“Rasəti tanıyırsan da, keçən dəfə kafedə görüşmüşdük. Bilirsən onun atası neçə il türmədə yatmışdı? 14 il. Həyat deyil türmə həyatı. Adam çürüyüb çıxır. Sağlam girib vərəmləyirsən. Bu kişi də türmədən çıxandan sonra heç bir il yaşamadı... Nəyə görə düşmüşdü ora? Toyda mahnı zakaz verib, kimsə bunun havasının arasına girib. Bu da çıxardıb bıçağı, adamı ürəyindən vurub. Sonra tamadanı bıçaqlayıb. Qısası, zülüm-müsibət...”
“Qonşunun damından navalçanın ağzı düzgün tənzimlənməyib. Yağış yağanda su axır düz bizim həyətə. Neçə dəfə danışdıq, uçaskovı gəldi, bələdiyyə gəldi baxdı, xeyri olmadı. İş indi məhkəmədədir, düzəlməsə gərək ordan çıxım. Evi indidən satlığa qoymuşam, belə yaşamaq olmaz e, bilirsən! Bir az da əsəbləşdirsə əlimdən xata çıxacaq, gedib girəcəm türməyə. Allah kəssin belə yaşamağı”.
“Yaşadığı ünvanına bir az qalmış, o həyətlərin birində qəsəbə sakini kimi tanıdığı Ramiz adlı şəxsi görüb və ona yaxınlaşıb.
Əlindəki pivə şüşəsini ona uzadıb içib-içməməsi ilə maraqlandıqda, sonuncu ona yalnız araq içdiyini deyib. Buna görə o, yaxınlıqdakı mağazadan araq alaraq, geri qayıdıb. Arağı içərkən “indi zaman dəyişib, dünənki uşaqlar özünü bizdən ağıllı hesab edir” deyən Ramiz onu təhqir etməyə başlayıb.
Vaqif əvvəl buna əhəmiyyət verməyib, sonra onun səsini kəsməməsini görüb yumruqla Əsgərovu vuraraq, yerə yıxıb. Ardınca bir neçə zərbə ona təpiklə vurub, lakin Ramiz söyüş söyməkdə davam edib. Daha da qəzəbləndiyi üçün yerdə olan şüşəni sındırıb və Hacıyevin sinəsində oturaraq, şüşənin sınığı ilə onun boğazına zərbə vurub. Bir müddət orada oturan Hacıyev sonuncunun tərpənmədiyini görüb və onun öldüyünü zənn edib. Bundan sonra o, polisə gedərək könüllü təslim olub”.
“Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib. Bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfər ilə mübahisə edib.
Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir”.
“Baş ağrılarım vardı, əsəblərim gərgin idi. Dedilər filankəs falçıdır, getdim, dua yazdı, ancaq duanın mənə xeyri olmadı. Buna görə hirsləndim, falçını vurub öldürdüm”.
“Arvadı evin soyuq olduğundan şikayətlənib, bu da dözməyib, götürüb bıçağı, vurub yazıq qadını öldürüb”.
“Suyu öz arxına tərəf döndərdiyi üçün bələdiyyə sədrini vurub öldürüb”.
“Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki, qonşusu mərhum Şamil Kərimovla ədavətli olublar. Mərhum peyin iyi gəldiyindən, Həsənova evində olan tövləni sökməyi təkid edib. Tövlə sökülsə də, Kərimovla ədavət davam edib. Ötən gün qonşular küçədə rastlaşıblar və bu zaman mərhum Kərimov qonşusunu görən kimi yerə tüpürüb. Bunu özünə təhqir hesab edən Həsənov evdən gətirdiyi bıçaqla qonşusunu qətlə yetirib”.
“İfadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edən A.Məmmədov bu addımı atmasının səbəbini gördüyü yuxu ilə əlaqələndirib. A.Məmmədov yuxunun təsiri nəticəsində hətta bir dəfə arvadını möhkəm döydüyünü, bu səbəbdən də onun küsüb bacısıgilə getdiyini və baş verənlərlə bağlı Pirallahı Rayon Polis Şöbəsinə şikayət etdiyini bildirib”.
“Rəhmətlik söyüş söydü, ona görə vurdum. Mən söyüşü bağışlamıram, atamın oğlu da olsa. Özüm Fransanın Strasburq şəhərində ali təhsil almışam”.
*****
Bunlar söhbətlərdən, informasiya lentlərindən topladığım qısa həyat və ölüm xronikalarıdır. Azərbaycanlılar bir-birini çox mənasız əhvalatlara görə vurub öldürməyə meyllidir. Məncə bunun səbəbi aydındır. Başlığa yazmışam.
Zamin Hacı
Musavat.com