1
İllər ötdükcə, müxtəlif hadisələr yaşandıqca, şərtlər dəyişdikcə daha öncə bayağı görünən bəzi cümlələr, kəlmələr yeni anlam qazanmağa başlayır. Həmişə ucuz bir atalar sözü, hər kəsin təkrar etdiyi bir ifadə, söz birləşməsi, cümlə kimi baxdığın fikirlər birdən-birə mahiyyətini tam anladığın, gerçək tərəfini bütün ağlınla, ruhunla duyduğun başqa bir anlayışa çevrilir. Məsələn, sahib olduğu çox önəmli nəsnəni, insanı, fürsəti itirməyən birinin "insan əlində olanın qədrini bilmir" cümləsinin mahiyyətini tam anlaması inandırıcı gəlmir (“Anlamaq” deyəndə həm də dərindən hiss etməyi nəzərdə tuturam). Yaxud yanında dəfələrlə desələr ki, “torpağın üzü soyuqdur”, mahiyyətinə varmayacaqsan. Amma çox yaxın bir insanını dəfn edib qayıdandan sonra bu cümlənin nə demək olduğunu anlayacaqsan və hətta o faciənin ağrısına baxmayaraq, həqiqətə çatmış birinin istehzalı təbəssümünü öz dodaqlarında hiss edəcəksən.
Dəfələrlə müxtəlif kitablardan oxuduğum, ağlına çox hörmət etdiyim insanlardan tez-tez eşitdiyim bir fikir var: "hər şeyi adı ilə çağırmaq lazımdır". Bu cümlə də çoxumuzun hələ mahiyyətinə tam varmadığımız cümlədir. Adi, təkrar deyilmiş bir şey kimi oxuyub keçirik. Halbuki necə açar cümlədir! Rəsmən "Quran" ayəsidir, Zəbur nəğməsidir, İncil müjdəsidir. Nəsnələrin, məfhumların adını bilməmək cəhaləti elə də qorxulu deyil, yanlış bilib, bilmədiyinin fərqində olmamaq məsuliyyətsizliyi, ya da bilib söyləyə bilməməkdir qorxuncu. Bilərəkdən anlayışların, adların əsas mahiyyətlərindən uzaqlaşdırılması da var işin içində. Uruqvaylı yazar Eduardo Qaleano 70-ci illərdə, Latın Amerikasında hərbi diktaturaların yaşandığı dövrdə yazdığı bir məqaləsində siyasi sistemlərin, ideologiyaların sözləri, adları necə istismar etdiyindən danışır. Deyir, elə durum yaranıb ki, artıq “azadlıq”sözü yalnız həbs-məhbus anlayışı ilə assosiasiya olunur, qorxunc rejimlərə “demokratiya” deyilir, “sevgi” sözü insanlarla onların avtomobilləri arasındakı münasibətləri ifadə edir, “zövq” deyiləndə hansısa marka paltarın, sabunun, şampunun verdiyi zövq anlaşılır. Stabil, sakit ölkə deyəndə isə “səssiz məzarlıq” nəzərdə tutulur.
2
1918-ci ilin mayından 100 il keçir. Bu sadə cümlənin bizimçün izahı odur ki, düz yüz il öncə may ayında bu boyda kainatda, bu boyda Yer planetinin bapbalaca nöqtəsində, bir ovuc insan özünə dövlət qurub. Pis-yaxşı, böyük, yaxud balaca, fərqi yoxdur. Ortada bir neçə insanın səyi ilə yaradılmış bir dövlət var. Bəzən səfeh şərhlər oxuyuruq: Cümhuriyyətin qurulması tarixi proseslərin, tarixi hadisələrin təbii nəticəsi idi və burda bizlik bir şey yoxdur. Zatən bütün önəmli dəyişikliklər digər önəmli tarixi hadisələrin nəticəsidir. Sanki Atatürk Türkiyə Cümhuriyyətini Sultan Süleymanı devirərək qurmuşdu, Birinci Dünya Müharibəsinin, Osmanlının süqutunun heç bir təsiri yox imiş. Ya da başqa dövlətlər kimyəvi proseslər nəticəsində yaranır, tarixi prosesdə yaranan bircə bizik. Bəli, tarixi şərait yaranmışdı, bir neçə ağıllı insan da bu şəraitdən istifadə etdi, düzgün qərar verdi. Bu gün cümhuriyyət sözünün mahiyyətini anlamayanlar o bir neçə ağıllı insanın etdiklərinin fərqində deyillər. Təki olmasın, amma gün gələ bilər ki, bu gün barmaqarası baxdığımız cümhuriyyət sözünü tələffüz eləmək üçün sinov gedərik. İnsan əlində olanın qədrini bilmir. Bu gün hələ ki, bu cümhuriyyət pis-yaxşı forması ilə əlimizdədir deyə onu itirməyin nə ola biləcəyini anlamırıq. Köləlikdən sonra azad olmaqla, azadlıqdan sonra kölə olmağın fərqi böyükdür. Birincilər ikincilər qədər azadlığın dəyərini anlaya bilməzlər. Xoş günlər pis günləri tez unutdurur. Pis günlərdə isə daima keçmiş xoş günlərin xiffəti ilə yaşayırıq deyə, o xoş günlərin dəyərini daha yaxşı anlamış oluruq.
3
Cümhuriyyətimizin yüzüncü ilində nələri öz adı ilə çağıra bilirik? Çox az şeyi. Bəlkə də heç nəyi. Bu gün adsızlıq, ad-mahiyyət çatışması içərisində çırpınırıq. Nəyə nə, kimə kim deyəcəyimizi bilmirik. Bəlkə də bilirik, sadəcə deyə bilmirik. Pislərə pis demirik, deyə bilmirik. Bəzən qorxumuzdan deyə bilmirik, bəzən də yaxşı ilə pisi ayırd edə bilmək ölçüsündən məhrum olduğumuza görə. İndi ancaq kütləvi alqışlananlara yaxşı deyə bilirik. Çünki ən təhlükəsizi onlardır. Bizdən kənarda hansısa ölçüyə görə onlar yaxşı elan olunublar.
Məktəb deyəndə ancaq gedib-gəldiyimiz bina, təhsil deyəndə də içində keçirdiyimiz mənasız illər anlaşılır. Səhiyyə deyəndə canımızı həvalə etməkdən qorxduğumuz dəhşətli bir qurum, polis deyəndə hər addımda, hər məsələdə bizə mane ola biləcək, güvəndiyimiz yox, hürkdüyümüz qorxulu varlıqlar təsəvvür edirik. Qanun-hüquq deyəndə çoxu üçün əlçatmaz olan bahalı mal, məhkəmə deyəndə o malın alına biləcəyi iri, səliqəli alış-veriş mərkəzi anlayırıq.
4
Cümhuriyyətimizin yüzüncü ilində nələrə təəccüblənirik və təəssüflənirik? Mənəvi olan çox az şeyə. Bəlkə də heç nəyə. Dəyərlər öldükcə, torpağın üzü soyuqdur, öyrəşməyə başlayırıq. Sonra başqa bir dəyər ölür, sonra bir başqası, sonra bir başqası... Məzarlıqda təəccüblənəcək və təəssüflənəcək bir şey qalmır. Dəyərləri itirmək ənənəyə, sıradan bir rituala çevrilir. “Dəyər”in özü nədir, onu necə müəyyənləşdirmək lazımdır, heç onu da bilmirik.
5
Cümhuriyyətimizin yüzüncü ilində, məlum atalıq qayğılarından dolayı şəhərimizin müxtəlif məktəblərini araşdırası oldum. Çox əcaib bir durumla üzləşdim. Çoxunda Azərbaycan dilində təhsil almaq istəyənlərin sayı o qədər azdır ki, güclə 3-4 nəfərlik bir qrup yarada bilirlər. Rus dilində isə hərəsində onlarla uşaq olan çoxsaylı qruplar var. Əyalətdəki qohumlarla-tanışlarla da danışanda çoxunun övladının rus sektorunda təhsil aldıqlarını, yaxud rus sektoruna qoymaq istədiklərini, ya da Azərbaycan sektoruna qoyduğuna görə peşman olduqlarını gördüm. Belə görürəm, cümhuriyyətimizin yüzüncü ilindən sonrakı illərdə nəinki bəzi şeyləri adı ilə çağıra bilməyəcəyik, hətta danışmağa söz tapmayacağıq. İnsanlar mədəniyyətlərini, yaxşı vərdişlərini, dəyərlərini, xarakterlərini itirdikcə, ya da onlara elə əvvəldən sahib olmadıqda, bu mədəniyyətin, vərdişin, dəyərin, xarakterin təzahürlərini xaricdən idxal etməyə başlayır, nəticədə bu alınma təzahürləri öz ana dilində ifadə etməkdə çətinlik çəkirlər. Yavaş-yavaş köməkçi vasitə kimi hansısa böyük dili görürlər. Sonra bu dil bəziləri üçün qurtuluş, bəziləri üçünsə göstəriş vasitəsinə çevrilir.ABŞ-da yaşayan 48 yaşlı liviyalı yazar Hişam Matarın maraqlı bir təsbiti var. Deyir, uzun illər sonra vətənimə getdim. İnsanların ingiliscədəki bəzi sözləri çox tez-tez istifadə etdiyini gördüm; keyfiyyət, faydalılıq, məsuliyyət kimi sözlər. Və fərqinə vardım ki, bu sözlərin ifadə etdiyi mənalar Orta Şərqdə artıq itirilmiş olan şeylərdir.
5
Cümhuriyyətimizin yüzüncü ilində avtobusla ölkədən xaricə səfər etməkdəydim. Həm getdiyim avtobusun, həm də istirahət nöqtələrində dayanan digər avtobusların sərnişinlərində qəribə gərginlik hiss edirdim. Biri-birini tanımayan insanlar bir-birilərinə yaxınlaşır, nəyisə narahat-narahat müzakirə edir, sonra aralanıb başqa birisinə yaxınlaşırdılar. Onu da deyim ki, bu sərnişinlərin əksəriyyəti “nə iş olursa olsun, iş tapım” məqsədilə Türkiyəyə, Gürcüstana gedənlərdi. Yanımda oturan 40-45 yaşlı bir kişi də tez-tez hansısa saytı açıb baxır, narahat olur, bir az keçir, yenə baxır. Nəhayət, dözməyib soruşdum bu narahatlığın səbəbini. Dedi, mənim də, avtobusdakı çox adamın da aylarla, illərlə vaxtı keçmiş kredit borcu var. İndi qorxuruq ki, ölkədən çıxışımıza stop qoyular. Borc-xərc edib birtəhər çıxmışıq, geri qayıtmağa nə hal var, nə də üz. Azərbaycan-Gürcüstan sərhədini keçəndən sonra, elə bil, bütün avtobusa sərin su çilədilər. Hər kəsin gözü-könlü açıldı, deyib-gülməyə başladılar. Üzləşdiyim bu söhbəti hansı yazıda, necə yazacağımı düşünərkən təsadüfən bir reklam eşitdim. İri banklardan biri evlərin təmiri, mebel və maşın alınması kimi məişət xərcləri üçün yeni kredit kampaniyasına start verib. Kampaniyanın da adı - “Cümhuriyyət krediti”.
6
Cümhuriyyətimizin yüzüncü ili həyəcanlandırdı deyəsən, yazını üstümə dağıtdım. Gərək toparlayım... Cümhuriyyətin sözünə və özünə yanaşmamız bəzən elə təəssürat yaradır ki, nəsə tam da bizə aid bir şey deyil, müvəqqəti istifadə edirik. Bəlkə, bir zamanların o dəyərli bəyləri bizə cümhuriyyəti kreditə verib? Görüblər ki, hələ maddi və mənəvi zənginləşməmiş bu toplum haqqını nağd verib cümhuriyyət alacaq qüvvədə deyil. Deyiblər, kreditə veririk, yavaş-yavaş haqqını verərsiniz, sonda cümhuriyyət tam anlamıyla sizin olar. Bəlkə də elə buna görədir ki, tam bizim olan bir şey kimi bağrımıza basa bilmirik, haqqını hələ tam ödəməmişik deyə, hər an əlimizdən alına biləcəyindən qorxuruq? Cümhuriyyət kreditimizi vaxtında ödəməsək, təkcə avtobusdakı işaxtaranların deyil, hamımızın çıxışına stop qoyula bilər.
Kultura.az