Özünü bədbəxt hiss etməyin ən böyük səbəblərindən biri də paxıllıq duyğusudur. Düşünürəm ki, paxıllıq ən yayğın və kökü dərinlərdə yatan duyğudur. Tərbiyəçilər, bir yaşı olmamış uşaqlarda belə aydın şəkildə müşahidə edilən bu duyğunun təzahürlərinə qarşı diqqətli davranmalıdılar. İki uşaqdan birinə daha artıq qayğı göstərmək, anında digərinin diqqətini cəlb edə və onun əzab çəkməsinə səbəb ola bilər. Uşaqlarla münasibətdə olan hər kəs, onlar arasında hər hansı bir nəsnəni bölüşdürərkən adil davranmağa çalışmalıdır. Ancaq uşaqlar hiss etdikləri qısqanclığı (ki bu da paxıllığın bir növüdür) dilə gətirməkdə böyüklər qədər açıqürəkli olmur. Bu duyğu uşaqlar qədər yetkin insanlar arasında da yayğındır. Məsələn, qadın xidmətçilərə baxaq: Heç vaxt unutmaram, evli xidmətçimizə hamilə olduğu üçün ağır əşyalara güc vurmamasını söyləmişdik, bunu görən digər xidmətçilər də ağır əşyaları qaldırmaqdan boyun qaçırmağa başladılar və nəticədə bu cür işləri özümüz həyata keçirməyə məcbur qaldıq. Paxıllıq həm də demokratiyanın təməlidir. Heraklit, “Aramızda heç kim birinci olmayacaq” bəyan edən Efes xalqının bütün nümayəndələrinin asılmalı olduğunu söyləmişdi. Qədim Yunan dövlətlərində baş verən demokratik hərəkatların demək olar hamısının paxıllıq duyğusundan qaynaqlandığını düşünürəm. Eyni hal modern demokratiya üçün də keçərlidir. Doğrudu, demokratiyanın ən yaxşı idarə forması olduğunu irəli sürən idealist nəzəriyyələr vardır. Ancaq praktik siyasət sferalarının heç birində böyük dəyişikliklərə səbəb olacaq dərəcədə güclü, idealist nəzəriyyələr yoxdur; böyük dəyişiklər baş verdikdən sonra onları haqlı göstərmək üçün ortaya atılan nəzəriyyələr həmişə bu hərəkatların təməlində yatan gerçək motivi gizlətmək üçündür. Və demokratik nəzəriyyələrə hərəkət enerjisi ötürən əsas motiv heç şübhəsiz ki, paxıllıq duyğusudur. Həyatını xalqın xilasına həsr edən Xanım Rolandın xatirələrini oxuyun. Görəcəksiz ki, son dərəcə ehtiraslı bir demokrat olmağının əsas səbəbi, zadəganların qəsrlərinə baş çəkərkən həmişə xidmətçilər üçün ayrılmış otağa dəvət edilməsi olmuşdur.
Hörmət-izzətli qadınların arasında da paxıllıq duyğusu mərkəzi yer tutur. Metroda oturub ətrafa nəzər salırsız, gözəl geyimli bir xanım içəri girəndə vaqondakı xanımların gözlərinə diqqət edin. Görəcəksiz ki, hər biri (bəlkə də içəri girən xanımdan daha gözəl geyimlilər istisna olmaqla) bu qadına bəd niyyətli baxışlarla nəzər salır və onda hansısa qüsur tapmaqdan ötrü çırpınıb durur. Qeybət də bu cür pisniyyətliliyin göstəricilərindən biridir, üstəlik də, ortaya atılan dəlilin nə dərəcədə gerçək ya yanlış olmasından asılı olmayaraq, başqa qadın haqqında söylənilən pis şayiə anında gerçək hesab edilməyə başlanır. Təşəxxüslü əxlaqi inanc da eyni cür davranır, bu əxlaqı mənimsəyən insanlar fərqli davranış sərgiləyənlərin azadlığına paxıllıq duyur, onların cəzalanmasını arzulayır və bu cəzalandırma istəyini əxlaqla əlaqələndirirlər.
Oxşar halətə kişilər arasında da rast gəlinir, sadəcə fərq bundan ibarətdir ki, qadınlar demək olar bütün digər qadınları özlərinə rəqib gördükləri halda, kişilər paxıllıq duyğusunu daha çox öz məsləkdaşlarına qarşı hiss edirlər. Siz heç bir aktyoru başqa bir aktyorun yanında tərifləmək kimi düşüncəsiz davranışa yol vermisizmi? Bir siyasətçini eyni partiyanın nümayəndəsi olan digər bir siyasətçiyə tərifləmisizmi? Əgər belə hərəkətə yol vermisizsə, böyük ehtimal ki, həmsöhbətinizdə paxıllıq, qisqanclıq duyğusunun yaranmasının səbəbkarı olmusunuz. Leybnitslə Huygensin yazışmaları arasnda, Nyutonun dəliliyə düçar olmasından gileyləndiklərini göstərən məktublar vardır. “ Tayı-bərabəri olmayan müdrikin, Cənab Nyutonun da ağlını itirməsi nə böyük bədbəxtlikdi, deyilmi?” deyə dediqodu edirdilər. Bu iki məşhur insan sözügedən məktublarda böyük xoşnudluqla yalandan gözyaşı axıdırdılar. Halbuki, bu dediqodu Nyutonun bir-iki qəribə davranışından qaynaqlanırdı və əsla onun dəliliyinin isbatı sayıla bilməzdi.
Adi insan naturasına xas olan cəhətlər arasında paxıllıq duyğusu ən pis duyğudur, təkcə bu duyğunun əsiri olan insanı pisliyə meylləndirməklə qalmır, həmin insanın özünü də bədbəxliyə sürükləyir. Paxıl insanlar sahib olduqları nəsnələrin varlığından sevinc duymaqdansa, başqalarının sahib olduğu nəsnələrin ucbatından əzab çəkirlər. Başqalarının üstünlüklərini yox edib, eyni üstünlüklərdən özləri yararlanmaq istəyirlər. Bu duyğuya nəzarət edilməyəndə, o, insana xas olan bütün yaxşı cəhətləri yox edir və insanın öz bacarıqlarını bütün dolğunluğuyla sərgiləməsinə əngəl olur. Fəhlə işyerinə piyada gedirsə, həkim niyə xəstəsinə baş çəkməyə avtomobillə getməlidi? Başqa insanlar soyuqdan titrəyirlərsə, elm adamı nə üçün isti otaqlarda işlədilir? Dünya üçün böyük əhəmiyyət daşıyan istedadlı bir insan evinin ağır və bezdirici işlərini özü niyə yerinə yetirmir ki? Paxıllıq duyğusu bu cür suallara cavab tapmağa imkan vermir. Yaxşı ki, insan təbiətində bu duyğunun şiddətlənməsinin qarşısını alan, onun mənfi təsirlərini məhdudlaşdıran başqa bir duyğu – heyranlıq duyğusu da mövcuddur. İnsan övladının xoşbəxtliyini artırmaq istəyən insanlar, onlardakı paxıllıq duyğusunu azaldıb heyranlıq duyğusunu artırmağa çalışmalıdılar.
Paxıllığın müalicəsi nədir? Hətta övliyalar arasında belə paxıllıq halı üzə çıxa bilər, ancaq bir övliyanın nəfsinə qalib gəlmək ehtimalı da daha çoxdur. Görəsən, Müqəddəs Simeon Stolpnik digər övliyanın daha yüksək və dar sütunun üzərində daha uzun müddət ərzində dayandığını eşitsəydi, bundan məmnun qalardımı? Şübhə edirəm. Ancaq övliyaları bir yana qoysaq, adi kişilər və qadınlar üçün paxıllığın əsas dərmanı düşünürəm ki, xoşbəxtliyə yetməkdir. Ancaq problem ondadır ki, paxıllıq özü xoşbəxtliyə çatmağa əngəl olur. Uşaqlıqda yaşanılan pis hadisələrin, diqqət yetərsizliklərinin paxıllığı artıracağı qənaətindəyəm. Qardaş yaxud bacısının ondan üstün tutulduğunu görən uşaq paxıllığa vərdiş edir və həyata atıldığı zaman uşaqlıqda yaşadığı həmin hadisələrə bənzər haqsızlıqlara qarşı daha həssas olur və oxşar haqsızlıqlara uğrayarkən daha şiddətli reaksiya verir və gələcəkdə də sürəkli olaraq haqsızlıqla qarşılacağını düşünür, şübhə içində yaşayır. Belə insan, sanıram ki, xoşbəxt deyil və xəyalındakı haqsızlıqlar səbəbindən öz dostları üçün də dözülməz insana çevrilir. Onu heç kimin sevmədiyinə inanmağa başladıqdan sonra da sərgilədiyi davranışlarıyla bu inancını qeyri-ixtiyari şəkildə haqlı çıxarır.
Valideynlərin uşaqlarına qarşı yetəri qədər sevgi bəxş etməməsi də digər bir problemdir və oxşar nəticələrə gətirib çıxarır. Özündən daha çox sevilən qardaş yaxud bacıya sahib olmayan bir uşaq da, başqa ailələrin öz uşaqlarını daha çox sevdiyinin fərqinə vara bilər. Belə vəziyyətdə o, həm digər uşaqlara, həm də öz valideynlərinə qarşı nifrət duya bilər. Böyüdükdən sonra da özünü İsmayıl peyğəmbər kimi hiss edəcək. Bəzi xoşbəxtliklər insanın anadangəlmə haqqıdır, bu xoşbəxtliklərdən məhrum olan insan demək olar ki, həmişə doğru yoldan sapır və böyüdükcə bütün dünyaya qarşı nifrət hiss etməyə başlayır.
Ancaq başqalarına paxıllıq edən bir insan sizə belə də söyləyə bilər: “Mənə paxıllığın dərmanı xoşbəxtlikdir demək nəyə yaraya bilər ki? Elə başqalarına paxıllıq etdiyim üçün xoşbəxt ola bilmirəm də, siz isə mənə paxıllıqdan xilas olmasam xoşbəxtliyə çata bilməyəcəyimi söyləyirsiz.” Ancaq həyat əslində heç bir zaman bu qədər məntiqli deyildir. Paxıllıq duyğusunun səbəblərini dərk edən insanlar, bu duyğuları aşmaq yolunda irəliyə doğru böyük addım atmış olurlar. Sahib olduğun əşyalar və qabiliyyətlərlə digərlərinin sahib olduqları arasında hər zaman müqayisə apararaq yaşamaq pis vərdişdir. Əgər insanın qarşısına gözəl anlar çıxıbsa, onlardan ləzzət almaq lazımdı, bu məqamın başqalarınki qədər gözəl olmadığını düşünməyə baş yormaq lazım deyil. Başqalarının paxıllığını çəkən adam “ Qəşəng, günəşli bir gündür, bahar fəslidir, quşlar cəh-cəh vurur, ağaclar da başdan-ayağa qədər çiçək açıb, ancaq eşitdiyimə görə, Sciliyada yaz fəsli bundan min qat daha gözəlmiş…Deyilənə görə, Helikan qoruğundakı quşlar bu quşlardan daha şirin cəhcəhləyir və Şaron gülləri mənim baxçamdakı güllərdən daha cazibəliymişlər…” deyə düşünə bilər. O, bu cür düşündükcə də Günəş parlaqlığını itirməyə başlar, quşların səsi xoşagəlməz ciyiltiyə, çiçəklər isə heç dönüb baxılmağa belə dəyməyən önəmsiz bitkilərə çevrilər. Bu cür düşünən insan həyatın onun qarşısına çıxaran bütün zövqlərindən narazı qalacaq. Örnəyi, öz-özünə “Doğrudur, könlümün şahzadəsi olan qadınım çox gözəldi, onu sevirəm də, o da məni sevir, ancaq allah bilir Bilqeys (Səba krallığının gözəlliyiylə nam salmış əfsanəvi qadın hökmdarı-tərc.) onunla müqayisədə nə qədər də gözəlmiş! Ah, kaş ki, Suleyman şahin əlinə keçən fürsətlər mənim də əlimə keçəydi!”, deyə söylənəcək.
Bu cür müqayisələr yersiz və axmaqcasınadır, fərqi yoxdur, istər məmnunsuzluğumuzun səbəbi Bilqyes olsun, istər qapı qonşumuzda yaşayan xanım, belə düşünmək boşunadır. Ağıllı bir insan üçün əlində olan həzz və sevinc mənbələri, başqalarının sahib olduğunun çoxluğu səbəbindən öz dəyərini əsla itirməz. Paxıllıq duyğusu qismən ənənəvi, qismən də intellektual baxımdan bərbad duyğudur və hər şeyi olduğu kimi deyil, digər nəsnələrlə müqayisə içində, onlarla əlaqəli olaraq görməkdən irəli gəlir. Deyək ki, mənim aylıq maaşım ehtiyaclarımı qarşılayacaq səviyyədədir. Əslində bundan məmnun qalmalıyam. Ancaq məndən heç bir baxımdan üstün olmayan başqa bir insanın mənim maaşımın iki qatını aldığını öyrənirəm. Əgər başqalarına paxıllıq duymağa meylli bir insanamsa, bunu eşitdikdən sonra maaşım mənim gözümə anındaca yetərsiz görünməyə başlayacaq və haqsızlığa düçar olduğumu düşünərək öz-özümə iztirab verməyə başlayacağam. Bu cür halların çarəsi zehni disipplinə malik olmağa vərdiş etməkdir, yəni boş şeylər barədə baş yormaqdan qurtulmağa çalışmalıyıq. Hər şeyi bir yana qoyaq, bəyəm xoşbəxtlikdən daha qısqanılacaq nəsə varmı həyatda? Və əgər mən özümü qısqanclıqdan, paxıllıqdan xilas etsəm xoşbəxtliyə qovuşa bilərəm, üstəlik qısqanılacaq bir insana çevrilərəm. Mən burda xoşbəxt olarkən isə, mənim maaşımın iki qatını alan insan da onun maaşının iki qatını alan insana paxıllıq duyaraq orada iztirab çəkəcək və bərbad vəziyyəti bu formada da sürüb gedəcək. Şan-şərəf həvəsindəsizsə, Napoleona qibtə edə bilərsiniz. Ancaq Napoleon da Sezarı həzm edə bilmirdi, Sezar İsgəndər Zülqərneyni, İsgəndər özü isə heç bir zaman yaşamamış Herakla qibtə edirdi. Demək ki, sadəcə uğur qazanmaqla paxıllıq duyğusundan xilas ola bilməzsiniz, çünki tarixdə və əfsanələrdə sizdən daha böyük işlər bacaran varlıqlar olub. Həyatın sizə bəxş etdiyi həzzlərin dadını çıxararaq, işinizi ürəklə həyata keçirərək, bəlkə də yanlış olaraq sizdən daha yaxşı həyata sahib olduğunu düşündüyünüz insanlarla özünüzü müqayisə etməkdən əl çəkərək paxıllıq duyğusuna qalib gələ bilərsiniz.
Əndazəni aşan təvazökarlığın paxıllıqla böyük bağlılığı var. Təvazökarlıq yaxşı mənada mənəvi keyfiyyət kimi qəbul edilir. Əlbəttə, bunda haqlılıq payı var. Ancaq təvazökar insanlar cəsarətləndirilməyə ehtiyac duyurlar və çox zaman bacaracaqları işləri həyata keçirməyə belə çəkinirlər. Təvazökarlar ətraflarındakı insanların onlardan daha uğurlu olduqlarına inanırlar. Buna görə də paxıllığa, paxıllığın yaratdığı bədbəxtliyə və bədniyyətliliyə meylli olurlar. Uşağa, onun dəyərli olduğunu hiss etdirməyin doğru davranış olduğuna inanıram. Zənn edirəm ki, bir tovuzquşu başqa tovuzquşunun quyruğunun gözəlliyindən dolayı əzab çəkmir, çünki hər tovuzquşu dünyadakı ən gözəl quyruğun məhz onda olduğu qənaətindədir. Bəlkə də buna görə tovuzquşları sakit, rahat, sülhsevər quşlardır. Tovuzquşuna, özünü sevməyin çox pis cəhət olduğu öyrədilsəydi, yəqin ki, zavallı quş özünü çox bədbəxt hiss edərdi. Quyruğunu açıb həzzlə dolaşan başqa tovuzquşunu görərkən yəqin ki, öz-özünə belə gileylənərdi: “Mənim quyruğumun onun quyruğundan daha gözəl olduğunu düşünməməliyəm, çünki, bu, özünübəyənmişlikdir, özündənrazılıqdır..Ancaq kaş ki, mənim quyruğum onunkundan daha gözəl olaydı! Bu iyrənc quş gör öz gözəlliyinə necə güvənir, necə özündən müştəbehdi! Bəlkə, onun tüklərindən bir neçəsin qoparıb gözəlliyini korlayım? Belə etsəm, onun gözəlliyini korlasam, daha onunla özümü müqayisə etməyə də gərək qalmaz..”. Ya da, özünkündən daha gözəl quyruğu olan tovuz quşuna tələ quracaq, onun, “tovuzquşu davranışı”na zidd davrandığı üçün çox pis varlıq olduğunu isbat etməyə çalışacaq və tovuzquşular toplantısında bunu hər kəsə bəyan edəcəkdir. Beləliklə o, get-gedə gözəl quyruğa malik bütün tovuzquşuların pis varlıq olduğuna hər kəsi inandıracaq və tovuzquşular ölkəsinin kralına da, öz ətrafına, təkcə iki-üç dənə korşalmış tükdən ibarət, yığılmış quyruğu olan tovuzquşular toplamasını məsləhət görəcəkdir. Sonra da gözəl tovuzquşulara ölüm cəzası verdirəcək və nəticədə həqiqətən görkəmli bir quyruq haqda təsəvvürlər, keçmişin qaranlıqlarına gömülüb, solğun xatirəyə çevriləcək. Bax, əxlaq maskası taxmış paxılın zəfər düşüncəsi bu cürdür. Halbuki, hər tovuzquşunun özünü ən gözəl tovuzquşu hesab etdiyi bir məkanda bu cür istəklərə və düşüncələrə gərək olmayacaq. Belə olsa, hər tovuzquşu bu həyat yarışmasından birincilik hədiyyəsini gözləyər və hər biri öz partnyoruna dəyər verdiyindən, onun təsdiqini gördüyü üçün birinciliyi qazandığına inanar.
Paxıllıq digər tərəfdən rəqabətlə də əlaqəlidir. Əldə etməyə heç bir ehtimalımızın olmadığına inandığımız nadir şansı qısqanmarıq. Sosial təbəqələşmə dəyişməzdisə, ən aşağı sosial təbəqədə yer alan insanlar, zənginlər ilə yoxsullar arasındakı fərqin Tanri tərəfindən müəyyən edildiyinə inandıqları müddətcə, onlardan daha yuxarı təbəqə içində yaşayan insanları qısqanmazlar. Dilənçilər onlardan daha artıq pul toplayan digər dilənçilərə paxıllıq etsələr də, milyonerləri qisqanmazlar. Modern dünyadakı ictimai qərarsızlıqla sosializm və demokratiyanın bərabərlik tezisləri, paxıllığın hədəflərini nəzərdən qaçırır. Bu gün, bu hal, daha adil bir cəmiyyətə qovuşmağımız üçün, üzərindən atlanmağa gərək duyulası xoşagəlməz meyllə əlaqəlidir. Sosial bərabərsizlikləri məntiqli şəkildə analiz edərkən, görürük ki, daha üstün mənəvi keyfiyyətlərdən qaynaqlandığı istisna olmaqla, bu bərabərsizliklər haqsızlıqdır və sosial təbəqələr arasında yaranan paxıllığın əsas çarəsi bu bərabərsizliyin ortadan qaldırılmasıdır. Məhz bu səbəbdən, dövrümüzdə paxıllıq bu qədər geniş yayılıb. Yoxsul varlıya paxıllıq edir, kasıb millət varlı millətə, qadınlar kişilərin azadlığını qısqanır, namuslu qadınlar da namuslu olmadıqları halda heç bir cəza görməyən qadınları.
Paxıllıq fərqli sosial təbəqələr, rifah səviyyəsi fərqli olan millətlər, müxtəlif cinslər arasında bərabərliyi təmin etməyin aparıcı psixi motivi olsa da, bu yolla əldə edilən bərabərlik, özünü bədbəxt hiss edənlərin üzünü güldürmək yerinə, xoşbəxt və halından məmnun olanların həzz mənbələrini məhdudlaşdırmaq, onların həyatdan duyduqları ləzzəti azaltmaq bahasına əldə ediləcək. Şəxsi həyatda zərərli olan ehtiraslar, sosial həyata tətbiq edildikdə də yarardan çox zərər gətirir. Paxıllıq kimi mənfi cəhətın yaxşılıq yaradacağını gözləmək yanlışdır. Buna ümid edə bilmərik. Buna görə də daha ədalətli formasiya istəyən insanlar çıxış mənbəsini paxıllıqdan deyil, digər motivlərdən götürməlidilər.
Butun pis cəhətlər bir-birinə bağlıdır və bunların hər biri digərinin səbəbkarı ola bilər. Xüsusən də yorğunluq tez-tez paxıllığın yaranmasına yol aça bilər. Bir insan həyata keçirməyə məcbur olduğu iş üçün özünü yetərsiz sayarsa, bezginləşəcək və daha az əziyyət çəkənlərə qarşı paxıllıq duyacaq. Bu halda paxıllığı azaltmağın bir yolu da yorğunluğu azaltmaqdır. Ancaq bundan daha önəmli çıxış yolu təməl instinktlərimizə dolğun həyat bəxş etməkdir. İşlə bağlı sanılan paxıllığın əsas qaynağı çox zaman cinsi həyatın yetərsizliyi olur. Xoşbəxt evliliyi olan bir insan ailəsini normal şərtlər daxilində yaşatmağa kifayət edəcək gəlirə sahibdisə, başqalarının daha varlı və uğurlu olmasına qarşı paxıllıq hiss etmir. İnsanların xoşbəxtliyi üçün gərəkli olan nəsnələr əslində bəsitdir, əslində o qədər bəsitdir ki, hiyləgər və saxta insanlar həqiqətən nəyə ehtiyac duyduqlarını açıq-aydın şəkildə söyləməkdən çəkinirlər. Yuxarıda haqqında söhbət açdığımız qadınlar – hər xoş geyimli qadına qısqanc nəzərlərlə baxan qadınlar mütləq şəkildə söyləyə bilərik ki, instiktiv baxımdan xoşbəxt həyat yaşamırlar. İnstiktiv xoşbəxtlik Anglo-Sakson dünyasında, xüsusən də qadınlar arasında nadir rast gəlinən xoşbəxtlikdir. Mənə elə gəlir ki, sivilizasiya bu mənada yanlış yola sürüklənib. Əgər paxıllığın yayılmasını məhdudlaşdırmaq istəyiriksə, bu vəziyyəti düzəltməliyik. Yoxsa hamımızın daxili nifrətlə dolacaq.
Əvvəllər insanlar sadəcə qonşularına paxıllıq edərdilər, çünki başqaları haqqında bilgiləri az olardı. Bu gün isə informasiya vasitələri çoxaldığı üçün heç tanımadıqları insanlar haqqında belə çox məlumat sahibidilər. Filmlərdən izlədikləri həyata baxıb, zənginlərin həyat tərzlərini öyrəndikərini sanırlar, qəzet və televiziya vasitəsiylə digər millətlərin mənfi cəhətlərinə şahid olurlar, propaqanda yoluyla dərisinin rəngi fərqli olanların hansı alçaqlıqlara yol verdiklərindən xəbərdar olurlar. Sarılar ağlardan hürkür, ağlar qaralara nifrət edir və bu vəziyyət belə də davam edir. Bütün bu nifrətin ancaq propaqanda vasitəsiylə yayıldığını söyləyə bilərsiniz, ancaq bu səthi açıqlamadı. Bəs dostluq propaqandası nəyə görə düşmənlik propaqandasından daha zəif olur? Çünki, modern sivilizasiyamızın insanı nifrətə dostluqdan daha çox meyl göstərir. Nifrətə istiqamətlənir, çünki həyatından məmnun deyildir, həyatının mənasını itirib, dünya nemətlərindən başqalarının ləzzət aldığını və özünün onlardan yararlanmadığını hiss edir.
Modern insanın həyatındakı həzzlər və əyləncələrin toplamı şübhəsiz ki, ibtidai icmaların malik olduğundan xeyli böyükdür, ancaq modern insana bu kifayət etmir, başqa əyləncələrin, daha fərqli zövq mənbələrinin mövcud ola biləcəyini də dərk edir. Uşaqlarınızı zooparka apararkən, meymunlara diqqət edin: əgər akrobatlıq etmirlərsə və fıstıq yemirlərsə, çöhrələrini qəmginlik bürüyür. İnsan onlara baxarkən, elə sanır ki, sanki onlar da insan olmaq istəyir, ancaq bacarmırlar və bu işin sirrini heç cür çözə bilmirlər. Sanki, təkamül yolunda yollarını itirmişlər, əmiuşaqları inkişaf etsə də, özləri geridə qalmışlar. Mənə elə gəlir ki, modern, sivil insanın zehninə də oxşar narahatlıq hakim kəsilib. Özündən daha üstün bir nəsnənin əlini uzadıb götürə biləcəyi bir yerdə mövcud olduğunu bilir, ancaq onu harada və necə tapacağını bilmir. Ümidsizlik içində öz vəziyyətində olan digər ümidsiz, bədbəxt insanlara saldırıb, əsəbini onlardan çıxır. Təkamüldə önəmli bir mərhələyə qədəm basmışıq, ancaq bu son dayanacaq deyil və bu dönəmi tez zamanda arxada buraxmalıyıq, yoxsa əksəriyyətimiz bu yolda tələf olacaq, qalanlarımız da şübhə və qorxu meşəsində öz yolumuzu itirəcəyik. Modern insan bu ümidsizlik bataqlığından xilas olmaq üçün dünyagörüşünü və zəkasını inkişaf etdirmək qədər, könlünü də genişlətməlidir. Nəfsinə qalib gəlməyi bacarmalı və bunu həyata keçirərkən də azadlığını əldə etməyi öyrənməlidir.
Bilge.az