Ramiz Rövşən - 67
Bu poeziyanın populyarlığını əsas alaraq, ruhumuza hak…
Alain Finkielkraut modern fransız filosofudur. Antisemitizm, etnik konfliktlər, klassik ədəbiyyət və fəlsəfədən yola çıxaraq yazdığı etik mövzular barədə çoxlu kitab və esse müəllifidir. 2008-ci ildə "Foreign policy" jurnalının dərc etdiyi "Müasir dövrümüzün ictimai şüuruna təsir edən 100 intellektual" siyahısına Alain Finkielkraut da seçilmişdi.
“Sevginin müdrikliyi" kitabı, "Səfehliyə dair" bölümü
"M.Homais belə davam edir:" Mən hökümətin yerində olsam, ayda bir dəfə keşişlərdən qan aldırardım. Bəli, Madam le François, düzən və əxlaq naminə hər ay bol-bol qan aldırardım bunlardan". "Madam Bovari"nin unudulmaz əczaçısı ardınca söyləyir:"Mənim Tanrım Sokratın, Franklinin, Volterin və Berangerin Tanrısıdır! Mən Savoyya Keşişlərinin inanclarının və 89-cu ilin ölməz prinsiplərinin tərəfdarıyam! Əlində çəlik, çiçək bağçasında dolaşan Tanrı mömünün, dostlarını balinaların qarnına salmasını, çığırıb ölməsini, üç gündən sonra da dirilməsini qəbul edə bilmərəm. Başdan-başa cəfəngiyyat söhbətlərdi bunlar, üstəlik bütün fizika qanunlarına ziddilər. Bu hal keşişlərin xəcalətli, üzqızardacaq dərəcədə bilgisizlik içində çürüdüklərini göstərir. Ən pisi də budur ki, özləriylə birgə xalqı da bu bilgisizlik bataqlığına batırmaq istəyirlər."
Floberin Homaisi bu bəyanatla göründüyü kimi "Aydınlanma" çağının mirasçısı olmaq iddiasındadır. Dünya bütünlüklə bir-birinin ziddi olan, biri o birinə qarşı olan güclərin, mövqelərin səhnələndiyi teatrdır və bu qarşıdurmada o, cəhalətə qarşı fəlsəfədən, batil inanclara və doqmalara qarşı ağıldan yanadır. Hər şeyin bir anda Tanrı tərəfindən müəyyən edildiyini vurğulayan hökmlərə qarşı tənqidi yanaşmanı ortaya qoyur. Hələ də uşaqlıq dövrünü yaşayan bəşəriyyətin kor-koranə inandığı İncil nağıllarına, Şaxta Babaya inanmaqdan vaz keçən yetkin, ağlı başında olan insan kimi qarşı çıxır. Heç bir avtoritet zehində yaranan düşüncə işıltısını kontrol altında tuta bilməz. O, artıq ilahıyyatın köləsi deyildir, orta əsrlərin onu məhkum etməyə çalışdığı məhdud məqamdan qurtulmuşdur. Fəlsəfə Yunanıstanda "doxa"ya, yəni doqmaya etiraz edən zehniyyətdən doğmuşdur, fəlsəfə Renessansını ortodoksluğun rəddinə borcludur və azad düşüncəli Homais ilhamlı xitabət qabiliyyətiylə bu qurtuluş hərəkatına dəstək verir.
Baş keşiş Bournisien, Modern Zamanın bu natiqinə və onun qayğısız dinsizliyinə cahilcə və təəsübkeşliklə qarşı çıxır. Onlar arasında yaranan bu mücadilə 19-cu əsrin Avropasında baş verən Elm və İnanc qarşıdurmasını simvolizə edir. Baş keşiş ruhun ilham aldığı müqəddəs kitabdan başqasını tanımır, qarşı tərəfdə əczaçı isə araşdırma qabiliyyətini gəlişdirərək düşüncə azadlığı yaradan və fərdi dünyabaxışın əmələ gəlməsinə yol açan kitabları təhdid ünsuru kimi istifadə edir. Biri, ilahi həqiqət qarşısında ağılı aşağılamaq istərkən, digəri insanı sadəcə aydınlığa və ağılçı düşüncə qanununa bağlamaqla tanrı ilhamıyla hiss edilən həqiqətdən xilas etmək istəyir. Ancaq buna baxmayaraq bu düşmənlər həm də qardaşdılar. Daşıdıqları və müdafiə etdikləri dəyərlər fərqlidir, fəqət bəsitlik, bayağılıq və saflıqda eynidilər. Bournisiendən Homaisə doğru "Mütləq" olan sadəcə yer dəyişdirib. Din avtoritar mütləqi göyüzünə, özgür elm isə insan ağlına yerləşdirib.18-ci əsr düşüncə fəaliyyətini hər cür dini hücumdan xilas etməyə çalışmış, cəsarəti qırılan sonrakı yüzilliksə bu cəhdin nəticəsiz qaldığına şahid olmuşdur. Orta əsrlərin zülmətinə qarşı aparılan və insanı yetkinləşdirəcəyinə ümid edilən mucadilə əslində mahiyyətin yerində sayması və sadəcə zahiri örtüyün dəyişməsindən başqa heç nəylə sonuclanmadı. Tanrı iradəsi ağlın yıxıcı işləyişinə boyun əyəcəyi yerdə, ağıl özü sanki kor-koranə ilham yoluyla əldə edilən mütləq həqiqət kimi yerində qaldı. Homais gözübağlı bir Volter tərəfdarıdır, elm fanatikidir, kilsənin batil etiqadlarına ancaq başqa cür basmaqəlib düşüncələrlə cavab verir.
Bir İncil, digərinin yerini alır. Müqəddəs kitablarda təsvir olunan hadisələri uydurma hekayələr olmaqda günahlandıran rasionalizm birbaşa öz doqmalarını yaratmağa başlayır. Heç kim düşünmür. Hamı əzbərlədiklərini söyləyir. Dini mövzularda özgür düşüncəli olanlar və kilsə tərəfkeşləri, hər iki tərəf də oxşar şəkildə öz sahəsindəki ortaq "bilgəliy"in onların şüuruna yeritdiyi klişe sözləri saf çürük etmədən qəbul edən məhdud zehniyyətli insanlardan başqa bir şey deyillər. Açıq aşkar düşüncəsizliklə mübarizəyə qalxan sistemlərin özündə belə düşüncəsizlik dominantlıq edir. Dini məzmun yenilmiş sayılsa da, tanrılaşma, bütləşdirmə meyli olduğu kimi qalmış olur. 19-cu əsrin səfehliyi hər yerdə hazıra-nazır olan bu universal "basmaqəlibliy"i ehtiva etmiş olur. Flober " Madam Bovari"də bizə həm kilsə düşmənçiliyinin iyrənc səfehliyini, həm də kilsə düşmənçiliyini tamamilə haqlı çıxaran keşişin iyrənc səfehliyini təsvir edir.
İmansız Homaislə baş keşiş Bournisien arasındakı gizli bənzərlik qarşılıqlı anlaşmanı fasiləsiz şəkildə itələmiş, inkar etmiş olur. İkisi də öz bütünə qeydsiz-şərtsiz güvən bəsləyib boyun əyməkdədilər. Hər ikisi də tez təsirlənən xasiyyətə sahib insan tipi olduqlarından fərdi həqiqətləri üzərində bir dəfə də olsun düşünmək ehtiyacı duymadan bu "həqiqətlər"i mənimsəyirlər və yeni olan heç nə başlarına girmədiyi üçün də zehniyyətlərində dəyişiklik yaranmır. Qısaca desək, hər iki tərəf də bəsit, dayaz, naiv inanc sahibidilər əslində və hər zaman üçün xüsusi səfehlik növü sayılacaq bu bənzərlik "Aydınlanma" çağının təməlində yatan tolerantlığı tamamilə keçərsiz hala gətirir.
Modern dövrümüzdə totalitar ölkələrdəki siyasi nitqlərin üslubunu ifadə etmək üçün istifadə olunan "propaqanda dili"ndən söhbət açmaq Floberin " Səfehlik" modeliylə üst-üstə düşür. Din və elm kimi, inqilablar da öz Homaislərini yaratdılar. Bu insanlar çaşmaz hökmlərlə dolu ədayla dərslərini əzbərdən söyləyir, əzbərlədikləri sloqanları üstünə basa-basa təkrarlayır və tarixin axışına bütün varlıqlarıyla qatıldıqlarını sanki hansısa dini mərasim söyləyirmiş kimi ucadan hayqırırlar. Hər biri öz müqəddəs kitabından istənilən hadisə və əşyayla bağlı aforizm vəya ata sözləri axtarıb üzə çıxarırlar. Yuxarıda adı çəkilən əczaçı kimi eyni qayğısızlıq və kobudluqla bütün xüsusi gerçəkləri həmişə yanlarında daşıdıqları doqmatik və sabit bilgi qəlibinin içində əridirlər. Cümlələrinin sonunun necə gələcəyi bəri başdan bəllidir. Bu cümlələrdə məhdud sayda simvol var və onlar da zatən yetərsiz tərkiblər içində yerdəyişmə edib dururlar. Elm imanı yenməyə çalışdı, fəqət özü yeni bir din yaratmış oldu. İnqilabi, tənqidi təfəkkür belə dini yadlaşmanı hər çür yadlaşmanın və qeyri təbiiliyin modeli kimi açıqladıqdan sonra özü də propaqanda dili vəziyyətinə düşüb donur və "qorxunc bir kilsənin qorxunc Latıncası" halına çevrilir. Dindarlıqla əlaqəsini kəsdiyini düşünsə belə insan yenə də itaətkardır. Bu məqamda Səfehlik nədir? Dini qaranlığın, onu yox etməyə çalışan zehniyyətdən aldığı ironik qisasdır, sərhədləri aşan və hər sferaya sızan imandır..
Dini səfehlik, burjua səfehliyi, inqilabi səfehlik: Düşünməkdənsə itaət edilir, kör-koruna inanc sorğulayıcı düşüncəyə üstün gəlir, insan ağlını istifadə etmək yerinə dartışılmaz bir "Tanrı hakimiyyəti" qarşısında boyun əyir. Səfehliyin inadçılığı qarşısında modern zaman öz uğursuzluğunu elan edir- ağıl, insanlar üzərindəki tanrı təsirinə son verməyi bacarmadı - və öz məsumiyyətini bəyan edir. Əgər toplumunuzda anlayışsızlıq dəyər qazanıbsa, bu olsa olsa inadçı bir arxaizmdir, düşünən varlığın intellektual məzmununda hər cür sərhədi və doqmatizmi yox etməyi hər şeydən çox istəyən bir çağın- "Aydınlanma" çağının həqiqi dəyəri deyildir.