Mirmehdi Ağaoğlu
Xalq yazıçısı Çingiz Abdullayevin “Azərkitab”ın açılışındakı çıxışı yaman əks-səda verib. Çıxışın videosu sosial şəbəkələrdə paylaşılıb, fikirləri təqdir olunub. Dünəndən hamı Çingiz Abdullayevin qəhrəmanlığını, cəsarətini alqışlayır.
Müəllim o çıxışda kitabın problemlərindən, xalqın kitab oxumamasından, kitab mağazalarının bağlanmasından, yerində bərbərxana, kalqotka dükanlarının açılmasından danışıb. Kitaba belə laqeydin münasibətin yaradacağı acı fəsadları deyib.
Çox gözəl.
Çingiz müəllimin fikirlərində yanlışlıq varmı, əlbəttə yoxdur? Haqlı fikirlərdirmi, bəli?
Bəs o zaman problem nədədir?
Niyə Xalq yazıçısının çıxışı səmimi görünmür, “tamaşa” effekti yaradır?
Səbəb sadədir.
Çingiz Abdullayev hədəfləri “xolostoy” patronla nişan alır. Səbəbi göstərmək yerinə nəticəni deyir. Və xalqı ittiham edir. Yenə də günahkar xalq olur. İttiham kürsüsünə xalqı çıxarır. Halbuki onun dediyi problemlərin səbəbkarı xalq deyil, müvafiq qurumlardır.
Çingiz müəllim deyir ki, efirdə ancaq çal-çağır göstərilir, şadlıq evləri göstərilir, əyləncə verilişləri verilir. Elə bil televiziyalara xalq nəzarət edir. Xalq buna neyləsin, nə göstərilir, ona da baxırlar. Əlaqədar qurumlar televiziyalar qarşısında maarifləndirici verilişlərin verilməsi tələbi qoymur, televiziyalar da ən asan yola qaçırlar, efirdə əyləncə verilişləri ayaq tutub yeriyir, nəticədə olan xalqa olur.
Çingiz müəllim illərdir bu problemlər yazılanda, qüsurlar göstəriləndə niyə susurdu? Niyə həyəcan təbili çalmırdı? Bəs bu yazanlar demirdimi ki, təhsilə soyuq münasibət, yazarların, kitabın, elmi-mədəni verilişlərin efirdən uzaq salınması öz nəticəsini göstərəcək?
Mövcud vəziyyətində xalq da kitabdan soyuyacaqdı, kitaba marağı itəcəkdi və o nəhayət çal-çağıra oynayan kütləyə çevriləcəkdi, necə ki, çevrildi.
Mən Çingiz müəllimdən soruşmaq istəyirəm:
Elə sizin oturduğunuz AYB-nin yaxınlığında Ənvər Məmmədxanlı adına ictimai kitabxana vardı. Hardasa beş-altı il əvvəl bağlandı, yerində turizm şirkəti açıldı. Lap yaxınlarda isə yenə də AYB-nin yaxınlığındakı başqa bir ictimai kitabxana bağlandı. Onun da yerinə başqa bir turizm şirkəti yaradıldı.
Cəmi iki faktı deyirəm və Çingiz müəllimdən soruşuram. Bunu xalq edib? Bu kitabxanalar bağlananda, əlaqədar qurumlar hara baxırdı? Bu ictimai kitabxanaların bağlanmasına həmin qurumlar niyə göz yumurdu?
Çingiz Abdullayev isə bunları demir, tiri görmür, xalqın gözündə tük axtarır.
Yaxşı olmazdımı ki, Xalq yazıçısı adının, yüzlərlə titulun sahibi, minlərlə təşkilatın üzvü olan yazıçı hədəf kimi xalqı tənqid etməkdənsə bu işlərin həyata keçirilməsində məsuliyyət daşıyan səlahiyyətli şəxslərə üzünü tutsun? Onlara sözünü desin, onları ittiham eləsin? Axı bunu etmək üçün onun kifayət qədər nüfuzu və imkanı var.
Olardı.
Lakin Çingiz Abdullayev bilir ki, bunu desə kimlərləsə düşmən olacaq, ona görə öz söz tüfənginə “xolostoy” güllə qoyub atəş açır və tüfəngin lüləsi həmişə olduğu kimi mağmın xalqa tuşlanır.
Xalqısa ittiham etməyə nə var?
İşimiz bu deyilmi?
Kulis.az