post-title

Qismət – Yazmağa başlayanlara rəngbərəng məsləhətlər


Əgər sən bu yazının adını görən kimi istehza ilə qımışdınsa, siqaretini alışdırıb kibrit qutusunu (alışqanı yox!) masanın uzaq küncünə “görüm bu növcavan” nə yazıb ədası ilə tullayıb “ata” danlağına başlamaq istədinsə; Yaxud üç barmağını cütləyib bir çimdik duz götürürmüş kimi koftanı çiyinlərindən yuxarı dartandan sonra mətndən maqqaşla cümlə qılcıqları çıxartmağı, yazıdakı ənənəvi olmayan hər şeyi qırış yeri bilib ütü çəkməyi özünə “analıq” borcu bildinsə;

Ya da binanızın zirzəmisindəki tüstülənən kompüter salonunda 6 saat oturandan sonra uyuşmuş ayaqlarını açmaq üçün havaya çıxıb bir siqaret yandıran və saralmış dişlərinin arasından ecazkar parıltılar saça-saça ilk fürsətdəcə, “brat, camaatın anası-bacısı var” deməyi özünə müqəddəs borc bilən “qaqaş”lardansansa;

Və ya bütün ömrü boyu seksdən söz düşəndə “ən azından, tibbi cəhətdən xeyri var” deyib ötüşdürən və yazdığın bütün şeirlərdə sevgilinin özü ilə yox, xəyalı ilə görüşməkdən həzz alan “abla”lardansansa;

Hələ harasıdır, əgər sən şəffaf pəncərəsindən küçənin göründüyü, yan-yörəsində, ya da zirzəmisində qat-qat avtodayanacağı olan, bananlı qəlyan qoxusundan xumarlanmağı sevən, kefi yaxşı olanda lap “mafiya” da oynayan, amma ən əsası masaya oturan kimi portmanatını, maşının açarını, biri iş üçün olan mobil telefonlarını çıxarıb ortalığa qoyan, boğazındakı ağırçəkili zəncirin görünməsi üçün yay-qış iki düymə açıq buraxan, kişi məclisində Polad Alemdar, qadınların arasında Bred Pit olmaq istəyən psevdo-müasir “qaqulya”lardansansa;

Yox e, hələ davamı var, əgər sən Jojo Moyesi böyük romançı, Oşonu dahi filosof, Castin Biberi də əvəzolunmaz müğənni sayan, silikon dodaqları ilə Ancelina Colini, protez təbəssümü ilə Kameron Diazı, qabarıq yanbızı ilə Kim Kardaşyanı yox, Cenifer Lopezi, 100 faiz təbii döşləri ilə Skarlet Yohansonu kölgədə qoyan, qəzetləri ancaq ulduz falına görən alan ultra-modern “madam”lardansa – bu yazını gizlində oxu, görən olar!

Qara məsləhət – Əgər sənə elə gəlirsə ki, iki-üç yaxşı şey yazmısansa, bütün ömrü boyu cırcırama sərgardanlığı içində yaşamalı, heç nə oxumamalısan, hələ bir adamlar da sənə təzim etməli, əmrinə müntəzir olmalıdır, onda nahar vaxtı nəşriyyatın bufetinə baş çək, unudulmaz olacaqsan. Bəri bax, ya otur adam kimi ədəbiyyatla məşğul ol, ya da get özünə düzgün bir kimi iş tap, parazit kimi yaşayanlardan ədəbiyyatın aldığı qisas çox dəhşətli olur. İstəyirsən Coys ol, biləsən ki, bu məmləkətdə öz kitabını borca-xərcə 300-500 tirajla çap etdirəcəksən, həmişə güldüyün, primitiv bildiyin adamlar səndən daha yaxşı yaşayacaq, yəni ədəbiyyata varlanmaq üçün gəlmisənsə, səni ancaq bağrıma basa bilərəm. Xəbərin olsun, bu ölkədə öz kitabının həm müəllifi, həm təcrüməçisi, həm redaktoru, həm kuryeri, həm satıcısı olmağa məhkumsan. Heç şübhən olmasın, şöhrətin artdıqca səni sevməyənlərin, əqli və hissi təcrübən çoxaldıqca, yəni içinin ərazisi böyüdükcə, bədxahların, qarayaxanların virus kimi çoxalacaq, tənhalığın da. Unutma, ədəbiyyatın rahatlığı çox vaxt müəllifə yox, başqalarına qismət olur. Ona görə qoca Tolstoyun sözünə inan: yazmaya bilirsənsə, yazma!

Sarı məsləhət – İnan ki, təkcə futbolda yox, hər yerdə qırmızı karta gedən yol, sarıdan keçir, bunu unutma, kobud yazmaqdan uzaq ol. Çünki ədəbiyyat birinci növbədə estetik hadisədir.

Elə ki, payız gəldi, yarpaqlar saralıb günəşə öz borclarını qaytardılar, kafelərin çöldən içə köçü başladı, özünə bir kafedə bir masa seç, yazmağa çalış. Gör səs-küydə özünə, öz mətninə fokuslana bilirsənmi?
Şübhən olmasın, ədəbiyyat özünü hamıya anadangəlmə sarışın kimi sırımağa çalışan adamlarla doludur, bir az yaxına get, saçlarının dibinə bax! Gördün ki, saçlarının dibi qaradır, o nə qədər sarı-sarı danışır-danışsın, sən qara-qara cavablar ver. 

Qırmızı məsləhət – Təkcə utanıb qızarma, lazım gələndə öz həqiqətini müdafiə etməkdə də qırmızı ol. Yadında saxla, sənin məmləkətində sırtıqlara bacarıqlı, alicənablara fərsiz deyirlər.

Böyük Oktavio Pas sevgi ilə erotizmə bir alovun iki qoşa dili deyir. Sevgilisi ilə ancaq xəyallarda görüşən, üstəlik, xəyalda belə yuxu nəzarətçisinin müşayətindən xilas ola bilməyən, hətta poetik fantaziyasında da arakəsmədən danışan infantillərdən olma. Unutma, gerçək ədəbiyyatda qurşaqdanaşağı, qurşaqdanyuxarı, göbəyəqədər, göbəkdənsonra kimi bölgülər yoxdur. Biri var yaxşı ədəbiyyat, biri də var “milli-mənəvi dəyərlərimizin yolunda nə lazımdırsa etməyə hazırıq!” Əgər sən sevgisi, erotizmi, seks istəyi, orqazm arzusu, utancaqlığı ilə bütöv olan insanı hələ yazmamışdan qabaq öz içində tikə-parça edib əxlaq adı altında “qurşaqdanaşağıya-qurşaqdanyuxarı”ya şaqqalayacaqsansa, yaxşısı budur, qəssab ol, ədəbiyyata qabırğa olma. Ədəbiyyatda qırmızı işıqda keçmək olar.

Yaşıl məsləhət – Bədii mətn həmişə birnəfəsə yaranmır, biroturmaya yazılmır. Əgər meyxanaçı olmaq arzun yoxdursa, bil ki, yazdığının cücərməsi, yaşıllaşması üçün bəzən günlər, aylar, illər lazım ola bilər. Borxes Horatsinin öyüdünə qulaq asıb, onlara inan: həmişə yazdığını dincə qoy. Bizim cəmiyyətdə hələ də yazılı ədəbiyyat düşüncəsi düz-əməlli oturuşmadığı üçün sənin qabağına tez-tez folklorun həmişəyaşıl şlaqbaumları çıxacaq. Gün gələcək ki, zənginlik sayıb oxuduğun, əcdadlarını tanımaq üçün öyrəndiyin, sevdiyin xalq ədəbiyyatını gözünə soxmağa başlayacaqlar, onda qəlbinin içində yay-qış yaşıl qalası tənha bir ağac boy atacaq, öz vətənində mühacir, öz dilinin içində qürbətdə olacaqsan. Əgər içində gəzdirdiyin həqiqi ədəbiyyatdırsa, bir gün mütləq görəcəksən ki, ya onlara oxşamalısan, ya da yaşıl işıqları unutmalısan…

Mavi məsləhət – İstəyirəm biləsən ki, ədəbiyyat məzmunların yox, üslubların tarixidir. İş məzmuna qalsaydı, onda “pənco-pənco vurasan gərək” şeirinin müəllifi Yetim Eyvazla, məsələn, epikürçü həzlərlə sufiyanə həqiqətlərin dahi şairi Ömər Xəyyamın arasında elə də fərq olmazdı. Məzmunu hər şeydən önəmli sayırsansa, necə yazmağından asılı olmayaraq sovet quruculuğunu tərifə boğan sos-realist ədəbiyyatla sənin aradında bir qılca məsafə olacaq. Yadında saxla, yazıçı, şair onsuz da istedadı və mövzusu olan adama deyirlər, ona görə bu iki şey bəri başdan ya var, ya yoxdur, demək müzakirədən kənardı. Amma həmişə əsas məsələ “necə yazmaqdı?” Görəcəksən, bizdə gözləyirlər ki, mavi-göy neon işıqların altında rəqs edən, banan yenən, halqaların içindən tullanan sirk heyvanlarıtək yazıçı da bir topa adam görən kimi istedad nümayiş etdirsin. Hərdən sənə elə gələcək ki, oxunmaq, başa düşülmək, təhlil olunmaq üçün yox, məsələn, “bundan bizdə də var” deyilmək üçün mövcudsan, yəni elə bil ki, mebelsən, süs əşyayısan, qonaqlar gələndə çıxarılan bogema boşqab dəstisən.

Bəyaz məsləhət – Ürəyinə yatmadıqca, heç kimi vecinə alma, ən birinci də bu yazının müəllifini. Nə çoxdur dünyanın rəngləri…

Sim-sim.az
Yuxarı