Fritjof Kapra bir neçə mötəbər universitet və elementar zərrəciklər fizikası laboratoriyalarında işləmiş fizikdi.
“Müasir fizika və şərq mistisizmi arasındakı paralellərin araşdırılması” adlı yarımbaşlığı olan “Fizikanın taosu” və hazırkı rasional və analitik təfəkkürün böhranda olduğunu iddia edən, bu böhrandan çıxmaq üçün analitik düşüncə əvəzinə vahid yanaşmanın mənimsənilməsini müdafiə edən “Dönüş nöqtəsi” adlı kitabın müəllifidi.
Real dünyanın araşdırılmasında intuisiyanın rasionalizm və elmdən daha yaxşı “metod” olduğunu iddia edən Henri Berqson kimi vahid yanaşmanı üstün tutsa da, bu yolla üzə çıxarılmış, hər hansı bir fenomenə dair elmin əldə etdiyindən daha yaxşı nəticə ortaya qoymayıb.
O iddia edirdi ki, bütün mistik ənənələr kimi müasir elmin kəşflərindən istifadə edərək, retrospektiv şəkildə bu kəşflərin ortaya qoyduğu reallıq mənzərəsi uzaq şərq mistisizminə çox qədimdən bəlli idi. Təəssüf ki, elmdən öncə hansısa reallığı, prinsipi, qanunu kəşf edərək elmə yol göstərmək hələ heç bir mistik ənənəyə müəssər olmayıb. “Fizikanın taosu” tələsik şəkildə “bootstrap” nəzəriyyəsinə əsaslanaraq yazılmışdı. Sonradan “Standart model”i qəbul edib “bootstrap” nəzəriyyəsini rədd etməsinə baxmayaraq, müəllif kitabın sonrakı nəşrlərində hələ də əsərinin fizika ilə səsləşdiyini iddia edirdi. “Shambala” nəşriyyatında çıxan “Fizikanın taosu” hələ də oxunur, yenidən nəşr edilir, amma müəllif hazırda daha faydalı işlər görür. O, “Eko-təhsil mərkəzi”nin qurucularındandı və ekologiya mövzularında maarifçiliklə məşğuldu.
Elm reduksionistdi, fenomenləri çox az sayda kəmiyyət, anlayış və onları əlaqələndirən təbiət qanunları ilə izah edir. Mistik təfəkkürün yanaşması isə belədi: elmin indiyə qədərki tapıntılarına bu kəşflərdən sonra (əvvəl deyil) mistik təlimlərdə rast gəlindiyini iddia etmək, elmin indiki halıyla kafi olmadığını göstərməyə çalışmaq və namizəd olaraq guya holistik, bütünlüklü, əsaslı bilgini təqdim edən öz yanaşmalarını irəli sürmək.
Bu qədər vəsf edilsə də, mistik təfəkkür indiyə qədər intuisiya ilə verdikləri qərarları, tutarlı arqumentlərlə, elmin gəldiyi nəticələri rədd edəcək əsaslarla təqdim etməkdə acizdirlər. Yanlış isə intuisiyanın təbiətini, onun beynin hansı bölgəsində yerləşdiyini, hansı funksiyalardan məsul olduğunu bilməməkləridi. İntiusiya instinktlərin spontan olaraq beynin dərinliklərinə yazılmış modullarıdır və insanın təbiəti tərk etdikdən sonra yaratdığı elmi, texnologiyanı, böyük insan institutlarını analiz edib anlamaq üçün hazırlıqlı deyil.
İnstinktin söz sahibliyi etdiyi sahələrlə ağlın söz sahibliyi etdiyi fəaliyyət sahələrini qarışdırmaq ciddi problemlər yaradır və bu mövzu xeyli əsərlərdə müzakirə edilib.
Mistik təfəkkür əgər ciddiyə alınarsa, Capranın əsərindəki kimi sadəcə insanları azdırmaqla qalmaz, onların həyatı bahasına da başa gələr. İnsanları öz təsiri altında salaraq həyatlarını və onlardan istifadə edərək başqalarının həyatlarını təhlükəyə atar.
“Davidianlar qolu” təriqəti daxilində insan istismarı barədə şikayətlər artınca təriqət üzvləri ərazini mühasirəyə alan FTB əməkdaşlarına qarşı şiddət tətbiq edərək ərazidə yanğın törətmişdilər, nəticədə aralarında uşaqlar da olmaqla 82 təriqət üzvü və 4 FTB əməkdaşı həlak olmuşdu.
1984-cü ildə Yaponiyada Shoko Asahara tərəfindən qurulan “Aum Shinrikyo” təriqəti sürətlə böyüyərək Yaponiyada ali təhsilli insanlar arasında və digər ölkələrdə çoxlu tərəfdar toplamışdı. Təriqət müxtəlif siyasi-iqtisadi ambisiyalarla hüquq mühafizə orqanları əməkdaşlarına silahlı hücumlar etmiş, partlayıcılar və kimyəvi silahlar hazırlayan laboratoriyalar qurmuşdu. 1995-ci ildə Tokio metrosuna zarin qazı hücumu nəticəsində 6000 insan zərər görmüş və 13 insan ölmüşdü. Hələ də fəaliyyət göstərən təriqət 2016-cı ildə Rusiyada qadağan edilib.
Oxşar misallar çoxdu, bu təriqətlər ciblərini soymaqdan tutmuş, cinsi təcavüzə və quruların eqosunu doyurmaq üçün onların həyatı ilə oynamağa qədər müridləri müxtəlif dərəcədə istismar edirlər. Bu şarlatanların ən məşhurlarından biri də Şri Raçnişdi (Oşo). Şəxsi kolleksiyasında 100 “Rolls Royce” avtomobili olan, Amerikada geniş ərazidə qurduğu məbədində 200 metrlik yolu belə limuzinlə gedən, müridlərini istismar edən Oşonun şarlatanlığı məşhur anlaşma əsasında işləyir – “siz mənə cibinizi soymağa, bədəninizi istismar etməyə imkan verin, mən də ruhunuzu xilas edim”. Oşonun qəbuluna düşmək istəyənləri müridləri it kimi qoxlayaraq “ustada” neqativ enerji aparmamaları üçün tədbir görürmüşlər. Maraqlıdı, Oşo istismar etdiyi on minlərlə müridini xilas edə bildimi? Onlarda hər hansı yeni düşüncə formalaşdıra bildimi? Oşodan öncə və sonra müridin şəxsi keyfiyyətində ciddi fərq yarandımı? Yoxsa o sadəcə aforizmlərinin bəsitliyi və aldadıcı ümumiləşdirməsiylə insanların həyat təcrübələrindən və psixologiya oxuyaraq əldə edəcəklərindən daha azını onlara olduqca baha satan “ruh taciri” idi?
Mistiklərin yanaşmaları oxşardı. “Kvant şüuru” ,“çi enerjisi”, “kosmik bütünlük” kimi elmi terminlərlə bəzənmiş, heç bir empirik əsası olmayan, ölçülməmiş, isbat olunmamış terminlərdən istifadə edərək aldadıcı “elmilik” təlqin edirlər. İkincisi, insanları “özəl” olduqlarına və bu “özəlləşmə” hallarını hazırkı qurularının onlara təqdim edəcəyinə inandırırlar. Təkcə arzulamaq, bir an öncə mistik aydınlanmaya çatmaq istəmək olmazmış, arzulasanız tələyə düşərsiniz və kosmik şüur sizə açılmazmış. Sakitcə oturub istismar edilməyə dözməlisiniz. “Özün ol” – bu “öz” nədi, genlərdən, instinktlərdən, hormonlardan arınmış, ətraf mühitin təsirinə məruz qalmamış bu xalis, saf, idealist, platonik “öz” nədi, hardadı? Təbii ki, bir kəmiyyət nə qədər dəqiq tərif edilsə, onu ölçmək, ya da təcrübədən keçirmək və ölçülə bilinmədiyi üçün rədd etmək də bir o qədər asandı. Mistik ənənələrsə sınaqdan qaçmağa maraqlıdılar. “Sən “o”san”. “O, sənsən”. “Özün ol”. “Həqiqət içindədi”. Görünür, insanın zəifliyindəndi ki, bu taftalogiyaların müəlliflərinə, ciddi təhsil almamış, heç bir əlavə dəyər yaratmamış, sadəcə obraz formalaşdırmış şarlatanlara maddi zənginlik və status qazandırır.
Ümumiyyətlə, indi dünyada rasional və elmi təfəkkür böhran yaşayır. Müxtəlif şarlatanlar, psevdoelm dəllalları elmi və rasional təfəkkürə hücum edirlər. Bu hücumlarda ciddi akademik müəlliflərdən mistik qurulara qədər çox insan iştirak edir. Bəlkə də savannaları tərk edən, əkinçiliyin zəhmətli yükündən bezən insanların içində hər zaman keçmişə nostalji, başqa yerlərdə cənnət axtarışı, “Eldorado”nun varlığına inam anlaşılandı. Ancaq bu arzular barədə ciddi hesablar aparıb elmi obyektivliyi kölgələmək təhlükəlidi.
Yaxın keçmişdə samoalıların həyatını ideallaşdıran Marqaret Med kimi bir çox məşhur antropoloq Russonun dediyi “əsilzadə vəhşi”ni axtarıb ibtidai cəmiyyətlərdə tapmışdı. Guya olduqca harmonik, ahəngli, şiddətdən uzaq, xoşbəxt həyat sürən samoalılar mövzusuna sonradan daha skeptik yanaşmalar Medin ya yerlilər tərəfindən aldadıldığını, ya da bilərək samoalıları ideallaşdırdıqlarını ortaya qoydu. O zamana qədərsə onun samoalılar haqqında yazdığı kitab milyonlarla nüsxə satılmış, Med elmi standartlara cavab vermədiyi sonradan anlaşılan çalışmaları sayəsində müxtəlif akademik dərəcələr almışdı.
Dünya hoqqabazlarla, şarlatanlarla doludu. Status əldə etmək, bir qrupun lideri olmaq, maddi və cinsi ehtiyaclarını başqalarını istismar edərək qarşılamaq məqsədi güdən bu şarlatanlar skeptizmdən, elmdən uzaq olan insanları uğurla tələyə salır, onları istismar edir, onların zamanlarını, maddi vəsaitlərini, həyatlarını öz mənafeləri üçün israf edirlər. Özünə obraz qazanmış – uzunsaç, ağ əbalı, alnının ortasında xına, boynunda sarı gül çələngi, “özün ol”, “kosmik şüur”, “o, sənsən”, “çi enerjisi” kimi boşboğazlıqlar edən bir qurunun hər bir insana təsir edən ekoloji, ya da humanitar fəlakətlər üçün toplana biləcək vəsaitdən qat-qat artığını yığması insanların real problemlər və onların həllindən necə uzaq olduqlarının sübutudu.
Hər yeni nəsil zehni boşluğu ucbatından yeni bir şarlatan qrupu tərəfindən tələyə düşürülərək istismar olunur. Psevdoelmin təbliği və bəzi hallarda da elmlə aşkar şəkildə düşmənçilik etmək insanları aldatmaq üçündü. Həqiqəti ortaya çıxarmağın bir yolu da yalanları ələməkdi. Yalanlar sınaqdan keçirilib bir-bir ortadan qaldırıldıqca həqiqətin də konturları görünməyə başlayır. İstənilən yeni şarlatana şübhəylə yanaşıb “Bu dünyagörüşün mənbəyi nədi?”, “Hansı müəlliflər, əsərlər düşünmə tərzini formalaşdırıb?”, “İstifadə etdiyi terminlər empirik olaraq sınana, real dünyada qarşılığı göstərilə bilərmi?”, “İnsanlara nə verir, onlardan nə alır?” kimi sadə suallarla onu dəyərləndirmək olar.
Reallığı düzgün dərk etmək isə ancaq elmlə mümkündü, çünki elm bilik qazanmağın yeganə yoludu. Digər təlimlər sadəcə ideologiya, arzu, istək və illüziyadı. Zamanın sınağından çıxmamaları o zaman mümkün olacaq ki, insanlar özünü yeniləyən, bilgisi artan, öz səhvlərini düzəltmə mexanizmi olan elmə istinad etsinlər. Bu günün insanı dünənin; sabahın insanı bu günün insanından daha bilgili və skeptik olsun. Yoxsa maskalanmış şarlatanlar istismar etmək üçün insan tapmağa çətinlik çəkməyəcəklər. Onları ələ almaq üçün bir iddiaları da var: “hər kəsin öz həqiqəti, öz yolu var”. Həqiqətin yolu isə elmi metoddu və elə şəxsi olmadığı üçün həqiqətdi.
Sim-sim.az