post-title

Tariximizin hörülən saçları

Təxminən bir həftə əvvəl qızım axşam süfrə ətrafında toplandığımız zaman məktəbdən Tarix Muzeyinə ekskursiyaya aparılacaqlarını dedi. Yaman həvəsli idi. Açığı indiki yeniyetmələrin muzey kimi “cansıxıcı” yerə həvəslə getmək istəkləri olduğunu gizli bir təəccüblə qarşıladım. Soruşdum ki, hamınızmı belə həvəslə getmək istəyirsiniz? Hətta oğlanlardamı? Qızım hamılıqla həvəsli olduqlarını dedi. Sonra bir əlavə də etdi ki, ekskursiyadan sonra müəllimləri və bir neçə valideynin də nəzarətində İçəri Şəhərdə bir gəzinti filan da planlayırlar. Məndən ekskursiyadan sonrakı gəzintiləri üçün izn istədi. Hər halda bu həvəsin daha obyektiv tərəfləri də varmış. Təbii ki, izn verdim. Başlıca önəmli olan tarixlə tanışlıq kimi təqdirəlayiq bir hal idi. 

Onlar kiçik hafizələrinə gərəkli olan bir bilginin  həkk olunmasının bəlkə də ən məhsuldar zamanını yaşayırlar. Qızım tədbirləri üçün sinifdə elə də böyük olmayan bir maddi vəsaitin də toplanıldığını söylədi. Bu ekskursiya sonrakı gəzinti qisminin xərcləridir. Mən də öz tərəfimdən bu təşəbbüsü alqışladım. Dedim ki, maddi vəsait də problem deyil. Müəllimləriniz yaxşı bir iş görür. Həm də nəzarətsiz deyilsiniz ki. Düzü səmimiyyət xatirinə söyləyim ki, ekskursiyanın tarixini qızım mənə söyləsə də gündəlik qayğılar bunu mənə unutdurdu. Və həmin tarixdə Tarix muzeyinə etməli olduqları ziyarətin nəticəsini heç soruşmadım. Tamam unutmuşdum.

Bu bazar həftə sonu ailəlikcə şəhərdə bir az gəzişdikdən sonra hər zaman getdiyimiz sakit  bir məkanda nahar etməyi qərar verdik. Oturub sifarişlərimizi verib başladıq söhbətə. Ordan - burdan bəzi şeyləri xatırlayırdıq. Bir az lovğalıq çıxmasın, özümü çox ağıllı göstərmək istəmirəm, amma hər zaman birgə toplaşmışıqsa zarafat da edirik, yadımıza nəyisə salıb gülüşürüksə də, bununla yanaşı mən də, xanımım da çalışırıq ki, söhbətlərimizin uşaqlara maarifləndirici təsiri olsun. Biz də belə böyümüşük. Təməl formalaşmamızda valideynlərimizin zaman zaman bizə etdikləri söhbətlər durur. Və bu informasiyalar çox möhkəm olurlar. İllər keçir unudulmurlar. İndi də söhbətləşə - söhbətləşə gəldik tariximiz mövzusuna. Hələ də ekskursiyanın nəticəsini öyrənmək hafizəmdə deyildi. Tarixin tədrisindən təzəcə başlamışdıq danışmağa ki, yoldaşım xatırlatdı ki, bəs heç soruşmursan qızın ekskursiyası necə oldu. Mən yalnız o an xatırladım ki, bəs axı doğrudan bu ekskursiya məsələsi necə bir təsir bağışladığını heç soruşmamışam. 

Gördüm qızım altdan - altdan anasına baxıb gülümsəyir. Dedim ki, nə məsələdir, necə getdiniz, nə gördünüz?Anası onun yerinə cavab verdi ki, heç getdilər ki. Qızım da əlavə elədi ki, pulu da qaytardım verdim anaya. Soruşdum nə səbəbdən təxirə salındı? Və səbəbi eşidəndə elə yerimdəcə donub qaldım. Sən demə səbəbkarlardan biri elə mənim qızımmış. Deməli müəllim bir gün əvvəldən sinifdəki qızlara deyir ki, sabah ekskursiyaya gedəndə saçınızı açıb tökməyin, hamınız saçlarınızı hörün. İçi mənim qızım qarışıq dörd qız öyrənci saçlarını hörməyibmiş, sadəcə rezinlə yığıbmışlar. Bilmirəm izah edə bildimmi. Saçı yığmaq üçün elastik, rəngbərəng halqavari bantlar var ha, bax onlardan. Nə bilim onların adı nədir. Nə isə. Siz anladınız. Qısası, bu hərəkət  da səbəb olub ekskursiyanın təxirə salınmasına. Müəllim bunlara görə bütün sinfi belə cəzalandırıb. Bizim qız deyib ki, mənim saçlarım çox uzun olmadığı üçün hörə bilmirəm, anam da çətinlik çəkir, odur ki, rezinlə yığmışam. Zatən heç vaxt məktəbə saçını yığmamış getmir. Amma müəllim bunu səbəb kimi qəbul etmir. Və amansız hökm icra olunur. Bundan sonrasına bax hələ. Uşaqlar, xüsusilə oğlanlar qızlara bir gün düşmən kəsilirlər ki, sizin ucbatınızdan gəzməkdən də qaldıq. Açığı o yaşımda mən də yəqin elə düşünərdim. İşəri Şəhərdə gəzmək kimi bir imkandan məhrum olunub məktəbin cansıxıcı dörd divarına məhkum olmaq asan iş gəlməsin sizə. Bir günlə yaxa qurtarıblar. Amma sağlıq olsun yüz faiz əminəm ki, illər ötəcək və nə zamansa bu körpə dediyimiz balalar bığıburma kişilər, xanım xatın qadınlar olacaqlar və bir gün yenə bir araya gələcəklər və xatırlanacaq ki, bax sizin dördünüzün ucbatından o zaman gəzintiyə gedə bilmədik. Düzdür o vaxt artıq bu xoş və gülüş doğuran bir xatirə olacaq. Amma hələ ki, bu balalar körpə çiyinlərində cəzanın agırlığını daşımalıdırlar. İşə bax eee. Muzeyə gedəsən saçın da hörülməsin.

Düz on bir il əvvələ qayıdıram. Oğlum birinci sinifi bitirirdi. Məktəbdə təmtəraqlı son zəng proqramı düzənlənmişdi. Məktəb həyətinə yığışmışdıq. Mən də elə digər valideynlər kimi, toplumun arasından boylanaraq baxışlarımla öz övladımı axtarırdım. Diqqətimi giriş hissəsinin ilk olaraq rus bölməsinə verilməsi cəlb etdi. Sonra çox qısa olaraq Azərbaycan bölməsinin birinciləri nəsə dedilər və yenə rus bölməsinin həqiqətən aktiv olan uşaqları maraqlı bir proqramla çıxış etdilər. Daha sonra mahnı oxundu, yenə azərbaycan bölməsindən olan birincilər qısa bir çıxış etdilər və tədbir bu minvalla davam etdi. Uzun sözün qısası rus bölməsnə verilən üstünlük açıq aşkar idi. Birincilər arasında da on birincilər arasında da.Və məhz bu üstünlük Azərbaycan bölümündə təhsil alanların çıxışlarını sönük edirdi. Uşaqların özlərini “açması” üçün ən azından yetərincə zamanları olmalı idi. Daha bir bənd şeri 4 nəfər arasında bölmək kimi yox. Burasını ola bilər bir az şişirtdim. Amma Azərbaycan bölümünün çıxışları sönük idi və yadda qalıcı deyildilər. Bu da Rus bölümünü daha üstün göstərirdi. Mənlə yanaşı duran valideynə bu barədə bir az giley etməyə başladım. Hər şeyin daha fərqli olması gərəkdiyini söylədim. Dil, din, milli kimlik kimi müstəqilliyimizin prioritet məsələləri haqda danışırdıq. Bu zaman yaxınlıgımızda dayanan general libasında bir valideyn söhbətə müdaxilə etdi. Özü də yüksək rütbəli və daha səlahiyyətli bir hərbçi olduğunu nümayişkəranə şəkildə göstərmək ədasıyla. Yəni sanki  mülki həyatda deyilmişik kimi, və təbii ki, bu ierarxiyada çox cılız bir ranqı tuturmuşuq kimi. Hələ ümumiyyətlə tuturmuşuqsa. Nəvəsinin on birincilərdən olduğunu bildirdi. Təbii ki, rus bölümündə olduğunu da vurğuladı. Bunun çox üstün tərəflərini bizə bir-bir, həm də ziyadəsiylə “öyrətdi”. Mən ona rus dilinin qəti əleyhinə olmadığımı bildirdim, dedim ki, əksər tanışlarım və dostlarım, bu dildə təhsil alıblar, özümün bu dili sevdiyimi, rus ədəbiyyatının vurğunu olduğumu, sərbəst danışdığımı, qrammatik üstünlüklərini, hətta ali təhsil aldığım illərdə azərbaycan dilli ədəbiyyatın kasadlığı səbəbindən əksər fənnləri rus dilindəki kitabardan oxuyaraq azərbaycan dilində imtahan verdiyimi, şəhər uşağı olduğumu, beynəlmiləl məhəllədə böyüdüyümü filan danışdım. İzah etməyə çalışdım ki, amma bu hələ o demək deyil ki, Rus bölməsində oxumasan kütləşəcəksən, çünki orada təhsil və ümumi səviyyə aşağıdır. Və bu hələ o demək də deyil ki, mütləq fizika da riyaziyyat da, kimya və digər fənnlər də məhz rus dilində tədris edilməlidir. Rus dilini bilməklə rus dilində fizika dərsi almaq fərqli şeylərdir. Mahatma Qandidən bir misal da çəkdim ki, özümü bir az da ağıllı göstərim. Qandi deyirdi ki, mən riyaziyyat kimi şah elmin doğma hind dilində tədrisini almamağımın axsaqlığını indiyə kimi çəkirəm. Nə isə. General həzrətləri mənə bir az doğmalaşmışdı artıq. Daha doğrusu mən ona bir az doğmalaşmışdım. Mənə söylədi ki, düz deyirsən, razıyam, amma işin real tərəfi o qədər də sən deyən kimi deyil. Azərbaycan sektorunda onları normal şəkildə yetişdirəcəklərinə inanmıram. Amma rus sektoru bunu edəcək. Bəli, dedi, bilirəm,  bunun səbəbkarları elə bizik, amma belədir də. Durub bunu dəyişmək olmaz.
Üstündən on bir il keçir o söhbətin. Rus balaları muzeylərin parket döşəmələrinin üzərində sərbəst uzanaraq bilik öyrənirlər. Biz isə saçı hörüklü olmayanı muzeyə aparmırıq.

P.S.Yazını tamamladım. Həyat yoldaşım həmişəki kimi ilk oxucum oldu. Dedi ki, yaxşı yazmısan, amma onu da yaz ki, rus balaları nədir eee, elə bizim rus bölümündə təhsil alan balaları da belə-belə şeylərlə sıxan yoxdur. Özü də elə eyni məktəbdə, eyni divarların arasında, yanaşı sinif otaqlarında. Onlara bu mövzularda daha çox sərbəstlik verilir. Təbii ki, müqayisədə daha çox. Generalla olan söhbətimi xatırlayıram.

P.S.S.Bu gün səhər dərsə gedərkən qızım yenidən bir miqdar pul istədi. Tarix muzeyinə ekskursiyaya bu həftə sonu gedəcəklərini bildirdi. Cəzaları bitibmiş sən demə. Pul da tədbirdən sonrakı gəzinti üçün idi. Verdim təbii ki. Sağollaşdı, çantasını çiyninə atıb otaqdan çıxanda arxasınca baxdım. Saçını hörmüşdü. Lap baron Münhauzenin hörüyü kimi, balaca bir hörüyü vardı.

Rüfət Hüseynli

Kultura.az
Yuxarı