Anar Məsimli: Şəbəkə marketinqi
PROLOQ Təxminən, 6-7 il əvvəl, Xarici Dillərdə (ADU) o…
Bu gün Azərbaycan türklərinin ilk və tək milli bayramıdır. Çünki bu müqəddəs gün uğrunda saysız insan şəhid olmuş, millət öndəri yoxdan bir dövlət quraraq "Bir kərə yüksələn bayraq bir daha enməz" şüarıyla tarixdə ilk türk Respublikasını dünyaya elan etmişdir.
Çox təəssüf ki, son illərdə Azərbaycanda milli tarixə və xüsusilə Məmməd Əmin Rəsulzadəyə qarşı haqsız və tarixi gerçəklərdən uzaq qaralama və unutdurma siyasəti aparılmaqdadır. Bunun kimsəyə də faydası yoxdur.
28 may 1918-ci ildə minlərlə insanın qanıyla qurulan Milli Azərbaycan Cumhuriyyətinin monarxik çar rejimi və ya Sovet Rusiya ilə müqayisə edilərək üstünlüklərinin isbat edilməyə çalışılması, yaxud milli hökumət və M.Ə.Rəsulzadənin Ermənistan dövlətinin qurulması ilə əlaqədar günahlandırılması, ya da 1993-cü ildəki rəhbərlik dəyişikliyinin 1918-ci ildəki Milli Azərbaycan Cumhuriyyətinin quruluşundan əhəmiyyətli olduğunun vurğulanması tarix şüurundan uzaq, zamanı tsiklik tədqiq etməyə biganə olanların virtual tarix yaratma səyindən başqa bir şey deyil.
28 may 1918-ci ildə elan edilməsi mübahisəsiz Azərbaycan xalqının tarixinin və taleyinin dönüş nöqtəsidir. Müstəqillik millətin şərəfini qoruyaraq, onu böyük bir təhlükədən qorumuşdur.
28 may 1918-ci ildə Milli Azərbaycan Cumhuriyyətinin müstəqilliyi elan edilib, Azərbaycan Demokratik Respublikası qurulmasaydı, bu gün Azərbaycan adlı bir dövlətin varlığı bir yana qalsın, Azərbaycan torpaqları Rusiya, Ermənistan və Gürcüstan arasında bölüşülmüş olacaqdı.
Ona görə yeddidən yetmişə Azərbaycan xalqının milli respublikanın qurucusu Məmməd Əmin Rəsuzladəyə təşəkkür borcu vardır. 28 May İstiqlal Bayramını "Xalq günü" adı altında fərqli bir adla qeyd etmək və ya Rəsulzadənin adını anmamaq, müasir Azərbaycan tarixini inkar etmək olar. Tarixi gerçəklər siyasi çəkişmələrə qurban edilməməlidir. Bu, Azərbaycanın gənc və gələcək nəsillərinə edilmiş ən böyük haqsızlıq olar.
28 may yüz illərlə şahlara, xanlara, bəylərə və ən sonda rus çarlarına qulluq etmiş, təbəəlik etmiş, boyun əyərək taleyinə razı olmuş bir xalqın, ümmətdən millətə çevrildiyi, milliləşdiyi, azadlığına və istiqlalına qovuşaraq türklük ruhunu tapdığı hadisədir.
Azərbaycanın coğrafi baxımdan Şərq və Qərb türklüyünün keçid nöqtəsində yerləşməsi və yeraltı qaynaqlar cəhətdən zəngin olması imperialist güclərin hər vaxt iştahını qabartmışdır. 12-ci əsrdə səltənət sürən Azərbaycan Atabəylər sülaləsi zamanı ilə ara vermədən min ildən çox hökm sürən Şirvanşahlar dövrü Azərbaycan tarixində şanlı səhifələr yazıb.
Bu dövr Qafqaz, Azərbaycan və digər bölgələrdə yaşayan türklərin milli varlıqlarının qorunması, ictimai həyatın müasir mədəniyyət səviyyəsinə qovuşdurulması, milli dil, ədəbiyyat, sənət və yazılı mətbuatın inkişaf etdirilməsi istiqamətində ziyalı bir zümrənin yetişməsi dövrüdür.
Mətbuatın nəşri ilə Qafqazda siyasi, ictimai və milli fikir təşəkkül etdi. İctimai fikrin meydana gəlməsi və millətin birlik və bərabərliyi ilə əhəmiyyətli milli məsələlər müzakirə edilirdi. O zaman Bakı Azərbaycan türklərinin milli hərəkatına mərkəzlik edən bir mövqedə idi. Milli Azərbaycan hərəkatının hər cür siyasi, ictimai, iqtisadi və mədəni hərəkat mərkəzləri də burada yerləşirdi.
Çar rejiminin məşrutə elanından sonra təmin edilən rahat mühit içərisində bir qismi gizli olmaqla komitələr, cəmiyyətlər və partiyalar meydana gəlmişdi. Çar Rusiyasının təqibi nəticəsində mühacirətə çıxmaq məcburiyyətində qalan Rəsulzadənin də təlqinləriylə gizli olaraq Müsavat Partiyası qurulmuşdu.
Müsavatın proqramı pan-türkçü fikirlərdən çox panislamçı meyl daşımaqda idi. Ümmət ilə millət, türklük ilə müsəlmanlıq bir-birlərindən ayrılmamışdı. Müsavatın fəaliyyət proqramı Rusiyada yaşayan türk dilli, İslam dinli xalqları milli-mədəni ittifaq əsasında birləşdirməyi məqsəd qoyurdu. Müsavat taktiki olaraq inqilabçıydı və rus qiyamçı partiyalarla və İslam millətlərinin müstəqilliyi üçün çalışan başqa müsəlman partiyalarla əməkdaşlıq içində çalışırdı.
Müsavatın sinif anlayışı məsləki zümrə mənasında idi və xalqçılığı ümumi bərabərlik əsasına söykəməkdəydi. Bel bağladığı qüvvə işçi, kəndli və əməkçi ziyalı zümrə idi. Müsavatın bu islamçı təhkiyəsinin türkçü bir məzmun qazanması yalnız Məmməd Əmin Rəsulzadənin təsiriylə mümkün olmuşdur.
Məmməd Əmin Rəsulzadə gənc yaşında siyasi həyata atılmış, 1903-cü ildən etibarən Çar rejimi əleyhinə gizli fəaliyyətlərə qoşulmuş, 1906-cı ildə inqilabçı gəncliyin başçısı olan və rus imperializmi ilə vuruşan bu gəncliyin nümayəndəsi sifətiylə İran inqilabında iştirak etmiş, Tehranda "İran-ı nev" adı qəzet çıxarmış və Rusiyanın müdaxiləsi ilə Türkiyəyə sığınmışdı.Türkçülük hərəkatının başladığı zamanlara təsadüf edən o günlərdə Yusuf Akçura, Əhməd Ağaoğlu, Hüseyinzadə Əli bəy də İstanbulda idi. Rəsulzadə istər bunlarla, istərsə də başda Ziya Gökalp olmaq üzrə, türkçülərlə təmasa keçir və yeni doğan türkçü mətbuatda yazılar yazırdı. Rəsulzadə burada Şeyx Cəmaləddin Əfqaninin "Vəhdəti Milliyə Fəlsəfəsi" (Milli Birlik Fəlsəfəsi – tərc.) adlı əsərini türkçəyə çevirərək nəşr etmiş və əsərin təsirində qalaraq Müsavat firqəsinin proqramının "Ümmətçilikdən" "Milliyyətçiliyə" və "İslamçılıqdan" "Türkçülüyə" keçməsində əhəmiyyətli rol oynamışdır.
1905-1908-ci illər ərzində Rəsulzadə Həyat, İrşad, Təkamül, Füyuzat, Yoldaş və Tərəqqi kimi dövrü nəşrlərdə yazılar yazmışdı. Bu yazılarında ictimai və siyasi mövzular, xüsusilə azadlıq, millət, insan haqları, mədəniyyət kimi anlayışlar üzərində dayanmış, bu düşüncələrini "İnsanlara azadlıq, millətlərə istiqlal" şəklində düsturlaşdırmışdır. Bu şüar hər zaman əsir millətlərin istiqlalı yolunda mübarizə aparanların ən əhəmiyyətli düsturu olmuşdur.
M.Ə.Rəsulzadə cahan savaşı öncəsində İstanbuldan Bakıya qayıtdığı zaman mətbuat osmanlı dili və azəri türkcəsi tərəfdarı olanlar şəklində iki düşərgəyə bölünmüşdü. Rəsulzadə bu iki düşərgənin ortasında, sadə və təmiz türkcə tezisini müdafiə edirdi. 1915-ci ildə çıxardığı "Açıq söz" qəzeti vasitəsilə bu istiqamətdə milliyyətçi bir ədəbiyyatın doğulmasına liderlik etdi. Həmçinin Rəsulzadə İslamiyyətin və müsəlman cəmiyyətin milliyyət deyil, ümmətçilik ifadə etdiyini, milliyyətin din üzərində deyil, dil və mədəniyyət birliyi üzərində qurula biləcəyini müdafiə edirdi. Onun fəlsəfəsinə görə, "Millət dili, dini, ənənəsi, ədəbiyyatı, tarixi və adətləriylə olan insan birliyidir. Tək din birliyi bir millət təşkil edə bilməz".
Bu tezis istiqamətində Müsavat Partiyasının 1917-ci ildəki Birinci Konqresində qəbul edilən proqramında tək din birliyinin bir millət meydana gətirməyəcəyi, dil, adət və ədəbiyyatın milliyyəti meydana gətirən ortaq ünsürlər olduğu vurğulanmışdı. Buradan da bütün türklərin bir millət olduğu nəticəsi çıxarılmışdı. Beləliklə, ümmətçilik dövrü bağlanaraq türk milliyyətçiliyi dövrü açıldı. Rəsulzadə bu fikirlərini "Açıq söz" qəzeti vasitəçiliyi ilə yayırdı. Bu fikirlərdən təsirlənən "Açıq söz"çü bir nəsil meydana gəlmişdi. Milliyyətçi fikirlər ətrafında xüsusi dərnəklər və cəmiyyətlər qurulmağa başlanmışdı.
1917-ci il ikinci rus inqilabından sonra bu cəmiyyətlər və bir çox mülayim siyasi qrup Müsavat Partiyasına qoşuldu. Bunların arasında Ədəmi Mərkəziyyət Partiyası ilə yanaşı, Əhrar və İttihad Partiyaları vardı.
Rusiyada Oktyabr İnqilabından sonra Çarlıq rejimi yıxılmış, Leninin liderliyində bolşeviklər iqtidara gəlmişdi. Lenin də Qafqaz Fövqəladə Kommisarlığına erməni Stepan Şaumyanı təyin etmişdi.
Şaumyan qərargahını Bakıya köçürərək, burada müharibədən dönmüş və evlərinə getmək üzrə olan 20-25 minlik erməni və rus əsgərləri, Xəzər dənizində olan rus hərbi flotu və Bakı neft mədənlərində çalışan rus və erməni işçilərindən təşkil olunmuş qüvvələrlə 31 martda qırğın törətdi və üç gün-üç gecə davam edən qırğın nəticəsində on minlərlə silahsız və günahsız türk qətl edildi. Bakı göydən, dənizdən və qurudan bombardman edildi. Məscidlər dağıdıldı, tarixi müəssisələr, mətbəə, teatr, məktəb, kitabxana kimi təşkilatlar yandırıldı.
Azərbaycanın digər şəhər və qəsəbələri də bu qırğından nəsibini almışdı. İsmət və namusa əl uzadılmış, malları talan edilmiş, Azərbaycan atəş və qılıncla təslim olmağa məcbur edilmişdi.
Gürcüstanın Zaqafqaziya Federasiyasından ayrılaraq müstəqilliyini elan etməsi ilə Zaqafqaziya Seyminin azərbaycanlı deputatları da özünü dərhal "Azərbaycan Milli Şurası" elan edərək, başçılığına da Müsavat lideri Məmməd Əmin Rəsulzadəni seçmiş və 28 may 1918-ci ildə Azərbaycanın müstəqil bir dövlət olduğunu bütün dünyaya elan etmişdilər…
Azərbaycan xalqının milliyyət dövründən çıxıb, millət halına gəldiyinə və dövlət şəklində təşəkkül etdiyinə dair tarixi sənəddəki (Milli Şuranın İstiqlal Bəyənnaməsi - tərc.) maddələrin hamısı Məmməd Əmin Rəsulzadənin Müsavat Partiyası proqramında əks olunan fikir və düşüncələrindən ibarətdir. Çünki millət, vətən, Azərbaycan, milli dövlət, respublika, xalqçılıq və demokratiya prinsip və ümdələri, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan tək Müsavat partiyasının proqramında vardı. Milli Şuranın təşkil etdiyi hökumət içərisində çoxluq Müsavat Partiyasında idi. Fətəli xanın təşkil etdiyi kabinetdə səkkiz nazirdən altısı Müsavat-tərəfsiz qrup fraksiyasına, biri Hümmətə, biri də Bloka daxil idi…
Millətin varlığını məhvdən qurtarmaq, yeni qovuşduğu azadlıq və istiqlal günəşiylə yurdun hər tərəfini işıqlandırmaq yolunda Müsavat firqəsi və onun lideri M.Ə.Rəsulzadənin təşkil etdiyi gənc hökumət sabitliyin təmin edilməsi, hərbi güclərin mütləq zəfər qazanması yolunda hər cür fədakarlıqla, gecə-gündüz çalışmağa davam edərkən, gənc respublika yeni təhlükələrlə qarşı-qarşıya gəlirdi. Bu təhlükə də Osmanlı Ordusunu öz qara əməllərinə alət etmək üçün hər cür hiylə və oyuna cəhd edən mürtəce qüvvələr ilə Rus Çarlığının sabiq qapı qullarının baş qaldırışları idi.
Azərbaycan Hökumətinin dəvəti ilə köməyə gəlmiş Osmanlı ordusu komandanlığının hökumətlə mürtəcelər arasındakı analaşmazlıqlarda tərəfsiz qalması ziyalılara ağır təsir etmişdi. Osmanlı ordusu təkcə tərəfsizlik elan etməmiş, Milli Şuranın və hökumətin tamamilə dağıdılmasını və yerini paşanın öz arzusu ilə quracağı hökumətə verməsini istəyirdi. Qurulacaq bu "hökumət" də Rus Çarlığının sabiq qapıqulları ilə şeyxülislamdan ibarət olacaqdı.
Bu qarışıqlıqda Milli Şurada iştirak edən Sosialist bloku ilə Himmət menşevik firqəsi Milli Şuradan istefa verdilər. Milli Şurada Müsavat firqəsi ilə İttihad qalmışdı. İttihad Şura daxilində əhəmiyyətli bir güc olmadığından, Müsavat və tərəfsiz qrup 30 nümayəndəylə üstün vəziyyətdə idi. 7 dekabrda açılan Parlamentdə isə Müsavat 32 nümayəndəylə ən qüvvətli partiya mövqeyindəydi. Müsavat Partiyası sağ partiyalarla koalisiya təşkil edərək çoxluğu təmin etmiş və hökuməti qurmuşdu.
26 dekabrda hökumət quruldu. Fətəli xanın təşkil etdiyi üçüncü kabinet partiya proqramlarına görə deyil, partiyaların hökumət başçısının şəxsinə və proqramına güvənmələri təməlində yaradılmışdı. Lakin kabinet xaricində qalan birliyin sıx müxalifəti nəticəsində bir neçə ay sonra Fətəli xan kabineti istefa verdi və 14 aprel 1919-cu ildə Nəsib Yusifbəyli kabineti quruldu. Bu kabinetdə də İttihad kənarda qalmışdı. Bu kabinetin vəzifədə qaldığı səkkiz ay Azərbaycanın dövlət quruculuğu dövrünü əhatə edir. 1919-cu ilin dekabr ayında Nəsib bəyin ikinci kabineti quruldu. Bu kabinetə İttihad Partiyası və Fətəli xan kabinetinin öndə gələnləri də qoşulmuşdu. Bu beşinci kabinet Azərbaycan Milli Cumhuriyyətinin son hökuməti oldu.
Azərbaycan hökumətinin qanuniliyinin tanınması ilə, rus və erməni müxaliflər hərəkətə keçdi, Bakıdakı rus və erməni işçilər tətil elan etdi. Elektrik mərkəzi də onların əlində olduğundan Bakıda həyat dayandı və tətilçilər istəklərinə çatdılar. Lakin Azərbaycan hökuməti türk işçilərin dəstəyini alaraq ikinci tətili önləməyi bacaracaq və siyasi mövqesini gücləndirəcəkdi.
Azərbaycan Milli Cumhuriyyətinin ilk hədəfi "ordu" qurmaq olmuşdur. Çarlıq dövründə orduya müsəlman əsgər və hökumət xidmətinə müsəlman məmur götürülmürdü. Cumhuriyyət ikinci hədəf kimi dövlət bürokratiyası üçün təhsilli ziyalılar yetişdirməyə yönəlmişdi. Təhsilin yayılmasına, ali təhsil və ixtisas institutlarının qurulmasına əhəmiyyət verilmiş, Avropaya şagirdlər göndərilmişdi…
Sovet Rusiya Çar Rusiyasının açıq dənizlərə çıxmaq siyasətini davam etdirir və nə olur-olsun Qafqazdakı 1914-cü il sərhədlərinə çatmaq istəyirdi. Ruslar 1918-ci ildə olduğu kimi 1920-ci ildə də erməniləri Azərbaycana qarşı istifadə edəcəkdi. Moskva Ermənistanla müharibə aparan Azərbaycan milli hökumətini içəridəki yandaşlarının köməyiylə yıxaraq, yerinə istədiyi hökuməti qurduracaq və bu hökumətin dəvəti ilə Azərbaycanı işğal edəcəkdi. İşğalın da bəhanəsi Qırmızı ordunun türklərin Anadoluda apardığı qurtuluş hərəkatına kömək etmək istəyinə Müsavat hökumətinin maneə olduğu yalanı olacaqdı.
Azərbaycandakı Osmanlı zabitləri də mürtəce və rus tərəfdarı firqələri milliyyətçi və türkçü Müsavat firqəsinə qarşı dəstəkləyəcək və bu firqələrin türkçü və milliyyətçi firqə Müsavata qarşı birləşmələri nəticəsində parlamentdə bolşevikler tərəfindən verilən ultimatom qəbul ediləcəkdi.
M.Ə.Rəsulzadə ultimatuma şiddətlə qarşı çıxacaq, millət vəkillərinə xitabən "Əfəndilər! Cürətli bir ultimatom qarşısındayıq. Burada təslimdən bəhs edilir. Lakin əfəndilər təslim nə demək!... kimə (görə-tərc.) tərki-mövqe edirik?... (mətndə kəsilən hissə - Bizə deyirlər ki, hüdudlarımızdan keçən ordunun başında Nicati adında bir türk komandanı var. Rusiyadan gələn bu təcavüzkar ordu təxminən bilirəm ki, həyat və ölüm mübarizəsi aparan Türkiyəni xilas etmək üçün gedir –tərc.) Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır. Millətimizin amalını uca eləyən müqəddəs bir məmləkətdir! Onun xilasına gedən gücü biz məmnuniyyətlə yola salarıq. Lakin bir şərtlə ki, bu qüvvət bizim azadlığımızı, istiqlalımızı tapdalamasın. Halbuki, əfəndilər, bizə soruşmadan hüdudumuzu keçən hər hansı güc, dostumuz deyil, düşmənimizdir! (mətndə kəsilən hissə - Duyduğumuz bu təbliğat düşmən təbliğatıdır. Bizi aldadırlar. Yalandır, gələn rus ordusudur. Onun istədiyi 1914-cü il hüdudlarını almaqdır. Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq bolşeviklərə təslim etməyə, ultimatumu qəbul etməyə ehtiyac yoxdur. Bu ultimatumu kəmali nifrətlə rədd edirik... – tərc. ) " şəklindəki yığcam çıxışı, lojaları və salonu dolduran böyük bir dinləyici kütləsi tərəfindən davamlı alqışlarla qarşılanacaq, onun parlamentdəki bu nitqinə rəğmən ultimatom qəbul ediləcəkdi.
Çünki Parlamentdə ultimatomu qəbul edən müxalif firqələrin gündəmində təslim deyil, yalnız vəzifə bölgüsü və kabinet dəyişikliyi olacaqdı. Təslimçilik və xidmətçiliyə alışmış bir zehniyyətin xəyanəti nəticəsində, Sovet Rusiyası əl-qolunu yelləyərək 26 aprel 1920-ci ildə Azərbaycan hüdudunu keçərək, 27 aprel 1920-ci ildə Azərbaycanın bütününü işğal edəcək və 1914-cü ildəki sərhədlərinə qovuşacaqdı...