“Zülmətdə bir alatoran”ı oxuyarkən...
Qələminə, istedadına güvəndiyim yerli ədiblərin əksəriyyətinin əsərlərini …
Artur Şopenhauer ən çox oxunan alman mütəfəkkiri hesab olunur. Özündə epistomologiya, şüur fəlsəfəsi, estetika, etika və "həyatın anlamı" kimi mövzuları birləşdirən "fəlsəfi pessimizm"in banisi sayılır. Ardınca sistemli məktəb yaratmasa da, düşüncələri mənəvi şagirdi sayılan Nitşedən Viqtenşteynədək, Tolstoydan Tomas Mannadək, Eyneşteyndən Freydedək bir çox filosof, sənətkar və alimi təsirləndirib. Modern dövrun ingilis intellektualı və ədəbiyyatşünası Terri İglton Şopenhauer barəsində belə yazır: Əgər Şopenhauer günümüzdə hələ də oxunursa, bu onun təkcə insan varoluşunun ən səfil və miskin şəkildə məqsədsiz, anlamsız olma ehtimalıyla, demək olar, bütün digər filosoflardan daha artıq səmimiyyət və acımasızlıqla üzləşməsi səbəbindən deyil, həm də söyləmək məcburiyyətində qaldığı əksər qənaətlərin kəsinliklə doğru olduğuna görədir.
1) Əlbəttə, bütün dövrlərin bilgə insanları dünya və yaşam barəsində oxşar qənaətləri bölüşüb, təklif ediblər və bütün dövlərin axmaqlarısa, yəni insanların əzici çoxluğu da bu deyilənlərin tam tərsini nümayiş etdiriblər. Bu səbəbdən bütün ömrü zorakılıqla mübarizədə keçən Volter söyləyirdi: "Bu dünyani, eynilə ona göz açdığımızda gördüyümüz kimi, iztirablı, pis və axmaq şəklində tərk edəcəyik".
2) Aristotel insan yaşamının mülklərini üç sinifə ayırırdı: xarici mülklər, ruha aid olanlar və bədənə aid olanlar. Bu ayırım üzərində qalmadan, üç bəndi qoruyaraq insanların taleyindəki fərqlərin üç təmələ dayandığını söyləyirəm.
Bunlar:
1. Bir kəsin nə olduğudur. Yəni, ən geniş anlamda sahib olduğu fərdiyyəti. Bu mənada sağlamlıq, güc-qüvvət, gözəllik, xarakter, mənəvi keyfiyyətlər, zəka və bəslənmə tərzi bu maddə altında toplana bilər.
2. Bir kəsin nəyə sahib olduğu, yəni malı və mülkü.
3. Bir kəsin nəyi təmsil etməsi. Bundan, adından da göründüyü kimi insanın başqalarının düşüncəsində nə olduğu, yəni onun başqaları tərəfindən necə təsəvvür edildiyi anlaşılır. Buna əsasən sözügedən təmsil başqalarının onun barəsində qənaət etdiyi baxışlarından yaranır və hörmət, status, şan şöhrət olaraq ortaya çıxır.
İlk maddə altında toplananlar birbaşa olaraq təbiətin insanlar arasında müəyyən etdiyi fərqliliklərdir. Məhz bu fərqliliklər insanların xoşbəxtliyi və bədbəxtliyi üzərində sonrakı maddələrdə göstərilən nəsnələrdən daha önəmli və daha dərinə işləyən təsirlər göstərir. Bütün sinfi, irsi üstünlüklər, hətta zənginlik, irsi əsilzadəlik belə həqiqi fərdi üstünlüklər sayılan- böyük zehin və nəcib ürəklə müqayisədə, gerçək krallar qarşısındakı kral rolu oynayan aktyorlara bənzəyirlər. Şubhəsizdir ki, insanın sağlam ruh halı və varoluşu üçün əsas sayılacaq fərdi cəhətləri, ilkin duyğuları, nəsnələri arzulama biçimi və düşüncələrinin uzantısı olan xoşhallığı, ya da bədhallığı köklü şəkildə məhz burada üzə çıxır, xarici dünyadakı hər hansı hadisə yaxud əşyanın bu prosesə ancaq dolayı təsiri vardır. Bu səbəbə görədir ki, eyni xarici olaylar və şərtlər hər insanı tamam fərqli şəkildə təsirləndirir və hər kəs eyni məkanda olsa belə fərqli zehni dünyalarda yaşayırlar. Çünki insan yalnız şəxsi təsəvvürləri, duyğuları və canatmalarıyla həqiqi birlik içində yaşayır, xarici proseslərin ona təsiri ancaq daxili proseslərin izn verdiyi ölçüdə baş verir. Hər insanın içində yaşadığı dünya öncə öz qavrayışına bağlıdır, beyinlərin fərqliliklərinə görə yönlənir. Bu fərqə görə də bir kəsin zehnindəki dünya darıxdırıcı, məhdud olduğu halda, digərində zəngin, maraqlı və anlam doludur. Örnəyin bir kəs, yaşamında tez tez qarşısına maraqlı hadisələr çıxan başqa insanı qısqanırsa, onu daha çox bu olay və hadisələrə anlam əxz edən, bu hadisələrdə maraqlı, düşündürücü, yeni dəyərlər yarada biləcək mənalar görən qavrayış qabiliyyətindən ötəri qısqanmalıdır. Çünki, ağıllı bir başda bu cür maraqlı şəkildə əks olunan hadisə, məhdud bir zehniyyətlə qavrandığında sadəcə məişət həyatının yavan, bəsit səhnəsi kimi diqqətdən qaçıb unudulacaqdır.
3) Azadlıqda yaşayan axmaq insanın sərsəm bilincində hiss etdiyi bütün həzzlər və mənzərələr, narahat bir həbsxanada oturub "Don Kixotu" yazan Servantesin bilinci qarşısında çox yoxsuldular.
4) Əksiksiz sağlamlıq və qüsursuz bədəndən qaynaqlanan təmkinli, nəşəli xarakter, duru, canlı, nüfuzedici və doğru qavrayışa sahib zəka, yumşaq, səbatlı iradə və təmiz vicdan- bunlar, yerini heç bir rütbə və zənginliyin doldura bilməyəcəyi üstünlüklərdir.
5) Daxili dünyası zəngin insan tamamilə yalnız olarkən belə, düşüncələri və xəyallarıyla birgə təkrarsız əyləncəyə sahibdir. Digər tərəfdəsə ruhsuz bir adam davamlı olaraq dərnəkdən dərnəyə, oyundan oyuna, səyahətdən səyahətə, şənlikdən şənliyə qaçıb əyləncə axtarsa da yenə can sıxıntısından qurtula bilməz.
6) Sokrat satılmaq üçün sərgilənən lüks mallara baxaraq "heç bir ehtiyac duymadığım nə çox şey varmış" deyə iztehzayla söyləmişdi.
7) Alicənab xarakter, istedadlı qafa, nəşəli əhval ruhiyyə və sağlam bədən kimi təbiətdən bəxş edilən mülklər fərdi xoşbəxtliyimiz üçün ən önəmli olanlardır. Buna görə də xarici mülklərə və zahiri şan şöhrətə sahib olmaqdan çox, bu daxili mülklərin gəlişməsinin və qorunmasının qeydinə qalmalıyıq.
8) Olayların gerçəklikdə necə olduqları deyil, bizim qavrayışımızda necə əks olunduqları xoşbəxtliyimiz və bədbəxtliyimiz üzərində təsirə səbəb olur. Epiktet belə söyləyirdi: "İnsanları hüzursuz edən başlarına gələn hadisələr deyil, həmin hadisələr barəsindəki təsəvvürləridir". Ancaq ümumi söyləsək deyə bilərik ki, xoşbəxtliyimizin onda doqquzu sağlamlığa dayanır. Sağlamlıq hər şeyi həzz qaynağına çevirə bilər, fəqət sağlamlıq olmadan heç bir zahiri mülk və yaşantılardan dolğun şəkildə həzz almaq mümkün deyil.
9) Bir insan daxilən nə qədər zəngindisə, xaricən də bir o qədər az şeyə ehtiyac duyacaq.
10) Hər cür həzzin qaynağı əqrabalıq duyğusuyla bağlıdı. Başqalarıyla munasibətdə hər insan özünə bənzər insanlara üstünlük verir, dolayısıyla məhdud düşüncəli insan üçün bütün dərin beyinlər bir araya toplaşsalar da heç bir anlam ifadə etməzlər. O, gedib dünyanın uzaq küncündə də olsa məhdud zehinlər toplumunu seçəcəkdir.
11) "Boş zaman" cahil insanlar üçün can sıxıntısıdır. Sıradan insanlar sadəcə zamanı doldurmağı düşünürlər, istedadı olanlarsa ondan yararlanmağı.
12) Ən özgüvənli və rahat ölkələr xarici ölkələrdən gələn idxala ən az ehtiyac duyan ölkələrdir. Buna bənzər olaraq əylənmək üçün xaricdən gələn təsirlərə ən az ehtiyac duyan insan da ən hüzurlu insan sayıla bilər. Xaricdən alınan mal baha başa gələr, asılılıq yaradar və təhlükə gətirər, sonucda bezginliyə səbəb olar. Biz xarici dünyadan, başqa insanlardan çox böyük gözləntilər içində olmamalıyıq. Nəhayətdə, bir kəsin başqaları üçün nə ola biləcəyinin çox dar sərhədləri vardır. Sonda yenə hər kəs özüylə yalnız başına qalmalı olur.
13) Öldükdən sonra, doğulmadan öncə haradaydıqsa, oraya qayıdacağıq.
14) Elmi hər kəs öyrənə bilər-kimsə az cəhdlə, başqası daha çox cəhd etməklə. Ancaq incəsənətdən hər insan ancaq mənəvi zənginliyinin imkan verdiyi ölçüdə yaşantı əxz edə bilər. Musiqi duyumu olmayan insanda Mosartın operaları hansı hissləri yarada bilər? Rafaelin "Madonna"sında əksəriyyət nəyi görə bilir? Hötenin " Faust"u nə qədər insanın dəyərinə tuş gəlib? İncəsənət elm kimi təkcə xalis zəkayla əlaqəli deyil, o, daha çox insanın psixi mahiyyətinin dərinlikləriylə əlaqəli yaradıcılıqdır.
15) Dahi ilə dəli arasında oxşarlıq var. Hər ikisi sanki digər insanların yaşamadığı fərqli dünyada yaşayır.
16) Dövrümüzdə təbiət elmlərinin parlaqlığı və hökmranlığı o qədər böyükdür ki, onlarla bağlı olmayan fəlsəfi sistemlər heç zaman ciddi intellektual təsirlər yarada bilməzlər.
17) İnsan ağıllı meymundur.
18) Saxtakarlığa dövrümüzün Rudolf Vaqner kimi zooloqları arasında da rast gəlinir. Onlar insanın heyvanlar arasına aid edilməsinə etirazlarını bildirirlər. Miskin korlar!
Bütün canlılarda eyni ruhun yaşadığını dərk etmədiklərindən öz yalnış qənaətlərində israr edib dururlar. Ancaq, məsələn, Joffrua kimi ciddi alimlərsə insan ilə meymunlar arasında ciddi fərq görmür və onları eyni ailəyə məxsus növlər olaraq təsnif edirlər.
19) Biz təbiətin hər yerində rəqabət, mübarizə, qalibiyyət və məğlubiyyətin fasiləsiz davamiyyətinə şahid oluruq. İradə obyektivasiyasının hər üstün mərhələsi digər materiyanın zaman və məkanını qəsb etməyə can atır. Bu mübarizə ən bariz şəklində heyvanlar aləmində üzə çıxır: bəziləri bitkilərlə qidalanır, növbəylə onlar da daha güclü və qıvraq heyvanların şikarına çevrilirlər. Hər canlı öz iradəsini başqa canlıları yox etməklə vurğulamış olur. Bu gedişlə həyata yönəlik iradə hər yerdə sanki öz özünü yeyib bitirməklə məşğul olur və nəhayət insan irqinə çatdığında, bütün digər canlılar üzərində hakimiyyət quraraq təbiətə bütün ehtiyaclarını ödəyəcək nəhəng fabrikat kimi baxmağa başlayır.
20) Yalnız seksual impulslarla dumanlanıb korlaşan kişi zehniyyəti bu bəstəboy, darçiyinli, enlibaldır və qısaayaq cinsi, "gözəl cins" adlandırıb tərənnüm edə bilər.
21) Mərhəmət və nəciblik də, eynilə dahilik kimi öyrədilə bilməz. Anlayış və məhfumlar bu sferada da səmərəsizdir. Buna görə də, bütün əxlaqi sistemlər və etik məktəblərimizin dünya üçün çoxlu sayda alicənab, işıqlı və mərhəmətli insanlar yaradacağını gözləmək, estetikayla bağlı yazılmış kitabları oxuyan hər kəsin dahi şairlərə, musiqiçi və heykəltaraşlara çevriləcəyini gözləməyimiz qədər yalnışdır.
Tərcümə: Rüstəm Ayaks