post-title

Sonuncu dayaq

(bir daha Rəsulzadə haqda)

Bu günlərdə Rusiyada, paytaxt Moskvanın mərkəzində “Hamlet”dən parçaları yüksək səslə oxuyan uşağı polislər zorakılıqla valideynlərinin əlindən alıb idarəyə aparmışdılar. Sonra uşaq azad edildi, valideynlərdən üzr istədilər, ancaq cəmiyyət iki yerə bölündü. Polisin vəhşi hərəkətini qınayanlarla yanaşı, uşağın valideynlərini qınayanlar da vardı. Bəziləri isə həmin qınayanları və polisin hərəkətini nəzərdə tutub “gör ölkəmiz hansı kökə düşüb, Putin Rusiyada insan azadlığını hara gətirib” yazırdılar.

Azərbaycanda sistem xeyli dərəcədə Rusiyadakı rejimə bənzəyir. Biz bir çox misalları oradan götürür, ya da ora örnək oluruq. Bu uşağın əhvalatının bənzəri isə bizdə çoxdan baş veribdir. 2012-ci ildə. (Bəlkə də 2011 idi, dəqiq xatırlamıram). Uşaq hətta bundan daha balaca idi, yanılmıramsa heç məktəbə getmirdi. Anası ilə Bakının mərkəzində gəzməyə çıxarkən müxalifət yaxınlıqda etiraz aksiyası keçirmişdi. Uşaq adamların səsləndirdiyi “Azadlıq” şüarını əyləncəli qəbul edib yüksək səslə təkrarlamışdı. Nəticə isə az qala tragik olmuşdu: polis balacanı anasının əlindən alıb şöbəyə aparmaq istəmişdi. Sonra anasını da tutmaq istəmişdilər. Ən iyrənci isə o idi ki, həmin vaxt Azərbaycan Uşaq Federasiyasının sədri olan bir qadın təsisçilik etdiyi öz qəzetində (sonra qadını başqa işə görə həbs etdilər, qəzet bağlandı, federasiya da deyəsən ömrünü başa vurmuşdur - bu üzdən adlarını çəkməyə ehtiyac görmürəm) bu uşağın saxlanması cəhdinə haqq qazandırmışdı. O cümlədən başqa adamlar tapılmışdı, deyirdilər, uşağa düzgün tərbiyə verilsə o, Bakının mərkəzində şüar qışqırmaz, “Azadlıq” sözünü işlətməzdi.

Əlbəttə, hər cür insan tipi, hər cür deqradasiya, hər cür mənəviyyatsızlıq forması var, bunları başa düşürük. Biz, həmçinin başqa avtoritar sistemlərdə sağ qalmağa, insan sifətini qorumağa çalışanlar haqda düşünərkən özümüzün bu bataqlıqda tək olmadığımızı düşünüb bir az eqoistcəsinə olsa da təsəlli tapırıq. Eyni zamanda, tarixdən götürdüyümüz dərslər, insan örnəkləri də bizə olduqca lazımdır.

Semyon Qluzman adlı ukraynalı psixiatr var. 1970-ci illərdə, sovetlərin qılıncının dalı-qabağı kəsən vaxt siyasi dissident olub, 7 il həbs, 3 il sürgün cəzası alıb. Qluzman SSRİ-nin dissidentləri psixi xəstəxanaya salıb repressiya etməsini ifşa edən birinci adam sayılır. Onun müdafiəsi üçün xaricdə və daxildə böyük kampaniya aparılıb, Soljenitsin, prins Çarlz, “Beynəlxalq Amnistiya” işə qoşulub. (Beynəlxalq insan haqları qurumları 1978-ci ili “Semyon Qluzman” ili elan edibmiş). Bütün bu söz-söhbətdən bezən SSRİ rəhbərliyi Qluzmanı deportasiya etmək qərarına gəlir, onun yanına, türməyə nümayəndə göndərir, deyirlər çıxıb gedə bilərsən, sən bizə problem yaradırsan. Qluzman isə cavabında deyibmiş: “Özünüz çıxın gedin Ukraynadan, SSRİ-dən. Mən sizə yox, siz mənə problem yaradırsınız”.

Tarixi, bəşəriyyəti irəli aparan belə insanlardır. Biri virusları bədəninə yoluxdurub peyvəndi kəşf edir, başqası quduz sistemlərə qarşı mübarizə aparır, bir ayrısı ulduzları öyrənib bizim Kainatın mərkəzi deyil, əslində balaca qum dənəciyi üzərində dayandığımızı aşkar edir. Bu adamlar hamısı parlaq adamlardır. Biz onlardan örnək alıb, onlar kimi insan olmağı öyrənib yaşayırıq. Yoxsa həyatın başqa bir elə ciddi anlamı da yoxdur.

Bilmirəm, fikir verdinizmi, bu il sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətini, xüsusilə Məhəmməd Əmin Rəsulzadəni yada salan minlərlə insan oldu. Onlar yüksək qürur və fəxrlə öz divarlarını, profil fotolarını Rəsulzadənin fikirləri, imzası ilə bəzədilər. Bunun səbəbi nə idi? Axı belə baxanda heç yubiley ili də sayılmaz - birinci respublikamızın quruluşunun 99 illiyi idi. Məncə səbəb bizim Rəsulzadəyə, birinci respublikaya sığınmağımız idi. Rəsulzadə artıq bizim axırıncı dayağımız, söykəyimiz olub, geriyə yol yoxdur. Başqa hər şeyi əlimizdən alıblar. Bu istinad divarı da yıxılsa, biz məhv olarıq.


Hərçənd, o yıxılmaz bir divardır, çünki mənəviyyatca uca insan(lar) tərəfindən hörülüb.

Musavat.com
Yuxarı