post-title

Samir Hüseynov - "De Rerum Natura"

“Atomlar təkrarən vücud tapır, bir ölüm başqa bir doğuma zəmin hazırlayır” - Titus Lukretius

1417-ci ilin şaxtalı bir qış günü idi.  Orta əsrlər Avropasında sıradan həyat davam edirdi. Ümumiyyətlə, həmin ildə Avropada tarixə keçən bir sıra hadisə baş vermişdi. Osmanlı qoşunları Bolqarıstandakı Dobrucanı ələ keçirmiş, Londonda dünyanın ilk küçə lampaları qurulmuşdu. Ancaq bu hadisələr tədricən zaman nəhrinin kiçicik damlaları olaraq unudulub gedəcək, tarixin axarında əhəmiyyətli rol oynamayacaqdı.

Yalnız məhz həmin qış günü və onun tapıntısı əsrlər boyu dildən-dilə dolaşacaqdı. Toskanalı Poggio Bracciolini üçün bu gün çox əlamətdar idi. Almaniyada, Fulda monastrında, qədim əlyazmalara baxarkən Poggionun diqqətini fərqli bir nüsxə cəlb etmişdi. Müəllifin adı dərhal yadına düşmüşdü. Bu ki, Siseronun haqqında danışdığı şair və onun peoması idi.

Beləcə, əsrlərdir haqqında danışılan, amma heç kəsin oxuya bilmədiyi Romalı Lukretiusun "De Rerum Natura" ("Əşyaların təbiəti haqqında") poeması tapılmış oldu. Poggio bu əsəri dostu Florensalı Niccolo de Niccoliyə verəcəkdi və bununla da bu əlyazma çoxaldılıb Avropanın hər bir küncündəki əli qələm tutan və düşünən insanların kitabxanasına daxil olacaqdı. 

Lukretiusun həyatı barədə demək olar ki heç nə bilmirik. Güman olunur ki, O, eramızdan əvvəl 55-ci ildə vəfat edib. Amma dəqiq olan bir şey var ki, Romalı Lukretius özündən təqribən 250 il əvvəl yaşamış, Yunan filosofu Epikürün fəlsəfi fikirlərinin vurğunu idi. Epikürün düşüncə sistemi onu o qədər təsirləndirmişdi ki, bu fikirlər əsasında poema yazmış və Antik dövrlə Müasir zaman arasında körpü olmuşdu. 

***

Poggionun elmə gəlməsində həmyerlisi Toskanalı Leonardo Bruninin böyük rolu olmuşdu. Məhz Bruninin dəstəyi ilə Poggio Katolik kilsəsinə bağlı bir piskoposun köməkçisi olmuş və kargüzar olaraq işə başlamışdı. Leonardo Bruni tarixə Poggionun həmyerlisi olaraq yox, Renessansı “kəşf edən” tarixçi olaraq keçmişdir.

Bruniyə görə bəşər tarixi üç hissəyə bölünürdü. Birinci dövr qədim Antik dövr idi ki, bu dövr Qədim Roma imperiyası və yüksək inkişafla səciyyələnirdi. İkinci dövr Qaranlıq Orta Əsrlər idi ki, bəşəriyyət (İtaliya) zülmətə qərq olmuşdu. Üçüncü dövr isə Renessans idi. Renessans əzəmətli Antik dövrü yenidən diriltməli idi.

Renessans öz utopiyasını tarixin dərinliklərində - qərinələr əvvəl mövcud olmuş Roma mədəniyyətində tapmışdı. Bu baxımdan Renessansçılar fundamentalist idilər – yəni onlar keçmişə qayıtmaq istəyirdilər.

Haşiyə çıxıb qeyd edim ki, bu nüansa görə Renessansçılar sonrakı nəsil olan Maarifçilərdən tamamilə fəqrlənirdi. Çünki, Maarifçilər gözlərini gələcəyə dikmişdilər. Maarifçilərin arzuladığı cəmiyyət heç vaxt mövcud olmamışdı, ancaq onlar inanırdı ki, yeni fikirlər və gərgin zəhmət sayəsində bəşər tarixində heç kəsə nəsib olmayan möhtəşəm sistemi qurmaq mümkün olacaq.

***

Əslində Renessans onu “kəşf edən” Brunidən əsrlər əvvəl başlamışdı. Sonrakı tarixçilər hətta bu başlanğıcı 13-cü əsrə qədər belə geri çəkirdilər. 

13-cü əsrdən Avropada, o vaxta qədər görülməmiş dəyişiklik müşahidə olunurdu. Bu baxımdan, xüsusilə də incəsənət ve memarlıq ön plana çıxırdı. Masaccionun məşhur “Adəm və Həvva” rəsm əsəri, Ghibertinin Müqəddəs John Baptisxanası üçün dizayn etdiyi valehedici “Cənnət Qapıları”, məhz bu dövrdə ortaya çıxmışdı. 

Renessans başdöndürən dəyişikliklərlə müşahidə olunurdu, amma bir sual hələ də cavabsız qalmışdı. Bu dəyişiklik həqiqətən inkişaf idimi? Yaradılan və əsrlər sonra belə insanlığa ilham verəcək incəsənət əsərləri qaranlıq dövrdən işıqlı gələcəyə körpü ola biləcəkdimi? Hər bir müsbət dəyişiklik inkişaf sayıla bilərdimi?

Renessans incəsənəti kütlədən qopuq şəkildə irəliliyirdi. Məsələn Rafaelin “Bakirənin Nikahı” əsəri müqəddəs Məryəmlə Yusifdən bəhs edirdi. Yəni hər nə qədər möhtəşəm olsa da, bu əsər də başqaları kimi dini tərənnüm edirdi. 

Ümumiyyətlə həmin dövrdə, memarlıq və incəsənət kilsə və saray ətrafında cəmləşmişdi. Qalereyalar və sərgilər zadəganlar və bir qrup din adamının ixtiyarında idi. Sənətkarlar əsərlərinə görə böyük mükafatlar qazanırdılar və onların başlıca vəzifəsi kübarları məmnun etmək idi. Kilsə və saray ittifaqı incəsənətdə böyük sıçrayışa səbəb olmuşdu, amma bu parıltı kasıb məhəllələrə gedib çatmırdı.

Renessansın düşünürləri bunun fərqində idi. İncəsənət hər nə qədər mədəniyyətin carçısı olsa da, o təkbaşına inkişafa səbəb ola bilmirdi. İncəsənət bər-bəzəyi sevən bir gənc kimidir. İnkişaf və kütlələri tərəqqi etdirmək, onun təkbaşına öhdəsindən gələ biləcəyi missiya deyil.

***

Bu məqamda, Lukretiusun poeması, əsrləri aşıb gələn bir məktub kimi idi. Onun içində Renessans düşünürlərinin ehtiyac duyduğu fikri konsepsiyalar mövcud idi. Bu konsepsiayalar incəsənətdəki dəyişikliyi elmə ötürməkdə və elmi-fəlsəfi inkişafın əsaslarını formalaşdırmaqda həyati missiya yerinə yetirəcəkdi.

"De Rerrum Natura" poeması Epikürün atomizm fəlsəfəsini ehtiva edirdi. O vaxta qədər Avropada dini dünyagörüş hakim idi. Ortodoks düşünürlər hesab edirdi ki, kainat tanrı tərəfindən qurulmuş möhtəşəm sistemdir və bu sistemin başlıca məqsədi insana Tanrını xatırlatmaqdır. Dünya bir anda yaradılıb və bir anda da Tanrı tərəfindən yox ediləcəkdir. Misal üçün, Dante deyirdi ki, Roma imperiyası Tanrı tərfindən yaradılıb, çünki Tanrının oğlu İsa Məsih elə Tanrının yaratdığı ən böyük imperiyada doğulmalı idi. 

Epikürün atomizm fəlsəfəsi bu fikirlərə tamamilə zidd idi. Epikürə görə kainat gözlə görünməyən kiçik hissəciklərdən–atomlardan ibarət idi. Atomlar yox olmurdu, sadəcə şəkil dəyişdirirdi. Onları müxtəlif cür qruplaşdıraraq əşyaların təbiətini də dəyişmək mümkündür. Yəni, əslində kainat Tanrı tərəfindən yaradılmış böyük paraçalardan yox, təzədən biçim qazana bilən və kiçik zərrəçiklərdən formalaşan materiyadan ibarət idi.

Gördüyümüz dünya belə olmaya da bilər, biz hər şeyə öz istədiyimiz şəkli verə bilərik. Yəni atomizm insana həmin dövrə qədər Tanrının müstəsna ixtiyarında olan bir güc verirdi. Bu fikir insana gördüyü hər şeyi dəyişib inkişaf etdirmək iqtidarında olduğunu təlqin edirdi. Yəni, tale və ona yön vermək insanın öz ixtiyarında idi. 

Renessansçılar atomist deyildilər. Onlar hətta atomizmdən daha mükəmməl fəlsəfi və düşüncə konsepsiyaları yaratmağa və Maarifçiliyə başlanğıc verməyə müvəffəq oldular. Amma Lukretius və onun poeması bu fikri Renassansı başlamaq üçün böyük təkan verdi.

"De Rerrum Natura" Renessansçılara düşünmək üçün lazım olan alətləri vermiş oldu. Onlar bu alətləri daha da təkmilləşdirdilər, yeni alətlər kəşf etdilər, amma bütün bu inkişafın qığılcımı Lukretiusun yenidən “kəşfi” ilə mümkün oldu. 

İlkin Maarifçilərdən olan Francis Bacon bu missiyanı davam etdirdi və əsl inkişafın tərifini ortaya qoydu. Biz birlikdə çalışsaq – o deyirdi- birlikdə elmlə məşğul olsaq, tapıntılarımızı bölüşsək, müşahidələr aparsaq, ətrafımızdakı baş verən hadisələrin səbəblərini öyrənsək, insan biliyini və texniki tərəqqini irəli aparmış olarıq. Əgər bunları etsək, kiçik addımlarla belə olsa irəli getsək, bu inkişaf insan həyatını daha rahat - qışda biraz daha isti edər, tufandan qoruyar, əkinlərimizi daha məhsuldar edər və bizə xəstə yatağında yatan körpəni sağaltmaq üçün yol göstərər. 

Beləcə Lukretiusun təkanı ilə yaranan inkişaf oxu, öz əsl mənasını Baconun tərifində tapdı. Hər dəyişiklik inkişaf deyil. İncəsənət və memarlıq hər nə qədər önəmli olsa da, lazımi düşüncə konsepsiayaları olmadıqda, onlar kübar məclislərindən çoban daxmalarına enə bilmirlər. 

Günümüzə qayıtdıqda Lukretius və onun ruhlandırdığı cərəyanın fikirlərinin hələ də aktual olduğunu görürük. Gəlir bərabərsizliyi və gücün təmərküzləşməsi göydələnlərin ətrafında daxmalar yaradıb. Əsl inkişaf sadəcə gözəl binalar, valehedici qalereyalarla yox, eyni zamanda, kasıb məhəllələrdəki isti su, vitaminli qida və xəstə uşaqlara göstərilməli olan həkim qayğısı ilə də ölçülür. 

Buna görə də, kütlələrə rifah vermədikcə haqqında danışılan inkişaf illuziya olaraq qalacaq.

Kultura.az
Yuxarı