Deyilənə görə, Stalin vestern janrının klassik nümunələrindən biri, rejissor Jhon Fordun “Dilicans” filminə baxandan sonra “Məgər bizdə belə kino çəkə biləcək heç kim yoxdu?” deyib.
Stalinin ağzından çıxan hər söz qanun olduğuna görə “Mosfilm” kinostudiyası təcili düşmən arxasında atlı partizan dəstəsi yaradan at zavodunun işçilərindən bəhs eləyən “Cəsur insanlar” filmini istehsalata buraxıb və film ekranlara çıxan kimi çox böyük gəlir gətirib...
Bəziləri Stalinin ö cümləni “Dilicans”a yox, “İtkin gözətçi”, bəziləri də “Böyük cığır” filminə baxandan sonra söylədiyini deyirlər. Bu əhvalatda Stalinin həmin vaxt konkret hansı filmə baxdığı vacib deyil. Diqqət yetirilməli detal odur ki, Stalin vestern janrında çəkilmiş bir filmə baxmışdı və Sovet İttifaqında da eyni tipli filmlər görmək istəmişdi. Beləcə, dahi rəhbərin bir sözü ilə sovet kinosunda yeni bir janrın - isternin əsası qoyulmuşdu.
Sovet isterninə Stalinmi sərəncam verib?
Əslində “Cəsur insanlar” bu janrda çəkilən ilk film deyildi. Kino tarixçiləri rejissor Perestianinin 1923-cü ildə Tbilisi kinostudiyasında P.Blyaxinin eyniadlı povesti əsasında çəkdiyi səssiz “Qırmızı şeytanlar” və V.Pudovkinin 1928-ci ildə çəkdiyi “Çingiz xanın xələfi” filmlərini sovet kinosunda istern janrının ilk örnəkləri hesab eləyirlər. Lakin iş ondadır ki, adıçəkilən hər iki film vestern janrının təsiri olmadan meydana çıxmışdı.
1950-ci ildə ekranlara çıxan “Cəsur insanlar” isə, məhz, vesternlərin təsiri ilə yaranmışdı.
İstern elə vesterndir
İstern janrının özəllikləri nə idi?
İstern elə vesterndi. (Bir də şərqi Avropada geniş yayılmış “qırmızı vestern” janrı vardı). Hərdən qərb kinotənqidçiləri bu janra aid filmləri “borş-vesternlər” də adlandırırdılar.
İstern janrında çəkilən filmlərdə vesternin əsas qaydalarına – tənha qəhrəman, amansız quldur, kim haqlıdısa, o, birinci atəş açır, xəzinə axtarışı, qatar qarəti, zəiflərin müdafiəsi – riayət olunurdu, ancaq bütün bunlar Amerikada yox, əsasən, orta Asiya çöllərində, Qafqazda və Vətəndaş Müharibəsi dövründə baş verirdi.
İsternlər vesternlərdən həm də fəhlə-kəndli sinfinə simpatiyası, işıqlı gələcəyə inam ideyası ilə fərqlənirdi. Baş qəhrəman hər zaman ideal olurdu, ideya uğrunda mübarizə aparırdı. Sovet senzurası başqa variantlara icazə vermirdi. Qəhrəman heç bir halda fərdiyyətçi ola bilməzdi, o, az qala, həmişə ali məqsəd naminə vuruşan hansısa kollektivin tərkib hissəsi idi.
Stalinin zamanında çəkilən isternlər ideoloji nəzarət altındaydılar, personajlar kəskin şəkildə “yaxşılara” və “pislərə” bölünür, qırmızı ordunun əsgərləri həmişə həddindən artıq müsbət, ağlar, atamanlar, basmaçlar, qolçomaqlar həddindən artıq mənfi olurdular.
İlk filmlərin böyük kommersiya uğuru qazanmasına baxmayaraq, istern ideoloji baxımdan şübhəli janr olaraq qalırdı. Hətta proletariatın azadlığından ötrü vuruşsa belə, tənha qəhrəman kollektivizm ideologiyasına uyğun gəlmirdi.
Xruşşovun xoşuna gəlməyib
1960-cı ildə üzünə nisbi azadlıq havası dəyən “Soveksportfilm”, John Sturgesin məşhur “Möhtəşəm yeddilik” filmini sovet ekranlarına buraxır. Yapon rejissoru Akira Kurosawanın “Yeddi samuray” filmini rimeyki olan “Möhtəşəm yeddilik” öz vətənində - ABŞ-da soyuq qarşılansa da, SSRİ də kütləvi sevgi qazanır.
Xruşşovun nə Amerika, nə də vesternlə arası vardı
Amma sadəcə tamaşaçılar arasında. Tamaşaçı filmi sevir, amma rəsmi dairələr yox. Mətbuatda filmlə bağlı ardıcıl tənqidi məqalələr çıxır. Son nöqtəni isə SSRİ MK-nın o vaxtkı baş katibi Nikita Xruşşov qoyur. O, bir çıxışında: “Mən “Möhtəşəm yeddilik” filminə baxdım. Orda çəkilən aktyorlar gözəl oynayırlar. Biz filmi ekranlara buraxdıq və buna görə xeyli irad eşitdik.
“Pedaqoqlar mətbuatda fikir bildirdilər. “Yeddiliyə görə 2” adlı tənqidi məqalə çap olundu. Həmin məqalədə deyilirdi ki, bu film gənclərin tərbiyəsinə pis təsir edir. Mən pedaqoqlarla razıyam. Siz amerikalılar hər yerdə belə filmlər göstərirsiniz, onlarda insanlar bir-birini vururlar, işgəncə verir, öldürürlər. Sizdə bu, maraqlı hesab olunur. Biz də isə belə halların təbliği zərərlı sayılır” deyərək amerikan vesternlərinin ölkəyə ixracını dayandırır.
Amma filmin kütləvi uğurunu danmaq mümkün deyildi. Buna görə də, “Mosfilm” yenidən isternlərin istehsalına başlamaq qərarına gəlir və “Qırmızı şeytanlar” filmini təkrar prokata buraxmaq istəyir, lakin filmin arxivdəki lentinin məhv edildiyi məlum olur.
"Möhtəşəm 7-lik" filminin afişası
Nəticədə kinostudiya Blyaxinin povestinin motivləri əsasında “Ələkeçməz qisasçılar” filmini çəkib ekranlara buraxır. Eyni vaxtda artıq festivalları gəzib Serjio Leonenin “spaqetti-vesternləri” ilə tanış olan sovet rejissorları öz filmlərində Leonedən sitatlar gətirməyə başlayırlar.
Üstəlik sovet isternlərində antiqəhrəman peyda olur. 1964-cü ildə rejissor Vladimir Motılın Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə aldığı “Səhranın bəyaz günəşi”, 1974-cü ildə Nikita Mixalkovun çəkdiyi “Yadlar arasında doğma, doğmalar arasında yad” filmləri sovet kinosunda ikinci istern dalğasının ən məşhur nümunələridir.
Bu filmlərdə müsbət personajlar qəhrəman olana qədər böyük yol keçirdilər. Məsələn, “Səhranın bəyaz günəşi”ndə yoldaş Suxov vəzifəsini yerinə yetirmək əvəzinə vətəninə qayıtmağı, Katerina Matveyevna ilə görüşməyi arzulayırdı, komissar Şilov isə ac insanlara yardım məqsədilə toplanmış qızılları oğurlamağa çalışırdı. Elə buna görə də filmlər inqilabın ideyasını unutmaqda, tarixi həqiqətləri təhrif etməkdə ittiham olunurdular. Ancaq heç bir tənqid tamaşaçıların onlara qarşı marağını azaltmırdı.
Azərbaycanın komsomol vesterni
Sözügedən filmlər indi də sovet isternlərinin klassikası sayılır.
Azərbaycan kinosunda da istern janrının nümunələri var. Özü də yaxşı nümunələri. Tofiq Tağızadənin S.Vurğunun “Komsomol poeması” əsəri əsasında çəkdiyi “Yeddi oğul istərəm..” (1970), Kamil Rüstəmbəyovun, F.Kərimzadənin “Qarlı aşırım” romanı əsasında çəkdiyi “Axırıncı aşırım” (1971) filmləri kimi...
“Yeddi oğul istərəm..”, məhz, “Yeddi samuray”, “Möhtəşəm yeddilik” filmlərindən ilhamlanaraq, həmin dalğada meydana çıxıb. Tofiq Tağızadə öz filmində həm janrın qaydalarına əməl eləyib – burda Bəxtiyar (Həsən Məmmədov) kimi sırf ideya uğrunda vuruşan qəhrəman da var, Mirpaşa (Elçin Məmmədov) kimi antiqəhrəman da, Gəray bəy (Həsənağa Turabov) kimi ziddiyətli mənfi personajlar da... Həm də janrı özününküləşdirməyi bacarıb, Novruz bayramına hazırlıq, Cəlalın güllələnməsi zamanı çalınan aşıq havası səhnələri zərrə qədər də yad təsir bağışlamır, əksinə filmin dramaturji strukturunda çox gözəl əridilib.
Eyni sözləri “Axırıncı aşırım” haqqında da demək mümkündü.
Milli kinomuzda istern janrının daha bir nümunəsi də var – Yuli Qusmanın “Qorxma, mən səninləyəm” filmi (1981)...
Digər iki filmdən fərqli olaraq musiqili-əyləncəli “Qorxma, mən səninləyəm” filmində istifadə olunan milli elementlər, daha çox ekzotik görüntü təsiri bağışlayır, inandırıcı deyil.
"Axırıncı aşırım" filminin qəhrəmanı Abbasqulu bəy (Həsən Məmmədov)
Ümumiyyətlə, filmin süjetindən tutmuş geyimlərə, arxa fonda illüstrasiya kimi qalan mövzusuna qədər (əyalətdə neft axtarışları, yoxsulların torpaqlarının əllərindən alınması, atanın qızını istəmədiyi birinə puluna görə ərə verməsi və s) bütün detallar sanki bir məqsədə xidmət eləyir – qəhrəmanlar mahnı oxusunlar və əsas qəhrəman- sirk artisti Rüstəmi oynayan Muxtarbəy Kantemirov öz bacarıqlarını göstərə bilsin.
Yəqin, filmin tamaşaçılar arasında uğur qazanması, Azərbaycan televiziyasının ən çox nümayiş olunan filmlərindən birinə çevrilməsinin tək səbəbi də elə musiqidi.
“Yeri gəlmişkən” dörd il əvvəl “Qorxma, mən səninləyəm” filminin “Qorxma, mən səninləyəm! 1919” adlı sikveli çəkilib. İstehsalına bir neçə il və külli-miqdarda büdcə sərf olunan, Yuli Qusmanın ssenarisi və rejissorluğu yaranan filmin annotasiyasında deyilir ki, “bu film Azərbaycan xalqının necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərir. Ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır”.
Premyerası 2013-cü ildə Heydər Əliyev adına Sarayda təntənəli surətdə keçirilən film Azərbaycanda geniş tamaşaçı kütləsinə təqdim olunmayıb.
Aygün Aslanlı
Kinoşünas
Azadliq.org