliklə yığardı. Heyətdə müxtəlif peşə sahibləri vardı. Menecer, uşaq həkimi, şair, güləşçi, aşpaz, dizayner, hüquq müdafiəçisi, yol mühəndisi, sürücü, universitet müəllimi, teatr rejissoru… Həmçinin, heyətdə  çox maraqlı bir adam yer almışdı ki, əfsuslar olsun, həmin adamın məşğul olduğu işin, tər tökdüyü sahənin adını burda yaza bilməyəcəm.

Bəndeyi-həqiriniz bu əcaib heyətə bir şair tanışının vasitəsi ilə düşmüşdü. Zəng edib dedi ki, oyuna dostlarla pivə məclisi qurub kafedə baxacağıq, həvəsin varsa, qoşula bilərsən. Ovqatım heç yerində deyildi, ona görə də bu dəvəti göydəndüşmə fürsət kimi qiymətləndirib məmnuniyyətlə dəvətə müsbət cavab verdim. Bu fani dünyada maraqlı müzakirələrlə zəngin, effektli, yaxşı bir gün keçirdik. Söhbətlərin, müzakirələrin əsas mövzusu isə ümumilikdə Rusiya, Rusiyada baş verən hadisələr, Rusiyanın xarici siyasəti idi. Oyun zamanı və oyundan sonra siyasi söhbətlərin ardı arası kəsilmirdi.

Bəndəniz də daxil olmaqla hamı Rusiyanın məğlub olmasını arzulayırdı. Ona görə yox ki, hamı Xorvatiyaya azarkeşlik edirdi. Ona görə ki, sadəcə adamlar Rusiyanın qələbə çalmasını qətiyyən istəmirdilər. Xorvatiya qalib gəldikdə elə bil hamının üstündən ağır bir yük götürüldü və məclis təzədən qızışdı. Hətta Xorvatiyanın qalib gəlməsi, Rusiyanın məğlub olması nəticəsində bərk sevinmiş, həyəcanlanmış üç-dörd adam eyni anda bəyan etdi ki, hesab mənlikdir, heç kim əlini cibinə atmasın. Baş verənləri müşahidə etdikcə, söhbətlərə qulaq asdıqca səssiz düşüncələrə qərq olmuşdum. Öz-özümə düşünürdüm; Rusiya xarici siyasəti ilə gör özünə nə qədər düşmən qazanıb. Rusiyanın xarici siyasəti o qədər idbarlaşıb, vəziyyət o həddə çatıb ki, deməli,  adamlar hətta bu ölkənin  futbol oyununda belə qələbə qazanmasını istəmirlər. Sonrakı günlərdə məlum oldu ki, demə təkcə bizim heyət Rusiyanın məğlubiyyətini arzulamırmış. Rusiyanın məğlubiyyətini on minlərlə, yüz minlərlə, milyonlarla  adam arzulayırmış. Faciədir. Elə hesab etməyin, faciə sözünü işlətməklə burda şişirtməyə yol verirəm. Vəziyyətin bu həddə çatması Rusiya üçün həqiqətən də faciədir. Nəhəng ərazin, hər cür sərvətin, gözəl təbiətin, ucsuz-bucaqsız meşələrin, zəngin ədəbiyyatın, akademik musiqin, operan, baletin ola və nə özün yaşaya biləsən, nə də imkan verəsən başqası yaşaya… Yaxşı, bunun adı bir xalq, bir ölkə üçün faciə deyilsə, bəs nədir? Niyə adamlar bir ölkənin hətta futbol oyununda qələbə qazanmasını istəmirlər? Kimdir günahkar? Axı niyə adamlar bu ölkədən qorxmalıdırlar, niyə regionda yaxın keçmişdə və gələcəkdə baş verə biləcək pis hadisələrin, xüsusən etnik müharibələrin səbəbkarı kimi bu ölkəni görürlər? Başqalarının torpağı Rusiyanın nəyinə lazımdır? Axı Rusiyanın kəndləri, qəsəbələri sürətlə boşalmaqda, xaraba qalmaqdadır. İnkişaf etmək üçün hər cür sərvətləri olduğu halda alkoqolizm, korrupsiya, dərəbəylik, qanunların işləməməsi, seçki saxtakarlığı, siyasətdə rəqabət mühitinin olmaması, demoqrafik problem Rusiyanı məhv etməkdədir. Rusiyanı son illərdə nə qədər elm adamı, mütəxəssis tərk edibdir. İnsan itkisi bir ölkə üçün ən böyük, ən ağır itki deyilmi?

Ən pisi odur ki, rus xalqı hələ də tarixində baş vermiş bir çox hadisələri təftiş etməyə, bu günün tələbləri ilə tarixində baş vermiş bir çox hadisələri qiymətləndirməyə qətiyyən hazır görünmür. Barmaqla sayılası sağlam düşüncəli, ağlı başında olan adamları var, onları da qərbin agenti, xalq düşməni adlandırıb gözüm çıxdıya salırlar. Bu xalq hələ də İkinci Dünya Müharibəsi zamanı  baş verənləri analiz etmək iqtidarında deyil. Deyirlər ki, müharibədə  qələbə çalmışıq, vəssalam, əlavə suallara ehtiyac yoxdur.  Kimsə durub bu qələbənin hansı qurbanlar bahasına əldə olunmasından danışanda qəzəblənirlər, deyirlər ki, sən bizim qələbəmizi gözdən salmaq istəyirsən. Rusiya televiziyalarına baxanda adamı dəhşət bürüyür. Rus rejissoru Aleksandr Sokurov dəfələrlə müsahibələrində qeyd edib ki, biz hələ də otuzuncu illərdə baş verən dəhşətlərdən nəticə çıxarmamışıq.  Bir ölkədə milyonlarla insanın Stalin, repressiya, ölüm düşərgələri, sürgünlər arzulaması həmin ölkə üçün faciə deyilmi?  Bunları da qoyaq kənara, nəhəng bir ölkənin üzü botokslu Putinin əlində əsir-yesir qalması nə deməkdir? Düzdür, indi özünü ağıllı hesab edən neçə-neçə adam iddia edəcək ki,  Amerika kimi bir super ölkəni də idiot Tramp idarə etməkdədir. Yersiz söhbətdir. Amerikada azad qeyri-hökumət təşkilatları,  Trampın hoqqalarını tənqid edən media, azad məhkəmələr var. Rusiyada isə bunların heç biri yoxdur. Putin hakimi-mütləqdir. Onun davranışlari tipik şərq despotlarının davranışlarıdır. Fövqəl şəxs obrazını yaratmaq naminə Putinin çıxardığı oyunlar bir balaca zövqü və bir balaca sağlam siyasi düşüncəsi olan adamda sadəcə və sadəcə ikrah doğurur. Hər şeyin bir həddi var. Putinin sabun köpüyü obrazına aldanmış adamlar zəhmət çəkib bu cizgi filminə diqqətlə baxsınlar və əgər düşünmək qabiliyyətləri varsa papaqların qabaqlarına qoyub bir az düşünsünlər .

Related image

Cizgi filmin linki: https://www.youtube.com/watch?v=rRg3Sxtjd6Q


Bəli, orası da məlumdur ki, Rusiyanın regionda lotuluq etməsi, özünü ərköyün uşaq kimi aparması xeyli adama ləzzət edir, xeyli adam bundan ləzzət alır. Möhürləmək kimi çıxmasın, amma dəqiq müşahidələrimə əsaslanıb qətiyyətlə deyirəm;  Bu adamları iki yerə bölmək olar. Onlar ya savadsızdırlar, ya da sadəcə təbiətcə naqis adamlardır. Üçüncü variant yoxdur. Ola bilsin var, mən bilmirəm. Ümumiyyətlə, elə adamlar var ki, təbiətcə sivilizasiyanın, tərəqqinin, qanunun aliliyinin, hər cür azadlığın, universal dəyərlərin əleyhinədirlər. Özlərindən asılı deyil, naqis təbiətləri siyasi düşüncələrinə də birbaşa təsir edir. Elə adamlar da var ki,  Svetlana Alekseyeviçin təbirincə desəm, özlərini hansısa bir gücün zərrəciyi hesab etməkdən ötrü bütün universal insan haqlarından, insani dəyərlərdən imtina etməyə hazırdırlar. Təki mütləq bir gücə, özü də şər məzmunlu bir gücə tapınsınlar.

Yaxınlarda rus yazıçısı Vladimir Sorokin Tiflisə, Beynəlxalq Kitab Festivalına gəlmişdi. Sorokinlə Tiflisdə iki görüş keçirildi. İkisində də iştirak etdim. Əsərlərini, müsahibələrini oxuduğum bir yazıçını yaxından görmək, müşahidə etmək, ona qulaq asmaq mənim üçün maraqlı idi.   Görüşlərdən biri Yazıçılar Evində təşkil olunmuşdu. Yazıçılar Evində keçirilən görüşdə Sorokinin gürcü dilinə çevrilmiş “Çovğun” kitabı   oxuculara təqdim olundu və Sorokin oxucuların suallarına cavab verdi. Görüşdə dolaşıq hislər keçirirdim. Düşünürdüm ki, görəsən Sorokini bizim ölkəyə kimlər dəvət edə bilər? Dəvət edərlərmi? Dəvət etsələr, Sorokin dəvəti qəbul edib Azərbaycana gələrmi? Gəlsə, kim onunla söhbət edəcək, nədən söhbət edəcəklər, hansı suallar verəcəklər? Razılaşaq ki, çətin suallardır.

Xülasə, Yazıçılar evində keçirilən görüşdə oxucular Sorokinə müxtəlif məzmunlu çoxlu suallar verdilər. Bir nəfər ayağa qalxıb Sorokinə ədəb-ərkanla belə bir sual verdi; Rusiyada baş verən hadisələr barədə nə düşünürsünüz, Rusiya bu minvalla  hara gedir? Rusiya nəhəng ölkədir, açığı mən Rusiyadan qorxuram…

Sorokin rəsmən dərindən bir ah çəkdi, sonra bir müddət susdu, sonra yenə də dərindən bir ah çəkdi. Tam səmimi deyirəm, bir növ ona yazığım gəldi. Vəziyyəti heç arzu olunan deyildi. Kim, hansı yazıçı kitabının təqdimatında doğma ölkəsi haqqında belə acı, belə ağır suala cavab  vermək istəyər? Özü də bu sualda zərrə qədər də qərəz yox idi. Sual səmimi bir tərzdə verilmişdi. Zalda hamı gözünü zilləyib Sorokinin üzünə. Ki görəsən, yazıçı bu suala necə cavab verəcək, nə deyəcək?  Sorokin dedi ki, artıq Rusiyada baş verən hadisələr məni iyrəndirir. Mən artıq öz ölkəmdə baş verən hadisələrdən iyrənirəm. Çalışıram, ora aid xəbərləri oxumayım. Çünki doğrudan Rusiya ilə əlaqəli xəbərlər mənə pis təsir edir. Daha sonra Sorokin dedi ki, mən on il, on beş il əvvəl öz əsərlərimdə indi Rusiyada baş verən hadisələri təsvir etmişdim. Çünki bunu görürdüm, hiss edirdim. Amma heç istəməzdim, belə olsun.  “Çovğun” əsərimdə Rusiyanı gözləyən mümkün aqibət barəsində yazmışam. Qorxuram yenə də yazdıqlarımın hamısı baş versin… Bu sözləri deyib masanın üstündəki kitablardan birini götürüb üz qapağına baxdı və dedi; yaxşı dizayn olunub.

İndi  Sorokinin “Çovğun” əsərini axtarıram. Oxuyum görüm adam nə yazıb, gələcəkdə Rusiyada nələrin baş verəcəyini hiss edir, gələcəyi necə görür. Hə, bunu da mütləq qeyd etməliyəm. Sorokin görüşdə bir neçə dəfə dedi ki, gələcəkdə Rusiyada hamı Çin dilində danışacaq. Ta bunu zarafatla , yoxsa ciddi dediyini müəyyən edə bilmədim…

Seymur Baycan

Kultura.az
Yuxarı