post-title

Elnur Astanbəyli: Fəlsəfə meşəsində azanlar - 2


Adını çəkməyəcəm, bir tanınmış rejissor vardı, qəzetlərin birində köşə yazısı ilə çıxış edirdi, ara-sıra yazıları qarşıma çıxınca oxuyurdum. Açığı, bir şey başa düşmürdüm. Mürəkkəb, anlaşılmaz cümlələr, qəliz, mücərrəd fikirlər... Günlərin bir günü onun növbəti yazısını oxudum. Olduqca sadə, anlaşıqlı dillə yazmışdı, nə demək istədiyini aydın başa düşmək olurdu.

Gileylənirdi ki, yaşadığı binada düz-əməlli kommunal xidmət yoxdur, tez-tez işıq kəsilir, işıq olanda qaz gəlmir, qaz gələndə su tapılmır və s. və i. Adi məişət qayğıları onu həqiqətləri hamının başa düşəcəyi, sadə dillə yazmağa məcbur etmişdi.

Istər-istəməz fikirləşdim: məgər həmişə belə səlis yazmaq, düşündüklərini, fikirlərini, qayğılarını narahatlıqlarını həmişə belə anlaşıqlı şəkildə oxucuya çatdırmaq olmazmı? Şərtdirmi, əlinə qələm alan kimi “fəlsəfə meşəsinə” dalasan, müdrik pozaya bürünəsən, heç bir funksionallığı olmayan fikirpərdazlıqla məşğul olasan?


Orta statistik vətəndaşların mənasız fəlsəfəçiliklə məşğul olmasını hardasa başa düşmək olar. Hansısa tamadanın özünü Kantın yerinə qoymasına izah, məna, rəng vermək mümkündür. Hansısa dərzi iynə-sapı bir kənara qoyub insan-zaman-məkan mövzusunda ağlına və ağzına gələni danışırsa, öz aləmində Hegellə, Feyerbaxla mübahisəyə girir və oradan qalib çıxdığını zənn edirsə, buna da dözmək olar. Nə də olmasa kütlə sözündə bir “küt” sözü də var.

Amma özünü “seçilmiş” sayan yaradıcı adamların fəlsəfəçiliyə - səfsəfəçiliyə baş vurmasını anlamaq çətindir. Özü də Azərbaycan kimi ölkədə. Ətrafımızda mövzu qaynayır. Ən ağlagəlməz hadisələr başımıza gəlir. Bütün bunlara laqeyd qalıb, onları cari işlər sayıb, özünü əbədiyyətə hesablamaq niyyəti ilə boşboğazlıq etmək, guya çox dərin danışırmışcasına heç nə danışmamaq, guya çox fəlsəfi yazırmışcasına əslində zir-zibil yazmaq nəyə gərəkdir axı? Bir insan niyə oturub belə cümlələr qursun axı: “Sevdalar birləşmək üçün yaşanırlar. Çox vaxt ayrılığa qədər böyüyürlər amma... Heç vaxt qovuşmayacaq sevdaya düşmüsən... Ayrılığa qədər böyüməyəcək demək. Nə mutlu sana...”

Ya da belə: “Orda özümü axtarırdım mən. Orda mən yox idim. Inanmaq istəmirdim. Istəyirdim olam. Bütün künc-bucağa baxırdım. Dəli kimi. Bir baxdığım yerə bir də. Bütün guşələrə, bölmələrə baş vururdum. Bütün pərdələrin arasına baxırdım. Bir baxdığıma bir də. Hər dəfəsində də inanırdım ki, bax, indi tapacam. Bax, bu dəfə görəcəm özümü o guşələrdən birində, o pərdələrdən birinin arasında...” Axırda da məlum olur, səhərdən-bəri müəllif kiminsə ürəyində özünü axtarırmış. Vəssalam.

Bax niyə bütün bu əlləm-qəlləmliklərə qələm-kağız sərf olunmalıdır, hə? Hər saatı, hər saniyəsi qiymətli olan insan ömrü niyə belə boş, mənasız söhbətlərə xərclənib getməlidir?

Gənc yazardır, 30 yaşı ola-olmaya, yazısının başlığı: “Mən niyə xoşbəxt deyiləm?”. Baxırsan, yazının nöqtəsi, vergülü, xəbəri, mübtədası yerindədir. Ilk cümləni oxuyursan: “Bəlkə də mənim xoşbəxtliyim elə bədbəxt olmağımdadır?”. Dilini dişinə sıxıb oxuyursan, oxuyursan, sonda görürsən ki, bunun niyə xoşbəxt olmadığından bir şey anlamadın. Halbuki Azərbaycanda xoşbəxt olmamaq üçün minlərlə səbəb var və o minlərlə səbəbi anlatmaq üçün də fəlsəfə açmağa, saxta müdrikliyə bürünüb guya qəvvas kimi dərinlərə dalmağa, ənginliklərdə üzməyə, buludların üstündə gəzməyə, əndrabadi cümlələr qurmağa, əcaib-qəraib düşüncələr ürətməyə, yalançı Kafkalıq etməyə heç bir ehtiyac yoxdur.

Axı sənə illah ki, xoşbəxtlikdən, bədbəxtlikdən, ümumiyyətlə, istənilən bir mövzudan yazmaq lazımdırsa, elə ətrafa göz atmaq kifayətdir də. Həyatımız ədəbiyyat qaynayır. Publisistika qaynayır hər tərəf. Aç gözlərini, diqqətlə bax, aydın düşün və yaz. Daha niyə gücənirsən, atam-qardaşım, özünü niyə genosid edirsən? Özünə heçmi yazığın gəlmir? Özünə yazığın gəlmirsə, barı başqalarına yazığın gələ bilməzmi?

Hələ bir də qayıdıb “məni iki yüz il sonra başa düşəcəklər” deyənlər var.

Allah başınıza iki yüz kiloluq daş salsın, başqa nə deyim?!

(Davam edəcək)

Azadliq.info

Yuxarı