Hərə bir tük versə, kosanın da saqqalı olar.
Atalar məsəli
Qəzet oxumağa tez başlamışam. “Azərbaycan Pioneri” qəzetinə, “Göyərçin” jurnalına abunə yazılmışdım. Abunə yazılmaq çox az xərc tələb edirdi. Doğrusu, abunə yazıldığım qəzet və jurnalı hər dəfə almaq bəndənizə ləzzət verirdi. Dövlətdən maaş alan bir adamın, poçtalyonun abunə yazıldığım qəzet və jurnalı evimizə gətirməsi məndə özümə qarşı hörmət hissi yaradırdı, özümü yetkin bir insan kimi hiss edirdim. Elə bu cümləni yazarkən yadıma bir əhvalat düşdü. Hələ məktəbə getmirdim. Oxuma-yazma bilmirdim. Xalalarımdan biri mənim adımdan radioya, uşaq verilişlərindən birinə məktub yazmışdı. Verilişin aparıcısı isə Savalan baba idi. İndiyə qədər yadımdadır. Radioda xalamın mənim adımdan yazdığı məktubu, yəni Seymur balanın məktubunu oxudular, şərəfimə bir mahnı səsləndirdilər və mahnı səslənərkən, radionun qabağına yığışmış böyüklərin hamısı ayağa qalxıb qol qaldırıb oynadılar. Adımı radiodan eşitməyin necə bir hiss olduğunu, o anların sehrini çox təəssüf indi heç cür ifadə edə bilməyəcəm. Bunları həm də ona görə yazıram ki, heç nə təsirsiz ötüşmür. Bütün bu cür hərəkətlər, əməllər uşağın bir fərd kimi formalaşmasında, özünə inanmasında öz rolunu mütləq oynayır.
İndi bir mövzunu qoyub başqasına keçəcəm. Bayram günlərində şəhərin küçələrində gəzərkən uşaqları diqqətlə müşahidə edirdim. Bağışlayın, üzr istəyirəm, kobud bir söz işlədəcəm, nə qədər ürəyimcə olmasa da, bu kobud sözü işlətməyə məcburam, çünki vəziyyəti daha yaxşı, daha dəqiq ifadə edən başqa söz tapmaqda çətinlik çəkirəm. Bayram günlərində şəhərə çıxmış uşaqların böyük əksəriyyəti özlərini zəncirdən qırılmış it kimi aparırlar. Valideynlər isə onların üstünə qışqırır, “Allah sizi qırsın”, “Mürdəşir üzünüzü yusun” kimi qarğışlar yağdırır, təhdidlər edir, “bir də sizi evdən bayıra çıxardanın atasına lənət”, “sizinki dörd divardı” janrında bəyanatlar, ultimatumlar, notalar verir, hətta bəziləri şilləni, şapalağı işə salırdılar. Acınacaqlı vəziyyətdir. Belə vəziyyətin yaranmasında günahkar birmənalı olaraq valideynlər özləridir. Yazıq uşaqlar o qədər dörd divar arasında qalırlar ki, adam arasına çıxanda özlərini itirirlər, bilmirlər özlərin necə aparsınlar. Uşağın gördüyü maksimum şadlıq evidir. Azərbaycanlı valideynlər uşaqları iyrənc bir zövqsüzlüklə geyindirib (adam mat qalır, hardan tapırlar o zövqsüz paltarları) şadlıq evinə aparmaqla bir valideyn kimi öz missiyalarını yerinə yetirmiş olduqlarını düşünürlər.
Düşünürlər ki, uşağı şadlıq sarayına apardım, oynadı, atlanıb-düşdü, gəlinlə, bəylə şəkil çəkdirdi, vəssalam, mən öz işimi gördüm, daha uşağa heç nə lazım deyil. Halbuki şadlıq evindən savayı teatrlar, müxtəlif dərnəklər (rəsm, musiqi, rəqs, şahmat və s.) də var. Hər həftənin sonu teatrlarda uşaq tamaşaları verirlər. Vallah yazıqdılar, bir onları normal geyindirin, bir dəstə gül alın, aparın teatra, qoy bir qarderobun, səhnənin, aktyorun, aktrisanin, tamaşanın, alqışın, zalın nə olduğunu görsünlər. Məhz valideynlərin günahı ucbatından uşaqlar qorxaq böyüyür. Belə qorxaq böyüyüən, daha dəqiqi böyüdülən uşaqlar ölkəni hansısa bir səbəb üzündən tərk etdikdə (oxumaq, işləmək), getdiyi məkandan uzun müddət baş çıxarda bilmir. Ən adi vəziyyətlərdə çətinliklərlə üzləşir. İnsanlarla ünsiyyətə girməkdə əzab çəkir. Ən adi şeyləri öyrənənə qədər yaş gəlib çatır otuza.
Yaxınlarda Şarl de Qollun xatirələrini oxudum. Adam yazır ki, hələ uşaqlıqdan atam məni Fransa tarixi ilə canlı-canlı tanış etmişdi. Aparırdı filan qalaya, deyirdi ki, bu qalada filankəslər yaşayıb, burda filan hadisələr baş verib, burda filan döyüşlər olub və sairə, və ilaxır. Şarl de Qollun atası fəlsəfə və ədəbiyyat üzrə professor imiş. Uşaqların mütaliəsinə xüsusi diqqət ayırırmış. Ata şəxsən özü saatlarla övladlarına kitab oxuyurmuş. Evdə müxtəlif dramaturqların əsərlərindən hissələr səhnələşdirirmişlər. Şarl de Qoll yazır ki, mən yetkinlik yaşıma çatanda artıq dünya klassikasının xeyli nümunələrini oxumuşdum. Atamın tarix və ədəbiyyat haqqında söhbətlərinin sayəsində xəyallarım coşurdu, hələ uşaqlıqdan özümü Fransanın xilaskarı, böyük bir şəxsiyyət kimi hiss edirdim və sonralar Fransaya xidmət etmək mənim həyatımın mənasına çevrildi.
Bəli, hörmətli bacılar və qardaşlar, belə bir ciddi tərbiyə, belə bir ciddi təhsil almış adam İkinci Dünya Müharibəsi zamanı Fransa Müqavimət hərəkatının təşkilatçısına, liderine çevrilir. Çörçil isə onun haqqında deyəcəkdi ki, Şarl de Qoll Fransız xalqının şərəfini xilas etdi. Yəni, ay bacılar, ay qardaşlar əgər hər hansı insan hər hansı bir sahədə uğur qazanırsa, bu uğurun arxasında mütləq və mütləq başqa bir insanın əməyi, zəhməti dayanır. Heç kim göbələk kimi qəflətən ortaya çıxmır. Uşaqla məşğul olmaq lazımdı. Yeməyini verib, əyninə paltar geyindirməklə, iş bitmir. Uzun həngamədi. Salamatı odur, qayıdaq öz mövzumuza.
...uşaqlıq dövrümdə qəzet və jurnal səhifələrindən məişətdə çox istifadə olunurdu. Bəzi yeməkxanalarda stolların üstünə süfrə əvəzinə qəzet vərəqi sərirdilər. Yəqin Sovet filmlərində çox görmüsünüz, ustalar işləyəndə başlarına qəzet vərəqlərindən düzəldilmiş “papaqlar” qoyurdular. Yumurtanı, ayaqqabını, şalvarı qəzet vərəqlərinə bükürdülər. Bərbərxanalarda, dərzi sexlərində və bu kimi məkanlarda divarlara qəzet və jurnal vərəqləri yapışdırırdılar. Bəzən evlərdə divardakı ləkəni gizlətmək üçün ora xəritə, rəngli jurnal vərəqləri vururdular. Uzun sözün qısası, oxumağa marağın var idisə, hara gedirdinsə, qarşına qəzet və jurnal vərəqi çıxırdı. Yetkinliyim isə təlatümlü hadisələrin, böyük mitinqlərin başlanması dövrünə düşdü. Baş verən ictimai-siyasi məzmunlu hadisələrlə, dəyişikliklərlə yaxından maraqlanır, mitinqlərdə iştirak edir, demək olar ki, bütün üzdə olan qəzet və jurnalları oxuyurdum. Buna sübut olaraq bir kiçik əhvalatı yazmaq fikrindəyəm.
Bir dəfə qocaman publisist Hidayət Elvüsalla bir məclisdə yanaşı əyləşməli olduq. Hidayət müəllimə dedim ki, o vaxtlar onun yazılarını “Səhər” qəzetində oxuyurdum. Hidayət müəllim soruşdu ki, onda sənin neçə yaşın vardı. Dedim on bir-on iki. İnanmadı, elə bildi zarafat edirəm. Çünki həmin, yəni məclisdə yanaşı əyləşdiyimiz vaxt mənim ən dəli-dolu vaxtlarım idi. Bir yazı yazırdım, azı on yerdən cavab gəlirdi. Yazılarım qıcıq və qəzəb doğururdu. Öz aləmimdə bütləri dağıtmaqla məşğul idim. Çox adam məni ipə-sapa yatmaz, cığal, hər şeyi lağlağıya çevirən bir adam kimi tanıyırdı. Bu mənada Hidayət müəllim də sözlərimi zarafat kimi qəbul etmişdi. Belə olduğu halda sözlərimi sübut etmək üçün fenomenal yaddaşımın (yaxından tanıyanlar yaddaşım haqda belə tərif deyirlər, hərçənd özüm bu təriflə o qədər də razı deyiləm) gücü ilə Hidayət müəllimin köhnə yazılarından birinin məzmunu danışdım. Yazı bərbərxanaya başını qırxdırmağa gəlmiş bir müştəriylə dəlləyin söhbətindən bəhs edirdi. Yazının məzmununu danışdıqda Hidayət müəllim mat qaldı və doğrudan da o vaxtlar onun yazılarını oxuduğuma inanmağa məcbur oldu.
Erkən qəzet oxumağa başlamağım, bir çox hadisələrin iştirakçısı olmağım bir tərəfə, üstəlik nə az, nə çox on altı ildi yazı-pozuyla məşğulam. Niyə bütün bunları yazıram? Söhbətə uzaqdan gəlməyim heç də səbəbsiz deyil. Sözümün canı var. Azərbaycanın ictimai-siyasi həyatını heç vaxt bugünkü qədər bulanıq, bu günkü qədər qarmaqarışıq, adamları heç vaxt belə aqqressiv görməmişəm. Hakimiyyətin yuxarı eşalonunda təmsil olunanlarla, iri çaplı məmurlarla məsələ aydındır, bəs orta, kiçik çaplı məmurlar, özünü bu ölkənin vətəndaşı, bu xalqın övladı hesab edənlər nə düşünürlər? Axı onların arasında kifayət qədər savadlı, kifayət qədər müşahidə qabiliyyəti olan adamlar var. Bəyəm onlar ölkədəki vəziyyəti, ölkənin hara getdiyini görmürlər, yoxsa görmək istəmirlər? Görmək istəmirlərsə, bu başqa məsələ. Görmək istəməyən adam üçün epopeya da yazsan, xeyri yoxdur. Bəli, bu gün Azərbaycan tam olaraq Türkmənistana çevrilməyibsə və bunu müəyyən mənada kiçik bir uğur, kiçik bir nailiyyət kimi qəbul etsək, bu uğur, bu nailiyyət ayrı-ayrı adamların fədakarlığı sayəsində əldə edilib. Fədakarlıq sözü burda vəziyyəti tam ehtiva etmir, Azərbaycanın Türkmənistana çevrilməməsi üçün ayrı-ayrı adamların həyatı məhv olub, hələ də olmaqdadır. İki gün evdə oturmaq olmur, zarafat deyil, adamlar illərdir həbsxanalarda yatırlar. Bu günə qədər baş verənlər bir yana, bu günə qədər baş verənlərə müxtəlif adlar qoyub müxtəlif bəhanələr uydurub kənara çəkilmək mümkün idisə, bu gün artıq elə bir ağır, acnacaqlı vəziyyət yaranıb ki, minimal demokratiya istəyi, bu haqda düşünmək azərbaycanlılar üçün olum və ölüm sualı qədər vacib, ağır bir suala, dilemmaya çevrilməlidir. Söhbət artıq bir xalqın, bir ölkənin məhv olmasından gedir.
Avtoritar, totalitar ve bu kimi, buna oxşar digər siyasi sistemlərə xas iki əcaib məsələ var ki, sonradan elə bu iki məsələ onların belə deyək öz bəlasına çevrilir. Birincisi, onlar o qədər yalan danışırlar ki, artıq öz yalanlarına özləri də inanmağa başlayırlar. Azad media sıradan çıxarılır, həqiqəti deyən, hətta demək istəyən adamlar “düşmən dəyirmanına su tökənlər”, “inkişafı görmək istəməyənlər”, hətta vətən xainləri kimi qələmə verilərək müxtəlif formalarda repressiya olunurlar. Mənfəətpərəst, mövcud vəziyyətdən yararlanmağı fürsət bilənlər isə həqiqəti, yarımhəqiqəti deyil, hakimiyyətin eşitmək istədiyini dilə gətirirlər. Ölkədə baş verən hadisələr, problemlər müzakirə olunmur, problemlərdən çıxış yolları axtarılmır, nəticədə xalqla hakimiyyət arasında böyük bir uçurum yaranır.
İkincisi, avtoritar, totalitar və bu kimi digər siyasi sistemlər repressiv üsullarla əhali arasında qorxu mühiti yaratmağı, demokratik institutları sıradan çıxartmağı özlərinin bir uğuru kimi başa düşürlər, bu uğur onlarda öz hakimiyyətlərinin əbədiliyinə, sarsılmazlığına inam hissi yaradır, onları arxayınlaşdırır. Əslində isə hər bir hakimiyyət əhali ilə necə davranırsa, əhali də sonra hakimiyyətlə elə davranır. Bir atalar məsəlində deyildiyi kimi: fağırın qeyrətə gəlməyi pis olur. Yəni bu gün adamların qorxması, qorxu mühitinin təsiri ilə bir-birlərinə qarşı aqressiya nümayiş etdirməsi, bir-birini didməsi hakimiyyəti aldatmamalıdır. Əslində bu insanlar təhqir olunduqlarının fərqindədirlər, onları kimlərin təhqir etdiklərini, niyə təhqir olunduqlarını əla başa düşürlər və adicə, ən ağlagəlməz bir hadisə bu aqressiyanı bir istiqamətə doğru püskürə bilər. Bax o zaman çox pis hadisələrin baş verəcəyi şəksizdir. Hətta bəzən mənə elə gəlir ki, ədəbi dildə desəm, “Annuşka artıq yağı alıb və dağıdıb”.
Sərbəstliyin, azadlığın, rəqabət mühitinin olmadığı yerlərdə fərdi təşəbbüslər boğulur, kreativlik yoxa çıxır, cəmiyyət sürətlə geriyə addımlayır. Bu gün nə qədər savadlı və enerjili adamlar ölkəni tərk etməkdədir. İnsan itkisi hər bir xalq üçün ən böyük itkidir. Halbuki xaricdə yaşayan, müxtəlif sahələrə aid nə qədər adamlar, mütəxəssislər tanıyıram ki, normal şərait yaranacağı, yaradılacağı təqdirdə ölkəyə qayıdıb öz xalqına, vətəninə xidmət etməyə, xeyir verməyə hazırdılar.
***
Deyinməyi bacaran adamları çox sevirəm. Sual oluna bilər; bəyəm deyinmək də bacarıq tələb edir? Əlbəttə. Adam var iki-üç dəqiqə deyinməklə bütün enerjini sümürür. Belələri ilə söhbət etdikdə iki-üç gün özünə gələ bilmirsən. Adam da var ki, deyinir və mövzudan asılı olmayaraq o deyindikcə gümrahlaşırsan, ruhun təzələnir, ovqatın yüksəlir. İkincilərlə görüşmək, söhbət etmək fürsətini qaçırmıram. Elə bugünlərdə ikinci qrupa aid bir deyingən adamla görüşdüm. Hal-əhval tutan kimi dedi:
- Fikir verirsən, xəbərlər necə vəhşiləşib?
- Nə mənada?
- Nə bilim, canavarlar kəndə basqın elədi, arvad ərini baltaladı, qaynata yeznəni boğdu, ata qızın asdı...
Dedim ki, Sovet dövründə belə hadisələr haqqında qəzetlər xəbər vermirdilər. Indi xəbər portalları çoxdu, bəlkə ona görə sənə xəbərlər belə vəhşiləşmiş, çox görünür. Razılaşmadı. Bir əhvalat nəql etdi. Demə, o cavan olan zaman yaşadığı rayonda bir cinayət hadisəsi baş verib. Bir gecə gözətçisini öldürüblər. Camaat bu hadisədən dəhşətə gəlib. İndi belə hadisələri hamı təbii, çox adi qəbul edir. Sonra da başladı ölkənin ictimai-siyasi həyatından danışmağa. Təcrübəli adamdı. Əhatə dairəsi böyükdü. Saysız-hesabsız dost-tanışı var. Həftədə ən azı bir yas məclisində iştirak edir. Danışdı-danışdı və əldən düşüb dayananda ona sual verdim:
- Sözlərindən belə başa düşdüm ki, ölkə uçuruma doğru gedir.
- A kişi, nə uçurum... Biz artıq uçurumdayıq. Uçuruq. Nə qədər çox uçuruqsa, deməli, uçurum o qədər dərindir.
Yekun
Əslində, şəxsən mənim üçün artıq bütün hadisələr öz əhəmiyyətini itirib. Həmçinin Azərbaycanda baş verənlər və gələcəkdə baş verəcək hadisələr. Amma bütün hallarda orda mənim doğmalarım, dostlarım, tanışlarım yaşayır. Hər halda oranın suyunu içib, çörəyini yeyib, havasını udmuşam. Bu yazı ilə bir vətəndaş, bir publisisit, bir insan kimi sonuncu dəfə öz vicdan borcumu yerinə yetirdim. Hər halda bu qədər kitabı boş yerə oxumamışıq, bildiyimiz, tarixdən öyrəndiyimiz nələrsə var!
Seymur Baycan
Kultura.az