post-title

Rezo Əliyev: Fəxr edilənlər


Bir neçə gün öncə amerikanlı alim Lütfü Zadənin vəfatı ilə bağlı Azərbaycanın şanlı mətbuatında gedən yanlış xəbərlər ətrafında müxtəlif səviyyələrdə əməlli başlı diskusiyalar getdi. Onun bizə aid olması, millətə verdiyi xeyirlər, vətənpərvərliyi, vəsiyyəti, xassiyyəti və digər məsələlər haqqında həmişə olduğu kimi ağlına gücü çatan da, çatmayan dəyər verməyə çalışdı. Onsuz da Azərbaycandakı sönük həyatına maraq qatmaq istəyənlərin demək olar ki hamısı sosial şəbəkələrdədir və sanki belə mövzulara “ağıllı” şərhlər yazmaq üçün pusquda durublar. Virtual məkanda adi insan da özünü dahi göstərə bilər, ən azından buna çalışa bilər və bununla gündəlik sosial problemlər altında əzilən, bərbad mənliyinə məlhəm çəkmiş olar. Facebook əhlinin çoxusunun, bəlkə də hamısnın yalnız bu məqsədlə oralarda cövhər etməsi açıq aşkar görünəndir. Çünki, azərbaycanlılar xaricilərin onlara bəxş etdikəri bu gözəl imkanlardan başqa şeylər üçün istifadə etmək qabilində deyillər. Bu şəbəkədə indiyə kimi nə bir ciddi layihə, nə də ciddi bir problem müzakirə edilib, həlli yolları aşkarlanıb. 

Qayıdaq əsas məsələyə, azərbaycanlıların “dünya şöhrətli” insanlara olan yanıqlı məhəbbətinə. Son söz söhbətlər bunun nə qədər ağrılı bir dərd olduğunu göstərdi. Azərbaycanlılar elmdə ciddi bir nailiyyətə çatmağa çalışan və dünya elmi cəmiyyətləri tərəfindən qəbul ediləbiləck, əslən azərbaycanlı olan insanların yaradıcılıq fəaliyyəti üçün heç bir şərait yaratmadan, kənardan belə “hazır” insanlar axtarışındadırlar. Burada söhbət bizimkilərin bütün səviyyələrdə erməni və digərləri ilə mübahisələrdə bizim də “dünya şöhrətli” alimimiz var deyə ortaya çıxartmağa axtradıqları bir müqqəvadan gedir. Axı siz elmə, elm adamına belə hörmət edənsinizsə onda niyə Azərbaycan elmi yeni təmirdən çıxmış, möhtəşəm binalarda “ölü doğmaqla” məşğuldur? Çünki, bizimkilərin elmə münasibəti elə əvvəldən kəllə mayallaq formalaşıb. İnsanlar elmlə məşğul olanlara, onlara aid olmayan adi bir məmur kimi baxıblar. 

Elmin qədimdən bəlli olan, əsas definisiyası ondan ibarətdir ki, o təbiət resurslarından istifadə etməklə insanların maddi rifahının yaxşılaşdırmağa çalışır. Gəlin baxaq, Azərbaycanda son 100 ildə aparılan elmi işlər, əldə olunan nəticlər bizi hansı səviyyəyə çatdırıb. Əlbəttə hamı deyəcək ki, biz Afrika və Ərəb ölkələrindən yaxşı vəziyyətdəyik. Elə bununla da müqayisə bitir. Dünya şöhrətli alim yetişdirmək arzusunda olan xalq özünü inkişaf etmiş cəmiyyətlərlə müqayisə etməlidir. Almaniyaya baxanda elmin onların həyatının ildən ilə necə gözəlləşdirməsi adamın gözünə girir. 

Mənə milli alimlər ordusunu misal göstərəcəklər. Əzizlərim, “dünya şöhrətli alim” deyəndə hər əlində Azərbaycanın elmi titulları olan insan nəzərdə tutulmur. Belə alimlərin şöhrətliliyi yalnız Azərbaycan mətbuatında yazılan yağlı materiallardan ibarətdir. Elmi sahəsində insanın “şöhrətli” olub olmaması fikri onun işinə elmi cəmiyyətlər (aparıcı ali məktəblər, elmi tədqiqat mərkəzləri, elmi mətbuat, tanınmış şəxslər, müəyyən sahələr üzrə Qərbdə formalaşmış elmi birliklər və s.) tərəfindən verilən qiymətlər əsasında formalaşır. Azərbaycanda isə hər yerindən duran filankəsin dünya şöhrətli və ya Avropada tanınmış məşhur alim olmasını adamın başına vurur. Azərbaycanda yaranmış bu “fəxr etmək” xəstəliyindən yaxşıca yararlananlar da var. Azərbaycan mətbuatında tez tez yalançı məlumatlara əsaslanaraq özləri belə məşhurlar sırasına soxmaq istəyənlərin sayı son vaxtlar artmaqdadır. Vəziyyət o qədər bərbaddır ki, Almaniyada adi fəhlə əyninə “kostyum-şalvar” geyinib, boynuna qalstuk taxsa və bir iki ağıllı cümlə əzbərləsə gedib özünü Azərbaycan mediyasında Almaniyada çalışan professor kimi sıraya bilər. 

Burada isə problemin digər tərəfi üzə çıxır. Azərbaycan mətbuatı, onun səriştəsizliyi, elmdən yazmaq istəyən, amma onun nəmənə olduğunu anlamayan, dəyərləndirmə metdolarını bilməyən insaların bəlkə də yaxşı iş görmək istəmələri, əslində isə bu savadsızlıq çarxının daha da yüksək sürətlə fırlanmasına şərait yaratmasıdır. 
Axı siz niyə həmişə hazıra nazir olmağa və ya hər şeyi neft pulları ilə almağa çalışırsınız? Allah sizlərə bu qədər qara qızıl verib, niyə ondan istifadə edib, öz Landaularınız, Lütfü Zadələrinizin yetişməsi üçün şərait yaratmırsınız? Bu sualların cavabını biləcək birisini belə tapmaq mümkün deyil. Ümid yalnız şeyxlərədir, bəlkə əlacı onlar bilə.

Son illər Qərbə təhsil üçün üz tutan və burada az, çox uğur əldə edən yüzlərcə azərbaycanlılar var. Bu bir daha göstərir ki, bizim gənclər münbit bir şəraitə düşən kimi digər xalqlar, lap elə almanlar kimi kreativ düşünən mütəxəsis kimi yetişmək qabiliyyətinə malikdirlər. Sadəcə Azərbaycanda və Avropada olan Azərbaycan gənclərini müqayisə etmək kifayət edir ki, onların elmi yaradıcılıqları arasındakı fərqi görəsən. Biri Azərbaycanda ayda 200 manata, elmi bazası zəif olan və ya heç olmayan bir elm mərkəzində, elmi rəhbərinin diktaturasından kənara çıxa bilməyən, digəri isə müasir avadanlıqlarla təchiz olunmuş, tam onun ixtiyarında olan işçi yerləri, sərbəst yaradıcı fəaliyyət üçün gözəl mühitə malik olandır. Elmi yaradıcılıq beyin məhsuldur. Beyin o vaxt faydalı nəticələr verər ki, o digər pozucu işlərlə yüklənməsin, stres keçirməsin, çörək dərdi çəkib kollaps olmasın. Elmi ideyaları heç bir dövlət proqramı və ya göstərişlə istehsal etmək mümkün deyil. O düşünən beyində intiutiv olaraq mövcud informasiyaların bişirilməsi və daha yeni kombinasiyaların işlənməsinə əsaslanır. Yazıq azərbaycanlı beynin işə düşməsi üçün isə ilk növbədə mütərəqqi elmi bazaya malik təhsil, çözülməli olan elmi probelmlərə maraq gərəkdir. Sonuncuları yaratmaq mümkün olsa da, ölkədə buna olan laqeyd münasibət sayəsində şouya çevrilən inkişaf yalnız elm ocaqlarının təmiri ilə nəticələnməyə gedib çıxmışdır. 

Elm zad söbətim çox uzandı. Lütfü zadə kişi də yaxşı adamdır, bizmkilərin bu xəstəliyindən istifadə edir. Sonda belə sual yaranır ki, bəs kiminlə fəxr edək? Yəni xaricdə müəyyən uğur qazanmış insanlarla fəxr etmək niyə pis olsun? Şəxsən mən heç kiminlə fəxr etmirəm, baxmayarq ki, burada işləyən həkimləri, mühəndisləri müəyyən arqumentlərlə gözümə soxurlar. Mənim fəxr edəcəyim azərbaycanlı hələ formalaşmayıb. Mənim üçün Almaniyada və digər ölkələrdə doktoranturada təhsil almış insanlar o kateqoriyaya düşmürlər. Heç kim mənə sübut edə bilməz ki, o xaricə Azərbaycanı tanıtmaq üçün gedib və gördüyü elmi fəaliyyətin məqsədi yalnız bu olub. Bu yalana mən inana bilmərəm, xaricdəki bütün azərbaycanlılar yalnız və yalnız Azərbaycandan başlarını götürüb qaçanlar, öz şəxsi maraqları üçün orada fəaliyyət göstərənlərdir (mən də buraya aiddəm). Xaricdə istədikləri uğuru, şan şöhrəti qazana bilmədikdə isə onlar üz tuturlar dədə baba yurduna, döşəyirlər qəzetlərdə ağıllı fikirlərini. Yerli mətbuatı elm-melm söhbətləri ilə bulaşdırandan sonra yerli camaatın “fəxr edən” damarları qımıldayır və sonrasını özünüz bilirsiniz...Bir də onu deyim ki, əgər xaricdəki milli alimlər haqqında Azərbaycan mətbuatı tez tez təriflər dolu məqalələr yazırlarsa, onu televizora sürükləyirsə deməli bu alimin məşhurluğu şübhə altındadır. 

Mən kiminlə fəxr edə bilərəm? Mən yalnız Azərbaycan elminin cəhalətdən çıxmasına çalışan, gənclərin buraya gəlməsinə, bu da olmasa onların orada normal təhsil almalarına müəyyən formada yardımda bulunan Avropada çalışan həmvətənlərimizlə fəxr edə bilərəm. Amma beləsini tanımıram, sizlər tanıyırsınzsa mənə də deyin şəklini divarıma vurum.

P.S. Yazdıqlarımı birdə oxuyandan sonra məndə belə bi sual yarandı: Azərbaycanlılara ümumiyyətlə elm zad lazımdır görəsən?
Yuxarı