Yazıçı Əkrəm Əylislinin “Metro vaqonunda gün işığı” povestini təqdim edirik.
1
O gün, günortaya yaxın, Yazıçılar Birliyində bir mötəbər yazıçıdan müsahibə götürüb, yaxındakı Sahil parkına çıxanda Atamoğlan Quşqonmazın kefi əladan da bir az yuxarıydı. Müsahibəni sayta qoymağa nə qədər həvəsli olsa da, bir müddət parkda gəzib-dolanmağın ləzzətindən də keçə bilmədi.
Ogünkü park doğrudan da gözəldi, gəzməliydi. Sentyabrın axırları olduğuna baxmayaraq hələ də isti keçən havalar, gecəki gur yağışdan sonra, nisbətən sərinləmişdi, durulub, tamamilə təzələnmişdi.
Otu - otdan yaşıl, kol-kosu, gül-çiçəyi – həmişəkindən qat-qat qəşəng; parkdakı irili-xırdalı ağacların da o gün xüsusi gözəlliyi vardı. Yayın davamlı istilərinə aylarla dözüb tab gətirən ağaclar özlərinin ağac olduqlarını sanki yenidən duyub, buna dünyadolusu sevinirdilər.
Atamoğlan o ağacları tanımırdı, onların, demək olar ki, heç birinin adını bilmirdi, çünki o ağacların hamısı bəzək ağacıydı – Atamoğlangilin kəndində bəzək ağacı əkən yox idi. Ancaq o gün o parkdakı ağacların hamısı Atamoğlanı tanıyırdı. Atamoğlanın kim olduğunu, harda işlədiyini, bu böyük şəhərə hardan gəlib, burada hansı uğurlar qazandığını, hətta onun – yəni Atamoğlan Quşqonmazın o mötəbər yazıçıdan indicə aldığı müsahibənin ədəbi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanacağını da o ağacların hamısı bilirdi.
Tanınmış jurnalist, istedadlı yazar, hətta hər əsərə əsər deməyən Asim Qaraqartalın da bəyəndiyi «Çətirli göbələk» romanının müəllifi... Onun bir saata yazdığı köşə yazılarını bir gündə azı 1000 adam oxuyurdu. Ölkənin nüfuzlu vəzifə sahiblərindən aldığı müsahibələr əməkdaşı olduğu media qrupunun rəhbəri tərəfindən həmişə yüksək qiymətləndirilirdi. Saytda işə düzəlməyinin hələ heç üç ili tamam olmamışdı. Bu 3 ildə Atamoğlan 200 köşə yazısı yazmışdı, bir şeir, iki nəsr kitabı çap elətdirmişdi. İki dəfə Türkiyədə, bir dəfə Berlində olmuşdu. Hətta bu cavan yaşında gedib Məkkəni-Kəbəni də gəzib gəlmişdi... İstəsə, gündə üç-dörd qızı görüşə çağıra bilərdi, istənilən vəzifə sahibindən istədiyi vaxt müsahibə ala bilərdi. Onu Məkkəyə göndərən o kefcil, baməzə nazir də öz böyük vəzifəsində hələ ki, möhkəm oturmuşdu: «Qulluğunda həmişə hazıram!».
Elə o çağacan da Atamoğlan jurnalistlərlə məzələnməkdən həzz alan bir neçə vəzifə adamına rast gəlmişdi. Ancaq beləsini hələ heç yerdə görməmişdi. Müsahibəni saytda görən kimi media qrupunun xanım rəhbəri, hakimiyyət dairələrində özünəməxsus səlahiyyət və avtoritet sahibi olan Natəvan Nazimqızına telefon açıb, Atamoğlanı ağızdolusu təriflədi. O telefon söhbətindən hələ heç bir saat da keçməmiş öz şəxsi sürücüsünü şəxsən Atamoğlanın dalınca göndərdi. Onu öz kabinetində böyük hörmətlə qarşıladı. Oturub çay içdilər. Şəhriyardan, Bəxtiyardan, İlhamədən, İlahədən, Rəmişdən, Ramiz Rövşəndən danışdılar. Dünyanı barmağına dolamağın mahir ustası olduğu gözlərinin içindən bilinən kefcil nazir özünün vətən sevgisi, xalq məhəbbəti, Allaha, peyğəmbərə, dinə-imana sonsuz sədaqəti barədə bir-iki şirin nağıl danışıb, Atamoğlanı avam yerinə qoymağın ləzzətindən də vaz keçmədi. Dediyindən belə məlum oldu ki, işinin gərginliyinə baxmayaraq, müsəlmanın müqəddəs Ramazan ayında həmişə oruc tutur, namaz qılır. Hər gecə yatmazdan əvvəl və hər səhər işə getməzdən qabaq Quranın bir neçə surəsini hökmən oxuyur. Və sən demə, Atamoğlanın nazirlə o tarixi görüşündən düz 12 gün sonra o müqəddəs Ramazan ayı müsəlman dünyasına yenidən qədəm qoyacaqdı. Söhbətin məhz bu yerində nazirin birdən-birə qaşları çatıldı, sifətinə – hər gecə yatmazdan əvvəl və hər səhər işə getməzdən qabaq oxuduğu o müqəddəs kitabdan sanki bir ilahi nur, səmavi işıq gəldi. «Səni Həccə göndərəcəyəm!» – dedi və qəfildən ağlına yerləşən bu fikir elə onun özününcə o qədər xoşuna gəldi ki, əlini sevinclə stola vurub cəld hərəkətlə yerindən qalxdı: «Getməyinin vaxtını sənə bildirəcəklər. İndi get kef elə özün üçün». Hələ cibinə 1000 manat da pul qoyub, Atamoğlanı nazirlikdən böyük hörmətlə yola saldılar.
2
Atamoğlan Quşqonmazın Sahil parkında gəzdiyi o gün sanki onun nazirlə görüşdüyü günün eynilə təkrarıydı: dünya gözəliydi, yaşamaq ləzzətliydi.
Özünün sonrakı vəziyyətindən Atamoğlanın heç özü də düz-əməlli baş çıxara bilmədi. Onu göydən yerə endirən, əvvəlcə, parkın yaxınlığındakı məktəbdən, ucadan deyinə-deyinə, parka tərəf gələn qadının həddən ziyadə aqressiv hərəkətləri oldu.
Qadın 35-40 yaşlı cavan qadın idi. Qadının əlindəki sellofan torbada bir kömbə çörək vardı. Onunla yanaşı yeriyən çiyni çantalı məktəbli qızın 13-14 yaşı olardı.
Parkdakı fəvvarənin yanına çatan kimi qadın birdən dayanıb, dəhşətli amansızlıqla qızı sillələməyə başladı. Sonra qızın ağır çantasını dartıb çiynindən çıxarıb, var gücü ilə yerə çırpdı.
Qız dözürdü, ağlamırdı. Durduğu yerdəcə daş kimi donub qalmışdı. Sonra uşaq necə ağladı, Allah! Onun günahsız gözlərindən axan yaş elə bil göz yaşı deyildi, qəlbinin al qanıydı – durulub, suya dönüb içindən çölünə axırdı. Və o qız (Allah! Allah!) Atamoğlanın hələ 15 yaşa çatmamış dünyadan kamsız gedən günahsız, gözəl bacısı Mənsurəyə nə yaman oxşayırdı!
Atamoğlan qızı bağrına basıb ovutmaq istəyirdi, onun iri, məsum, qonur gözlərindən öpmək istəyirdi. Sonra Atamoğlanın qızın anasına da bərk yazığı gəldi. Təkcə ona görə yox ki, qadının əlində tutduğu sellofan torbadakı çörək Bakının dükanlarında satılan ən ucuz çörəklərdən idi. Həm də ona görə ki, hirsini uşağın başında çattadıb, özünə gələndən sonrakı vəziyyətində qadının üzünə baxmalı deyildi. Rəngi kağız kimi ağarmışdı, bərəlmiş gözlərinin içində dünya-aləm qan ağlayırdı; əgər yer aralansaydı, inan ki, yerə girərdi. Və dəhşətin ən yekəsi burasındaydı ki, bir vaxt öz anasını da Atamoğlan eynilə bu görkəmdə görmüşdü.
Durduğu yerdən sürətlə uzaqlaşıb, fəvvarənin o biri yanındakı xiyabana çıxdı. Elə bil dünyanı əvvəlki yerinə qaytarmaq istəyirdi. Ancaq dünya həmin yerə bir də qayıtmaq istəmədi. Atamoğlanın bayaqkı ovqatı çəkilib gedən kimi parkın cazibəsi-gözəlliyi də yoxa çıxdı.
Bayaq parkda az qala uça-uça gəzən Atamoğlan Quşqonmazın sanki qanadlarını qırdılar, onun ümidli-arzulu dünyasını uçurub dağıtdılar. İstedadlı yazar, tanınmış jurnalist Atamoğlan Quşqonmazdan bu dünyada bir quru sözdən savayı heç nə qalmadı. Elə bil Atamoğlanı soyundurub, lüm-lüt Allahın gözünün qabağına qoydular.
Allahın gözünün qabağındakı Atamoğlanın nə yazar kimi elə bir sanballı uğuru, nə jurnalist kimi sən deyən gözədəyər ad-sanı, məşhurluğu vardı. Bu Atamoğlan bir vaxt kənddən gəlib, Bakıda adam olmaq istəyən yüzlərlə kənd uşağının biriydi. Aldığı 600 manat maaşın 150 manatını ev kirəsinə verib, yerdə qalan 450 manatla başını güc-bəla girləyə bilirdi. Bu böyük şəhərdə onun nə bir nəfər qohumu, nə dar gündə dadına çatacaq bir yaxın adamı vardı. Elə kəndin özündə də, bircə dayısından savayı, kimsəsi qalmamışdı. Əvvəllər sovxozda briqadir işləyən atası Ramazan, sovxoz ləğv ediləndən sonra, bir il işsiz qalıb, bir gün başını götürüb kənddən getmişdi və gedəndən bəri nə öldüsü, nə qaldısı məlum idi.
Atamoğlanın, özündən 4-5 yaş böyük – gülərüz, çevik, gözəl bacısı Mənsurə, hələ 15 yaşı tamam olmamış, dünyadan ağlaya-ağlaya köçüb getmişdi və onun ölümündən sonra anası Atamoğlana qarşı daha qəddar, daha tələbkar olmuşdu: «Kül sənin kişi başına, bir qızın namusunu qoruya bilmədin!..» – Atamoğlan anasının dilindən illər boyu bu sözləri eşitmişdi. Halbuki o müsibət bacısının başına gələndə Atamoğlanın hələ heç 10 yaşı da tamam olmamışdı və o müsibətin günahını oğlunda görməyə ananın heç bir haqqı yox idi.
Təxminən 1 il əvvəl, dayısı Həsən müəllim anasının ölməyi barədə kənddən xəbər göndərəndə Atamoğlanın heç tükü də tərpənməmişdi. Nə gedib anasının dəfnində iştirak eləmişdi, nə də onun üçün bir gün yas saxlamışdı.
Sonralar bunu yadına salanda həmişə stress keçirən Atamoğlana indi bu məsələ həmişəkindən də qat-qat artıq dərəcədə yer elədi. Övlad olasan, doğma ananın ölüsünə yiyə durmayasan – buna nankorluqdan başqa nə ad vermək olardı!.. Üstəlik, ötüb-keçən bir ildə Atamoğlan kəndə bir dəfə də zəng eləyib, dayısı ilə hal-əhval tutmamışdı. Halbuki Həsən müəllim bu dünyada Atamoğlanın ürəkdən bağlı olduğu yeganə adam idi. Bir vaxt ona məktəbdə dərs demişdi, ailədə, ev içində onu heç vaxt öz övladlarından ayırmamışdı.
Atamoğlan dayısıgilin gilaslı, ərikli, üzümlü həyətini gözünün qabağına gətirdi. O həyətdə dayısı uşaqlarıyla gizlənqaç oynadığı gözəl günləri yadına saldı. Öz həyətlərindəki hər kola, hər ağaca xəyalında həsrətlə tamaşa elədi...
Ürəyi kəndə uçmuş Atamoğlanın fikri-zikri o qızla ananın yanındaydı. Əvvəl – biri-birindən aralı – ayaq üstdə dayanan ana-bala indi skamyaların birində kirimişcə yan-yana oturmuşdu. Ananı balaya, balanı anaya düşmən kəsdirən o qəfil vulkan da artıq sönmüşdü. Bir azdan Atamoğlan o səmtə bir də baxıb, o qızın və qadının oradan uzaqlaşıb yaxındakı metro stansiyasına tərəf getdiyini gördü. Və onlar metroya daxil olanacan Atamoğlan yolun bir tərəfində dayanıb, o əsəbi qadınla o məsum məktəbli qıza uzaqdan-uzağa tamaşa elədi.
3
O, hələ kəndə getmək barədə qəti qərara gəlməmişdi. Amma, nədənsə, işə getmək də istəmirdi. Bir azdan iş yoldaşı və yaxın dostu Damət Dardaneldən smartfonuna zəng gələndə telefonu açmadı. Sonra özü dostuna telefon açıb, heç hal-əhval da tutmadan:
– Kəndə gedirəm, – dedi.
– Nə olub ki? Kənddə hadisə-zad baş verib?
– Kənddə heç bir hadisə-zad baş verməyib. Prosto kefim istəyir, gedirəm.
– Ə, necə yəni prosto kefim istəyir. Xanqızına zəng eləyib demisən?
Damətin «Xanqızı» deməyindən Atamoğlan yəqin elədi ki, dostu iş yerində deyil. Çünki media qrupunun rəhbərinə iş yerində «Xanqızı» demirdilər, «Natəvan xanım» deyirdilər. (Söz yox, ona görə ki, məmləkətin tarixində – hamının məktəb dərsliklərindən tanıdığı – bu adda başqa bir xanım da vardı və o məşhur xanım öz dövründə həqiqətən xan qızı olmuşdur).
– Mən heç kəsə zəng-zad eləməmişəm. Özün deyərsən ona.
– Mən gedib nə deməliyəm ona? Deyim ki, Atamoğlan Quşqonmaz kəndə gedir, ona görə ki, kefi «prosto» belə istəyir.
– Bir söz tapıb deyərsən də. Deyərsən, kənddə toyları var. Dayısının oğlu ailə qurur.
– Bəs sən müsahibə almağa getməmişdin? Xanqızı gözləyir axı.
– Müsahibə məsələsi fıs çıxdı.
– Nə oldu, xalq yazıçısının yanına düşəmmədin?
– Düşdüm. Düz bir saat üzünə təriflədim bizim Xanqızının sevimli yazıcısını. Hələ bir neçə əsərinin adını da çəkdim.
– Bəs niyə yazmadın müsahibəni?
– Sənətkarın mordasından xoşum gəlmədi.
Damət elə bildi ki, dostu səhr-səhər möhkəm vurub.
– Ə, sən bu vaxt harda içmisən? – dedi. – Yoxsa dolayırsan məni? Sənətkarın mordasının bizə nə dəxli var? Bizə onun qiymətli kəlamları lazımdı.
– Onun qiymətli kəlamları nə sənə lazımdı, nə mənə. O «kələm» bizim gülcamallı Xanqızına lazımdı.
– Onda pək daha fazla, türk qardaşlarımız demişkən. Əgər ağlın başındadısa, cum bu saat yaz gətir müsahibəni. Bilirsən ki, Xanqızı o böyük sənətkarın fanatıdı. Müsahibəni alıb qayıtmasan bir aylıq maaşından vaz keç.
– Müsahibə məsələsini kapat, türk qardaşlarımız demişkən. Ancaq kəndə getməyimi mütləq de xanıma.
– Nə deyim? Deyim toya gedib? Bəlkə elə deməyim. Deyim ki, bizim dəyərli yazarımızın doğma kəndində gənc və istedadlı hacıların möhtəşəm simpoziumu keçirilir. Bizim hörmətli Adamolmaz QuşqAnmazı da o möhtəşəm dövlət tədbirinə dəvət eləyiblər. Hə, necədi sənin üçün? – Damət Dardanel öz yumorundan həzz ala-ala şaqqanaq çəkib güldü.
Onların arasında belə zarafatlar tez-tez olurdu: «Adamolmaz QuşqAnmaz», «Namərd Dardəmək» – dostlar biri-birinin zarafatından incimirdilər. Ancaq burası da vardı ki, «hacı» və «həcc» məsələsi Atamoğlanın yaralı yeriydi. Əvvəla, ona görə ki, o, Həcc ziyarətinə Atamoğlan ürəyində niyyət tutub getməmişdi. Onun Həccə getməyi bu dünyanı barmağına dolamağın xüsusi həvəskarı olan bir lotu dövlət məmurunun növbəti məzələnmək niyyətilə sadəcə üst-üstə düşmüşdü. İkincisi, adına «hacı» deyilən adamların heç birindən heç vaxt xeyir görməmişdi. Üçüncüsü, özü Həccə gedəndə onunla yol yoldaşı olan 40-dan çox adamın heç birindən xoşu gəlməmişdi. Nəhayət, Atamoğlanın qəti qənaətinə görə, Həccə gedib hacı olmaq insanın azadlığını məhdudlaşdırırdı, onu istədiyi kimi yaşamağa qoymurdu. Axı nəyə görə insan araq-çaxır içməməliydi, donuz əti yeməməliydi? Əgər araq içməli şey deyildisə, niyə Allah onu ilk dəfə çəkənin nəslini yer üzündən kəsməmişdi. Əgər donuz əti yeməli deyildisə, Allah o donuzu niyə yaratmışdı?! Elə o Allahın özü barədə də Atamoğlan hələ ki, heç bir dürüst rəyə gələ bilməmişdi. Əgər vardısa, Atamoğlanın Məkkə sərgüzəştləri barədə özü hər şeyi bilməliydi. Əgər yoxdusa onun o Məkkəsi-Mədinəsi kimə lazım idi?
– Ə, Dardəmək, qurtar da bu hacı söhbətini! Elə indicə get yanına ona çatdır məsələni. Deynən 3-4 günə qayıdacaq.
Atamoğlan bu sözləri deyib, söhbəti yekunlaşdırmaq istəyirdi. Ancaq Damət də Damət idi: saytın müftə konturuynan lağlağı eləməkdən həzz alırdı.
– Deyərəm, söz verirəm. Məni bir az maarifləndir də, nə olar. De görüm, Məmmədhəsən əmidən üzübəri sizin kənddən neçə adam həccə gedib?
– Məmmədhəsən əmi heç vaxt Həccə getməyib, ay dana! O kişi ömrü boyu Həccə getmək arzusunda olub. – Damətin şit yumorundan bezib səbri tükənmiş Atamoğlan hirsini gizlətmədən dedi və elə həmin vaxtda dayısı Həsən müəllimin səsi qulağına gəldi (məktəbin ən sakit müəllimi olsa da, hərdən onun kütbeyin şagirdlərə hirslənməyi də olurdu: «Abşeronu» Mir Cəlal yazmayıb, AY DANA, Mehdi Hüseyn yazıb!») – Bəlkə məni yumor əsarətindən azad edəsiniz, Damət müəllim, – deyib, smartfonu dərhal söndürdü.
4
İşsizlikdən-bekarçılıqdan bir il əzab çəkən atası Ramazan, 1992-ci ilin yazında, cavan canını götürüb, kənddən çıxıb gedəndə Atamoğlangilin evində bir kisə kartofdan savayı dişədəyər heç nə qalmamışdı. Kənd ac idi, başçısız, hökumətsiz və çörəksiz idi. Pul o qədər dəyərdən düşmüşdü ki, dayısı Həsən müəllimin aylıq maaşı heç öz evinin çayına-çörəyinə də çatmırdı. Mal-davar saxlayanlar, bir də alverdə əli gətirənlər yaxşı dolanırdı. Çölün otu-pencəri, həyətin mer-meyvəsi olmasaydı, camaatın bəlkə yarıdan çoxu, inan ki, acından qırılardı.
Atamoğlanın, yayın şaqqama istisində, rayon mərkəzinə günlərlə pay-piyada ayaq döyən anası bir gün rayon xəstəxanasında özünə iş tapıb, axşam sevnə-sevinə evə qayıtdı. Bundan sonra o, hər səhər sübhün gözü açılmamış durub işə gedirdi, bir də axşam – qaranlıq düşəndə qayıdıb zənbil dolusu azuqə ilə evə gəlirdi: çörək, kotlet, marqarin; bir ovuc qreçka, ya düyü – indi onların evində hər gün yemək olurdu.
Əvvəllər hər şeyə görə deyinən, dava salan anası o işi tapandan sonra xeyli dəyişmişdi. Daha hər boş şeyin üstündə evdə haray-həşir salmırdı. Mənsurəni döymürdü, Atamoğlanı incitmirdi. Ancaq uşaqları evdə tək qoyduğuna görə həmişə narahat idi. Hətta evdən çıxanda çox vaxt küçə qapısını çöldən bağlayırdı və hələ kiçik olsa da, Atamoğlan anasının o narahatlığının səbəbini anlaya bilirdi. Ana Mənsurəyə görə narahat idi. Çünki Mənsurə artıq 15 yaşın içindəydi, ancaq yaşının məsuliyyətini heç vaxt hiss eləmirdi. Əgər Mənsurə çirkin qız olsaydı, ondakı o şıltaqlığa, sərbəstliyə bəlkə də fikir verən olmazdı. Amma o, gözəl idi, olduqca gözəl idi, kənddə ondan gözəl qız yox idi.
Bəlkə öz gözəlliyini özü də bildiyinə görə Mənsurə küləyə, qara, yağışa, hər şeyə sevinirdi. Ağaclar çiçək açanda sevinirdi, quşlar bala çıxaranda sevinirdi; göydə göyqurşağı görünəndə sevincindən ev-eşiyə sığışmırdı. Həyətin ağaclarını budaq-budaq gəzməkdən, çöl-bayırda dağa-daşa dırmaşmaqdan doymurdu.
Anası hər səhər evdən çıxanda Atamoğlana bərk-bərk tapşırırdı ki, qızı özbaşına buraxmasın, onu evdən eşiyə çıxmağa qoymasın: «Bunun əraxtaran vaxtıdı, bala. Görmürsən, dal-qabağı paltarına sığışmır. Tövlayıb işin bitirərlər. Evimiz yıxılar, oğul!».
Qapıya elçi gələndə anası nə qızın göz yaşına məhəl qoydu, nə qardaşı Həsən müəllimin sözünü vecinə aldı. Hələ 15 yaşa çatmamış Mənsurənin hamının «Havalı Şəmi» dediyi Şəmsəddinə ərə getməyinə dərhal razılıq verdi.
Şəmsəddin kənddəki kolxozdan-sovxozdan qalma traktorun yeganə sürücüsü və şəriksiz sahibiydi. Elə bir qazancı-gəliri olmasa da, o traktorun hesabına evinin bir tikə çörəyini almağa həmişə pul tapa bilirdi. Elə o «havalı» ləqəbini də Şəmiyə boş yerə verməmişdilər. Traktor xarab olanda, onu işlətmək üçün yanacaq tapmayanda və iş gördürən adamdan gördüyü işin pulunu ala bilməyəndə Şəmnin hirslənib-havalanmağı tez-tez olurdu və o «havalı» ləqəbini də ona məhz bu xasiyyətinə görə vermişdilər. Amma, sən demə, o Şəmi-Şəmsəddin elə anadangəlmə başıhavalıymış.
Şəmigilin həyətində gecəyarıyacan çalıb-oxuyub Mənsurəyə əməllicə toy elədilər və elə həmin gecə o toy Mənsurənin başında çattadı. Havalı Şəmi, gecənin bir aləmində, Atamoğlangilin küçə qapısına bir karlı təpik ilişdirib, Mənsurəni qapıdan içəriyə itələdi.
– Gözün aydın olsun, Ruba xala, – dedi. – Qızın brak çıxdı!
Bunu eşidən kimi ana Mənsurənin üstünə dəli kimi hücum çəkib, qızın saçlarını qamarladı. Yazığı yerə sərib, həyətin ortasında o qədər sürüdü ki, qızın huşu itdi, ürəyi keçdi. Mənsurə azca özünə gələn kimi ana, dizinə-başına döyə-döyə, sorğu-suala başladı:
– De görüm, kim eləyib? Kim səni yoldan çıxarıb? Deməsən, qoymaram öləsən. Gərək Allah öldürəydi məni, başıma daş salaydı, bu günü görməyəydim.
– Mənə heç kəs əl vurmayıb. Çıxmışdım alça dərim, ağacın tilişkəsi orama batdı.
Mənsurənin dediyinə inanmaq çətin idi. Ancaq ana-buna inanmaq istədi. Ürəyi bir azca yerinə gəldi, hətta gözgörə sevindi də.
– Bah, yəni elə şey də olur? – Ananın gözlərində ümid işığı parıldadı.
– Oldu da, mən neynim? Mən bəyəm istəyirdim ki, elə olsun.
– Bəs niyə olanda demədin mənə?
– Utandım, qorxdum həm də.
Ananın buna inanmaqdan savayı çarəsi, çıxış yolu yox idi. Birdən qapıya cumub, küçədən var səsilə bütün kəndə car çəkdi:
– Mənim uşağım qəhbəlik eləməyib. Qızımın qızlığına ağac tilişkəsi batıb.
Qızını ər evinə köçürmək üçün bütün günü çalışıb heydən düşmüş ana sonra evə qayıdıb, başını yastığa qoyan kimi yuxuladı. Ancaq Mənsurə yatmadı, ağladı və elə yanıqlı-yanıqlı, elə yana-yana ağladı ki, o ağlamağı Atamoğlan heç vaxt unuda bilmədi.
Səhər onlar Mənsurəni hər yerdə axtarıb, heç yerdə tapmadılar.
Gedib qayanın başından dərənin dibinə atılmışdı və özünün pozulmuş bakirəliyinin o qara sirrini də özüylə birgə həmişəlik o dünyaya aparmışdı.
5
Atamoğlan kəndə çatanda axşamın hələ lap sütül vədəsiydi. Bütün kənddə cəmi ikicə evin pəncərəsindən işıq gəlirdi və gündüzün işığı hələ tam çəkilib getmədiyindən o iki pəncərənin işığı hələ əsl gecə işığı kimi alışıb qızarmamışdı: şam işığı kimi zəif, sünbül sarısı kimi solğun idi.
Rayon mərkəzindən taksi ilə gəlib, hələ kənd içinə çatmamış taksidən düşən Atamoğlan gündüzün işığı tam çəkilib getməmiş kəndə girmək istəmirdi. Çünki məhz qaranlıq düşəndən sonra yoldan-izdən əl-ayaq kəsiləcəkdi, hamı öz evinə çəkiləcəkdi, hamı şam süfrəsinin başına yığışacaqdı. Onda Atamoğlan da, kimsənin gözünə görünmədən, gedib rahatca evə yetişəcəkdi. Bunu o, hələ Bakıda ikən belə qərarlaşdırmışdı. Bu gecəni tək qalmaq istəyirdi: öz-özüylə, bacısı Mənsurə, anası Rübabə ilə; göy üzünün ayı-ulduzu, yer üzünün intəhasız səssizliyi, sakitliyi ilə... Bu gecənin təkliyində dünyanın bir çox sirlərinin açılacağına Atamoğlanın ürəyində bir dəli ümid vardı.
Bu, bir gecəlik kənd tənhalığında Atamoğlan, görəsən, dünyanın hansı sirrinin açılacağına ümid bəsləyirdi? Bəlkə bu sirr Mənsurənin dünyadan özü ilə apardığı həmin sirr idi ki, Atamoğlanın ürəyinin içində, bir qara hörümçək kimi, tor qurub, yuva salmışdı. Bəlkə bu gecənin tənhalığı bir vaxt gedib gəzib gəldiyi o Məkkənin-Kəbənin barəsində hər hansı bir ağlabatan qənaət hasil etməkdə onun dadına çatacaqdı, köməyinə gələcəkdi.
«Məkkə yolu, Məkkə yolu...» – Bu sözləri Atamoğlan göy üzündə təzəcə peyda olmuş tək ulduza baxa-baxa öz-özünə dedi. Ancaq nənəsinin «Məkkə yolu» dediyi o ağımtıl, uzunsov kəhkəşanın göy üzündə peyda olmağına hələ çox qalırdı. Bir azdan göydəki ulduzların hamısı öz yerini tutacaqdı. O zaman o «Məkkə yolunun» kum-kum, salxım-salxım ulduzları da, qovrulmuş qarğıdalı tumu kimi, partlayıb-pırtlayıb elədən-belə göy üzünə səpələnəcəkdi.
«Məkkədə Ay oğlan libasında, Günəş qız libasındadır». «Orda kəkliklər, göyərçinlər adam dili bilir». «Məkkənin günəbaxanı teşt boyda olur...».
Bu dünyanın heç bir yerində Ayın oğlan, Günəşin qız libasında olmadığını Atamoğlan çoxdan bilirdi. Məkkənin hər yerində axtardığı o «teşt boyda» günəbaxanı da Atamoğlan, əlbəttə, heç yerdə görmədi. Üstəlik, buna da heç cür inana bilmədi ki, o torpağa haçansa Peyğəmbər ayağı dəyib.
Atamoğlanın gördüyü o Məkkədə hər yer cah-cəlal, hər yan çal-çağır içindəydi. Biri-birindən möhtəşəm uca binalar, şüşə kimi par-par parıldayan asfalt yollar; dükanlar, reklamlar, vitrinlər... Аdama elə gəlirdi ki, bir vaxt Abrama, yəni İbrahim peyğəmbərə bəxş etdiyi o torpağı indi Allah Şeytana icarəyə verib və o Şeytan mərdimazar o Məkkəyə hacı olmağa gələn insanları nə ki var barmağına dolayıb, öz şeytani əməllərini uğurla həyata keçirir.
Hamının sifətində – süni təbəssüm, qondarma səmimilik, yalançı alicənablıq. Hamının gözünün içində – bir dünya şeytani həvəs... Həmişə hamıdan nəsə almağa vərdiş eləyən bir bölük acgöz indi bura Allahdan da nəsə qopartmağa gəlmişdi.
O Məkkə səfərində Atamoğlan ona universitetdə dərs deyən qocaman müəllimini gördü. O həmin müəllim idi ki, zaçot kitabçasının içində pul görməsə, heç bir Allah bəndəsinə qiymət yazmazdı. Hələ o NAĞDALI ŞİRMƏMMƏDOV: Atamoğlanın öz kəndlisi! Nağdalı Şirməmmədov raykomun Birinci katibi işləyəndə Atamoğlan hələ uşaq idi. Ancaq elə bir gün yadına gəlmirdi ki, öz məşhur kəndlisinin barəsində böyüklərin dilindən bir söyüş, ya qarğış eşitməsin. «NağdAlır ŞƏRməmmədov – raykomun Birinci katibi rayonun hər yerində bu adla tanınırdı.
Raykom ləğv olunandan sonra Nağdalı bir müddət yoxa çıxdı. Bir də – 7-8 il sonra – anasının dəfnində kənddə göründü. Adicə «Jiquli»də gəlmişdi. Özünün də, el demişkən, «fısı yatmışdı»: baxışı, yerişi-duruşu əvvəlkindən xeyli fərqlənirdi.
Bundan 7-8 il sonra Nağdalı – atasının matəmində – bir də kəndə gəldi və onun budəfəki gəlişində camaat hamılıqla inandı ki, bir vaxt rayonun ağası olmuş bu adam hələ də ağalığında qalır. Elə odur, özüdür ki var: həmin Nağdalır Şərməmmədovdur. Üstəlik, bütün rayon əhlinə bu da məlum oldu ki, bu dünyada heç nə dəyişməyib, dəyişən yalnız hökumətin adıdır.
Atası Hacı Əmrahın dəfninə Nağdalı Bakıdan bir neçə «inomarka» maşınla gəlmişdi. Yanında – dost-tanışı, nökər-naibi. Özü də bu dəfə kənddə çox qaldı. Evinin dam örtüyünü, qapı-pəncərəsini təzələdi. Kəndin qəbiristanlığında Hacı Əmraha elə bir qəbirüstü abidə qoydu ki, belə şeyi o kənddə o çağacan heç kəs görməmişdi.
Dünyadan 107 yaşda gedən Hacı Əmrahın Həccə haçan getdiyini dəqiq bilən yox idi. Ancaq kənddə hamı bilirdi ki, bu adam kəndin birinci hacısıdır, yəni bu kənddən ondan əvvəl Həcc ziyarətinə gedən olmayıb. Buna görə Hacı Əmrahın kənddə xüsusi yeri, adına, tituluna, əyninin kostyumuna, başının papağına, saçına-saqqalına yaraşan hökmü, zəhmi vardı. Camaat Nağdalıdan qorxduğu kimi, onun hökmlü-zəhmli atasından da ehtiyat eləyirdi. Bu adam öz işini əvvəlcədən elə qurmuşdu ki, guya Nağdalı Şirməmmədov deyilən böyük vəzifə sahibi heç onun oğlu-zadı da deyil. Hacı Əmrahdan nəinki kiminsə sözünü oğluna çatdırmağı xahiş eləmək, hətta onun yanında Nağdalının adını çəkmək belə mümkün deyildi.
Kəndin birinci hacısı həm də kəndin ən ahıl adamıydı. Ancaq onun belibükük, əliəsalı gəzdiyini Atamoğlan heç vaxt görməmişdi. Cüssəli, qədd-qamətli, dişlərinin hamısı ağappaq; sifəti, boyun-boğazı tunc rəngindəydi. Əyninə geydiyi paltar, başına qoyduğu buxara papaq həmişə tərtəmiz, təptəzəydi. Cibinin kişmişi, qoz ləpəsi, tut qurusu, fındıq, badam içi heç vaxt əskik olmazdı; evindən çıxanda da, evinə qayıdanda da Hacı Əmrahın ağzı həmişə işdə olardı. (Hər halda, Atamoğlanın yadında qalan Hacı Əmrahın əsas portret cizgiləri bundan ibarət idi).
Nağdalını zəvvarların arasında görəndə Atamoğlan gözlərinə inana bilmədi. Həm də qorxdu. Əməllicə xoflanıb-vahimələndi. Təkcə ona görə yox ki, ağ saqqallı, buxara papaqlı Nağdalı elə bil Hacı Əmrahın eynilə özüydü. Bir də ona görə ki, Atamoğlanın Nağdalı ilə məhz Həcc ziyarətində görüşməyi, bu dünyadan çox, o dünyada baş tuta biləcək bir mistik reallıq, inanılmaz təsadüf idi.
Nağdalı Atamoğlanı, əlbəttə, tanımadı. Ancaq tanısaydı da bir şey olası deyildi. Nağdalıya çoxdan demək istədiyi sözləri o, yalnız içkili halda dilinə gətirə bilərdi. Orda isə nəinki içki içmək, hətta onun adını çəkmək də dünyanın bir milyard 600 milyondan çox müsəlman əhalisinin üzünə tüpürmək kimi bir şey olardı.
Nağdalını zəvvarlar arasında görən kimi Atamoğlanın hər şey gözündən düşdü: Məkkə də, Kəbə də, lap Allahın, Peyğəmbərin özü də... Əgər ixtiyar özündə olsaydı, Atamoğlan o Məkkədə heç bir saat da qalmazdı. Kəfən geyib Kəbənin başına dolanmaqdansa gedib çölləri, səhraları dolanardı. Peyğəmbərin bir vaxt qoyun-quzu otardığı ot bitən, su gələn düzləri, vadiləri gəzərdi, onun Allahla danışdığı mağaraların heç olmasa bircəsini öz gözüylə görərdi. O düzlərdə, vadilərdə, o qaranlıq mağaralarda Peyğəmbər həmişə tək olmuşdu. Kim bilir, elə buna görə də, bəlkə, o mağaraların birində bir gün gələcək Peyğəmbərin qulağına Allahın səsi gəlmişdi: «Mən səni özümə rəsul seçdim, ya Məhəmməd. Get bütün insanlara de ki, mən təkəm. Məndən başqa Allah yoxdur».
Özünü xəstəliyə vurub, «Şeytanı daşlamaq» mərasiminə getmədi. Ancaq, qayıdanbaş, ordan nəsə gətirmək məsələsində çox da səhlənkarlıq eləmədi. Gətirdiyi Məkkə torpağının möhürü, təsbehiydi. Hələ ikilitrlik neylon qabda anası üçün Zəmzəm suyu da gətirmişdi. Atamoğlana görə, anası bu şeylərin hər birinə ürəkdən sevinməliydi, xüsusən Zəmzəm suyundan olduqca razı qalmalıydı. Ancaq anası o möhürə, təsbehə heç gözünün ucuyla da baxmaq istəmədi. Zəmzəm suyunu götürüb, həyətdəki – meyvəsi bürüşmüş, yarpağı alızlamış dibçək lumusunun dibinə əndərdi. Hələ bu da azmış kimi, sonra gedib bütün kəndə car çəkdi ki, bəs oğlumun Məkkədən gətirdiyi su mənim lumu ağacımı qurudub. «Day o Məkkədə də məkkəlik qalmayıb, ay camaat, o Məkkənin, görüm, suyu qurusun! .. »
Atamoğlanın Məkkəyə getməyi anasının ona qarşı əsassız ittihamlarına yenidən rəvac verdi. Yenə – həmin danlaq, həmin amansız çığır-bağır: «Kül sənin kişi başına, bir qızın namusunu qoruya bilmədin. Əgər sən kişi olsaydın, o havalı Şəminin gözünün altını çoxdan qaraltmışdın...». Və sair və ilaxir. Bir sözlə, Atamoğlanın komik notlar üstündə başlanan o Məkkə səfərini anası əsl faciəvi sonluqla bitirə bildi.
Anası doğrudanmı, görəsən, oğlunun Şəmidən qisas almağını istəyirdi? Yoxsa bu da onun dinc durmayan dilinin belə bir əndazəsiz əməliydi? Bəlkə ərinin çörək dalınca gedib, heçdən yoxa çıxmağı onu bu hala salmışdı: nə hirsini-hikkəsini cilovlaya bilirdi, nə dilinin-ağzının sözünə sərhəd qoya bilirdi. Ramazanın çörək dalınca getməyi də bəlkə bəhanəydi. Ola bilər ki, atası deyingən, davakar arvadının əlindən zara gəlib, kənddən birdəfəlik baş götürüb getmişdi...
Anasını tez-tez özündən çıxaran bəlkə Atamoğlanın zahirən atasına oxşamağıydı və bu oxşarlıq – kefinin pis vaxtlarında – öz «namərd», «nakişi» ərini anasının yadına salıb, onu büsbütün haldan-hövsələdən çıxarırdı.
Əgər atası evi atıb getməsəydi, görən, o hadisə Mənsurənin başına gələrdimi? Qızı ata evinə qaytarmağa Şəminin cəsarəti çatardımı? Və əgər çatardısa, atası Şəmidən necə, hansı yolla qisas alardı və bu qisasın son nəticəsi hansı fəlakətə səbəb ola bilərdi?...
Atamoğlan Bakıda illərlə axtardığı sualların cavabını kəndin bir gecəlik sakitliyində tapacağına ümid eləyirdi.
Kəndin aşağı başındakı ilk evin qabağında ayaq saxladı. Evdən işıq gəlmirdi. O biri evlərin də çoxu işıqsız idi. Atamoğlan fikirləşdi ki, ya kəndin camaatı tamam azalıb, ya da xalq qaranlıqda oturmağı işığa pul verməkdən üstün tutur.
6
Evlərinin ikitaylı köhnə qapısının halqası içəridən bağlıydı. Ancaq bunun evdə adam olub-olmamağına dəxli yox idi. Anasının sağlığında da beləydi: anası bir yerə gedəndə qapının halqasını həmişə içəridən bağlayırdı. Çünki qapının tayları biri-birindən xeyli aralıydı, eşikdən əl uzadıb içəridəki halqanı asanca açmaq olurdu. Bir də, qapını içəridən bağlamaq, görünür, hansı səbəbdənsə anası üçün daha sərfəliydi.
Evdə adam olsa da, olmasa da, o halqa həmişə öz yerindəydi – əsasən ondan ötrü ki, həyətə it-pişik dürtülməsin. Ancaq bu «it-pişik» məsələsi də olduqca şərti idi. Qapının aşağı tərəfindəki açıq yerdən dünyanın ən yekə pişiyi də asanca həyətə girə bilərdi və onu həyətdən qovmağa kimsə cəsarət eləməzdi. Özü də ona görə yox ki, Atamoğlanın anasının pişiklərə xüsusi hörməti, məhəbbəti vardı. Ona görə ki, anası ac pişikləri yedizdirəndə sevinirdi, rahatlaşırdı. Və Atamoğlan bilirdi ki, o pişikləri elə həvəslə yedizdirməklə anası bu dünyadan öz iki balasının ac qaldığı günlərin bir növ qisasını alır.
Həyətə girəndə Atamoğlanın birinci gözünə dəyən həyətin qabağındakı limon ağacı oldu. Ağac həmin ağac idi, dibçək həmin dibçək idi. Ancaq onu Atamoğlanın o vaxt gördüyü – yarpağı alızlamış, meyvəsi bürüşmüş ağaca bənzətmək bir o qədər də asan deyildi. Ağac dirilmişdi. Böyümüşdü. Onun gömgöy yarpaqlarının arasında bir-iki sapsarı limon da gözə dəyirdi. Həyətin qabağındakı ərik ağacının qaranlıqda tünd-gümüşü rəngə çalan yarpaqlarından da bilinirdi ki, həyətə baxan var, suyunu suvaran, otunu biçən var. Bu adam, söz yox ki, Həsən müəllim idi. Elə qapının içəridən bağlanmasından da məlum idi ki, bura gəlib-gedən özgə adam deyil, evin öz adamıdır.
Həyətdən təzəlikcə biçilmiş ot iyi gəlirdi. Havada sükutun-səssizliyin qəhər dolu ağrısı-acısı vardı. Və dünyanın nəhayətsiz sakitliyi-səssizliyi içində Həsən müəllimin səsini eşidəndə əvvəl Atamoğlana elə gəldi ki, qulağı aldadır onu – o səs dayısının səsi deyil, ayrı səsdir, bəlkə də sakitliyin-səssizliyin öz səsidir.
Sonra küçə qapısı qəflətən açıldı. Həsən müəllim dinməz-söyləməz içəri girdi. Plastmas vedrədə gətirdiyi suyu və içi dolu müşəmbə sumkanı dəhlizin qapısı qabağında yerə qoydu. Cibindən lampa çıxarıb eşikdəki boş patrona saldı. Həyətin işığını yandırıb, gətirdiyi şeyləri aparıb içəriyə qoydu. İçəridən bir kətil, bir stul gətirdi. Və kətili altına qoyub oturandan sonra, nəhayət, danışmağı lazım bildi:
– Daycanın sənə yemək göndərib. – Atamoğlanın üzünə baxmadan dedi. – Sulanmış lavaşdı, yağdı, pendirdi, yumurtadı, qənddi, çaydı. Bir banka da qoz mürəbbəsi qoyub. Özün açıb yerbəyer eləyərsən. O suyu da gətirdim ki, səhər duranda özünə çay qoyasan. Əl-üz yumaq üçün həyətdə su var həmişə.
Həsən müəllim bunuca deyib, yenə susdu. Dayısı Atamoğlandan incimişdi, buna heç bir şübhə yoxdu. Və dayısının onunla bugünkü rəftarının onun müəllimlik metodikasına xas olan sınanmış tənbeh üsullarından biri olduğunu anlamaq da Atamoğlan üçün bir o qədər çətin deyildi. Dayısının Atamoğlandan inciməyə bəs deyincə haqqı vardı. Ancaq bu incikliyin əsas səbəbi nəydi, görəsən: Atamoğlanın öz anasının dəfninə gəlməməyi idi, yoxsa bunun bir ayrı səbəbi də vardı?
– Anamın dəfninə gələmmədim, dayı. Bilirəm, məndən incimisən.
– Rubanı bacın Mənsurənin yanında dəfn elədik. Cümə axşamlarının da hamısın layiqincə yola verdik. Qəbirlərinin üstünü götürməyə imkanım olmasa da, ikisinin də başdaşın yazdırıb qoydurmuşam. Gələmmədin, canın sağ olsun. Onsuz da bilirdim ki, gəlməyəcəksən. Bunu bilmək mənim üçün çətin deyildi. Ancaq sənin bugünkü əməlindən mən necə baş çıxarım? Hələ kəndə çatmamış taksini buraxıb, gəlib xəlvətcə girmisən evə. Bəs görən nə deyər bizə. Sənin bu kənddə dayın var axı.
Səsinin sızıltısı ürək göynədən Həsən müəllim, bu sözləri deyəndən sonra, bayaqdan ilk dəfə başını qaldırıb yazıq-yazıq Atamoğlanın üzünə baxdı. Və Atamoğlan məhz indi, birdən-birə baxıb gördü ki, dayısı sınıxıb, arıqlayıb. İkicə ilin içində bəlkə 10-15 yaş qocalıb.
– Axı mən taksidən düşüb, evə gələndə oralarda adam-zad görmədim, dayı.
– Sən adam-zad görməmisən. Ancaq görənlər görüb səni. Bu saat hamı bilir ki, sən gəlmisən, kənddəsən. Küçə-bacadan səsləri gəlməsə də, evlərindəki telefonlardan səsi kəsilmir arvadların. O köhnə nağılı da yenə başlayıblar: «Atamoğlan Havalı Şəmidən bacısı Mənsurənin qisasın almağa gəlib». Şəminin arvadı Sona sənin gəlməyini eşidən kimi daycanına zəng eləyib, telefonda özünü cırıb-tökürdü: «Baldızın oğluna deynən yerində dinc otursun. Ərimə bir çırtma vursa, gəlib ev-eşiyinə od vurub yandırram». Arvaddı da, ağlına belə yerləşib. Qorxur ki, birdən hirsin tutar, gedib ərini döyüb-eləyərsən. Ər də ər ola yenə dərd yarıdır. Şəminin heç döyməli canı da qalmayıb. Quruyub qaxa dönüb araq içməkdən. Day o traktordan da tamam əlin üzüb. Beş-altı heyvan alıb qatıb qabağına səhərdən axşamacan otarır çöl-bayırda. Tutovkası da həmişə yanındadı.
– Mən hər dəfə kəndə gələndə deyirlər Şəmidən qisas almağa gəlib. Bəs bu söhbət nə vaxt qurtaracaq. – Atamoğlan qəhərli-qəzəbli səslə dedi.
– Heç vaxt, bacoğlu, heç vaxt qurtarmayacaq. Hələ ki, Şəmsəddinin canı sağdı, bu söhbət bu kənddə həmişə olacaq. Ona da Allah ağıl versin, bit az-az içsin arağı. Şəminin nə yaşı var ki? İçməsə 40 il də yaşayar bundan sonra.
– Yaşasın. Şəminin nə qədər yaşamağı məni maraqlandırmır. Ancaq öləndə də qorxuram deyələr ki, Atamoğlanın qorxusundan ölüb.
– Olar, olar. Bunu da deyənlər tapılar. Çünki şərin bir adı olsa da, sifəti bir deyil, çoxdur. Şərin min üzü var, ATA, sən hələ hansını görmüsən ki?
Həsən müəllimin ona bayaqdan bəri ilk dəfə «ata» deməyinə Atamoğlan ürəkdən sevindi. Çünki bu adı ona, ana babası Mürsəlin xatirinə, Həsən müəllimin özü qoymuşdu. Və Atamoğlanın həmişə yalnız dayısının dilindən eşitdiyi bu söz, hələ lap körpəliyindən bu yana, onun üçün dünyanın ən şirin sözü olmuşdu.
– Mənim Şəmidən qisas almağım camaatın, bilmirəm, nəyinə lazımdı.
– Fikir vermə, bekarların peşəsi ara qarışdırmaqdı. Şəmiyə əl qaldırmaq sənə yaraşmaz. Qoy kim nə istəyir desin, təki xata-bala bizdən uzaq olsun. Öz əməlindən Şəminin heç özü də baş çıxara bilmir. Bu kənddə üstü açılmayan sirr çoxdu. Qoy bu da o sirrin biri olsun.
Əslində, Atamoğlandan ötrü, bu kəndin ən böyük sirri elə Həsən müəllimin özüydü. O, hər şeyi hamıdan yaxşı bilirdi. Ancaq öz bildiyini heç vaxt axıracan demirdi. Heç nəyi xırdalamırdı. Dediyindən nəticə çıxarmağı həmişə hər kəsin öz öhdəsinə buraxırdı. Atamoğlana indi də elə gəldi ki, dayısının deməyə sözü çoxdur, ancaq hər şeyi demək istəmir.
– Mənə görə heç vaxt narahat olma, dayı. Uşaq deyiləm ki, bu kəndin xasiyyətin mən də az-çox bilirəm.
Həsən müəllim gülümsədi.
– Görürəm, – dedi, – bərkimisən, kişiləşmisən. Ancaq düz demirsən, ata. Sən kəndin xasiyyətini bilmirsən. Bilsəydin, belə şey eləməzdin. Dayını, daycanını görməmiş gəlib burda gizlənməzdin. Ora da sənin evindi, biz yad deyilik axı.
– Vallah, dayı, gizlənmək ağlıma gəlməyib. Fikrimdə qoymuşdum ki, bu gecəni evdə tək qalım. Hələ Bakıda olanda belə planlaşdırmışdım.
– Bu gecəni burda tək qalıb neynəmək istəyirdin?
– Bir az fikirləşmək istəyirdim. And olsun Allaha, dayı, mən sənə heç vaxt yalan demərəm. İnandın?
– Yox, ata, inanmadım.
– Niyə inanmadın?
– Allaha and içməsəydin, inanardım.
– Bəs nəyə and içsəm inanarsan? Mənsurənin ruhuna and olsun, dayı, gizlənmək məsələsi olmayıb. İnandın?
– İnandım. – Bu dəfə Həsən müəllimin səsi elə bil Allahın yanından gəldi.
– Bu günlərdə əlimə bir kitab keçmişdi. Orda yazılmışdı ki, ruhlarla danışmaq üçün insan təkliyə qapılmalıdı. Bu dünyanın hər şeyindən tam təcrid olunmalıdı. Mən Mənsurənin ruhu ilə danışmaq istəyirəm, dayı. Həqiqəti onun öz dilindən eşitmək istəyirəm. Anamdan da soruşmaq istəyirəm ki, axı o nə hoqqaydı ki, o vaxt sən mənim başıma açdın. Məkkəyə getməyimə niyə sevinmədin. Əksinə: sinəmə çalın-çarpaz dağ çəkdin. Ürəyimə ömürlük yara vurdun. – Atamoğlanı qəhər boğdu. Gözünün yaşını zorla saxlaya bildi.
Həsən müəllimin də gözləri dolmuşdu.
– O nazir hələ yerindədi? – Səsi titrəyə-titrəyə dedi. Heç özü də bilmədi ki, bu sözləri niyə dedi. Yəqin ki, deməyə ayrı söz tapmadığına görəydi.
– Hansı nazir?
– Səni Həccə göndərən.
– Yerindədi. Nə mənada soruşursan?
– Nə bilim, birdən ağlıma gəldi. Zənnimə görə, o adam pis adam olmamalıdı. Deyirəm, işin bərkə düşsə, səni darda qoymaz.
– Sən mənim işlərimə görə qətiyyən narahat olma. Hər işim yaxşı gedir.
– Bura gəzməyə gəlmisən, yoxsa bir ayrı planın-zadın da var.
– Mənim bura gəlməkdə heç bir planım-zadım yoxdu, dayı. Nə Şəmidən qisas almağa, nə anamın qəbrinin üstünə gül qoymağa gəlmişəm. Kənd birdən könlümə düşdü, durub gəldim. Bir-iki gün qalıb gedəcəyəm.
– Tələsmə, qal beş-altı gün. O dəfəki kimi xəlvətə salıb aradan çıxma. Gecə yatıb, səhər tezdən durub getdin. Heç dayınla sağollaşmağa da gəlmədin. Heç onu da dayına demədin ki, o Məkkədə nə gördün, nə görmədin.
– Məkkədə Nağdalını gördüm, dayı. Uzun saqqal buraxmışdı. Başına buxara papaq qoymuşdu. Elə bil Hacı Əmrahın özüydü, indicə qəbirdən xortdayıb çıxmışdı. Doğrusu, qorxdum görəndə. Elə bildim Məkkədə deyiləm, o dünyanın düz göbəyindəyəm.
Atamoğlanın Nağdalını Məkkədə görməyinə Həsən müəllim qətiyyən təəccüblənmədi.
– Olar, olar, – dedi, – xortdamaq onların köhnə peşəsidi.
– Nağdalı buralara gəlib-gedir?
– Yox, elə o vaxt gəldiyidi. Hacı Əmrah öləndən sonra qapını bağlayıb, çıxıb gedib. Kənddəki 350 evin 300-nün qapısı qıfıllıdı bu saat. Bu il burda birinci sinifə cəmi 3 uşaq gedib. Buranın uşağının 40-dan çoxu bu il Bakının məktəblərinə daxil olub. Elə mənim özümün 3 nəvəm bu saat Moskvada məktəbə gedir. Kiçik dayoğlun Oqtayı bu iləcən birtəhər saxlamışdım. Bu yaz o da kənddə duruş gətirmədi, çıxıb qardaşının yanına getdi. Görürsən də, neçə vaxtdı bu həyətdə oturmuşuq, nə bir evdən bir uşaq səsi gəlir, nə bir adam o birinin səsinə səs verir. On beş ildən çoxdu ki, kitabxana bağlıdı. Nə poçt işləyir, nə çayxana. Belə getsə, məktəb də bağlanacaq bu gün-sabah. Məktəb bağlanandan sonra bu kənddə yaşamağın nə mənası var. – Həsən müəllim ağır-ağır ayağa durdu. – Deyirəm, durum gedim yavaş-yavaş. Daycanında təzə xasiyyət tapılıb: gecələr evdə tək qalmaqdan qorxur. Sən də bir tikə çörək ye, şamsız yatma. O ruh söhbətin də yadından çıxart. Onu bil ki, sən nə qədər rahat olsan, ananın-bacının ruhu da həmişə rahat olacaq. Sabah günorta yeməyinə bizə gələrsən.
Atamoğlan Həsən müəllimi qapıyacan yola salıb qayıtdı.
7
Nə yeməyi gəlirdi, nə yatmağı. Nə gəzmək, nə oturmaq istəyirdi. Heç göydəki ulduzlara da baxmağı gəlmirdi.
Smartfonuna zəng gələndə sevindi.
– Necəsən, cənab Hacı? Ölmüsən, yoxsa sağsan? – Damət idi. Yəqin ki, Bakının ucuz kafelərinin birində «mənalı» vaxt keçirirdi. Telefonda kənar səslər eşidilirdi.
– Təxminən ölmüş kimiyəm. Məsələni xanıma çatdırdın?
– Çatdırdım. Ancaq söhbətimiz sənin istədiyin nikbin sonluqla bitmədi.
– Nə dedi ki?
– Dedi ki, Həccə gedib, hacı olandan sonra Atamoğlan Quşqonmazın mənəvi durumunda ciddi diffuziya elementləri müşahidə olunur. Məni bu məsul vəzifəyə ona görə qoymayıblar ki, müqəddəs dinimizi hörmətdən salanlara maaş verim. Dedi, getsin maaşını Allahşükür müəlimdən alsın.
– Yaxşı, ətimi tökmə. Demək, çatdırmamısan.
– Çatdırmışam, qorxma. Ürək-göbəyini yemə. Amma bilməlisən ki, sənin aradan çıxmağın bü gün mənə çox baha oturub. Xanqızının xasiyyətin bilirsən. İstədiyi alınmasa, qarnının ağrısı heç vaxt kəsilməz. Əgər, dedi, istəyirsənsə ki, dostun işdən qovulmasın, bu saat gedib o böyük sənətkarı harda olsa tapıb, müsahibəni yazıb gətirməlisən.
– Gedib böyük sənətkarı tapa bildin?
– Tapdım. Doğrudan da dahiymiş bizim dünya gözəlinin favoriti. Kişidə cəsarət gördüm. Hava bürosunun məlumatlarını düzgün əks etdirmədiklərinə görə bütün saytları yıxıb sürüdü. Eyni sözün bir yerdə «əskər», başqa yerdə «əsgər» şəklində yazılmasında erməni daşnaklarının əli olduğunu qəzəblə vurğuladı. İndiyəcən çap olunan 88 kitabından yalnız 18-nin Nobelə layiq olduğunu deyib, təvəzökarcasına başını aşağı saldı. Bəzi gənc yazarların ədəbiyyatımızın azman simalarına hörmətsizlik göstərməyindən hüznlü, həzin səslə gileyləndi. Bir sıra cari məsələlərin yaradıcığılına mane olduğunu xüsusi qeyd elədi. Bildirdi ki, işi həddən çox olduğundan son illər nəinki başını qaşımağa, heç götünü yumağa da vaxtı olmur. Fəxr ilə bəyan elədi ki, bir-iki həftədən sonra Şuşada nəvəsinə toy eləməyə hazırlaşır. Məni də o toya dəvət elədi. İstəsən, bir yerdə gedərik.
– Gedərik. Hələ vaxtımız var bir-iki həftə. Sən indi hardasan? Kafedəsən?
– Hə, burdayam.
– Təksən?
– Hələ təkəm. Alkaşların bir-ikisi bir azdan gəlməlidir. Bəs sən neynirsən orda?
– Heç nə, həyətdə oturmuşam.
– Kənddə vəziyyət necədi? Sürətli inkişaf orda da hiss olunur?
– Olunur. Dayımın 3 nəvəsi bu il Moskvada məktəbə gedib.
– Dayınla münasibətləri yoluna qoya bildin?
– Heç nəyi yoluna qoymağa ehtiyac olmadı. Dayım həqiqətən böyük insandı. Bayaqdan burdaydı. İndicə getdi.
– Nə vaxt gəlirsən?
– Nə olub, mənim üçün nə tez darıxdın.
– Sənsiz araq ləzzət vermir.
– Hələ sabah burdayam. Birisigün bəlkə gəldim. Düzün de, aldın müsahibəni? Yoxsa məni dolayırsan kefli havasına?
– Dedim, almışam da. Mən sənə nə vaxt yalan demişəm.
– Əttövbə! Hələ heç kəs görməyib ki, Damət Dardanel kiməsə yalan desin.
– Sabah tezdən saytda olacaq. İstəsən açıb baxarsan.
– Müsahibədə onun öz dediyindən də bir şey olacaq?
– Kimin dediyindən?
– Onun da – böyük söz ustasının.
– Bunu indidən deyə bilmərəm. Ancaq Folknerin, Markesin müsahibələrindən bir neçə dərin kəlam mətndə mütləq olacaq: məlumdur ki, böyük söz ustasının dilindən. Qoy Xanqızı oxuyub görsün ki, onun sevimli yazıçısı həm də dəryalar, ümmanlar qədər zəka sahibidir. – Damət sözünə ara verib, az sonra sevinclə bəyan elədi: – Alkaşlardan biri gəldi. Bugünkü bərnaməmiz qurtardı.
Səs kəsildi. Sükutun boz nəfəsi dünyanı nə ki var basıb-basmarladı. Atamoğlan hiss elədi ki, daha bu kənd onun kəndi deyil. İndi onun kəndi də, şəhəri də yalnız Bakıdır. Bakının tanıdığı-tanımadığı adamları, adını bildiyi-bilmədiyi ağaclarıdır. Damət üçün, o biri «alkaş» dostlar üçün Atamoğlanın ürəyi əsdi. Eşikdə qərar tuta bilməyib, özünü evə verdi. Hələ yatmaq vaxtı olmasa da yatağa uzanıb, dərhal yuxuya getdi.
...Sahil parkında axşamın erkən çağıydı. Az əvvəl yağış yağmışdı. Yer yaş idi, havadan nəm iyi gəlirdi. Onlar – məktəbli qız və «ərsiz» qadın artıq parkdan uzaqlaşıb, o başdakı metro stansiyasının yanınacan getmişdilər. Atamoğlan parkın aşağısındakı yolun kənarında bir qəribə çaşğınlıq içində donub qalmşıdı. O qızı, o qadını izləmək onun nəyinə lazım idi? Onları gözdən itirmək onu niyə qorxudurdu? Atamoğlan bunu anlamaq istəyirdi. Ancaq anlaya bilmirdi.
O, özünü metroya yetirəndə qadınla qız artıq eskalatordan düşüb, qatara minməyə gedirdi. Aradakı məsafəni dəf etmək üçün Atamoğlana bircə yuxu saniyəsi bəs elədi. Ancaq bütün platforma boyunca toplaşan insanların arasından və o insanları sıx-sıx birləşdirən vahimənin içindən keçib, qatara yaxınlaşa bilmədi. Əvvəl mikrofondan qoca qarğa qarıltısına bənzəyən qart qadın səsi gəlirdi: «Metroda həyəcanlı anlar... Gənc qız özünü...». Və o qadın sözünü bitirməmiş, mikrofondan başqa bir qadının həlim səsi gəldi: «Hörmətli sərnişinlər, ehtiyatlı olun. Qatar platformaya yaxınlaşır». Və o qatarın axırıncı vaqonunda o qızı anasının yanında görən Atamoğlanın, nəhayət, ürəyi yerinə gəldi.
Onlar, vaqonun aşağı qapısının yanında – ana-bala –rahatca oturmuşdular. Qız sevinə-sevinə danışırdı, ana fərəhlə qulaq asırdı. Qızın da, ananın da üz-gözü işıq saçırdı. Vaqondakı işıq da sanki elektrik işığı deyildi – elə bil vaqona haradansa səhər günəşinin işığı düşmüşdü. «Metro vaqonunda gün işığı». Gələcək romanına super ad tapdığına sevinən Atamoğlan belə bir xoş ovqatda yuxudan ayılıb həyətə çıxdı.
Səhər çoxdan açılmışdı. Kəndi – bağlı-bağçalı, dərəli-təpəli – ağzına alan gün işığı sanki bir yox, bir neçə günəşin işığıydı. Göyüzü gözyaşı kimi dumduruydu. Ağacların yarpağı elə bil səhər günəşinin gözündən indicə nur əmmişdi.
Görəsən, Bakıda hava necəydi? Sahil parkı bu gün də dünənki kimi aydın və işıqlıydımı, yoxsa Bakının dəli küləyi yenə şəhəri qatıb-qarışdırıb, hər şeyin ləzzətini qaçırmışdı?.. Və Atamoğlan smartfonu azca qurdalayan kimi Damətin dünən götürdüyü müsahibənin başlığı dərhal gözünə sataşdı: «ŞOK. Xalq yazıçısı saytları yıxıb sürüdü: hava bürosunun məlumatına tənqidi yanaşmaq lazımdır!».
Davamı var...