post-title

Axtaranların alverçilərə uduzması

“O isə buterbrod qarışıq əlimdən tutur... Mən deyirəm: “Sən neynirsən?”. Ancaq əlimi çəkmirəm. O mənim buterbrodumu dişləyib dolu ağzıyla bəyan edir: “Mən səni sevirəm”

(Dario Fo, “Sərbəst cütlük” pyesindən)

Bir alver camaatı olaraq dünya alverində gedən proseslər bizim üçün önəm daşımalıdır. Mən şəxsən hər gün birjaları izləyirəm, transmilli şirkətlərin səhmlərinin qiymətlərinə baxıram. Feysbuk neçə faiz ucuzlaşdı, Tesla nə qədərə düşdü, Dou Cons indeksi hara qalxdı – bunları dəqiq bilməsəm gecə gözümə yuxu getməz. İrili-xırdalı bütün iqtisadi proseslərlə maraqlanıram. Misal üçün, son günlər təzə xiyar 7 manata qalxanda fikirləşdim daha hansısa axmaq adama söyüş kimi “xiyar” deməyin mənası qalmadı.

Hələ göyərti... Rəsmi şəkildə yoxa çıxmışdı bir neçə gün. Camaat şüyüt, keşniş, vəzəri deyib küçələrdə mələr günündə dolaşırdı. Qeyri-neft sektorunun, regionlarımızın inkişafı yəqin burada üzə çıxmışdı. Əks halda bu göyərti böhranına nə ad qoyasan? Yəqin burada da bir erməni barmağı vardır. Arazın, Kürün suyuna nəsə qatırlar, nəticədə göyərti bitmir.

Göyərti krizisi günlərində məhəllədə göyərti satan ağbirçək əməllicə hörmətə minmişdi, özünü lap İlon Mask kimi aparırdı. Məncə buna haqqı çatırdı. Bir müşahidəmi də bölüşüm. Mən ağbirçəkdən bir soğan və bir keşniş dəstəsi (elə bil qanunsuz silahlı dəstələrdən danışırsan) almaq istərkən məhəllədəki dükanın yiyəsi qabağa düşüb göyərtilərin hamısını alıb apardı. Sən demə aparıb öz dükanında bir qədər baha satacaqdır. Əsl iqtisadçı təfəkkürüdür.

İmkan vermək olmaz kimsə ucuz mal alsın. Bacardığın qədər qamarla, başqasına qalmasın. Sonra deyirik niyə hökumət dəyişiklik eləmir. Kiminlə eləsinlər, kimin üçün eləsinlər? Kimə dəyişiklik lazımdır? Müxalifətin ən böyük qruplarından birinin başçısı iqtidara dəstək verən Yazıçılar Birliyinin üzvüdür. Hər 5-6 aydan bir yalandan stadiona toplaşıb dağılışırlar, guya bununla etiraz aksiyası planı doldurulur. 27 ildir uca milləti iqtidarlı-müxalifətli əl-ələ verib dolamaqla məşğuldurlar, ara yerdə Zəngilan getdi. Hərçənd, heç o da gedənə oxşamır, dünən Bakıda 525 nömrəli marşrut gördüm, üstündə gedilən ünvanlar tablosunda “Zəngilan, Masazır, Qurtuluş-93” kimi adlar yazılmışdı. Özü də Zəngilan dırnaq işarəsi arasında-filanda deyildi. Heç olmasa “Yeni Zəngilan” da yazmayıblar. (Lənət şeytana, lap Yeni Zelandiyaya bənzədi). Demək bu millət üçün də əsas məsələ gerçək Zəngilan deyil. Oyuncağı, imitasiyası olsa bəsimizdir. Qurtuluş da onun kimi. Gerçək qurtuluş kimə lazımdır? Başını aşağı sal, işini gör – burada yazmaq mümkün olmayan bir lətifədə deyilən kimi.

Elə iqtidar da bunu gözəl bildiyi üçün prezident seçkilərində formal olsa belə təbliğat şüarını dəyişmədi. 18 ildir eyni şüarla seçkiyə gedirlər. Tərkibində “irəli” sözü olan şüarı nəzərdə tuturam. İrəli deyirsiniz, olsun, başqa nə əlacımız var?

Hərçənd, dairəvi hərəkət eləsək bəlkə daha çox irəli düşərdik. İqtidardan daxili və xarici siyasətini dəyişməyi tələb edəcək kimsə yoxdur. Heç bir real müxalif güc qalmamışdır. Məncə bunun altını, zərərini ən çox elə iqtidar özü çəkməkdədir, çünki yaşamaq, mübarizə aparmaq üçün məqsəd, ünvan yoxdur. Elə bil əziyyət çəkib çin dili öyrənirsən, ancaq Alatavadan qırağa çıxmağa imkanın olmur kiminləsə bu dildə danışasan. Yaxud, qızıldan saray tikirsən, ancaq korlar məhəlləsində. Göstərməyə adam yox, fors eləməyə məkan yox... Bəlkə növbədənkənar seçkini də darıxdıqları üçün elan etdilər. Payıza qədər başını nə ilə qatasan? Çox darıxdırıcı ölkədir.

Bu həftə dünya bazarında maraqlı bir hadisə oldu. Onlayn alış-veriş şirkəti Amazon ilk dəfə Google şirkətini bazar dəyərində ötüb keçdi. İndi Amazon-un bazar dəyəri 768 milyard dollardır. Google 762 milyard dollarlıq şirkətdir, birinci yerdə isə hələlik Apple-dir – 889 milyard dollarlıq kapitalla. Ekspertlərin fikrincə artıq avqustda Amazon Apple-ni də ötüb keçə bilər.

Mən burada bir xüsusata diqqət elədim. Əgər Amazon-u loru dildə “bazar, alver şirkəti” kimi qəbul eləsək və Google-ni da axtarış şirkəti saysaq deməli bütün dünyada insanlar axtarmaqdan beziblər. Axtarmağın qiyməti düşür. Hər kəs axtardığını tapıb, indi alıb-satmaq zamanıdır.

 Zamin HACI

Musavat.com
Yuxarı