Hər bir yazıçının bir sənətkar kimi vəzifəsi və içində gəzdirdiyi ən ümdə arzusu təkcə hissi yox, həm də səs və görüntünü oxucuya çatdırmaqdır. Axı hər yazıçı istəyir ki, onu, onun ideyasını yaxşı başa düşsünlər. Şah əsər – masterpiece – şüurla qəlbin birgə zəhmətidir.
Bu zəhmətin sayəsində hiss, səs və görüntü elə bir təbiilik halında birləşməlidir ki, bir-birilə üzvi şəkildə bağlanmış, hiss, səs və görüntüdən ibarət yeni kombinasiyanı qəbul edən oxucu, gözlərini yumanda təsviri tam görə bilsin. Yazıçının böyüklüyü həm də həyatın heç kəsin görə bilmədiyi tərəfini öz işığı ilə – qaranlıq küçədə yanan tənha fənər kimi – aydınladaraq realistcəsinə oxucuya çatdıra bilmək gücü ilə ölçülür. Əlbəttə, biz burada səmimilik və sadəlik adlanan iki mühüm şərti heç bir halda göz ardı etməməliyik. Bu baxımdan rus ədəbiyyatının ən usta yazarı qraf Tolstoydur desəm, yəqin, çoxları mənlə razılaşar. Tolstoyun ustalığını daha dəqiq ifadə etmək üçün sadəcə demək lazımdır ki, o, Turgenev tipli estet yazıçılardandır, amma ondan on qat masterdir. On rəqəmi burada, əlbəttə, şərtidir və söhbət Tolstoyun krizisə qədərki yaradıcılığından gedir. İki Tolstoy var: keçirdiyi mənəvi krizisə qədər olan Tolstoy – Hərb və Sülh’ün, Anna Karenina’nın müəllifi, böhrandan sonrakı Tolstoy – Əlifba’nın, Sergi Ata’nın, Dirilmə’nin, Kreyser Sonatası’nın, İvan İliçin Ölümü’nün müəllifi.
Qaniçən sovet rejimi dövründə Tolstoyun on dörd cildliyi Azərbaycan dilində iyirmi min tirajla çapdan çıxmışdı. Bir sıra xırda qüsurlara baxmayaraq (Etiraflar, Polikuşka, Xolstomer kimi əsərlərin və yazıların seriyada olmaması, ümumi kommentariyanın verilməməsi) bu nəşr, əslində, böyük bir mədəni hadisə idi və mədəniyyətimizin zənginləşməsinə xidmət edirdi. Ədəbiyyatşünaslıq, tərcüməşünaslıq və teatrmız Tolstoydan çox şey əxz edə bildi. Qorkini çıxmaq şərtilə hələ Azərbaycanda heç bir yazıçının əsərləri bir belə miqyasda çap olunmamışdı. Mötərizə içində deyək ki, Rusiyanın özündə isə Tolstoy doxsan cilddə çapdan çıxıb.
Nümunə olaraq götürdüyüm rus İliadası – Hərb və Sülh romanı dünya ədəbiyyatında ən sevdiyim romanlardan biridir. Birinci dəfə iyirmi üç yaşımda ikən oxuduğum bu sənət əsərini bu dəfə bir ehtiyac hiss edərək, tamam başqa gözlə oxuyanda götürə bildiyim qədər çox qeyd götürdüm. Bu yazı o qeydlərin əsasında yazılıb. Şübhəsiz, bir yazı ilə Tolstoyu tam əhatə etmək qeyri-mümkündür. Biz, sadəcə, kiçik bir səyahət edəcəyik.
Əsəri bir canlı şəklində təsəvvür etsək, romanın skeleti bir neçə ailə – Bezuxov, Bolkonski, Rostov, Kuragin, Karagin, Drubeskoy, Doloxov – üzvlərinin yaşayışından ibarətdir. Tolstoy bir neçə addım qabağı düşünən professional şaxmatçı kimi fiqurları ən başda bir-bir oyuna daxil edir. Biz bu fiqurların hərəsini öz dünyagörüşü və cəmiyyətdəki mövqeyinə uyğun hərəkətini insan dənizinin içində anbaan izləyirik. Onların gedişləri şaxələnir, zamanla taleləri bəzən toqquşur, bəzən də birdəfəlik kəsilir. Tolstoy onları yenə bir araya yığmaq üçün ziyafət, bal, müsamirə, ad günü şənliyi, opera, yanğın, döyüş, duel, ölən adam və sair-dən istifadə edir. Vaxt keçdikcə bu obrazların biri böyüyür, biri qocalır, biri evlənir, biri müharibəyə gedir, biri vəfat edir, başqası öldürülür. Biz onların hər birinin öz həyat həqiqətləri ilə tanış oluruq və zaman barədə fikirləşmirik. Bu məqamı Nabokov yaxşı tutmuşdu. Doğrudan da, necə ki həyatda vaxtın necə keçdiyini hiss eləmək olmur, eləcə də Tolstoyun mətnlərində vaxtın necə axdığını duymursan. Bunun açıqlaması gün kimi aydındır: hər şey tədricən baş verir, sıçrayış yoxdur. Su kimi içilən birinci və ikinci cilddən sonra, üçüncü cilddən başlayaraq müəllif fəlsəfi mühakimələrə yer ayırır. “Napoleona hər yerdə saysız-hesabsız təsadüflər kömək etdi” kimi cümlələri oxuyanda adamın gözünün qarşısında Tolstoy yox, Helvetsi canlanır. Flober romanda bu cür mühakimələrini bəyənmirdi, onun fikrincə romançı ilə filosof bir kitabda birləşə bilməzdi.
Ədəbiyyatşünas Dmitri Bıkov öz mühazirəsində bu mühakimələrin ortaya çıxmasına aydınlıq gətirir. Məsələ burasındadır ki, Tolstoyun əlində əsəri yazmaq üçün zəngin material var idi, məzmun demək olar hazır idi. Bu zəngin məzmun sənətin qaydalarına görə mükəmməl bədii forma ilə birləşməli idi ki, görmək istədiyi əsər doğula bilsin – yazıçıya yuxusuzluq verən də bu idi. Amma 1862-ci ildə təsadüfi bir hadisə baş verdi və Tolstoy o formanı tapa bildi – Bu, fəlsəfi mühakimələrlə dolu Səfillər romanının çapdan çıxması idi. Beləliklə, Səfillər romanı, tam bir təsadüf olaraq, Hərb və Sülh’ü yaradan səbəblərdən biri oldu.
Roman gənc Bolkonskinin yuxusu ilə bitir. Quyruq kimi sona əlavə edilmiş epiloqdan başa düşürük ki, o gec tez Pyerlə dekabristlərə qoşulacaq və bəlkə də öldürüləcək. Əsər elə beləcə natamamlıq hissi ilə başa çatır. Çünki həyatın özü belədir, hər şey hərəkətdədir və son yoxdur.
Priyomlar barədə danışmamışdan əvvəl rus formalistlərindən Şklovskinin “Sənət priyom kimi” essesini xatırlamaq yerinə düşər. Şklovski eyni zamanda Tolstoy haqda kitab yazıb (bax: JZL seriyasından Lev Tolstoy). Şklovskiyə görə, həyat avtomatlaşmış və tezliklə unudulan hərəkətlərin cəmindən ibarət olduğuna görə, ətrafda olan şeylərin həyat olaraq, canlı olaraq qavranılması üçün sənət lazımdır. Sənətin məqsədi əşyanın həyatın bir parçası olması hissini tanınma olaraq deyil, görünülmə olaraq çatdırmaqdır. Bunun üçün qavrama prosesinin ağırlaşdırılması və uzadılması lazımdır. Şklovski bunu yadlaşdırma, alışqanlıq vəziyyətini pozmaq (ostranenie/defamiliarization) adlandırır və hesab edir ki, Tolstoy bütün əsərlərində bu priyomdan istifadə etmişdir. Ədəbiyyata sırf forma olaraq baxan Şklovskinin əksinə olaraq britaniyalı ədəbiyyatşünas Terri İqlton’un nəzərincə ədəbiyyatı yaradan subyektiv dəyərləndirmə mülahizələri (value-judgement) tarixən dəyişkəndir və sosial ideologiyalarla sıx surətdə bağlıdır. Yəni, demək istəyir ki, ədəbiyyatla siyasət bir-birilə in-yan kimi bağlıdır. Nəzəriyyəni buraxıb təsvirlərə keçək.
İnsan hisslərinin təsvirinə gəldikdə rus yazıçısı, hərdən, öz ovçuluq müşahidələrini işə salır. Məsələn:
Qaçarkən, ona, Ens körpüsünə gedəndə olduğu kimi, şübhə və mübarizə hissi deyil, köpəklərdən qaçan bir dovşan hissi hakimdi.
Digər bir nümunə:
Pyer çəkinə-çəkinə ona baxdı və itlərlə dövrəyə alınmış, qulaqlarını qısaraq yenə də öz düşmənlərinin gözü qabağında yerə yatmaqda davam edən dovşan kimi hərəkət edərək mütaliəsinə davam etmək istədi.
Ordunu təsvir edərkən aramla bir hissədən digər hissəyə keçir: piyadalar, süvarilər və topçular.
Hissə-hissə təsvir nəqliyyat vasitələri ilə yola düşən ailənin təsvirində də istifadə olunur: kareta, kolyaska, briçka.
Operada da eyni sxem təkrarlanır: loja, parter, eyvan.
Yemək-içmək məclislərinin təsvirində təhkiyəçi rütbə və yaşa görə hərəkət edir. Biz səhnədə həm ağanın, həm də nökərin fikirlərini görürük.
Tolstoyun istifadə etdiyi başqa bir priyom bir hadisəni seçdiyi bir obrazın nöqteyi-nəzərilə, yəni subyektiv təsvir etməkdir. Belə olan halda biz hadisənin seçilmiş obrazın daxili aləmindən keçirilərək verildiyini başa düşürük. Hərb və Sülh’də idrak simvolu sayılan Speranskinin təsvirində Bolkonski, rus imperatorunun təsvirində Boris, imperatorların görüşündə Rostov, yoldaşına baş çəkmək üçün getdiyi xəstəxanada xəstələrin təsvirində yenə Rostovun və bir də, ümumilikdə, Pyerin düşüncələri bu üsulla verilmişdir.
Ov, döyüş, təbiət və bal təsvirləri mükəmməl xromatizmlə verilib. Biz bunları nəinki görür, hətta sanki yaşayırıq. Kənd təsvirləri Con Konsteblin zərif mənzərələrini xatırladır. Döyüş səhnələrinə gəldikdə isə Tolstoyun ən usta batalistlərlə yarışa biləcəyini əminliklə demək olar. Tozlu ot üzərindəki şaxtalı şehdən tutmuş göy üzündə sayrışan ulduzlara qədər nəhəng bir aralıqda insan, heyvan, həşərat, meşə, insanları qıran top, təkərsiz araba, uzağı görmək üçün əlini alnına dayamış Napoleon, soyuq torpağın üzü, havada uçuşan dolaşalar, efir – hər şey Tolstoyun bir allah kimi nəzərindədir. Və bütün bu zərrəciklər hamısı bir küll halında harmonik şəkildə birləşərək sarsılmaz ümumi qaydalara – təbiət, həyat və tarix qanunlarına tabedirlər.
Digər priyomlar natamam şəkildə aşağıda verilir.
Simmetriya:
Rostovgildə, salonda, yorğunluqdan baş-ayaq çalan musiqiçilərin çalğısı ilə altıncı anqlez rəqs edilərkən və yorğun ofisinatlar və aşpazlar şam hazırlayırkən, qraf Bezuxovun altıncı tutması başlamışdı.
Perspektiv:
Bu səs, özünə nəşəli, polka nisbətən zəhmli, yaxınlaşmaqda olan baş komandana isə xoş və nəvazişli idi.
Daha bir mükəmməl simmetriya:
Uşaqlar isə, çiyin-çiyinə dayanaraq, bir-birinin süngüsündən yapışaraq, aralanmadan axınla körpü boyu hərəkət edirdilər. Knyaz Nesvitski körpünün məhəccərindən aşağıya baxaraq, Ens çayının sürətli, gurultulu və çox da yüksək olmayan dalğalarını gördü. Bu dalğalar körpünün sütunları yanından bir-birinə qarışır, pozulur, burulur və bir-birini qovurdular. Körpüyə baxanda orada da eyni yekrəng canlı soldat dalğalarına, qotazlara, qılaflı kiverlərə, çantalara, süngülərə, uzun tüfənglərə, kiverlərin altında görünən iri sümüklü, batıqyanaqlı, qayğısız – yorğun ifadəli üzlərə və körpünün taxtalarına yapışmış palçıq üzərində hərəkət edən ayaqlara təsadüf etdi. Hərdən yeknəsəq soldat dalğaları arasında, Ens çayının dalğalarında parlayan ağ köpük kimi, plaşlı bir zabit, soldatlardan fərqli olan görkəmi ilə görünürdü, hərdən çay üzərində hərlənən talaşa kimi pir piyada qusar, denşik və yaxud yerli bir adam piyda ordu dalğaları arasında körpü üzərindən keçib gedirdi; bəzən də körpü üzərində, çayda üzən tir kimi, hər tərəfdən əhatə olunaraq, ağzına qədər qalanmış və üstü dəri ilə örtülmüş bir bölük və yaxud zabit arabası keçib gedirdi.
Kontrast:
Nikolay Rostov üzünü o tərəfə çevirib, bir şey axtarırmış kimi, uzaqlara, Dunayın suyuna, göyə və günəşə baxdı. Göy nə qədər qəşəng görünürdü, o nə qədər mavi, sakit və dərindi! Qüruba doğru enməkdə olan günəş nə qədər parlaq və gözəl idi!.. Dunayın suyu nə qədər xoş və zərif bir halda parıldayırdı! Uzaqda, Dunayın o üzündə maviləşən dağlar, monastır, əsrarəngiz dərələr, təpələrinə qədər dumanlara dalan şam meşələri daha gözəldi... Oralar, sakit və xoşbəxt idi... “Bircə orada olsaydım, heç bir şey, heç bir şey arzu etməzdim, heç bir şey arzu etməzdim”, - deyə Rostov düşündü. “Təkcə məndə və bu günəşdə o qədər səadət var ki, amma burada ... inilti, iztirab, qorxu, bir də bu, anlaşılmazlıq, bu tələsiklik... Bax yenə də çığırırlar, yenə hamı geriyə qaçır, mən də onların dalınca qaçıram. Bax odur, odur, ölüm, başımın üstündə ölüm, ətrafımda ölüm... Bir anda hər şey bitə bilər, mən bir daha bu günəşi, bu suları, bu dərəni görməyəcəyəm...”
Daha bir perspektiv:
Nikolay Rostov ordudan Moskvaya qayıtdıqdan sonra ev adamları tərəfindən ən yaxşı bir oğul, bir qəhrəman və sevimli Nikoluşka kimi, qohumları tərəfindən - əziz, xoşəxlaq və möhtərəm bir gənc kimi, tanışları tərəfindən də gözəl qusar poruçiki, çevik bir rəqqas və Moskvanın ən yaxşı nişanlılarında biri kimi qəbul edilmişdi.
Danışan mimikalar:
Onun gözləri sanki deyirdi: “Mən səndən kömək gözləyirdim, eybi yoxdur, eybi yoxdur, sən də belə!”.
Yavaşıdılmış hərəkət:
Birdən bərk külək əsib otağın pəncərəsini silkələdi (knyazın tapşrığı ilə hər il torağaylar gələn zaman pəncərə çərçivələrindən biri çıxarılırdı), yaxşı bağlanmayan cəftəni açdı, pəncərə pərdələri qabağından asılmış uzun pərdəni yellədi, içəriyə soyuq və qar sovurdu, şamı söndürdü.
Yavaşıdılmış hərəkətə daha bir misal:
Top qulaqbatırıcı bir gurultu qopardı, mərmi vızıltı ilə dağ döşündəki qoşunlarımızın başı üzərindən keçdi düşmənə xeyli qalmış düşüb partladı və buraxdığı tüstü ilə düşdüyü yeri nişanladı.
Canlandırıcı dəqiq detal ( hissəni verməklə tamı göstərmək ):
Villarski şkafdan bir yaylıq götürüb Pyerin gözləri üstə qoydu, çəkib daldan düyünlədi; bu zaman onun saçı da düyünün arasına düşüb bərk incitdi.
Daha bir kontrast:
Onun təsəvvür etdiyi şeylər o qədər gözəldi ki, Nataşa hətta bunların olacağına inana bilmirdi; çünki bunlar soyuqla, karetin darısqallığı və qaranlığı ilə heç də uyuşmurdu.
Kumulyasiya:
Bu səslərin ahəngindən, Kozlovskinin ona belə etinasız baxmasından, yorğun katibin nəzakətsizliyindən, katib ilə Kozlovskinin baş komandana belə yaxın, döşəmə üzərində, boçkanın yanında oturmalarımdan, at saxlayan kazakların evin pəncərəsi altında ucadan gülüşmələrindən – bütün bunlardan knyaz Andrey, mühüm və bədbəxt bir hadisə baş verəcəyini hiss etdi.
Daha bir kumulyasiya:
İsti havada, xırdavatçıların çığırtısında, adamların əynindəki parlaq və açıq rəngli yay paltarlarında, bulvardakı ağacların toz basmış yarpaqlarında, növbə dəyişməyə gedən batalyonun musiqi səsində və ağ şalvarlarında, döşəmə yoldan qalxan gurultuda, isti günəşin parlaq işığında, aydın, isti havada bir yay yorğunluğu, hazırki vəziyyətdən razılıq və eyni zamanda narazılıq hissi vardı.
İşıq-kölgə:
Günortadan xeyli keçmişdi; küçənin yarısına kölgə, yarısına da parlaq gün işığı düşmüşdü.
Daha bir işıq-kölgə:
Cökə xiyabanının kölgəsi arasından xırdaca dairələr şəklində düşən gün işığının parıltıları ona knyazın üzündə nə kimi dəyişiklik əmələ gəldiyini aydın görməyə mane oldu.
Yenə işıq-kölgə:
O, geniş açılmış gözlərilə ay işığına və kölgəyə baxır, hər an atasının üzünü görəcəyini gözləyir və hiss edirdi ki, evin üzərinə və otağa çökən sakitlik bütün varlığını sıxır.
Növbəti kontrast:
Günəşin isti şüaları isə qarşıdakı təpəyə başqa bir şənlik saçırdı. Lakin içində yaralılar uzanmış araba, arabanın tövşüyən atı və Pyerin durduğu yer – yamacın dibi rütubətli, tutqun və kədərli idi.
Refleksiya:
Duman və tüstü arasından hər yerdə - gah suda, gah şeh üzərində, gah çay sahillərində və Borodinoda toplanan qoşunun süngülərində gün işığı ildırım kimi parıldayırdı.
Splin:
İpi qırılmış balaca bərə yarıya qədər suya bataraq, gölün ortasında yanpörtü üzə-üzə qalmışdı.
Növbəti kumulyasiya:
O bunu, müntəzəm sıralarla gümrah və nəşə ilə addımlayan əsgərlərdən hiss edirdi, əsgərlər onu və başqa caniləri müşayiət edirdilər; o bunu, bir əsgərin sürdüyü qoşa atlı kolyaskada üzbəüz gələn bir böyük çinovnikin görkəmidən hiss edirdi; o bunu, sol tərəfdən gələn polk musiqisinin nəşəli səsindən hiss edirdi; bunu, daha aydın bir şəkildə bu gün səhər gələn fransız zabitinin əsirlərin adını oxuduğu siyahıdan hiss edib anlamışdı.
Səs:
Uzanıb gedən kazakların ortası ilə fransız atları və yəhərləri, kazak atları qoşulmuş iki furqon kötüklərin və budaqların üstündən keçərək taqqıldayır, su ilə dolmuş çuxurlardan keçərək fırçıldayırdı.
Daha bir səs:
“Puff!” – birdən bənövşəyi, boz və süd kimi ağ rəngə çalan girdə, sıx tüstü görünürdü, bir saniyə sonra isə bu tüstünün səsi eşidilirdi: “bumm”.
Antropomorfizm:
Ulduzlar gah parlayır, gah sönür, gah da titrəşirdilər, elə bil ki, onlar şad, lakin əsrarəngiz bir şey barəsində bir-birilə pıçıldaşırdılar.
Başqa bir antropomorfizm:
Günəş təmiz bulud zolağı altından görünən kimi külək dayandı, sanki o, tufandan sonra bu gözəl yay səhərinin sakitliyini pozmaq istəmirdi.
İfşaedici detal:
Başının dal tərəfində dik-dik duran saçları və tələsik sığal verilmiş gicgahları onun ruhi əhvalını xüsusilə gözəl ifadə edirdi.
Ümumi ab-havanın təsvirinə dair bir neçə misal:
(1) Zahiri cəhətdən hər şey əvvəlki kimi qalsa da, bütün bu adamların daxili əlaqələri knyaz Andrey onları görəndən bəri dəyişmişdi.
(2) Nitqlərin mənasından artıq səslərdə və üzlərin ifadəsində - biz heç nədən qorxmuruq! – iddiası duyulur, hamı da bunu özündə göstərməyə çalışırdı; bu ümumi hiss, nəhayət, Pyerə də sirayət etdi.
(3) Oraya yığışan adamlar bərkdən danışmağa başladılar. Pyerə elə gəldi ki, onlar ucadan danışmaqla öz ürəklərində baş qaldıran mərhəmət hissini boğmaz istəyirlər.
(4) Knyajna Maryanın öz otağında oturaraq keçirdiyi hisslər evin hər tərəfinə yayılıb hamını qaplamışdı.
(5) Rəsmi keçiddən sonra komandirlərdə əmələ gələn nəşəli əhval-ruhiyyə soldatlara da keçdi.
(6) Yalnız mükəmməl parad forması geymiş, nazik və yoğun bellərini tarım çəkmiş, dar yaxalıqlı, boyunları qızarmış, şərəfli və bütün ordenlərini taxmış generalla deyil, yalnız yağlanıb boylanmış və şıq geyinmiş zabitlər deyil, tərtəmiz yuyunmuş və qırxılmış, üst-başı səliqəli, hər bir soldat, dərisi atlas kimi parlayıncaya qədər tumarlanan və isladılmış yalları tel-tel bir-birinin üzərinə yatan atlar belə - hamı, ciddi, mühüm və təntənəli bir şey olacağını hiss edirdi.
(7) O anladı ki, bu gecə hər kəsin gözlədiyi qorxunc bir ayini icra etməlidir və buna görə də o, hamının xidmətini qəbul etməlidir.
Başqaları üçün yaşamaq
Tolstoy – kölgəsində bütün rus ədəbiyyatının rahat dincələ biləcəyi qollu-budaqlı nəhəng ağacdır. Romanda təsvir olunmuş, qaşqabaqlı, hamıya müdriklik zirvəsindən ikrahla baxan, bir müddət sonra isə gözlənilmədən sərt qabığından təzə gənc yarpaqlar çıxan və Adrey Bolkonskini təəccübləndirən nəhəng palıd ağacı elə Tolstoyun öz obrazıdır. Bu nəhəngin fonunda o biri yazıçılar cırtdan kimi görünür. Həqiqi yazıçı ürəklərdə böyük ideyalar, böyük hisslər və böyük arzular oyatmalıdır. Əsərin formasına yox, mahiyyətinə fikir verən bütün diqqətli oxucular yaxşı bilir ki, Hərb və Sülh romanı Napoleon müharibələrinin fonunda Peterburq və Moskva şəhərlərində yaşayan yüksək rus cəmiyyətinin məişət və gizli həyatı barəsində yazılmış adi roman deyil. Ondan daha artıqdır. Biz əsəri oxuduqca ölüm, azadlıq, kütlə və hakimiyyət, tarix və şəxsiyyət, təsadüf və zərurət, səbəb və nəticə, xoşbəxlik və tale, yaşamağın mənası kimi qəliz mövzulara daxil oluruq. Biz görürük ki, həyat oyuncaq deyil, amma kor fortuna hər kəslə oyuncaq kimi davranır, hamı ilə istədiyi kimi oynayır, zarafat edir. Tolstoy sadə şəkildə hər şeyi izah etsə də sonda hiss edilmədən özü də dolaşıqlığa düşür, sanki axıra yaxınlaşırıq, lakin lənətlənmiş çevrə qapanır və biz yenə başlanğıca qayıtmalı oluruq. Tarixi fatalizm və şərə qarşı güc tətbiq etməmək – Tolstoyun bu iki çıxarışını doyurucu cavablar saymaq olmur, çünki absurda dirənir.
Tolstoy təbiətdə şər olmadığı barədə yanlış fikirdə idi. Təbiətə gözəllik və rahatlıq yeri kimi baxırdı. Bu məsələdə Russodan təsirləndiyi açıq-aşkar idi. Russo onu o dərəcədə valeh etmişdi ki, on beş yaşlı gələcək yazıçı xaç asmaq yerinə, boynunda içində Russonun şəkli olan medalyon gəzdirirdi. Onu sosial şər, yəni sivilizasiya adlanan cəmiyyətdəki pisliklər narahat edirdi. Zərər verdiklərini başa düşdükləri bilə-bilə insanlar niyə bir-birilərini incidirlər? sualı Tolstoyu düşündürürdü. Tolstoyun gəldiyi nəticəyə görə hər bir insanın varlığında iki insan yaşayır: bunlardan biri mənəvi insandır. Mənəvi insan özü ilə bərabər başqalarının da xoşbəxtliyini istəyir. Digəri isə heyvani insandır. Heyvani insan isə yalnız öz eqosunu düşünür, bunun üçün başqalarının bədbəxtliyindən istifadə edir. Bu iki varlıq hər bir insanın daxilində bir-birilə aramsız mübarizə aparır. Bu varlıqlardan biri deyir: Qonşunu özün kimi sev (İncil), o birisi cavab verir: cəhənnəm başqalarıdır (Sartr). Bu varlıqlardan biri deyir: Ölümü xatırla, əbədiyyət qarşısında insan ömrü heç nədir, gec-tez sən də ölümü dadacaqsan. O birisi cavab verir: Yaşamın özündə məna axtarmaq özü bir xəstəlikdir (Freyd). Bu varlıqlardan biri deyir: ölüm köhnə şey olsa da hər bir nəfər üçün yenidir. O birisi cavab verir: Həyatın ən böyük sualı – insanlar arasında necə yaşamalı? (Kamyu). İnsaniyyət yoxsa sinizm? Həyat adlı döyüşə girən adam bu iki səngərdən birini seçməlidir. Əsərin ən unudulmaz obrazı olan, xəmir kimi yumşaq, həssas qəlbli Pyer mənəvi insandır. O həmişə təmənnasız yaxşılıq etmək istəyir, öz hərəkətlərini nəcib məqsədlərə yönəldir, xeyirxahlıq dairəsində çalışır. Ona naiv və gülməli adam kimi baxırlar. Mason cəmiyyətində də, kübar cəmiyyətində də, Borodinoda da, kənddə də, körpəni yanğından xilas edəndə də, əsir düşəndə də. Onun həyat amalı başqaları üçün yaşamaqdır. Tolstoyun intensiyası aydındır: insan həyatı o zaman məna və əhəmiyyət kəsb edə bilər ki, o tək özü üçün yox, başqaları üçün yaşasın. Yalnız başqaları üçün yaşayan adamın həyatından danışarkən biz yaşamaq felindən istifadə edə bilərik. Qalan halda buna yalnız mövcud olmaq demək olar. Eynən Kurosavanın filmindəki, otuz il mumiya kimi ömür sürmüş bürokrat kimi. (Kurosava Tolstoydan təsirlənmişdi) Çünki insan ona görə gəzmir ki, onun ayağı var yaxud ona görə nəfəs almır ki, ciyərləri var. Əks halda insan ömrünün qara əlhəd daşından fərqi olmaz. Jan Valjanı Jan Valjan edən onun məhz başqaları üçün yaşaması idi, bu yaşamağın sirrini ona pak adam yepiskop Miriel vermişdi – şamdanları ona qaytarmaqla. Bəli, yalnız başqaları üçün yaşayan adamın həyatı dəyərli sayıla bilər. İkinci cildin sonunda emosional bir epizodda oxucu Pyerin ölümsüz daxili dünyası ilə tanış olur. Dostu Bolkonskinin rədd cavabını gətirmiş Pyer Nataşa ilə görüşə gəlir. Artıq həyatının məhv olduğunu fikirləşən Nataşa darmadağın olmuş, göz yaşları içindədir. Pyer uşaqlıqdan bu qıza duyduğu bir hissi ilk dəfə açıb ona deyir: “Əgər mən mən olmasaydım, dünyanın ən gözəl, ən ağıllı, ən yaxşı bir insanı olsaydım, həm də sərbəst olsaydım, elə bu anda sizin qarşınızda diz çökər, sizə, sizin sevginizə qovuşmağı sizdən rica edərdim”. Pyer qəhərlənmiş halda evdən çıxır. Bu zaman alaqaranlıqda onun başı üzərində ulduzlu səma ucalır. Pyer səmada digər ulduzlardan öz parlaqlığı ilə seçilən bir quyruqlu ulduz görür və gözləri yaşarmış halda bu ulduza sevinclə baxır. “Pyer ancaq göyə baxırkən, ruhunun durduğu yüksəklik qarşısında dünyanın təhqiredici alçaqlığını duymurdu.”
Roman oxumaq dünyaya başqa gözlə baxmaq deməkdir. Biz roman oxuduqca bəzən şüurlu olaraq, bəzən də sövq-təbii şəkildə özümüzü roman obrazlarından birinin yaxud bir neçəsinin yerinə qoyur, onun gözlərilə hadisələrə baxırıq.
Romanlar müxtəlif nöqteyi-nəzərlərin, geniş həyat təcrübəsinin toplandığı dəfinələrdir. Zənnimcə, ən yaxşı yazıçı o yazıçıdır ki, bu nöqteyi-nəzərlərdən heç birinin üstünlüyünə bizi inandırmağa vadar etmir, bu seçimi etməyi bizim öz öhdəmizə buraxır və bizə sərbəstlik vermiş olur. Biz hamısını oxuyur, götür-qoy edir, obrazlarla bərabər sevinir, düşünür, kədərlənir, fikrə dalırıq. Obrazların yaşadığı kitabın əhvalatları ilə yaşadığımız həyatın əhvalatları arasında bir əlaqə axtarır, bizi əhatə edən dünyada dayandığımız yeri və anı fikirləşir və bizi düşündürən suallara cavablar arayırıq. Öz yolumuzu düşünürük. Səksən iki yaşında ikən bir gün bir qərarla evini tərk edərək yola çıxan və yolda - stansiyada ölən qraf Tolstoyun və cahanşümul Hərb və Sülh’ün kosmik böyüklüyü, məncə, elə bundadır.
Elçin İmanov