Yerli kanallardakı verilişlərdən birinə şahmatçı Şəhriyar Məmmədyarov dəvət edilib. Məşhur xarici konseptin yerli variantı olan verilişdə dörd aparıcı – iki qadın, iki kişi – şahmatçıya sual verməli, onun obrazını açmalıdırlar. Son dövrlər ölkədəki uğurlu adamlardan biri olan Şəhriyar Məmmədyarov haqqında elə sadəcə bunu demək kifayətdir ki, hazırda o, dünya şahmatçılarının reytinq cədvəlində ikinci pillədə qərarlaşıb, bundan başqa, Şəhriyar 2800+ elo reytinqini adlamaqla tarixdə bu rekorda nail olan 13 şahmatçı arasına düşüb. Bir sözlə, verilişin konsepti maraqlı, qonaq maraqlı – bir qalırdı oturub ləzzətlə baxmaq. Ancaq təəssüf, aparıcılar işlərinin öhdəsindən gələ bilmədilər. Onlar sanki qonağa danışmağa imkan verməmək üçün bir-birləriylə rəqabətə girmişdilər, qonaq nəzakətlə gülümsəyərək, aparıcıların bir-birinin sözünü kəsmələrinə baxırdı. Aparıcılar maraqlı olmadıqları təqdirdə maraqlı, sərbəst olmadıqları təqdirdə sərbəst, təbii olmadıqları təqdirdə təbii görünməyə çalışırdırlar. Bu məcburiyyət onların sifətlərindən oxunurdu, daxillərindəki qorxu və tərəddüdlə mübarizə apardıqları aşkar idi. Əgər özləriylə mübarizədən əl çəkib maraqlı, təbii, sərbəst görünməyə çalışmasaydılar, nəticə çox daha yaxşı olardı, amma onlar zorla özlərini hansısa rolu oynamağa məcbur edirdilər...
Biz azərbaycanlılar özümüzü ifadə etmirik, edə bilmirik. Televiziya əgər həqiqətən cəmiyyətin güzgüsüdürsə, bu, televiziyada daha çox görünür. Televiziyaya çıxan insan bir qayda olaraq, özünü yaxşı ifadə etməlidir, deyim yerindədirsə, çiçək kimi açmalıdır. Amma bizdə adamlar televiziyaya sanki özlərini ifadə etmək üçün yox, etməmək üçün çıxırlar. Sıravi insanlar isə yerli kanallara baxmamalarıyla az qala öyünürlər, çünki televiziya həqiqətən də ya maraqsızdır, ya da bayağı.
Daha bir yerli kanalda “Baku Cristall Hall”dakı xarici bir pop ulduzun konsertini göstərirlər. Səhnə dağılır, musiqiçilər özlərinə əl qatıblar, üç bek-vokal bir ağızdan oxuyur, tər içindəki müğənni hoppanıb düşür və tamaşaçılardan xahiş edir ki, onlar da qoşulsunlar, mahnı bir ağızdan oxunsun, zal daha hərəkətli olsun. Kamera elə bu an tamaşaçıları göstərir, əksəriyyətini gənclər təşkil edən, ağzınacan dolu olan konsert zalında tərpəniş yoxdur. Sanki tamaşaçılar pop ulduzun konsertinə yox, operaya baxmağa gəliblər. Səhnəylə auditoriya arasında kəskin kontrast var. Müğənni dəfələrlə deyir, utanmamağı xahiş edir, amma xeyri yoxdur: hamı sakitcə yerində oturub, ayağa qalxmaqdan, qoşulmaqdan çəkinir...
Bizim minillik ənənələrdən, xüsusilə mühafizəkar dini dünyagörüşdən yoğrulmuş “mentalitet” adlı ehkamçı kültürümüz özünü ifadə edə bilən yox, özünü ifadə edə bilməyən insan yetişdirməyə köklənib. Ətalətimizin, maraqsızlığımızın kökündə cəmiyyətin ehkamçı qanunları dayanır: özümüzü ifadə etmək problemimiz var, çünki hədsiz qadağa qoyan, mühakimə edən, əxlaqçı cəmiyyətdə yaşayırıq.
Bir çox şeylər zahirən dəyişib, məğz isə əksər hallarda əvvəlki əsrlərdən mahiyyətcə fərqlənmir. Doqmatik dini qaydalar əsasında formalaşan kültürümüzdə "onu eləmək olar", "bunu eləmək olmaz" kimi mühakimə edən qanunlar demək olar ki, insan həyatının ən kiçik zərrəciyinə qədər nəzarət edir, ən xırda detallara qədər. Azərbaycanda küçədə, meydanda, avtobusda, yığıncaqda, ofisdə, hətta konsertdə də hər kəs hər kəsə nəzarət edir. "O gərək belə eləsin", "O gərək belə eləməsin", "O, gərək belə geyinsin", "O, gərək belə geyinməsin", "O, gərək özünü belə aparsın", "O, gərək özünü belə aparmasın" və s. kimi mühakimələr bizim insanın beynini daim məşğul edir. Özündən asılı olsa da, olmasa da o, keşikçi, nəzarətçi funksiyasını öz üzərinə götürüb. Minillik ehkamlar ona bu vəzifəni boynuna götürməyi tələb edir. Beləliklə, insan ehkamlar qəfəsində o qədər məhdudlaşdırılıb, fərdiyyəti o qədər heçə endirilib ki, onda özünü ifadə etmək mexanizmi sadəcə olaraq sıradan çıxıb. Hələ bir əxlaqçı, ehkamçı da onun öz içində oturub, davranışlarına görə onu daim mühakimə edir. Hətta ən sekulyar çevrələr arasında da belədir. Ateist də olsan, ən adi şeylərdə ehkamçı ola bilirsən, özünü məhdudlaşdırırsan, özünə özünü ifadə eləməyə imkan vermirsən. Bizdə əksərən sekulyarlıq zahirən mövcuddur, sərbəst və müstəqil deyilik, daxilən hələ də nəzarətçi, keşikçi olaraq qalırıq. Biz buna vadar edilirik. Cəmiyyətin təsirini biz əksər vaxt yetərincə qiymətləndirmirik çünki, biz ətrafımızdan sandığımızdan da çox asılıyıq.
Erix Fromm insanın azadlıq, özünü ifadə etmək, fərdiyyət problemini araşdırdığı “Azadlıqdan qaçış” adlı əsərində cəmiyyətin insan üzərində nə qədər hökmran olduğunu, insanın davranışlarını, hərəkətlərini, qərarlarını necə yönləndirdiyi haqda yazır: "Əksər insanlar kənar bir güc onları açıq-aşkar bir şeyi eləməyə məcbur eləmirsə, verdikləri qərarların özlərinə aid olduğuna və bir şeyi eləmək istəyirlərsə də, bunu istəyənin özləri olduğuna inanırlar. Lakin bu, özümüzlə bağlı böyük aldanışlarımızdan biridir. Əslində, qərarlarımızın çoxu özümüzə aid deyil, kənardan bizə tövsiyyə edilmiş qərarlardır; əslində, başqalarının gözləntilərinə uyğun şəkildə davranırıq, çünki təcrid olunmaq qorxumuz var, həyatımıza, azadlığımıza və rahatlığımıza birbaşa gələcək təhdidlərin yaratdığı qorxu hissi bizi daim təqib eləsə də, özümüzü inandırmışıq ki, qərarı verən məhz elə özümüzük".
Cəmiyyətin bizdən müəyyən gözləntiləri var, o, bizim üçün rollar biçir və bizdən o rolları oynamağı, onun gözləntilərinə cavab verməyi tələb edir. Cəmiyyətdən hədsiz asılı olan insan isə fərd ola bilmir, fərd olsa belə, müəyyən müqavimətdən sonra adətən əl götürür, çünki çoxluğa qarşı mübarizə aparmaq çox çətindir, insan çox vaxt elə uşaqlıqda bu mübarizənin faydasız olduğunu dərk edir. Əxlaqçılığın, ehkamçılığın yayğın olduğu cəmiyyətdə fərdiyyət, özünəməxsusluq nadir hadisədir, həqiqi insan yox dərəcəsindədir. Fromm bununla bağlı yazır: "Həqiqi düşünmək, hiss etmək və arzulamaq davranışlarının yerinə süni, ya da saxta davranışlar qoyulsa, həqiqi şəxsiyyət gün keçdikcə öz yerini süni şəxsiyyətə verər. Həqiqi şəxsiyyət zehni fəaliyyətləri başladan, onları əmələ gətirəndir. Süni şəxsiyyət isə əslində, bir adamın oynaması nəzərdə tutulan rolu oynayan vasitədir, ancaq bu vasitəni, daha doğrusu rolu şəxsiyyət adı altında yerinə yetirir...
Həqiqi şəxsiyyətini itirib yerinə süni şəxsiyyət qoyması, fərdi hədsiz böyük təhlükə qarşında qoyur. O, ürəyinin dərinliyində özünün başqalarının ondan istədiyinin inikası olduğundan şübhələrə qapılıb, axı müəyyən dərəcədə kimliyini itirib. Beləliklə də, o, bu cür kimlik itkisi nəticəsində ortaya çıxan ani qorxunun öhdəsindən gəlmək üçün adaptasiya olmaq, öyrəşmək, müntəzəm olaraq başqaları tərəfindən təsdiqlənmək və qəbul olunmaq surətiylə kimliyini axtarmaq məcburiyyətində qalıb. Özünün kim olduğunu bilmədiyinə görə fikirləşir ki, əgər başqalarının gözləntilərinə uyğun şəkildə davranarsa, onlar biləcəklər, onlar biləcəklərsə əgər, özü də kim olduğunu biləcək; buna görə də onlara inanması kifayətdir".
Bizim müasir dünya ilə konstrastımız sıravi bir azərbaycanlı xaricə çıxanda daha çox aşkar olur. Azərbaycanlıların xaricə gedərkən bir-birlərinə verdikləri qəribə bir məsləhət var: “Harda azərbaycanlı gördün, qaç!”
Belə məsləhət verən insanın arqumenti əksər vaxt digəri üçün aydın olur, çünki “bizimkilər özlərini apara bilmirlər”, başqa sözlə özlərini ifadə edə bilmirlər. Ona görə utanıb xəcalət çəkirsən, o, səni asanlıqla çox pis vəziyyətdə qoya bilər.
Bizdə nadir hallarda xasiyyətcə sərbəst adama rast gəlmək olur, o, bir qayda olaraq qeyri-müstəqil, qapalı, özünü aça bilməyən, açmaqdan qorxan insandır. Səbəb təkcə mentalitet deyil, Sovet quruluşu da hədsiz ehkamçı cəmiyyət yaratdığından bizdə azıymış kimi bir xeyli ehkamçı qaydaları da sovetlərdən əxz etmişik.
Və əlbəttə, bütün bu ehkamlar siyasətçilər üçün cəmiyyəti idarə etməyə, manipulyasiya etməyə imkan verdiyindən siyasət də onlardan ürəyi istədiyi qədər yararlanır. Bütün doqmatik cəmiyyətlər fürsətcil siyasətçilərin əlində çox vaxt sadəcə olaraq bir oyuncaq kimi fırladılırlar.
Cəmiyyətin özünü ifadə etməsiylə bağlı əsasən siyasi məzmunlu belə bir mühakimə var bizdə: Azərbaycanda cəmiyyət özünü ifadə eləsə, pis olacaq, gedib mollalardan yapışacaqlar, şəriət rejimi quracaqlar, ona görə də elə qapalı qalsalar yaxşıdır. Bunu deyən kəslər adətən öz şəxsi maraqlarından, qorxularından çıxış edən adamlardır olmağına, amma fərq etmir, belə bir düşüncə var. Kütlələrin özünü ifadə etməsində dağıdıcılıq elementləri olur, lakin səhvsiz, xətasız təkamül, tərəqqi də mümkün deyil. Cəmiyyətin özünü ifadə etməsindən qorxaraq qandallarda saxlamaq, çölə çıxarsa, başına iş gələcək deyə bir adamı ömrü boyu evin içində saxlamağa bənzəyir. Sən qorxursan ki, o, birdən səhv edər, başına hadisə gələr, ona görə də onu baxçaya, məktəbə, universitetə, işə getməyə qoymursan və nəhayətdə, o, ağır xəstələnir, yaxud bir insan kimi insaniliyini, funksionallığını itirir.
Tarix boyu biz cəmiyyət kimi heç zaman tam müstəqil olmamışıq, əksərən qapalı olmuşuq, bir neçə dəfə də qısamüddətlik yarım-müstəqil. Əgər tək-tük xırda uğurlar varsa da, bu yarım-müstəqillik dövlərində baş verib. On doqquzuncu əsrin sonlarında çar Rusiyasındakı liberal islahatlar bizə də təsirini göstərdi. Nəticədə ziyalı fərdlər, intellektuallar ortaya çıxmağa başladı, onlar ilk böyük bəlanın nə olduğunu başa düşdülər: cəmiyyətin köhnəlmiş kültürünə, daşlaşmış qaydalarına, ehkamçılığa qarşı mübarizəyə başladılar. Cəmiyyətə qarşı çıxmasaydı, bizim heç bir zaman Axundov kimi maarifçi babamız olmayacaqdı, Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin” məktəbi olmayacaqdı, yarım-müstəqillik şəraitində yetişən ziyalı fərdlərin sayəsində yaranan Xalq Cümhuriyyəti olmayacaqdı. Amma təəssüf bu gedişat qəfildən yarıda kəsildi, Sovet repressiyaları - 1937 bütün bir nəslin kökünü kəsdi. Ölkənin ikinci müstəqilliyindən sonra ortaya çıxan fərdləri və ziyalı təbəqəsini isə sonradan cəmiyyətin də köməyilə siyasət yedi. Hətta son dövrlərdəki qismən yarım-müstəqillik şəraitində bizdə AYO, Azad Fikir Universiteti, proqressiv gənclər hərəkatları fəaliyyət göstərir və genişlənirdilər, sonradan onlar da müxtəlif şəkillərdə uduldular.
Erik Hoffer “Əsl İnamlı” əsərində yazır: “...bir cəmiyyətin öz canlılığını daim saxlaması üçün oxumuş və ziyalı azlığın mövcud olması qaçılmazdır. Əlbəttə ki, söz adamlarının hakimiyyət başında duranlarla ittifaqa girməməsi lazımdır. Uzaq Şərqin sosial durğunluğunun bir çox səbəbi var, amma şübhəsiz ki, bunlardan ən vacibi əsrlərdən bəri ziyalıların həm sayca az olması, həm də hakimiyyətin bir qolunu – dövlət məmuru və ruhani kimi – təşkil etmələridir”.
Biz ölkədə demokratiyanın olmamasından şikayətlənirik. Ən adi bir fərdi özünüifadəni mühakimə edən bir cəmiyyətdə kollektiv şəklində səs vermək kimi kültür necə mövcud ola bilər? Hələ səs vermək demokratiyanın çoxsaylı elementlərindən sadəcə biridir – demokratiya kollektiv bir özünüifadə, şüur və mədəniyyət hadisəsidir. Özünüifadəni mühakimə edən, doqmatik, qapalı bir cəmiyyətdə necə effektiv ədəbiyyat, kino, teatr – sənət anlayışı mövcud ola bilər? Sövdələşmə kimi özünüifadə etmə bacarığından məhrum cəmiyyətdə necə biznes anlayışı mövcud ola bilər? Və nəhayət, dövlətlə cəmiyyət necə ümumi bir dil tapa bilər?
Hər bir cəmiyyətdə əxlaqçılıq, ehkamçılıq, mühakiməçilik elementləri olub və olacaq, lakin məsələ budur ki, bizdə bunlar lazım olandan qat-qat daha çoxdur. Nəhayətdə isə, bu bizi insan kimi funksionallığımızdan - özünü ifadə etməkdən məhrum edir.
Cavid Ramazanlı
opengovernment.az