post-title

Samir Hüseynov: İndividualizm və Qrup Kimliyi


“Kimlik Siyasəti çağımızın ən böyük şərlərindən biridir. Bir fərd olaraq ancaq özünü təmsil et, hər hansı qəbilənin təmsilçisi olma” (Richard Dawkins – təkamülçü-bioloq)
İndividualizmin sonuna mı yaxınlaşırıq?

Gün keçmir ki, ABŞ-da mətbuat polis silahından ölən bir qaradərilidən yazmasın. Bu mövzular ətrafında gedən müzakirələr və məhkəmələr həm jurnalistlərə həm də siaysətçilərə “çörək qazanmaq” üçün kifayət qədər imkan yaradır. Aparılan yürüşlər, keçirilən imza toplama təşəbbüsləri də gənc aktivistlərin yetişməsində böyük rol oynayır. Qısacası, bu kvazi (quasi) institut cəmiyyətin müəyyən çarxlarının əsas kinetik enerji mənbəyinə çevrilib. Amma bu yaxınlarda fərqli bir olay yaşandı, sübh tezdən yuxulu gözlərlə xəbər başlıqlarını nəzərdən keçirəndə polis gülləsi ilə ölən ağdərili qadınla bağlı bir xəbər gördüm. İçimdəki impulsiv sual belə səslənirdi: “Media adətən qurbanın kimliyinə görə xəbəri manşetə çəkir, görəsən bu dəfə “kimlik kartı” kimin üçün işə salınıb?”. Xəbərin detallarına enəndə daşlar yerinə oturdu, bu dəfə fərqli cəhət atəş açan polisin Afrikalı müsəlman immiqrant olması imiş...

Gün boyu Linkedin-dəki xəbər lentim anti-immiqrant postlarla dolub daşdı. Ortada bir faciə var idi, Avstraliya əsilli həyat dolu bir xanım toyuna azca qalmış belə bir hadisənin qurbanı olmuşdu. Amma insanlar nəyə görəsə bu faciədən istifadə edərək müəyyən bir qrupa vəya bir kimliyə yarlıq yapışdırmaq dərdinə düşmüşdülər. 
Artıq dünya elə bir səviyyəyə çatıb ki, kiçik ailə-məişət münaqişələri belə müxtəlif kimlikli insanlar arasında yaşandıqda tez bir zamanda siyasi propaqanda vasitəsinə çevrilir. Sanki, individualizmin sonuna gəlib çatmışıq. Artıq fərdlərin hərəkətləri və bu hərəkətlərdən doğan nəticələr fərdlərlə məhdudlaşmır, hər şey ümumiləşdirilir və sonda mövzu kimliklərin və qrupların probleminə çevrilir. Ümumi mənzərə qəbilə münasibətlərini andırır, harada ki fərdlərin hərəkətləri tez bir zamanda qəbilə kimliyi ilə assosasiya edilirdi. 

Post-modernizm və kimlik siyasəti

Toronto Universitetinin məşhur professoru, Jordan Peterson-un da qeyd etdiyi kimi qərb cəmiyyətləri getdikcə daha çox kimlik siyasətinə qərq olur. Əslində indiki mühitin ideoloji əsasları 1960-70 ci illərdə Fransada meydana çıxan post-modernist fəlsəfə ilə qoyulmağa başlandı. Jacques Derrida ilə başlayan post-modernist Dekonstruksiya axını bütün proseslərdə “binar ziddiyyətləri” önə çəkirdi. Yəni bir yerdə zülm görən qaradərili varsa mütləq zülm edən ağdərili olmalı idi. Bu yanaşmaya görə ziddiyətli proseslər əks qütblərdəki qüvvələrin identifikasiya edilməsi ilə daha səhih analiz edilə bilər. Lakin çoxları iddia edir ki, sıradan hadisələrdəki kişi-qadın, heteroseksual-homoseksual, yerli-gəlmə və digər kimliklərin önə çıxarılması əksinə sonda problemlərin böyüyərək kimlikər arasındakı mübarizə predmetinə çevrilməsinə səbəb olur. Necə ki, girişdə təsvir etdiyim cinayət qısa zamanda bir qrupun “günahına” yazıldı...

Stereotiplər çərçivəsindən analiz

Sosioloqlar bu tip problemləri adətən stereotip başlığı altında araşdırır. Qısaca desək insanlar başqalarını dəyərləndirərkən müəyyən qəliblərdən yəni stereotiplərdən tez-tez istifadə edirlər. Məsələn, ABŞ-da ofisiantlar arasında belə bir stereotip inancı var ki, qaradərili müştərilər adətən ya heç ya da olduqca az miqdarda bəxşiş verirlər. Məhz buna görə də çox vaxt ofisiantlar qaradərili müştərilərə həvəssiz şəkildə və bir çox halda keyfiyyətsiz xidmət göstərirlər. Bu isə öz növbəsində başqa bir nəticəni hasil edir, keyfiyyətsiz xidmət görən qaradərili müştəri elə haqlı olaraq az miqdarda bəxşiş verir. Öz növbəsində az miqdarda bəxşiş alan ofisiant isə stereotip inancını artıq yəqinlik mərtəbəsinə çıxarır və onun üçün artıq bu stereotip inac deyil fakt xarakteri daşıyır. Göründüyü kimi başqalarını kimliklərinə və ya oturuşmuş qəliblərə görə dəyərləndirəndə hər iki tərəf günün sonunda uduzmuş olur, təsir əks təsir doğurur, necə ki mənim misalımdakı qaradərili müştəri keyfiyyətsiz xidmətə və ofisiant isə azacıq bəxşişə düçar oldu...Bu yerdə hər zaman məndən daha çox bəxşiş buraxan və bu stereotipi qırmağa çalışan qaradərili dostumu xatırladım nədənsə...

İnformasiya nəzəriyyəsindən mövzuya bir baxış

İqtisadçılar mövzuya informasiya nəzəriyyəsi nöqteyi nəzərindən də yanaşırlar. Stereotip inancı və ya qarşıdakını bir individual olaraq deyil də hər hansı bir qrupun və kimliyin təmsilçisi kimi görüb dəyərləndimək informasiya əldə etmək xərci ilə də bağlıdır. Yəni hər bir fərdə onun şəxsi keyfiyyətlərini nəzərə alaraq yanaşmaq özlüyündə o fərdi analiz edə bilmək qabiliyyətindən, onun haqqında bilgi toplaya bilmək imkanlarından asılıdır. Əgər bu imkanlar məhduddursa və ya xərclidirsə onda rasional iqtisadi agentlər qərar vermə xərcini azaltmağa və görünən (ləhcə, irq, etnik kimlik, sosial təbəqə mənsubiyyəti və s) xərcsiz informasiyalar üzərindən başqalarını dəyərləndirməyə çalışırlar. 
Bu problem şəffaf olmayan cəmiyyətlərdə daha da qabarıq olur. Misal üçün qanuni çərçivədə öz zəhməti ilə qazanc əldə edən sahibkarla rüşvətxor məmur şəffaf cəmiyyətdə asanlıqla fərqlənər. Tutaq ki, qanuni çərçivədə vergi idarəsinə verilən sorğu ilə hər bir insanın vergi bəyənnaməsi əldə edilə bilinsə kimin leqal kimin illeqal var-dövlətə sahib olması asanlıqla bilinər. Amma bu mexanizm mövcud olmadıqda necə deyərlər “at izi it izinə qarışır”.

Eksperimentdən kiçik bir çıxarış

İndividualizmdən qaçış, qruplaşma meyli və üst kimlik arayışı bəlkə də qəbilə qruluşundan bizə miras qalıb. O dövrlərdə sağ qalmaq instikti qrup şəklində yaşamağı labüd etdiyindən insanlar öz qrup kimliyinə çox bağlanırdı və bu öz növbəsində qarşı qruplara və fəqrli kimliklərə antipatiyanı və duşmənçiliyi də doğurmuş olurdu. Bəlkə də buna görə insanlıq hər hansı bir kiçik vəya mənasız bir idea ətrafında belə çox asanlıqla birləşib bunu kimliyə dönüşdürərək başqalarını diskriminasiya etməyə meyillidir. Futbol azarkeşləri məni qınamasın amma komanda kimliyinə görə zorakılıq görənlər də bu qəbilə ənənəsinin qurbanlarıdırlar...

Bu mövzu minimal qrup kimliyi və diskriminasiya başlığı altında da araşdırırlar. Əgər insanların etnik qrup identifikasiyası ilə ayrılması makro qrup kimliyidirsə, oyun meydançasında bir-birini tanımayan uşaqların bir göz qırpımında komandalara bölünüb futbol oynaması isə minimal qrup kimliyinə misal ola bilər. 

Təqribən 2 il əvvəl bəndəniz də Texas A&M Universitetinin eksperimental iqtisadiyyat labaratoriyasında bir qrup həmkarımla bu mövzu ətrafında replikasiya təcrübəsi aparmışdım. Belə ki, bir-birini tanımayan bir qrup bakalavr tələbəsini labaratoriyaya dəvət edib onlardan əvvəlcə müxtəlif rəsim əsərləri arasında seçim etmələrini xahiş etmişdik. Bu rəsim əsərləri Kandinsky və Klee adlı rəssamların işləri idi. Beş rəsim cütlüyünüdən daha çox Kandinsky-nin əsərlərini bəyənənlər “Kandinsky qrupu”-na və digərləri isə “Klee qrupu”-na bölünmüşdülər. Daha sonra isə, tələbələrdən müxtəlif iqtisadi qərarlar vermələrini xahiş etmişdik. Bu qərərlardan biri hər bir iştirakçıya verilən 10 dolları təsadüfi seçilmiş digər iki eksperiment iştirakçısı arasında bölmək idi. Eksperiment ərzində tələbələr bir-birini görmürdülər və ancaq kompyuter vasitəsi ilə qərar verirdilər. Eksperimentin sonunda məlum oldu ki, tələbələr həmin 10 dollarlardan öz qruplarında olan iştirakçılara adətən daha çox pay ayırıblar. Bu bizi o qənaətə gətirdi ki, insanlar hətta mənasız görünən kimlik ətrafında belə qruplaşdıqda həmin qrupda olmayanları çox asanlıqla diskriminasiya edə bilirlər. Beləliklə məlum olur ki, qrup kimliyi qarşıdakı şəxsə individual yanaşmanı tez bir zamanda geri plana ata bilir...

Yekunda onu qeyd edim ki, son əsrlərdə bəşəriyyətin ortaya qoyduğu ən faydalı fəlsəfi konsepsiyalardan olan individualizm getdikcə yerini kimliklər üzərindən aparılan siyasi-ideoloji mübarizələrə buraxır. İndividualizm müəyyən mənada fərdin “kollektiv iradədən” uzaqlaşa bilmək haqqını tanıyır və ona müəyyən çərçivədə öz əxlaq və yaşayış əsaslarını müəyyən etmək və bu seçimlərin məsuliyyətini və nəticələrini şəxsi miqyasda saxlamaq imkanı verir. Amma artan qrup kimliyinə bürünmə tendensiyası fərdlərin hər bir hərəkətinin və onun nəticə(lər)inin qruplara trayektoriya edilməsinə gətirib çıxarır. Bu isə özlüyündə ən kiçik problemlərin belə sonda dərin çatlara çevrilərək cəmiyyəti xaosa sürükləməsinə səbəb olur.

Yuxarı