post-title

“Ədəbiyyatın xəritəsi yoxdu” – Pol Osterin müsahibəsi

Amerikalı yazıçı Pol Osterin müsahibəsini təqdim edirik.
  
 
   1947-ci ilin fevral ayının 3-də Şimali Amerika, tarixinin ən soyuq və sərt qışını yaşayıb. Temperaturun mənfi 63 dərəcəyə endiyi gecənin səhərisi "Nyu York Tayms” qəzetinin manşetində çikaqolu məşhur qanqster Al Kaponenin öldüyü xəbəri və Amerika Senatında ilk dəfə qaradərili jurnalistin işləməyinə icazə verilməsi xəbəri yer alır. Amma həmin gecə Amerikada dünyaya səs salacaq yazarın doğulmasından hamı xəbərsiz idi və bu yalnız əlli il sonra manşet xəbəri olacaqdı.

  Polşa əsilli yəhudi Samuel və Kvienienin ailəsində, Manhattanda dünyaya göz açan Pol Oster hələ məktəb illərindən mütaliəyə böyük maraq göstərir. Şeir yazmağa başladığı mərhələdə Amerikanı tərk edən əmisi zəngin kitabxanasını Paula hədiyyə edir. Selincerdən Dostoyevskiyə kimi minlərlə ədibin əsərlərindən ibarət zəngin kitabxanaya sahib olan Paul çox sevdiyi beyzbol ilə yazarlıq arasında seçim edə bilmir. Uşaqlığından ard-arda psixoloji travmalar alan Pol 16 yaşından fikrini qətiləşdirərək, ədəbiyyata qoşulur.

  "Dünyanı duyğularımızla qəbul edir, tanıyırıq. Amma bütün bunlar zehnimizdə sözlərlə məna qazanır. Məhz buna görə də şüuraltımızı da istiqamətləndirir. Yenə də bəzən sözlər də kifayət etmir, nəyinsə yoxluğunu, əskikliyini hiss edirik, dərk edirik, amma ifadə edə bilmirik. Anladığımız, amma təsvir edə bilmədiyimiz duyğuların çox olması insanı yorur”.
 
  – İstəyirəm, söhbətə elə iş rejiminizdən başlayaq. Necə yazdığınızdan danışın.

  – Hər zaman əllə yazmağa üstünlük vermişəm. Əksərən pero ilə yazıram, amma bəzən olur ki, karandaşdan istifadə edirəm. Düzəlişləri birmənalı olaraq, karandaşla edirəm. Əgər birbaşa kompüter və ya yazı maşınında işləmək lazımdırsa, bu da mənim üçün problem deyil. Amma klaviatura elə bil ki, barmaqlarımın və düşüncəmin gözünü qorxudur, nəsə mənə belə gəlir. Barmaqlarım bu vəziyyətdə sanki düşündürə və yaza bilmir, bütün barmaqlar yazmağa hazır vəziyyətdə dayanır, bu nəsə anormaldır. Qələm olduqca primitiv yazı alətidir. Amma onda sehirli qüvvə var. Qələmlə yazanda insan sözlərin daxildə dərin yerdən gəldiyini hiss edir, sonra insana elə gəlir ki, onlar beyinə yox, birbaşa qələmə süzülür. Yazmağın mənim üçün hər zaman insanın ruhuna toxunan, həssaslaşdıran keyfiyyəti var, bunu hiss etməsəm, yazmağa davam etmirəm. Bu bir qədər də fiziki təcrübədir.
 
  – Eşitmişik ki, qeyd dəftərlərindən istifadə edirsiniz. Yəni qeydlərinizi də, əlyazmaları da "iPad”a və ya ayrı-ayrı itmə ehtimalı yüksək olan vərəqlərə etibar etmirsiniz.

  – Bəli, hər zaman yanımda qeyd dəftəri olur. Amma qeyd dəftərləri üçün də xüsusi tələblərim var, xırda damalı və kənarı çərçivəli olan dəftərlərə üstünlük verirəm.
 
  – Məşhur Olimpiya markalı yazı maşınınız var. Elə o maşının özü də məşhurdur, hər yerdə ondan danışırsınız. Bəs, onda işləmək necə? Maşınınız haqqında yaradıcılığınızı az-çox izləyən hamı məlumat sahibidir. Ötən il rəssam Sam Messerlə birgə möhtəşəm əsər çap etdiniz, məhz həmin maşında yığılmış – "Yazı maşınımın hekayəsi” ("The Story of My Typewriter”).

  – Onu mən 1974-cü ildə satın almışam, həyatımın yarısından çox müddətdir mənimlədir. Onu alanda ikinci əl idi artıq, kollecdən olan dostumdan almışdım, hardasa qırxdan çox yaşı var. Mənə başqa bir nəsildən, şahid olmadığım dövrdən qalmış əşya təsiri bağışlayır. Bu qədər zamandır işləyir, hələ ki onun dayandığının, xarab olduğunun şahidi olmamışam. Ona bircə lentini dəyişərək xidmət göstərirəm, başqa işim yoxdur. Amma köhnə əşyaların sahiblərinin əksəriyyətində olduğu kimi məndə də qorxu var, gün gələcək artıq onun lentindən istehsal olunmayacaq, hətta yazı maşınının özü belə tamamilə sıradan çıxacaq, bu həqiqət adamı qəribə edir. Mən də nə zamansa tamamilə elektron alətlərə məhkum olacam və hər vəchlə qaçmağa uzaq durmağa çalışdığım XXI əsrə qoşulacam.
 
  – Deməli, dünyadakı sonuncu yazı maşını lenti üçün axtarışa çıxdığınız gün oxucularınız növbəti və bəlkə də, ən nəhəng Paul Auster hekayəsini gözləyəcəklər.

  – Yox, yəqin ki, yəni ümid edirəm ki, o günü görməyəcəm, ona görə ki, xeyli depozitim var. Yazı otağımda hardasa 60-70 lent olmalıdır. Bu da yəqin ki, ömrümün, ya da yazarlıq ömrümün sonuna kimi kifayət edər. Çünki çox vaxt əllə və kompüterdə yazaraq, qənaət etməyə çalışıram. Düzdür, yazı maşını işi ləngidir, onda işləmək bir qədər narahatdır, amma məni laqeydlikdən, həvəssizlikdən və tənbəllikdən qoruyur.
 
  – Əksərən yazıçılar hansısa bir nöqtədə yazıçı olmağa qərar verir, ya da həyatını yazaraq keçirmək istədiyini hiss edir. Nə vaxtdan yazıçı olmaq istədiyinizi anladınız?

  – Beyzbolçu kimi əsla çempion komandada oynaya bilməyəcəyimi tam dərk edib, reallıqla tamamilə tanış olduqdan bir il sonra. Çünki haradasa 16 yaşıma kimi beyzbol həyatımın yeganə səbəbi və məqsədi olub. Ondan başqa bir işlə məşğul olmaq fikrini yaxına buraxmamışam.
 
  – Beyzbolçu kimi nə qədər uğurlu idiniz?

  – Bunu demək çətindir. Əgər ondan əl çəkməyib, topa yapışıb, qalsaydım, inanmıram ki, aşağı göstəriciləri olan komandadan transfer alardım. Əzmli idim, davamiyyətim, çalışqanlığımla fərqlənirdim, amma sürətim çox aşağı idi. Reflekslərim sürətli idi, qolum güclü idi, çox sərt atışlar edirdim. Amma nəsə alınmırdı, olmadı.
 
  – Ədəbiyyata qoşuldunuz. Həmin dövrlərdə və universitet illərində kimləri mütaliə edirdiniz? Erkən dövrlərdə daha çox kimlərin təsirini hiss edirdiniz?

  – Daha çox amerikalı müəllifləri… yəqin ki, təxmin edirsiniz kimlər olduğunu. Fitzecerald, Heminquey, Folkner, Dos Pasos, Selincer. Yaşım bir qədər irəlilədikdən sonra Avropa və dünya ədəbiyyatına marağım artdı, xüsusilə Rusiya və Fransa ədəbiyyatını kəşf etməkdən böyük zövq aldım. Lev Tolstoy, Fyodor Dostoyevski, Turgenev, Albert Kamyu, Gi De Mopassan kimi dünya ədəbiyyatının nəhəngləri ədəbi zövqümü zənginləşdirdilər, onların əsərlərini hələ də asan əldə edəcəyim yerdə saxlayıram. Amma Ceyms Coys və Toman Mannın ilk ədəbi işlərimə təsirini də inkar edə, dana bilmərəm, xüsusilə də Coysun əsərlərindən, üslubundan çox təsirlənmişəm. Hətta 18 yaşımda artıq Coysun yaradıcılığı sanki mənim üçün başqa bütün yazarları əngəlləyəcək qala qurmuşdu.
 
  – Müsahibələrinizlə tanış olanda yaradıcılığınıza təsir etmiş yazıçılar arasında Servantes, Çarlz Dikkens, Franz Kafka, Samuel Bekket, Monteqnenin adına rast gəlmişdim.

  – Hamısı mənim içimdə, beynimdə özünə yer almış yazarlardır. İçimdə bu qədər yazıçını birləşdirməyimə baxmayaraq, düşünmürəm ki, əsərlərimdə kiminsə təsiri hiss oluna, ya da hansısa yazarın üslubuna oxşarlıq ola. Nəticədə onların kitablarını yazmıram, öz əsərlərimi yaratmağa çalışıram. Məncə, müəyyən qədər bunun öhdəsindən gələ bilmişəm.
 
  – Sevdiyiniz kitablar haqqında da danışaq. Ya da siz nələri dönə-dönə oxumusunuz?

  – Migel De Servantesin "Don Kixot”, Tolstoyun "Hərb və Sülh”, Mobi Dikin "Herman Melvile”, Dostoyevskinin "Cinayət və Cəza”, Marsel Prustun "İtmiş zamanın izində”, Ceyms Coysun "Uliss”, Nataniel Havtornun "Qızıl hərf”, Franz Kafkanın "Qəsr”, Samuel Bekketin "Malon ölür”, "Adlandırılmayan”, "Malloy”, Laurens Sternin "Tristram Şandi” əsərlərini məsləhət görürəm.
 
  – Yaxşı yazıçı olmaq üçün necə qiraətçi olmaq lazımdır?

  – Hər şeyin zövqdən asılı olduğu bir zamanda yaşayırıq. Məsələn, mənim dünənin və bugünün yazarı  olduğunu düşündüyüm və mütaliə etdiyim, izlədiyim, yazarlar çoxlarının zövqündən fərqli ola bilər. Gənc yazarlar üçün vacib məsələ yaxşı nümunələr oxumaqdır, yaxşı yazarların yaxşı əsərlərini. Mən bu yaxşılar arasında daha çox zamanın sınağından keçmiş nümunələri nəzərdə tuturam. Yəni, mükəmməlləri, nəhəngləri. Hathorne, Melvil, Dostoyevski, Tolstoy, Kafka, Dikkens daha çox şey əldə etmək üçün üz tuta biləcəyiniz yerlərdir, məncə. Onları oxuduqca görəcəksiniz, mükəmməl yazmaq nədir, necə olur. Bu siyahıda olanları hamı tanıyır, ona görə ki onlar həqiqətən zamanın sınağından çıxmış əsərlərin müəllifləridirlər.
 
  – Özünüzü müxtəlif janrlarda sınamısınız. Təkcə, poeziya və bədii əsərlər yazmaqla kifayətlənməmisiniz. Adınızı tez-tez ssenari müəllifi, dramaturq, avtobioqrafiya müəllifi, ədəbi tənqidçi, kinotənqidçi, tərcüməçi kimi eşidirik. Necə bilirsiniz bu qədər müxtəlif sferalarda işləmək, qələmin yazı istiqamətini bu qədər sıra ilə dəyişmək fərqlilik axtarışından qaynaqlanır, yoxsa bütün bunlar necəsə bir-birilə əlaqəlidir?

  – Təbii ki, onları bir-birindən ayıran sərhədlərdə sərt fərqliliklər var, amma aralarındakı əlaqə daha çoxdur. Bir şeyi də mütləq nəzərə almaq lazımdır ki, bu qədər bölünmənin əsasında daxili dünyamda baş verən ovulmanın, parçalanmanın da rolu az deyil. Uzun müddət tərcümə və ədəbi tənqidlə məşğul olmamışam. Gənclik illərində nəsə bu sahələri özümə qadağan etmişdim. Amma bütün bunların hamısı digər yazarları kəşf etmək üçündür, özümü yazıçı kimi formalaşdırmaq üçün öyrənmək yolları idi. 
 
  –  Şairlikdən niyə imtina etdiniz? Nə baş vermişdi?

  – Başım divara dəydi deyim. 10 il durmadan bütün fiziki, intellektual, mənəvi, poetik enerjimi poeziyaya həsr etdim, durmadan onun üzərində mərkəzləşdim. Zaman keçdikcə başa düşdüm ki, artıq daxili xəzinəm, bazam tükənib. Olduqca qaranlıq, qarışıq bir yerdə ilişib, qalmışdım. Düşündüm ki, artıq şair kimi mən bitmişəm.
 
  – Şair kimi öldünüz, amma birdən-birə, həm də çox keçmədən roman və qısa hekayələrin uğurlu müəllifi kimi yenidən doğuldunuz. Sizcə, bu dəyişiklik necə baş verdi?

  – Mənə elə gəlir ki, həyatımdakı hər şeyin qayğısını çəkməkdən bezdiyim, ədəbiyyatla bağlı heç nə ilə maraqlanmadığım bir dövrdə bu hiss, ehtiyac anidən oyandı. Bilirəm, bu bir qədər qəribə səslənir, amma tamamilə fərqli bir formada özümü sınadım, sözlərin beynimdə öyrəşmədiyim formada – nəsr formasında sıralanması mənim üçün qəribə və yeni təcrübə idi.
 
  – Nəsrə gəldiniz, bu təcrübənizdən danışaq. Roman, hekayə yazmağa başlayanda nəyi yazacağınız sizə nə qədər aydın olur, nədən yazacağınızı əvvəlcədən müəyyənləşdirirsinizmi? Başlamazdan beyninizdə qəti sujet xətti olurmu?

  – Konkret süjet və ya ideya deməyim, amma beynimdə öz-özümə nəsə fısıltılarım olur. Hər kitaba başlamazdan beynimi xüsusi ritmə, tona, səsə, melodiyaya kökləyirəm. Mənə elə gəlir ki, roman yazmaq məhz həmin səsə köklənməkdir, bu vərdişə sadiq qalmaqdır. Roman yazmaq həm də müşahidə edə bilməkdir.
 
  – Yazdıqca hekayənin ətrafında düşünürsünüzmü?

  – Yox, hər kitab ilk cümlə ilə başlayır, sonra lap sonuncu cümləyə kimi nəsə məni çəkib, aparır. Bir bölməni və ya paraqrafı bir dəfəyə yazıram. Məndə hekayənin trayektoriyası olur, amma hekayə irəlilədikcə bəzən trayektoriya da dəyişir. Hər zaman birinci və sonuncu cümlənin eyni keyfiyyətdə olmasına çalışıram. Nəşr olunmağa gedən kitabların heç biri mənim başlayarkən yazmaq istədiyim kitablar deyil. Nə olur bilmirəm, amma qəfildən sujet də, obrazlar da itir, başqa epizodlar, qəhrəmanlar meydana gəlir və özləri üçün müdaxilə edə bilmədiyim dünya qururlar. Yazıçı bunu əngəlləyə bilmir. Bu işin macərası da bundadır. Əgər bütün macəranı xəritələşdirə bilsəydik, ədəbiyyatın heç bir fərqi, marağı olmazdı.
 
  –  İlk hekayənizi nəşrə göndərdiyiniz tarixdən 20 il keçib, siz bugün Amerikanın ən çox oxunan və əsərləri 30 dilə tərcümə olunan yazarısınız. İnsan inana bilmir ki, ilk hekayəniz "Şüşə şəhər” ("City of Glass”) 17 naşir tərəfindən rədd edilib. Nə zamansa bu qəribə karyera yolunuz haqqında düşünmüsünüz?

  – Düşünməməyə çalışıram. Geriyə baxmaq, yaşadıqlarımın hamısına kənardan yad adam gözü ilə baxmaq çətin gəlir, bacarmıram, hikkəmi, peşmanlığımı soyuda bilmirəm. Ona görə də ən yaxşısı irəliyə baxmaqdır, ancaq irəliyə.
 
artkaspi.az

Hazırladı: Elcan SALMANQIZI
Yuxarı