Kranı açdım, gördüm ki, su gəlmir.
– Ay qız, bu nədir belə, su niyə gəlmir? – arvadıma səsləndim.
– Axı, yağış yağıb… su xətti sıradan çıxıb! – arvadım qışqıraraq cavab verdi.
Bəli, istanbullular yaxşı bilirlər: elə ki, şəhərə yağış yağdı, vəssalam, su xətti dərhal sıradan çıxır. Deyilənlərə görə, su boruları tutulur, biz sakinlər də evdə oturub qəzanın nə vaxt aradan qaldırılacağını gözləyirik.
Amma mənim düz-dəqiq yadımdadır: həmin gün hava günəşli idi.
– Axı, yağış nə vaxt yağıb? – deyə təzədən arvadıma səsləndim.
– Bir az öncə yağdı, amma çox yağmadı.
– Axı haçan?
– Heç bir yağış-filan olmayıb, – deyə oğlum bildirdi.
– Yox, düz demirsən, yağış yağdı, amma az yağdı, – deyə qızım etiraz etdi.
Beləcə mübahisə başladı – yağış yağıb, ya yağmayıb.
– Əgər yağış yağmasaydı indi krandan su gələcəkdi, – deyə anam da söhbətə müdaxilə etdi.
Amma bu fikir də mübahisəyə nöqtə qoya bilmədi.
Balkona çıxdım.
– Zəhmət olmasa deynən görək yağış yağıbmı? – deyə üzbəüz binadakı qonşumdan xəbər aldım.
Onun əvəzinə qarşı balkondakı pijamalı kişi qışqırdı:
– Vallah, görməmişəm, amma mənə elə gəlir ki, yağıb…
Ay səni heyvərə! Yer üzündə bu cür adamlar da yaşayırmış!
– Madam ki, görməmisiz, bəs nə səbəbə yağışın yağdığını deyirsiniz? – deyə acıqla ondan soruşdum.
– Radioqəbuledicinin səsi boğuq çıxdığı üçün belə qənaətə gəldim… – qonşu cavab verdi. – Radionu açın, özünüz də əmin olarsınız.
– Yox, yağış olmayıb, – deyə digər bir qonşum bəyan etdi. O, birinci qonşu ilə dialoqumuzu eşitmişdi.
Otağa girib radionu açdım. Doğrudan da ucalan səs-küydən radioda nədən söhbət getdiyini anlamaq olmurdu. Bax, İstanbula yağış yağarkən həmişə belə olur.
Yağışın yağmadığını təsdiq edən aşağı mərtəbədəki qonşu qışqırdı:
– Yağış yağıb, ay qonşu, yağıb!..
– Niyə belə düşünürsünüz? – ondan soruşdum.
– Qaz da gəlmir, aydın məsələdir ki, yağışa görədir, – deyə qonşu cavab verdi.
İndi daha şübhəyə yer qalmamışdı, baxmayaraq ki, heç kim dəqiq deyə bilmirdi, amma yağış yağıbmış.
– Allaha şükür ki, yağış az yağıb, yoxsa indi işıq da olmazdı, – arvadım bunu deyərkən lampa o dəm söndü.
Mən tez telefona tərəf yüyürdüm, dəstəyi götürüb redaksiyanın nömrəsini yığdım, xəttin o tərəfindən xırıltılı “Alll-o-o!…” səsi gəldi.
Başa düşdüm ki, nömrəni düz yığmamışam, dərhal üzrxahlıq etdim.
– Heç əziyyəti-filanı yoxdur. Allah bağışlasın, cənab!– deyə dəstəkdən əvvəlki naməlum səs cavab verdi. – Əşşi, bir mərəzdir də düşmüşük, elə ki, azca yağış səpir, telefon xətlərində hər şey bir-birinə qarışır.
Mən daha yarım saatadək telefonda xeyli tanımadığım adamlarla danışdım. Nəhayət ki, iş yerimə düşə bildim.
– Oralarda nə var, nə yox? Nəylə məşğulsunuz? – deyə soruşdum.
– Fəlakət! Beləsini görməmişdik! – məmurlardan biri cavab verdi.
– Nə fəlakət? Axı, nə baş verib?
– Tavandan yağış suyu sel kimi başımıza tökülür. Otaqlar gölə dönüb…
– Qulaq as, heç dediyinin fərqindəsən? İş yerimizdən yuxarıda hələ dörd mərtəbə də var axı…
– Elə məsələ də bundadır… Sel-su yuxarı mətəbələrdən üstümüzə tökülür…
– Sizdə məgər belə güclü yağış yağıb?..
– Yəqin ki, yağıb… Belə deyirlər, amma mən şəxsən görməmişəm.
Hirslə dəstəyi yerinə atdım.
– Qəzetləri hələ də gətirməyiblər?
– Yağış yağarkən poçtalyon gecikir, – qulluqçu cavab verdi.
– Nə yağış?..
– Bərk yağanda poçtalyon ümumiyyətlə gəlmir…
Axır ki, pərt halda küçəyə düşdüm. Dayanacaqda gözlədim, gözlədim, avtobus gəlmədi ki, gəlmədi… Buradakı adamlar isə deyinirdilər:
– Axı, yağış nə vaxt belə yağıb ki, avtobuslar gecikirlər?
– Azca çilədi… Mən gördüm…
– Elədir, mən də yağışın azca səpdiyinin şahidiyəm…
Axır ki, avtobus gəldi. İnsanlar topa ilə içəriyə doluşdular.
Redaksiyaya çatdım. Həmin gün hər şey burada baş-ayaq olmuşdu. Poçtalyon saat on bir tamamda gəlməkdənsə saat on səkkizdə gəlib çıxdı. Makinaçı qızdan ümumiyyətlə xəbər-ətər çıxmadı. Lift də işləmirdi. Kofe paylayan oğlanın ayağı büdrədiyindən nərdivandan yerə yıxıldı. Arvadım isə zəng vurub evimizə qonaqların gələcəyini bildirərək evə tez gəlməyimi tapşırdı.
Amma nə qədər istəsəm də, redaksiyadan vaxtından əvvəl çıxa bilmədim. Ayağımdakı revmatik ağrıların təsirindən addım ata bilmirdim. Yağış yağanda həmişə bu hal təkrarlanır.
Nəhayət gəlib limana çıxdım. Burada hər yanda bayraqlar asılmışdı. Maraqlıdır… Görəsən bu gün nə bayramıdır? Amma onu dəqiq bilirdim ki, bu gün nə İstanbulun azadlığı günü, nə Respublika günü, nə qələbə günü, nə də məclis günü idi. Bunu bir daha dəqiqləşdirmək üçün kassirə müraciət etdim. O isə çiyinləri çəkdi:
– Vallah, bilmirəm… Doğrudan a, görəsən bu gün nə bayramıdır?
Daha sonra mən limanın işçisindən soruşdum. O da bu qədər bayrağın asılmasından təəccübləndi:
– Bəlkə İstanbula hansısa bahalı xarici qonaq gəlir?
– Belə olsaydı, qəzetlər yazardı. Amma qəzetlər heç nə yazmır, – deyə mən cavab verdim.
Maraqlı idi ki, heç limanın rəisi də bayraqların asılma səbəbini bilmirdi. Marağımdan daha özümə yer tapa bilmir, qarşıma çıxan hər kəsi sorğu-suala tuturdum. Axır ki, matroslardan biri mənə yanaşdı:
– Cənab, sizi bayraqların asılması məsələsi maraqlandırır? Burada kimdən soruşsanız səbəbini deyə bilməz. Amma mən bilirəm.
– Beləsə, tez deynən görüm!
– Heç bir bayram-filan yoxdur. Səhər yağış yağıb. Özü də möhkəm yağıb…
– Həə, nə olsun ki?! Elə bu?
– Yağış gəminin anbarlarına dolaraq oradakı bayraqları tamam yaş eləyib. Onları qurutmaqdan ötrü məcbur qalıb, tərsanəyə çıxarardıq və beləcə asdıq.
Gör məsələ nə yerdə imiş, mən isə hədər yerə baş sındırırammış. İndi daha rahatca evə getmək olardı.
– Harada itib batmışdın? – arvadım acığını üstümə tökdü . – Qonaqlar oturub, səni xeyli gözlədi… və axır ki, çıxıb getdilər…
Tərcümə edəni: Ağaddin Babayev
Kulis.az