Abbas Milani - ABŞ-ın nüfuzlu Stenford universitetində İran elmləri üzrə akedemikdir. 2011-ci ildə onun "Şah" (2011) əsəri nəşr edilib.
1979-cu il inqilabı baş verəndən bəri İran Respublikası özünün gülünc, uyuşmaz tərəflərilə, həmçinin yenilikləri və qəddarlıqlarıyla diqqətləri cəlb edib. Bu gün İran ziddiyyətlərlə zəngin bir rejim tərəfindən idarə olunur. 35 illik İslam teokratiyasından sonra saysız-hesabsız təzadlar məskəninə çevrilən, acıqlı və qoca avtokratik rəhbərlərin hökmranlıq etdiyi bu zalım dövlət dar ağacından asılanların adambaşına düşən sayına görə dünya lideridir. Buradakı qadın düşməni qanunlar isə qadınların bərabər haqq və statuslarını rədd edir. Amma buna baxmayaraq, rejimin bulanıq səthinin altında gənc və qlobal səviyyədə əlaqələnmiş vətəndaş birliyi də var. Buradakı qadın hərakatı ona görə heyratamizdir ki, o, öz tədbirliliyi və təmkinliliyi ilə seçilir. Məhz bu səbəblərdən dolayı, avtoritarizm mərkəzi nəzarət altında saxlasa da, bütövlükdə siyasi orqanizmi ələ keçirə bilməyib.
Biz yalnızca bu ziddiyyətlərin mənşəyinə və təbiətinə vardığımız təqdirdə, hakimiyyətdəki avtoritar teokratiyanın təbiətini, həmçinin onun status-kvonu saxlamaq üçün hansı çağırışlarla üzləşdiyini dərk edə bilərik. İran rejiminin nəyə görə tab gətirdiyini qiymətləndirməkdən ötrü; onun öz tənqidçilərini susdurmaq və nəzarətdə saxlamaq üçün hansı metodlardan istifadə etdiyini anlamaqdan ötrü; ən nəhayat, onun uzunmüddətli mövcudluq perspektivlərini dəyərləndirməkdən ötrü biz bu məsələləri fəal şəkildə tarixi konteksdən keçirməliyik. Rejimin avtoritarizmi onun bəzi Don Kixotvari əleyhdarlarının ümidlərinin əksinə olaraq, daha çevik və tezuyuşandır, onun himayə etdiyi müdafiəçilərin gümanlarının əksinə isə daha kövrək və təhlükə altındadır.
Akademiklərin gəldiyi yaxın ortaq qənaətə görə, 1979-cu il inqilabı müasir dövrün ən kütləvi inqilabı olub - xalqın demək olar 11 faizi inqilabda iştirak edib. Müqayisədə Fransa inqilabında vətəndaşların 7 faizi, Rusiya inqilabında isə müvafiq olaraq 9 faizi iştirak edib.
Siyasi filosof Hanna Arendtin irəli sürdüyü kimi, "inqilab" müasirliyin yaradılmasıdır. Müasirliyin yüksəlişindən və təbii hüquqlar konsepsiyasının yaranmasından əvvəl isə "inqilab" kəlməsinin siyasi çaları yox idi: o, bəsitcə göy cisimlərinin hərəkətinin nəticəsi kimi xarakterizə edilirdi. Vətəndaşlıq ideyasının rəiyyət anlayışını əvəz etməsindən sonra, bu kəlmə yeni siyasi çalar qazandı - hakimiyyətin və imtiyazların təbiətində və paylanmasında qəfil, əksər vaxt isə zorakı olan struktur dəyişikliyi baş verdi. Hüquqlardan məhrum passiv əhali olan "rəiyyət" o kəslər idi ki, Tanrının (yaxud Allahın) yer üzündəki kölgəsi olan hökmdarların, yaxud aristokratların himayəsinə ehtiyac duyurdular. "Vətəndaşlar" isə tam əksinə, o kəslər idi ki, hansı rəhbərin onları idarə edəcəyinə qərar vermək daxil olmaqla təbii hüquqları vardı.
İranda xalq suverenliyi və xalqın yekdil razılığı ilə məhdudlaşdırılmış hakimiyyət anlayışı 19-cu əsrin sonundan bəri siyasi diskursun bir parçası olub. Hərçənd nə qədər istehzayana olsa da, xalqın zəruri dəstəyilə həyata keçən 1979-cu il inqilabına rəhbərlik edən Ayatullah Ruhullah Xomeyni xalqın suverenliyi anlayışını İslam ümməti (yaxud mənəvi birliyi) konsepsiyasını sarsıtmaqdan ötrü ortaya atılmış müstəmləkəçi fitnə kimi pisləyirdi. Xomeyni İslam dövlətçiliyi ilə bağlı traktatında yazır ki, xalqın iradəsi Ali rəhbər tərəfindən tənzimlənməklə İlahinin iradəsinə tabedir.
Bu mənada onun İslam inqilabı konsepsiyası təzadlıdır. Onun bunu müşayiət edən İslam dövləti ideyası isə - Vilayəti-Fəqih, yaxud vəkilin hakimiyyəti - xalq suverenliyinin müasir demokratik idealıyla uzlaşmır. Tam əksinə, necə ki, yetkinlik yaşına çatmayanlar, yaxud əqli məhdudlular hamiyə ehtiyac duyurlar, Vilayəti-Fəqihdə də xalq eləcə bir hamiyə ehtiyac duyur. Başqa sözlə desək, İranda xalq rəiyyətdir, nəinki vətəndaş. Ayətullah Məsbah Yəzdi və Ayətullah Əhməd Cənnəti qəbilindən olan mühafizəkar ruhanilərin təkrarlamaqdan yorulmadıqları kimi - mahiyyət etibarilə İslam Respublikası ideyası özü bir təzaddır. Onlar deyirlər ki, İran əlbət ki, sadəcə olaraq bir respublika deyil, o, Allahın yer üzündəki dövlətidir. "İslam dövləti"ndə (bu termini onlar terrorçu qruplar özününküləşdirməzdən çox əvvəl istifadə edirdilər) xalqın rəhbərin boynuna legitimlik qoymaq, yaxud bunu ondan almaq üçün heç bir rolu və səlahiyyəti yoxdur. Hər şey Allahın əlindədir, ali rəhbər isə onun yer üzündəki canişinidir. Bu baxış açısından baxsaq, rəhbərin əmrlərinə tabe olmamaq sadəcə kafirlikdən başqa bir şey sayılmır, kafirlər isə həm bu dünyada, həm də o dünyada cəzalanmalıdırlar.
Bununla belə, 1979-cu ildə Ayətullah Xomeyni tarixən inqilab eləməkdən ötrü ölüvay və kölə xislətli olduğu sanılan xalqı öz hüquqlarını bilməyə, tələb etməyə və yeni ictimai müqavilə imzalamağa çağırdı. İnqilabdan bir neçə ay əvvəl Xomeyni xalqa bildirdi ki, yeni ictimai müqavilə tələb etmək onların haqqıdır. O, bir dəfə yox, dəfələrlə vurğulamışdı ki, bir nəslin özünün istədiyi kimi dövlət quruluşu yaratmaq hüququ var. Bu hüququn sübutu da Məhəmməd Rza Şahın devrilməsindən sonra hökumətə Mehdi Bəzarqanın başçılıq etməsi oldu, o, 1979-cu ilin fevralından noyabradək Baş nazir kimi çalışdı. Bazarqan aydın demokratik hüquqları əsas tutan, mötədil təmayüllü bir şəxs idi. Lakin tezliklə hər hökumət idarəsində və ölkədəki hər bir təsisatda Xomeyninin "nümayəndələri" təmsil olunmağa başladılar, Xomeyni dövlət işçilərini sıxışdırmaqla öz adamlarının səlahiyyətlərini getdikcə artırırdı. Beləcə, ikili hakimiyyət strukturu peydahlanırdı. Bir nəfər xalqın iradə və arzusunu təmsil edir, digərini isə Ali rəhbər təyin edirdi. Çox keçmədən ruhanilər və aktivistlər zümrəsilə birgə Xomeyni "Vilayəti-Fəqih"dən və ruhanilərin idarəçiliyi üçün ilahi vəkalətdən danışmağa başladı. Beləliklə, "müasir" inqilabların ən izdihamlısı elə bir dövlətə gətirib çıxardı ki, konstitusiya mütləq hakimiyyəti qüsursuz, pak şəxsiyyətin (o, həmişə şəxsiyyət olaraq qalacaq) əllərinə təslim etdi, onun təməl siyasi fəlsəfəsi isə xalqı ali İslamçı vəkilin, fəqihin əlində rəiyyətə və sözəbaxan alətə çevirməkdən ibarət idi.
İnqilab zamanı İranda təqribən 35 milyon insan yaşayırdı, ölkənin 3 min illik yazılı tarixində ən böyük sürgün baş versə də, 6-7 milyon insan ölkəni tərk etsə də, inqilabı həyata keçirmək və Şahı devirmək üçün bir araya gələn demokratik qüvvələr tamamilə itib getmədilər, yaxud yoxa çıxmadılar. Demokratiyanın müdafiəçiləri, qadın hüquqları, ifadə azadlığı, dini azlıqların hüquqları (Bahailər daxil olmaqla), etnik azlıqlar (İran kürdləri və Azəri dillilər) təqiblərə məruz qalsalar da, dirəndilər.
Hakimiyyətdəki avtoritar rejim üçün səksəkəli reallıq odur ki, enerjili və itaətsiz cəmiyyət İslam inqilabıyla ən heyratamiz ziddiyəti özündə ehtiva edir. Və ölkənin bir çox tarixi məntiqsizlikləri və sosial uyuşmazlıqları status-kvonu təhdid edir.
1979-cu il inqilabı bir mənada 1905-1907-ci illərdə məşrutə inqilabıyla nəticələnən ilk demokratik konstitusiyalı hökuməti təkrarlamaq cəhdi idi. Həmin dövrdə sekulyar intellektualların koalisiyası, maarifçi Şiyə ruhaniləri, bazar tacirləri, işçi sinfinin qaymaqları, hətta bəzi torpaq mülkədarları Qacar şahlığının oriyental despotizmini devirmək və hakimiyyəti konstitusiya (məşrutə) ilə məhdudlaşan monarxiya qurmaq üçün bir araya gəlmişdilər. Əslində, 1906-cı il konstitusiyası seçkilər keçirən, dövlətin başında monarx olsa da, hakimiyyətin bölüşdürüldüyü liberal demokratik Avropa siyasi modelini təqlid edirdi.
Həmin illərdə yeni konstitusiyalı paradiqmaya qarşı çıxan ən vahid və qüdrətli müxalifət Şeyx Fəzlullah Nurinin başçılıq etdiyi şiə fanatizmi idi. Nuri modern demokratik konstitusiyanı nöqsanlı və fani insanların çürük qondarması kimi rədd edirdi. O, ölkəyə Allahın müqəddəs və əbədi hikmətinin, şəriətin verilməsini tələb edirdi. Amma konstitusiyalı monarxiyanın tərəfdarları elə güclüydülər ki, Nuri İranın müasir tarixində öz ruhanı yoldaşlarının fətvasıyla edam olunan yeganə ayətullah kimi qaldı. Onilliklər boyunca Nurinin adı öz hakimiyyətlərini şəriətə istinad etmək istəyən avtoritar liderlərə sinonim kimi göstərildi.
Məşrutə Hərəkatını başladan eyni qüvvələrin koalisiyası demək olar ki, 70 ildən sonra yenidən bir araya gəldilər, bu dəfə şahın avtoritar idarəçiliyinə qarşı. 1970-ci illərdən etibarən, əvvəlki hərəkatı başladan qüvvələr daha da güclənmiş və siyasi cəhətdən təcrübə yığmışdılar. Lakin buna baxmayaraq, onlar özlərinə lider kimi bu dəfə Ayətullah Xomeynini seçdilər, o şəxsi ki, Nurinin şəriətinin daha radikal versiyasını əsas tuturdu. Nuri dövlətin şəriətə əsaslanmasında təkid edirdisə, Xomeyni şiə imamlarının şəriət üsul-idarəsi əsasında təyin etdiyi fəqihin mütləq hakimiyyətində israr edirdi. Bundan başqa, əgər şəriət fəqihin əlində sözəbaxan alət olacaqdısa, fəqihin mütləq hakimiyyətinə əsaslanan (velayat-e motlagheh faqih) konsepsiyada isə Ali rəhbər "lazım" bilsə, hətta inancın prinsiplərini, həmçinin şəriətin qanunlarını çıxdaş edə bilərdi. Beləliklə, 1970-ci illərdə İspaniyada və Portuqaliyada başlayıb, 1980-cı illərin sonunda Sovet totalitarizminin dağılmasıyla, bütün dünyada avtoritarizm yavaş-yavaş tənəzzül edirdisə, Ayətullah Xomeyni Tanrının ilahi əmrlərinə və Fəqihin mütləq hikmətinə əsaslanan avtoritar dövlət ucaltmaqla tarixin gərdişinə qarşı mübarizə aparırdı.
Məşrutə inqilabından sonra Nurinin ideyaları şiə ruhanilərini necə parçalamışdısa, Ayətullah Xomeyninin ideyaları (həmçinin onun sələfi Ayətullah Əli Hüseyni Xamenei) ruhani zümrəsini təkcə parçalamadı, həm də o, xalqın arzularıyla tərs-mütənasib oldu. Bu gün bu parçalanma hakimiyyətdəki mollaların nüvəsinədək gedib çıxıb. Etibarlı mənbələrin verdiyi məlumata görə, Ayətullah Xomeyni bir dəfə deyib ki, onun ölümündən sonra (1989-da ölüb) İslam rejiminin mövcudluğu Xamanei ilə 3 onillik boyunca İranın ən qüdrətli ikinci şəxsi sayılan Əli Əkbər Haşemi Rəfsəncaninin davamlı ittifaqından asılı olacaq. Amma demək olar 60 il dost və müttəfiq olan bu iki şəxs son illərdə bir-birinə yadlaşıblar. (Rəfsəncani 2017-ci ilin yanvarında vəfat edib – tərc.)
İndi təftiş edilməyən hakimiyyətin böyük bir qismi Xameneinin əllərində cəmləşib. Konstitusiyaya əsasən, Ekspertlər Şurası (xalqın seçdiyi teoloqların birliyi) Ali rəhbərin işinə nəzarət etməli, o öləndə, yaxud vəzifəsini tərk edəndə isə, onun yerinə başqasını seçməlidir. Hərçənd indi Xameneinin tərəfdarları Şuranın nəzarətçi rolunu açıqca rədd edirlər və birbaşa deyirlər ki, şuranın "seçilmiş" üzvləri də hər kəs kimi ali rəhbərin istəklərinə tabe olmalıdır. Bundan başqa, qanuna əsasən, Xamenei İranın silahlı qüvvələrinin baş komandanıdır; o, fondlardakı, ianələrdəki və şəxsi hesablardakı 90 milyard dollarlıq maliyyəyə nəzarət edir; həmçinin o, ürəyi istəsə, hokme-hokumati ilə bağlı hər kəsin riayət etməli olduğu sərəncam imzalaya bilər. Ki, bu da sənədlərin, konstitusiyanın ruhunun və bütün qanunların çeynənməsi deməkdir.
Öz növbəsində, ali rəhbər təkcə məhkəmə hakimlərini deyil, həmçinin monopolist radio və televiziya təşkilatlarına da rəhbərləri təyin edir. 2013-cü il Həsən Ruhaninin prezident seçkilərindən bəri, Xamanei və onun mühafizəkar müttəfiqləri islahatçı prezident Məhəmməd Xatəmiyə qarşı istifadə etdikləri lenti bu dəfə Ruhaniyə qarşı fırladırlar: məhkəmələr tənqidçiləri susdurmaqdan ötrü istifadə edilir, jurnallar qapadılır, hətta hələ də populyar olan Xatəmi barədə şəkillərin və yazıların nəşri mətbuata qadağan edilir. Amma buna baxmayaraq, İranın molla despotizminə daha bir ziddiyyət təşkil edən əcaib bir vaqeə baş verməkdədir. Məhkəmənin Xatəmiyə qoyduğu nəhəng qadağadan qısa müddət sonra Ruhani və Rəfsəncani qadağaya məhəl qoymadan Xatəminin şəklini özlərinin veb-saytlarında yayımlamışdılar.
Sonralar 80 yaşlı Rəfsəncani (1989-97-ci illərdə prezident olub) bir çox Şiyə ruhaniləri və nə qədər təəccüblü olsa da, Xameneinin keçmiş tərəfdaşları ilə birgə ali dini liderə, ruhani avtokratiyasının təcəssümü və simvoluna açıq meydan oxumağa başlamışdı. Hətta Rəfsancani məsləhət verirdi ki, Xameneidən sonra ruhanilər şurası ali rəhbərin daşıdığı məsuliyyətləri öz üzərlərinə götürsünlər. Bir çox akademik və aktivistlər düşünürlər ki, əgər baş versə, bu, rəhbərin avtoritar qüdrətinin məhdudlaşmasında həledici addım olardı.
Amma 75 yaşlı Xameneinin sərəncamında ideoloji formullar və siyasi basqı üçün nəhəng miqyasda müxtəlif cür vasitələr var. Bütün cümə imamlarını o təyin edir, həftəlik bütün xütbələrin gündəliyini onun idarəsi müəyyənləşdirir. Ölkə mediası bu xütbələrdə nələrdən bəhs edildiyini əhatəli şəkildə yayımlamaqla məşğuldur. Ali rəhbərin radio və televiziya təşkilatlarının rəhbərlərinin müəyyənləşdirməsindəki qəti qərarı, ona dalğalara nəzarət etmək üstünlüyü verir. O, ölkənin ən populyar qəzeti, indilərdə isə Xameneinin ruporuna çevrilən "Keyhan"a özünün xüsusi təmsilçisini təyin edir. Və nəhayət o, faktiki olaraq Mədəniyyət İnqilabının Ali Şurası adlandırılan qurumun bütün üzvlərini təyin edir, bu qurumda bir qayda olaraq təmsil olunan mühafizəkar fiqurlar İranda ali təhsilin "İslami" mətnlər əsasında formalaşmasını təmin edirlər.
Xameneinin silahlı qüvvələr daxil olmaqla, hər bir təsisatda öz nümayəndələri var. İslam İnqilabı Mühafizəçiləri Korpusu (İİMK) təqiblər və ölkəyə nəzarət məsələsində bir nömrəli alətdir. İndi o, iqtisadi gücə də çevrilib. Hərbiləşdirilmiş milis dəstələri olan, birmənalı və metaforik mənada İİMK-nin piyada qoşunu sayılan Bəsicdən küçələrə nəzarət etmək üçün, ipə-sapa yatmayan tənqidçiləri susdurmaq üçün və "arzuolunmaz" konsertləri, konfransları aradan qaldırmaq üçün istifadə edilir. Öz növbəsində, İran avtoritarizminin daha bir ziddiyyətli cəhəti odur ki, rejimin mühafizəkar ideoloqları legitimliyin Allah tərəfindən verildiyini iddia etsələr də, rejimin populyarlığını göstərmək və müxalifəti sındırmaq üçün daimi olaraq kütləvi yürüşlərdən (birmənalı olaraq Bəsicin sponsorluğu ilə təşkil edilir) istifadə edirlər.
Xamenei həmçinin Mühafizlər Şurasının 12 üzvündən azı 6-sını təyin edir, bu şura indi ölkədəki hər seçki məntəqəsində hər bir namizədi özü müəyyənləşdirir. Molla diktaturası 1979-cu ilin demokratiya arzularına bir jest olaraq müntəzəm şəkildə prezident və parlament seçkiləri keçirir, bu da ki, aydın şəkildə İranın son 20 ildəki təzadlı despotizmindən irəli gələn daha bir xüsusiyyətdir. Ancaq digər tərəfdən Xamenei və onun kütləsi müntəzəm olaraq, öz qanuni imtiyazlarından istifadə etməklə, ciddi liderlərin və islahatçıların seçki məntəqələrində qəti qələbə çalmasına mane olurlar. Buna rəğmən, demokratiya müdafiə edilir. Seçkilər nəzarət altında olsa belə, xalq rejimə mesaj kimi seçkidən öz narazılığını və demokratiya arzusunu göstərməkdən ötrü istifadə edir.
İranda son dövlərdə keçirilən seçkilərin tarixçəsi avtoritar nəzarətin dəyişən dinamikası və qeyri-müntəzəm də olsa, xalqın qətiyyətli demokratiya tələbləri ilə yadda qalıb. Bunlara misal kimi 1997 və 2001-ci illərdə islahatçı Xatəminin birmənalı heyratamiz qələbələri; 2009-cu il seçkilərində keçmiş baş nazir Mir-Hüseyn Musəvinin və Rəfsəncaninin artan populyarlığı; 2013-cü ildə islahatçılara qoşulduqdan sonra Ruhaniyə olan gözlənilməz böyük dəstək nəticəsində onun seçkilərdə qalib olması; digər tərəfdən isə 2013-cü ildə Səid Cəlilinin (nüvə danışıqları heyətinin barışmaz lideri) rejim tərəfindən himayə olunmasına baxmayaraq, cəmi 5 milyondan artıq səs toplamaqla, xalq arasında yetəri qədər populyarlıq qazanmaması göstərilə bilər.
Nəzarət və Zəifliyin ziddiyəti
İranın molla avtoritarizminin ən böyük ziddiyyəti onun zəifliyinin bəsbəlli ortada olmasıdır. Hətta rejimin ideoloji və repressiya aparatlarında - kəşfiyyat qurumlarından və dövlət bürokratiyasından tutmuş bir vaxtlar rejimin dayağı olan mollalara qədər- məlumat sızıntıları formasında boşluqlar mövcuddur. Bu, prezident Mahmud Əhmədinejatın hakimiyyəti dövründəki (2005-2013) korrupsiya hadisələrində və mediada, onlayn sosial şəbəkələrdə yayımlanan materiallarda xüsusilə öz əksini tapıb. Məsələn, bir müddət əvvəl bəzi ictimai xadimlər konfranslardakı çıxışlarında və müsahibələrində rejimin nüvə siyasətini tənqid atəşinə tutdular və bildirdilər ki, seçkilərdə çox az səs toplayan liderlər (2013-cü ildə Cəlili kimi) təzyiq göstərməklə hakimiyyətlərini qoruyub saxlamağa və öz əvvəlki siyasətlərini davam etdirməyə çalışırlar. Rejimin boşluqları daha çox aşkara çıxdıqca, xalq da daha ucadan danışmağa başlayıb. Misal üçün, "Keyhan" qəzetinin Xomeyninin təyin etdiyi qalmaqallı baş redaktoru və danışan ağzı Hüseyn Şəriətmədari Tehran universitetində nitq söyləməyə cəhd edəndə, qəzəbli şüarlarla qarşılanmışdı. O, bütün vaxtını sarsılmaz qətiyyətli tələbələrə sərf etməli oldu. Baş verən bu hadisə İran sosial şəbəkələrində rezonans doğurmuş və geniş müzakirələrə səbəb olmuşdu.
İslam rejiminin avtoritarizminin təzadları informasiya texnologiyaları və sosial şəbəkə reallığında xüsusilə gözə batır. Dünyadakı ən qatı internet senzuralarından biri İranda tətbiq edilir. Rejim minlərlə kiber-cihadçıya maaş verir, onların əsas işi sosial şəbəkələrə monitorinq, nəzarət tətbiq etmək və təsir göstərməkdir. "Facebook" ilə "İnstagram" ölkədə rəsmi olaraq qadağandır. Rejimdə təmsil olunanların bir çoxu isə istəyir ki, bütün sosial şəbəkələrin tamamilə qadağan olunsun. Belə mühafizəkarlardan biri bu yaxınlarda sosial şəbəkələri “İncil”dəki qızıl körfəzlə müqayisə edib və onu iblisin aləti olmaqda ittiham edib. Bir sıra rəsmilər əhali rejimin təhlükəli hesab etdiyi saytlara daxil ola bilməsin deyə, "milli internet"in yaradılmasını ideyasını müdafiə edirlər.
Hərçənd indi İranda 40 milyona yaxın insanın internetə çıxışı var, 5 milyon nəfərin "Facebook" , təqribən bir milyonunun da "İnstagram" hesabı var. Hazırda bu şəbəkələrə və saytlara nə qədər nəzarətin uyğulanması məsələsində bir tərəfdən Ruhani hökuməti-üzvlərinin müxtəlif elementləri arasında, digər tərəfdən isə mühafizəkar mollalar arasında açıq narazılıqlar var. Kabinet üzvləri daxil olmaqla Ruhaniyə yaxın olan qüvvələr senzura tətbiq etməklə, yaxud bağlamaqla “üzdən iraq” saytların potensial murdar təsirlərilə mübarizə aparmağın mümkünsüz olduğunu deyib israr edirlər, mühafizəkarlar isə qətiyyətlə tələb edirlər ki, internetdən istifadəyə məhdudiyyət qoyulsun. Rejim İnqilab Keşikçiləri Korpusundan və kəşfiyyat qrupları birliklərinin səlahiyyətlərindən müntəzəm surətdə istifadə etməklə, sosial şəbəkə istifadəçilərini həbs edir. Həbs edilənlər düşmənlə "işbirliyində", yaxud əxlaqsızlıq yaymaqda ittiham edilirlər.
Hegemoniya uğrunda incə mübarizə - mədəni xəndək müharibəsi İranda həyatın faktiki olaraq hər bir sahəsinə sirayət edib. Tənqidçilərin gözünü qorxutmaq üçün tətbiq edilən amansız qanunlara və sərt cəzalara nə qədər təəccüblü olsa da, daha çox insan meydan oxumağa başlayıb. Bir çox nüfuzlu mükafatlatların qalibi, demokratik hərəkata dəstək verdiyi üçün cəzalanaraq, 20 il film çəkmək qadağasıyla üzləşən Cəfər Pənahi təzəlikcə öz yeni filmini Avropa film festivallarına göndərib. Kameralar işə salınmazdan əvvəl hər bir filmin çəkilişinə dövlət razılıq verməlidir, ancaq Pənahi açıq şəkildə bundan imtina edib və öz filmini icazəsiz çəkib. Ömrünün çoxunu həbsxanada keçirən, vəkillər kollegiyasından qovulan insan hüquqları üzrə vəkil Nəzrin Satudeh qurumdan qovulmasına etiraz əlaməti olaraq, təkcə vəkillər kollegiyası qarşısında etiraz etməklə kifayətlənməyib, həmçinin Pənahinin filmində rol oynamağa razılıq verməklə rejimə meydan oxuyub. Saysız-hesabsız daimi andeqround fəaliyyət növləri - teatr truppaları, musiqi qrupları, film klubları, incəsənət sərgiləri, qadağan olunmuş kitabları onlayn, bəzən nəşr formasında yayımlayan fəal və çiçəklənməkdə olan yayım şəbəkələri - indi İranın gündəlik həyatının bir parçasıdır. Burada hətta andeqround universitet də var: çünki rejim bəhailərin təhsil ocaqlarında qeydiyyatdan keçməsini qadağan edib. Bu inanca tapınanlar isə heyratamiz bir universitet yaradıblar, buranın məzunları hətta məşhur Qərb universitetlərinə qəbul olunurlar.
Rejim cinsi ayrı-seçkilik siyasətini davam etdirdikcə, qadınlar ictimai həyatın hər bir sahəsində daha çox görünməyə başlayırlar. "Facebook" və "Tvitter"ə ünvanlanan ittihamlardan biri də budur: onlar iki cins arasında "qeyri-qanuni" birbaşa əlaqənin yaranmasına rəvac verirmiş. İndi İranda heç vaxt olmadığı qədər çox şairə, qadın yazıçı, rejissor, müğənni və sahibkar var. Ölkədə əvvəllər heç vaxt mövcud olmayan bir şey - seksual inqilab baş verməkdədir və bu, rejimin dırnağarası dindarlığı ilə tamı tamına bir təzaddır. Ölkənin üzləşdiyi əndişəli vəziyyətlərdən biri də təəssüf ki, boşanma dalğasının genişlənməsidir, lakin bu, bir daha qadınların necə təpərli olduqlarını göstərir. Onlar ərlərinin yanında qaragünlü olmaqdansa, boşanmağı (və böyük ehtimalla tək valideyn qalmağı) daha üstün tuturlar.
Bunun qarşısını almaq üçün qadınlar "uyğun" geyinsinlər və rejimin qaydalarına uysunlar deyə, onlara qarşı sulfat turşusu hücumları təşkil edilir. Belə naqis hallarla ən çox İsfahan şəhəri yadda qalıb. Bunun ardınca isə rejimin günahkarları tapmaqdan ötrü həvəssiz davrandığını görən qadın cəmiyyətləri və digər demokratik qüvvələr Tehran və İsfahanda etiraz əlaməti olaraq mitinqlər keçiriblər. Nə qədər təəccüblü olsa da, ən kiçik silahlı oğurluq hücumlarını təşkil edənləri (dörd cavan oğlan bıçaqla təhdid edərək kassa maşınının sürən şəxsdən kiçik miqdarda pul oğurlamışdı) dərhal yaxalamaqla öyünən rejim nədənsə, sulfat turşusu hücumları təşkil edənləri həbs edə bilməyib.
Rejim təqib və təbliğat yoluyla bu mədəni inqilabın kökünü kəsməyə çalışır. Bəhai universitetinin liderləri müntəzəm olaraq həbs edilir və mədəni dirənişinin digər cəbhələrinə qarşı reydlər keçirilir. Amma bununla belə, o, əhalinin belə yerlərdəki iştirakdan caydırmağa müvəffəq ola bilmir. Rejim geyim tərzindən tutmuş ən xırda-para şeylərə qədər həyatın hər sahəsinə nəzarət etməyə çalışdıqca, həyatın istənilən sahəsi də potensial müqavimət nöqtəsinə çevrilir. Hicabı başın yuxarısında taxmaqla, saçın bir neçə telinin çöldə qoymaq, yeni doğulan uşaqlara İslam müqəddəslərinin deyil, İslamdan əvvəlki Fars mifologiyası qəhrəmanlarının adlarını qoymaq İranda müqavimət hərəkatı üçün vasitəyə və dirənişin rəmzinə çevrilir.
Avtoritar rejimin sərt repressiyalarına baxmayaraq, iranlı tələbələrin müxtəlif yollarla "andeqround" dirənişə davam etmələrinin özü də bir təzaddır. Bəzi müşahidəçilər iddia edirlər ki, rejim labüd struktur dəyişikliyinin qarşısını almaq üçün bəzi sosial nəzəriyyəçilərin "repressiv tolerantlıq" adlandırdığı vasitəyə müraciət edib. Bu nəzəriyyəyə görə, rejim özəl, andeqround və nəhayət, apolotik müqavimət formalarına tolerantlıq jesti olaraq deyil, status kvonu saxlamaq üçün narazı kütlələri sakitləşdirmək və ram etmək xatirinə icazə verir.
Digərləri isə bu fikirdədir ki, son 20 ildə yaşanan travmalar - 8 illik Xatəmi prezidentliyinin suya düşən vədləri, 2009-cu ildə Yaşıl Hərəkatın basdırılması, Suriyada və İraqda qiyamət gününü xatırladan dağıntılar - İran xalqının siyasətdə başqa yol seçməsinə səbəb olub, çünki xalq inanır ki, rejim nəyin bahasına olursa olsun, onun hakimiyyətinə olan birbaşa təhdidi qəddarcasına yatıracaq. Dövlət hakimiyyətinə birbaşa meydan oxumaqdansa, onlar pislərin içində yaxşısını (məsələn, Ruhani) seçməklə, seçkilərdən öz narazılıqlarını biruzə vermək üçün iştirak edirlər. Ən incə məqam həm də odur ki, onlar rejimin gündəlik həyata nəzarət və forma vermək cəhdlərindən yayınırlar. Bir mənada, siyasət həm də hakimiyyət mərkəzlərinə nəzarət etməkdən çox, özəl həyatın keyfiyyəti məsələsilə əlaqədardır.
Bu nəzəriyyəyə görə, tədrici, aşındırıcı, inadkar və israrlı belə mikro-siyasi dirəniş - rejimin "sosial-mühəndislik" dizaynı ilə uyuşmazlıq təşkil edən saysız-hesabsız elementlər - mollaların avtoritar tutumunu əvvəl-axır dağıdacaq. Rejimi güzəştə getməyə vadar edən səbəblərdən biri də onun hazırda üzləşdiyi iqtisadi böhrandır. Uzunmüddətli korrupsiya, bacarıqsızlıq, dövlət icarələrinin aradan qaldırılması, elitanın qara bazardakı astronomik qazanclarından dolayı yaranan böhrana indi neft qiymətlərinin ucuzlaşması və beynəlxalq sanksiyalar da əlavə olunub. İranın bu böhranı aradan qaldırmaq üçün yeganə yolu isə ali hüququ təmin etməkdən, korrupsiyanı, himayəçi kapitalizmi və avtoritar idarəçiliyi təmin edən icarədar dövlət quruluşunu aradan qaldırmaqdan keçir.
Demokratiya Jurnalı 26:2 (2015), 52-60. © Məqalə Johns Hopkins University Press-in icazəsi ilə Azərbaycan dilinə tərcümə edilərək Meydan.tv saytında yayımlanır.
Meydan.tv