Biz Avropaya nə vaxt çatacağıq?
Bir neçə il öncə yazdığım bir kitabla bağlı texnikanı…
Bərbərim çox qəribə adamdır. Hər dəfə elə sual verir ki, çaşıb qalıram, sualı həzm edib cavab qaytara bilmirəm.
Hər dəfə onun yanına gedəndə nə barədə, hansı mövzuda sual verəcəyini ehtimal etməyə çalışıram, amma heç vaxt ehtimallarım özünü doğrultmur. O yenə də ənənəsinə sadiq qalaraq heç ağlıma gəlməyən mövzuda sual verir.
Bu dəfə də belə oldu. Salona girəndə o, məşğul idi. Dedi:
- Əlimdə işim var. On dəqiqəyə qurtarıram, otur burda gözlə, ya da çıx bir siqaret çək, gəl.
Başının üstündə dayanıb onu təntitmək istəmədim. Həm də televiziorda zəhləmgetmişin biri boş-boş danışırdı. Bayıra çıxmağa üstünlük verdim.
Bir siqaret çəkdim. Bir az göydəkilerə, bir az yerdəkilərə baxıb salona qayıtdım. Bərbər işini qurtarmışdı. Oturdum kresloya.
Elə təzəcə işə başlamışdı ki, sualını verdi. Dedi ki, bu Bakıya gələn atçapanlar atları özləri gətiriblər, yoxsa onlara burda at verəcəklər?
Əhvalat Avropa oyunları zamanı baş verib. İndi bu suala nə cavabı verəsən? Dedim ki, bəziləri özü at gətirib, kim gətirməyibsə ona burda at verəcəklər. Usta bir az susdu, sonra dedi:
- Əşi onsuz da dünyada Qarabağ atına çatan at yoxdu. Bir az ingilis atları güclüdü. Onları da o vaxtı burdan aparıblar.
Bəli, minusovka işə düşdü. Daha nələr deyəcəyini yəqin özünüz güman etdiniz. Ki, biz Qarabağ atını güclü təbliğ edə bilmirik. Bizim yiyəmiz yoxdu, bizim yiyəmiz olsaydı zad... Baş qoşmadım. Birtəhər yola verdim getdi.
Axı ona nə başa salmaq olar? Hər şeydən əvvəl fərdlərə enerji sərf etməyə həvəs yoxdur.
Onunla çənə döyməyin əvəzinə gəlib bir yazı yazaram. Həm beş-üç manat qonorar alaram, həm də sözümü daha çox adama çatdıraram. Bu daha sərfəlidir.
İkincisi, danışdıqları onun öz sözləri deyil. Əlbəttə o, bu nağılı özündən ağıllı və savadlı hesab etdiyi adamdan eşidib. Başqasından eşitdiyi, indi də təkrar etdiyi nağılı həqiqət kimi qəbul edir. Onun fikrini dəyişmək çətindir.
Həm də ona görə ki, bu kimi nağıllara inanmaq sərfəlidir, şərait bunu tələb edir. Belə nağıllar həyatı asanlaşdırır. Hardasa tənbəlliyimizə və uğursuzluğumuza, acizliyimizə haqq qazandırır.
Hər ehtimala qarşı həmin gün axşam ərinməyib bir az atlarla maraqlandım. Atlar haqqında o qədər də dərin məlumatım yoxdur. ALLAHA şükür, indi öyrənmək üçün hər bir şərait var.
Araşdırma nəticəsində məlum oldu ki, Qarabağ atının dünyadakı nüfuzu heç də deyilən və danışılan səviyyədə deyil.
Bax beləcə, adamlarımız əfsanələrlə və nağıllarla yaşayırlar. Bu nağılları qurub-quraşdıran konyukturşik, fürsətcil adamlardır. Quraşdırdıqları nağıllarla bədbəxt, biçarə azərbaycanlıları aldadıb yuxuya verirlər.
Həkim aldadır, deputatlaşmış ziyalı aldadır. Məmurlaşmış sənətkar aldadır. Din xadimləri aldadir. Tarixçi aldadır... Bəs niyə aldadırlar? Çünki aldatmaqla qazanc əldə edirlər. Nağıl danışmaq qazanc mənbəyidir.
Kim nə qədər qəşəng quraşdırırsa, kim nə qədər qəşəng danışırsa, özünü bir o qədər baha satır. Xalq da bu nağıllara qulaq asıb hayıl-mayıl olur. Kim tərifi sevməz? Tərif bir boyunduruqdur.
Tərifdən deyib boyunduruğu keçirirsən adamların başına, sonra da hara istəyirsən ora sürüyürsən. Özü də adamları topdan aldatmaq pərakəndə aldatmaqdan daha asandır.
Məsələni konkretləşdirək. Ölkəni böyük bir toyxana kimi təsəvvür edin.
Məsələn, əgər bir yazıçı, bir bəstəkar, bir tarixçi, bir rəssam durub deməsə ki, bizim tebiətimiz dünyanın ən gözəl təbiətidir, bizim mətbəximiz dünyanın ən güclü mətbəxidi, hələ bizim qonaqpərvərliyimiz, hələ bizim musiqimiz. Bizim narımız, bizim xalçamız, bizim soğanımız, bizim qarpızımız, bizim qoyunumuz... Bizim ... bizim... bizim ...bizim... bizim. Necə şirin nağıllardı.
Əgər sən bu nağılları danışmasan, kimdi Azərbaycan adlı toyxanaya səni tamada kimi çağırıb əlinə mikrofon verən?
Kimdi sənin cibinə pul basan? Kimdi sənə maşın, ev bağışlayan? Deməli, yaşamaq üçün, hörmət sahibi olmaq üçün, uşağı işə düzəltmək üçün nağıl quraşdırmalısan. Tərifləməlisən.
Bəzən nağıllarla yuxuya verilmiş camaatın arasından bəziləri hansısa bir möcüzənin nəticəsində bir az yuxudan ayılan kimi olur. Başa düşür ki, onu aldadıblar. Bu günə qədər fakt, həqiqət kimi qəbul etdikləri, ürəyini qürurla dolduran söhbətlər əslində əfsanələr və nağıllar imiş.
Həqiqət kimi qəbul etdiyin və səni qazlandıran şeylərin nağıl olduğunu anlamaq, bu ağrını həzm etmək, bu tramvaların altından çıxmaq asan deyil. Özü də nağıl bir deyil, iki deyil, üç deyil. Yüzlərlədir.
Bu azmış kimi üstəlik yuxudan ayılan şəxs nağıllara inananların total hücumuna məruz qalır. Bu hücumun qabağında dayanmaq asan deyil.
Nəticədə yuxudan ayılmışların bəziləri dəli olur, bəziləri başını götürüb hara gəldi qaçır, bəziləri isə rahat həyatına zəhər qatmamaq üçün təzədən nağıla inananların arasına qayıdır.
Deyir, qələt eləmişəm, məni pis yola çəkmişdilər, aldatmışdılar, allaha şükür vaxtında hər şeyi başa düşdüm, indi aranızdayam.
Bu cür adamlar nağılın adamlara təsirini anlayaraq, özü də başlayır nağıl quraşdırmağa. Nəticədə böyük bir toyxana yaranır. Mikrofon üstündə dava gedir.
Yaxınlarda bir verilişə baxdım. Məmurlaşmış sənətkarlardan birini verilişə dəvət etmişdilər. Ciddi şəkildə ifritəyə oxşayan bir aparıcı məmurlaşmış sənətkara sullar verirdi.
Bildiyiniz kimi, arvad xeylaqları qocalıq prosesini çox ağrılı keçirirlər. Təbiətə qarşı müqavimət göstərirlər və fizika qanunlarına tabe olmaq, reallıqla barışmaq istəmirlər. Müxtəlif vasitələrlə zamanı dayandırmağa, hətta bəzi hallarda zamanı geri qaytarmağa çalışırlar.
Nəticədə ifritəyə bənzəyirlər. Bu barədə “Gözəllik salonu qarşısında bədii-fəlsəfi düşüncələr” adlı yazı yazmışam. Daha ətraflı ordan oxuya bilərsiniz.
Qərəz fizika qanunlarına tebe olmaq istəməyən və nəticədə ifritəyə çevrilmiş aparıcı, məmurlaşmış sənətkara dəqiq paslar ötürürdü. Yeni nağıllar quraşdırmaq üçün mövzular verirdi.
Məmurlaşmış sənətkar ötürülən pasları alaraq peşəkarcasına nağıllar qurub quraşdırırdı. Zaldakılar da kef edirdi. Hamı halından razı görünürdü.
Məmurlaşmış sənətkar ona belə gözəl paslar ötürüldüyünə, aparıcı isə belə gözəl paslar ötürdüyünə görə xoşbəxt idi.
Tamaşaçılar da gözəl–gözəl nağıllar eşitdiklərinə görə xoşbəxt görünürdülər.
Hamı xoşbəxt və məmnun idi. Çox maraqlı bir tamaşa qurulmuşdu.
Bizim camaatın teatra az maraq göstərməsinin ən başlıca səbəbi televiziyada göstərilən tamaşaların teatrda göstərilən tamaşalardan daha maraqlı və daha həyati olmasındadır.
Bir sözlə, məmurlaşmış sənətkar bir saat yarımda nə qədər yalan danışmaq mümkündürsə o qədər yalan danışdı.
Bir qram utanmadan, bir qram vicdan əzabı çəkmədən. Açıq-aşkar özünü bazara çıxarmışdı.
Ən dəhşətlisi isə bu idi ki, o, özüylə bərabər Üzeyir Hacıbəyovu da, Mirzə Cəlili də, Sabiri də bazara çıxarmışdı.
Faciə burdadır. Təkcə özlərini bazara çıxarsalar, adam “Allah bazar versin” deyər, bəla ondadır ki, onlar özləriylə bərabər mübarək simaları da bazara çıxarırlar.
Nağıllar çoxdur. Bu nağılların hamısının üstündə bir-bir dayanmaq mümkün deyil. Buna heç ömür çatmaz. Ən geniş yayılmış nağıllardan biri də odur ki, guya Sabir müsəlmanları söyüb deyə ermənilər Sabirin kitabını nəşr ediblər.
Niyə məhz bu nağılın üstündə dayandım. Çünki bu yaxınlarda bir məclisdə kostyumlu, qalstuklu, konyukturşik dayilardan biri təzədən bu nağılı danışdı.
Bu nağılın geniş yayılmasında, məşhurlaşmasında Şirməmməd Hüseynov böyük bir rol oynamışdır. Efirdə bu nağılı danışdı, nağıl da sürətlə ölkəyə yayıldı. Şirmməməd Hüseynovu bu nağılı efirdə danışmağa iki səbəb vadar edə bilər.
Hər iki səbəb onun əleyhinədir. Birincisi, ola bilsin Şirməmməd Hüseynov hadisənin əslində necə baş verməsindən xəbərsizdir. Xəbərsizdirsə bu, böyük bir biabırçılıqdır. Niyə bilmir? Bilmirsə bəs o titulları hansı haqla, niyə və necə üstündə gəzdirir?
Əgər bilə-bilə yalan danışırsa, bu da böyük bir biabırçılıqdır. Ağsaqqal bir kişi, bir ayağı bu dünyada, bir ayağı o dünyada olan insan niyə yalan danışmalıdır?
Ayıb deyilmi? Ayıb deyil. Ona görə ayıb deyil ki, onun danışdığı nağıl hamının ürəyinə yağ kimi yayılır.
Şirməmməd Hüseynov bir təcrübəli adam kimi hamıya sərf edən nağılın danışılmasında heç bir qəbahət görmür. Tam tərsinə, mənfəət görür. Bəs yaxşı, doğurdanmı Sabir müsəlmanları söydüyünə görə ermənilər onun kitabını nəşr ediblər.
Baxaq görək hadisə əslində necə baş verib. Bu barədə Qan Turalı bir dəfə geniş bir məqalə yazmışdı. İndi bu mövzuya təzədən qayıtmaq zəruriyyəti yaranıb.
Bildiyiniz kimi Sabir kasıb bir həyat yaşamışdı. Sabun bişirib satmaqla ailəsini dolandırdı. Sabir firavan yaşasaydı daha çox ömür sürə bilərdi.
Harınlaşmış və qudurmuş milyonerlər sağa-sola xərclədikləri puldan bir balaca ayırıb şairin müalicəsinə vermədilər.
Sabirin müalicə xərclərini bir xanım, Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə öz üzərinə götürdü.
Sağlığında kitabını görmək Sabirə qismət olmamışdı.
Bu barədə Seyid Hüseynin xatirələrində oxuyuruq. Seyid Hüseyn bir gün Sabirin əlində qovluq onun yanına gəldiyini deyir. Şair Seyid Hüseyndən xahiş edir ki, qovluqdakı şeirlərə baxsın, bu şeirlərdən ibarət olan kitabın qiymətini desin.
Seyid Hüseyn 400 manatdan artıq bir məbləğ hesablayır. Amma Sabirə 300 manat deyir. Sabirin isə bu qədər pulu olmur.
1911-ci ilin 12 iyulunda Sabir ölür. Onun ölümü münasibətilə mətbuatda xeyli məqalə çap edildi. Məqalələrdə müəlliflər bir ağızdan Sabirin kitabının çıxması zərurətindən danışırdılar.
Pul isə yox idi. Pulu toplamaq üçün çağırışlar edildi. Bu çağırışlara ilk səs verən bir qadın oldu - Sara xanım Vəzirzadə. II Qız məktəbinin direktoru olan bu xanım dramaturq Nəcəf bəy Vəzirovun qızı idi.
O, öz maaşından beş manat Sabirin kitabi üçün verdi. Uzun müddət kassada cəmi beş manat vardı. Sara xanımın beş manatı. Dalbadal çağırışlar edilirdi. Səs çıxmırdı.
Kimin səsi çıxa bilərdisə, həmin adamların başı əyləncələrə qarışmışdı. Çağırış məqalələrinin tonu da müxtəlif idi: Kimi sərt yazırdı, kimisə xahiş edirdi, kimisi izah. Lakin getdikcə ton sərtləşirdi. Pul isə gəlmirdi. Çağırışlar uzun müddət cavabsız qaldı.
Tezliklə məktəblər üçün 3 dərslik çap edildi. Dərslik müəllifləri öz qonorarlarından 15 manatı Sabirin kitabı üçün ayırdılar. Yeddi müəllif arasında üç yazıçı vardı: Süleyman Sani Axundov, Abbas Səhhət və Abdulla Şaiq.
1911-ci il başa çatanda cəmi 20 manat pul vardı. 1912-ci ilin başlarında Abdulla Şaiq “Nicat” qəzetində bir məqalə yazdı. Həmin məqalədə yenə çağırış notları vardı. Abdulla Şaiq başı əyləncələrə qarışmış “sərvət sahiblərinə” ümid olmamağı, bu işin xalqın dəstəyi ilə görülməsinin vacibliyini yazırdı.
Gələk əsas məsələnin üstünə. Dilican o zamanlar sevimli istirahət yerlərindən biri idi. Müəllimlər adətən burda istirahət edirdilər.
O zamanın fedakar və romantik, tumanının altinda secki bülluteni daşımayan, süpürgəpulu, pərdəpulu yığmayan müəllimləri tətil vaxtı müxtəlif əsərləri tamaşaya qoyaraq özləri də oynayar, yığılan pulu xeyriyyə məqsədləri üçün istifadə edirdilər.
Tatar (azərbaycanlı) və erməni müəllimlər Sabirin kitabı üçün iki əsəri tamaşaya qoyub oynadılar. Bu barədə çoxlu məqalələr dərc edilmişdi. Lakin heç bir mənbədə ermənilərin Sabirin müsəlmanları tənqid etməsinə görə pul vermələri haqqında məlumat yoxdur.
Tamaşada ianələr də toplandı. İanə verənlərin əksəri azərbaycanlı müəllimlərdi: Qiyasbəyov, Kərbəlayev, Yeqanov, Tumanyan, Kalantarov, Arutyunov, vəkil Xocayev, həkim Məliknubarov, Paralov, Axundov, Muradov, Dilbazov, Oqanov.
Teatr salonuna, musiqiçilərə verilən ve başqa xərclər çıxılandan sonra yerdə qalan məbləğ “Kaspi” qəzetinə göndərildi.
Hələ çox pul lazım idi. Sabirin ildönümünə qədər kitabı çap etmək arzusu baş tutmadı. Çağırışlar isə davam edirdi... Kitab üçün 500 manata qədər pul lazım idi.
Buna görə Sabirin əsərlərinin bir hissəsini çap etmək qərarına gəldilər. Külliyyatı çap etmək üçün pulu yığmaq heç cür mümkün olmadı. Bu barədə Abbas Zamanovun “Sabir və müasirləri” kitabında yazılıbdır.
Bu qədər ağrılı, bir xalq üçün ayıb sayılan, utancverici, xəcalət çəkiləsi hadisədən sonra insan hansı əxlaqın sahibi olmalıdır ki, durub desin Sabir müsəlmanları söymüşdü deyə, ermənilər onun kitabını nəşr etmişdilər. Necə qorxulu adamların arasında yaşayırıq. Bir deyil, iki deyil. Onlarladır, yüzlərlədir.
İndi hansısa rüşvətxor məmur, rüşvətxor rektor, məmurlaşmış sənətkar, deputatlaşmış sənətkar Sabirin adını çəkəndə adamın Sabirə ciddi şəkildə yazığı gəlir.
Yazıq sağlığında allahın bir gününü görmədi. Öləndən sonra da ondan əl çəkmirlər. İndi də Sabirin ölüsüylə al-ver edirlər.
Kresloda oturmaqdan kresloya yapışmış məmur yazıçılardan biri yaxınlarda utanmadan-qızarmadan, vicdan əzabı çəkməden Sabir haqqında yazı yazmışdı.
Halbuki Sabirlə eyni dövrdə yaşasaydı, yüz faiz Sabirin qəhrəmanlarından biri olardı. Nə bilim, insan deyilən məxluqun bir qram, bircə qram həyası olmalıdır.
Bir neçə dəfə yazmışam. Yeri gəlib bir daha yazaq. Sabir çox böyük şairdir. O mənada ki, hər il onun qəhrəmanları yığışıb, “Sabir günləri” keçirirlər.
Seymur Baycan