Azərbaycanlıların “türkiyəcə” danışmaq və yazmaq sevgisi
1 Osmanlıcanın ancaq 20-25 %-i tür…
Hadisə belə vaqe oldu. Bir gün Stefan Sveyqin "Üç böyük usta" kitabında aşağıdakı hissəyə rast gəldim: "İyirmi altı yaşından etibarən həqiqəti demək olar ki – yalnız hər səfərində böyük faciələrə çevrilən istisnalar xaricində – xammaldan, öz kainatının çarxını hərəkətə gətirəcək yanacaqdan başqa bir formada görməmişdi. Demək olar ki, şüurlu şəkildə həyatın kənarında yaşayırdı, sanki bu iki dünyanın, özününki ilə başqalarınınkının arasında yaranacaq bir təmasın həmişə ağrılı olacağından qorxurdu. Axşam saat səkkizdə əldən düşmüş bir vəziyyətdə yatağa girir, dörd saat yatır, gecə yarısı oyanırdı; Paris, o gurultulu ətraf qızdırmalı gözlərini yumanda, küçələrin uğultusunun üstünə qaranlıq çöküb dünya gözdən itəndə onun dünyası üzə çıxmağa başlayır və öz dünyasını digərinin yanında qurur, onun dağınıq elementlərini bir araya gətirir, saatlarla qızdırmalı bir sərxoşluq halında yaşayır, əldən düşən duyğu orqanlarını sürəkli qəhvə ilə qırmanclayırdı. Bu vəziyyətdə on, on iki, bəzən də on səkkiz saat işləyirdi, ta ki hər hansı bir şey onu bu dünyadan qoparıb öz reallığına dartana qədər. Bu oyanış anlarında Rodinin ona bir heykəlində verdiyi həmin baxışı daşıyırdı güman ki: göyün min qat yuxarısındakı o ani oyanış, unutduğu həqiqətə o geri eniş, həmin qorxuducu, böyük, az qala qışqıran baxış, soyuqdan donmuş çiyininə paltar keçirən o əl, yuxudan qoparılıb oyadılan birinin, qışqıraraq adının deyildiyini eşidən bir lunatikin üz ifadəsi. Heç bir şairdə əsərində itmənin sıxlığı, öz xəyallarına duyduğu inanc bu qədər güclü olmamış, şizofrenlər belə özünü aldatmanın sərhədinə bu qədər yaxınlaşmamışdır".
...Söhbət Balzakdan gedirdi və məndə dərhal ikincini, Rodinin “Balzak”ını görmək həsrəti oyandı. Nəticədə həmin heykəlin maraqlı tarixçəsi qarşıma çıxdı. Belə ki, 19-cu əsrin başı qalmaqallı fransız heykəltəraşı Ogüst Rodinin (Auguste Rodin, 1840-1917) "Balzak" əsəri ilk dəfə 1897-ci ildə, Balzakın (Honore de Balzac, 1799-1851) ölümündən 46 il sonra sərgilənib. İş əvvəlcə Anri Şapuya (Henri Chapu) sifariş edilib, lakin onun ölümü ilə yarımçıq qalıb. Nəticədə Fransa Yazıçılar Cəmiyyəti (Societe des Gens de Lettres) heykəli tamamlamağı Rodinə həvalə edib. İşin Rodinə verilməsində Cəmiyyətin yeni prezidenti Zolanın xüsusi səyi olduğu məlumdu. Elə həmin ildə sözü gedən Cəmiyyət Fransada rəsmi olaraq tanınıb. Hal-hazırda da fəaliyyət göstərən Cəmiyyət yazıçıların qanuni maraqlarını, sosial-hüquqi statuslarının müdafiəsini təmin etmək məqsədi ilə O.Balzak, V.Hüqo, A.Düma və C.Sand kimi yazıçılar tərəfindən ictimai əsaslarla təşkil edilib.
Rodin sifarişi aldıqdan sonra yazıçının ruhi vəziyyətini düzgün təsvir edə bilmək üçün bir neçə dəfə Balzakın doğulduğu yerə, "bərəkətli əyalət şəhəri" Turinə səfər edir. Orada Balzakın izləri ilə müxtəlif müşahidələr aparır, fizionomiyaları yazıçıya bənzəyən insanları axtarır, heykəlin bir neçə gil eskizini hazırlayır. Sifarişi alarkən işi on səkkiz aya tamamlayıb təhvil verəcəyinə söz versə də, Rodin bu heykəl üzərində düz 5 il işləməli olur. Ləngliyi, uzun-uzadı müşahidələri, düzəlişləri, üzərində işlədiyi versiyanı bir neçə dəfə yarımçıq qoyub başqa bir eskizə üz tutması bir yana qalsın, son model nümayiş olunanda fransız intellektual və siyasi çevrələrində böyük mərəkə qopur; atletik bədən quruluşu, yüngülcə arxaya əyilmiş dik başı, əmr edərcəsinə irəliyə, hansısa məchulluğa dikilən təhlükəli baxışları ilə əlində sərt penisini tutmuş Balzak və onun bu seksual jestinin üstünü örtən qolları boş palto. Budur, Rodinin "Balzak"ı – heykəltəraşlıq sənəti üçün tamamilə sadələşdirilmiş forma.
Fransız intellektuallarının mühafizəkar kəsimi tərəfindən ən yaxşı halda "gil yığını" adlandırılan heykəl dərhal kəskin tənqidlərə məruz qalır. Bu vəziyyətdə Rodinin əsəri Balzakın mövcud nüfuzunu tanımayaraq alçaltdığı iddiası ilə sifarişçi Cəmiyyət tərəfindən də rədd edilməli olur. Həmin illərdə Fransa Yazıçılar Cəmiyyətinə artıq Zola rəhbərlik etmirdi və nəticədə Rodin vəd edilən pulu ala bilmir. Bundan əlavə, Rodin indi az qala siyasi qarşıdurmaya da cəlb edilmişdi. Belə ki, sənətçinin Zola ilə yaxın əlaqələri həmin dövrün səs-küylü məhkəmə proseslərindən olan zabit Dreyfus işində hakim dairələrin qəzəbini onun üstünə çəkdi. Hesab edilir ki, elə bəlkə də heykəlin mühafizəkarlar tərəfindən bu cür şiddətli müqavimətlə qarşılanmasının əsas səbəblərindən biri onun Dreyfus Kampı ilə yaxın əlaqələrinə görə idi.
Öz işinin heykəltəraşlıq sənəti baxımından inqilabi xarakteri, yenilikçi ruhu və missiyası bütün yüksələn etirazlara baxmayaraq, Rodin tərəfindən hiss edilirdi və onun bu özünə inamı sonrakı nəsillər tərəfindən də layiqincə qiymətləndirildi. Xüsusilə, dönüb geriyə baxanda Rodinin Balzakın reallığını ən yaxşı duyanlardan biri olduğu daha aydın görünür.
Yeri gəlmişkən, S.Sveyq də müşahidə, təsvir və analiz qabiliyyətinin baş gicəlləndirici ustalığından mərhəmətsizcəsinə yararlanaraq, Balzakı Rodinin əsərindən heç də geri qalmayan bir məharətlə cap-canlı gözlərimizin önünə qoyur; o qədər məharətlə ki, oxucu özünün belə xəbəri olmadan sinirləri dartılıb gərilənə qədər yazılanların içinə dalır. (Maraqlananlar Sveyqin “Üç böyük usta: Balzak, Dikens, Dostoyevski” kitabını oxuya bilər). Artıq bütün sözlər deyilmiş, "yeni olan hər şey sadəcə bir xatirədir". Lakin yenə də daxilimdə hansısa sirli, sirli olduğu qədər də qarşısı alınmaz bir iradə var ki, məni rahat qoymur və Balzakın tale portretinin diqqətimi çəkən, həmişə həyəcanlandıran ümumi cizgilərini yazıya etibar etməyə sövq edir. Xüsusilə, Balzak barədə "Qorio ata" üzərindən yazmamaq əldən gəlmir.
***
Balzak hekayətlərini hər nə qədər La Comédie humanie – "İnsanlıq komediyası"nın tərkib hissəsi kimi nəzərdə tutsa da, onların hər biri az qala real faciədir. Onun özü də bunu inkar etmək fikrində deyil. Qorio atanın fədakarlıq hekayəsinə keçməmişdən əvvəl oxucuya ciddi-ciddi xəbərdarlıq edir: "Ancaq bilin ki, bu faciə nə uydurma, nə də romandır. All is true - bu, o qədər həqiqi bir hekayədir ki, hər kəs bunun rüşeymini özündə, bəlkə də, öz qəlbində tapacaqdır". O, haqsız deyil. Bu faciələrdə hər kəsdən bir az var. Və qəlblərin dərinliklərinə enib orada, toxum halında olsa belə, yatan insan faciələrini oyandırmaq, qazıb çıxarmaq və təsvir etmək Balzakın əsl sənəti idi.
Məsələ ondandır ki, yazıçının öz şəxsi həyatı da ağrıyla təsvir etdiyi bu insanların taleyi qədər acınacaqlı olmuşdu və onun reallığı öz əsərlərinin xammalına çevirməkdəki ustalığı, çox güman ki, əsasən burdan qaynaqlanırdı. Balzak da əvvəldə qəhrəmanları kimi ehtiraslıdı, çoşquludu – hisslərini, bədəninin və ruhunun istəklərini, zövqlərini təmin etmək, gənclik arzularını həyata keçirmək istəyir. Ancaq, çox keçmir ki, özünün "həyatın çarxında un kimi əzilən" qəhrəmanları sayaq o da ard-arda məyusluqlar girdabına düşür, uğursuzluqlarının sayı-hesabı bilinmir. Borc yükü – öz qəhrəmanlarına birjada milyonlar qazandıran, bütün biclikləri bilən Balzakın – çox erkən yaşda kürəyini çökdürür. Elə isə, bu həlledici məqamda bir qərara gəlməlidir. Və həmin faciəvi qərar heç tərəddüd edilmədən verilir: dövr o dövr deyilsə, nümunə götürdüyü böyük sərkərdə Napelon kimi təkcə Fransaya deyil, bütün dünyaya sahib olmaq ehtirası təmin olunmayacaqsa, onda dünyanın yarısını da istəmir. Balzak da öz qəhrəmanları kimi "ya hər şey, ya da heç bir şey – budur mənim şüarım" deyir. Bu qorxunc şüarla ədəbiyyata yönəlir, əsərlərinin mürəkkəbi içində öz dünyasını-səhnəsini qurur. Qəhrəmanlarını, uğurlu və uğursuz, lakin hər biri "ehtiras küpü" olan qəhrəmanlarını yaradır. Bütün həyata keçməyən gənclik zövqlərini xəyali təqlid yolu ilə olsa belə əsərlərindən almağa, böyük ehtiraslarını qəhrəmanları ilə birgə yaşamağa çalışır. Öz maddi dünyasının cansıxıcı reallığından qoparaq sözün həqiqi mənasında qəhrəmanlarının dünyasına daxil olur, yalnız orada təskinlik tapır, özünü orada itirir. Sveyqin çox dəqiqliklə ifadə etdiyi kimi "sanki bu iki dünyanın, özününki ilə başqalarınınkının arasında yaranacaq bir təmasın həmişə ağrılı olacağından qorxur". Kəskin həyəcan içində çığıraraq – təsvir etdiyi məkanların rəzilliyindən çox da fərqlənməyən – otağına daxil olan dostuna sanki həqiqi həyatda yaşayırmış kimi qəhrəmanının öldüyünü deyir. Yalnız dostunun ürkərək geri sıçrayışından həmin qadının reallıqda mövcud olmadığını başa düşür. Belə hallarda xəyalla gerçəyin sərhədini ayrıd edə bilmir...
S.Sveyq yazırdı ki, “qəhrəmanları da eynilə onun kimidir. Hamısında dünyanı fəth etmək arzusu vardır. Bir mərkəzi qüvvə onları əyalətdən, vətənlərindən dartıb Parisə sürükləyir. Onların müharibə meydanı oradır. Əlli min gənc insan, bir ordu, oraya axın edir. Əl dəyməmiş bakir bir qüvvə, boşalmaq istəyən, qeyri-müəyyən bir enerjiylə və burada, bu dar sahədə mərmilər kimi bir-birlərinə çarpır, bir-birini yox edir, havaya tullayır, uçuruma itələyirlər. Heç birinin yeri hazır deyil. Hər biri tribunanı özü ələ keçirmək məcburiyyətindədir və bu polad kimi sərt, elastik metal – ki bunun adı gənclikdir – döyülərək bir silaha, enerjiləri intensivləşdirilərək partlayıcı bir maddəyə çevrilir. Cəmiyyət daxilindəki bu döyüşün müharibə meydanlarındakından daha az ağrılı olmadığını ilk dəfə göstərə bilmək Balzakın qürurudur: "Mənim burjua romanlarım sizin tragediyalarınızdan daha faciəvidir!" –deyə səslənir romantiklərə".
Balzakın faciələrinin – onun özünün dediyi kimi;"bu, həyatla dolu, yaxud buz kimi donuq, dilsiz, lakin qəlbi dərindən həyəcanlandıran faciələr, nəhayəti olmayan faciələr" – hər biri 19-cu əsr Fransasında yerini yeni-yeni bərkidən, lakin hansısa oturuşmuş dəyər konsepsiyasından məhrum olan hakim burjuaziya əxlaqının məhsulu idi. Teodor Adorno "Balzakı oxumaq" adlı essesində dövrün istehsal gücləri ilə Balzakın yaradıcı təxəyüllü arasındakı əlaqəni maraqlı şəkildə şərh edir: "Ədəbiyyatda bəlkə də ilk paysan de Paris (parisli kəndli) Balzak idi; hətta nəyin nə olduğunu çox yaxşı öyrəndikdən sonra da həmin vəziyyətini qoruyub saxladı. Lakin digər tərəfdən də Balzakda inkişaf etmiş kapitalizmin eşiyindəki burjuaziyanın istehsal gücləri özünə yer eləmişdi. O, bağlı qapılar arxasında saxlanmağına yaradıcı dahiyə xas reaksiya verdi: hələlik siz deyən olsun, amma o qapıların arxasında baş verənləri özüm fikirləşib tapacam. Beləliklə, dünyanın da qulaq asmağa nəyisə olacaq! Məlumat əksikliyinin yaratdığı hirs ilə ən yüksək təbəqədə – ən gözlənilməz yerlərdə – belə baş verdiyini düşündüyü şeylərlə sərxoş olan kəndlinin duyduğu inciklik hissi, çox qəti və qüsursuz bir təxəyyül gücünün enerji mənbəyi olmuşdu. Bəzən Balzakın əvvəllər ticari məqsədlərlə maraqlandığı ucuz ədəbiyyat romantizmi, bəzən də uşaq istehzaçılığına xas cümlələr özünü biruzə verir. Məsələn: "Cümə günü səhər saat on birə yaxın Miromesnil küçəsi 37 ünvanının qarşısından keçərkən birinci mərtəbədəki yaşıl dükanların hələ açılmadığını görsəniz, bilin ki, əvvəlki gecə orada qrup sekslə məşğul olublar". Lakin bəzən də sadəlövh adamın bu kompensasiyaya yönəlik fantaziyaları dünyanı realist olduğu üçün təriflənən Balzakdan daha real təsvir etməkdədir. Onu yazmağa yönəldən yadlaşma – məhsuldar qələmindən çıxan hər cümlə sanki naməluma doğru qurulmuş körpüdür – təxmin yoluyla aşkarlamağa çalışdığı gizli həyatın özüdür. İnsanları bir-birindən qoparan və elə yazmağa da təhrik edən, həmçinin onlardan uzaqlaşdırmış olan bir nəsnə vardı ki, o, Balzakın romanlarında ritmini təqlid etdiyi cəmiyyətin təşəkkülünü təmin edən şeylə eynidir. Lüsyen Rübamprenin fantastik və ehtimal xarici taleyi ədəbiyyatda müntəzəm istehsala şərait yaradan nəşr üsulları və kağızla əlaqədar peşəkarcasına təsvir edilmiş texniki dəyişikliklər sayəsində mümkün olmuşdur; kolleksiyaçı Əmioğlu Ponsun aktuallığını itirməsi müəyyən qədər bəstəkar kimi orkestr texnikasını, belə demək mümkünsə, sənayenin inkişafını təqib edə bilməməsindən qaynaqlanmaqdadır. Balzakın bu cür sezgiləri tədqiqatda çox böyük əhəmiyyətə malikdir, çünki bu sezgilər boz tədqiqatın məhv etməyə çalışdığı mövzunun qavrayışından törəyib və onun yenidən inşasını təmin edir. Balzak inkişaf etmiş kapitalizmdə insanların – Marksın ifadəsiylə – teatr maskaları taxdığını intellektual sezgisi ilə qavramışdı. Şəfəqin təzə, çiy işığında yeni bir başlanğıcın parlaq rəngləriylə bərq vuran maddiləşmə, günorta vaxtının hər hansı iqtisadi-siyasi tənqidindən daha dəhşətlidir".
***
Lakin Balzak heç də erkən sənaye cəmiyyətinin müxtəlif qatlarına aid olan həmin fövqəladə faciələrin təfərrüatları içində itib-batmır. Məsələn, çox sərrast iti baxışla xarakterinin daxilinə nüfuz edərək həqiqi olanı, onu bu vəziyyətə salan şəraiti, keçmişini görə bilir. "Qorio ata"dakı Cənab Puarenin xarici görünüşünün, geyiminin istehza dolu təsvirinin ardıyca onun keçmişinə sızır, bu xarakteri beş-on cümlə ilə bütün mənfurluqlarına qədər bizə tanıtdırmadan ondan əl çəkmir: "Ona təsadüf edən adamlarda istər-istəməz belə bir sual doğardı: bəlkə də, bu kölgə İtaliya bulvarında qanad çalan Yafəs nəslinin cəsur oğullarındandır? Bəs hansı bir məşğələ onu bu hala salmışdır? Hansı bir ehtirasdan onun şişkin üzü o dərəcə qaralmışdır ki, karikaturada belə bunlar qeyri-təbii görünə bilərdi? Keçmişdə o nəçi olmuşdur? Kim bilir, o, bəlkə, ədliyyə nazirliyində, bütün cəlladların öz xərclərinə imza atdıqları, ata qatillərinə qara pərdə hazırlamaq üçün hesab verdikləri gilyotin altındakı səbətlərə taxta tozu, gilyotin bıçağına kəndir hazırlamaq üçün hesabat təqdim edilən şöbədə xidmət etmişdir? Bəlkə də, sallaqxana qapılarında vergiyığan, yaxud xalq səhiyyəsi nəzarətçisinin müavini olmuşdur. Bir sözlə, bu adamın bizim böyük ictimai dəyirmanımızın yük eşşəyi, öz Bertranını belə tanımayan Paris Rotonlarından biri, ətrafında fəlakətlər və insan çirkabı fırlanan bir çarx olduğu görünürdü". Möhtəşəmdir! Sanki bütün bu biliklər qəhrəmanının üz cizgilərində, geyim-keciminin qırışlarında gizlənib. Balzak da onları çox asanlıqla, tələsmədən və kahin sayıqlığı ilə bir-bir oxuyur.
Bəllidir ki, Dostoyevskidəki kimi gözlənilməzliklər, oxucunu həmişə gərginlikdə saxlayan psixoloji eniş və yüksəlişlər Balzakda yoxdur. Belə cizgilər axtaran oxucu bəlkə də Balzakdan çox tez bezər. Biz lap əvvəldən Qorio atanın faciəsinin konturlarını təxmin edə bilirik. Bəlkə də bu yeksənək həyat xətləri bir az da darıxdırıcıdır, lakin Balzak sanki bunu bilərəkdən edir. Çünki hər hansı bir məqsədi var idisə, o da diqqəti reallığa çəkmək, bu çoxsaylı, oxşar, sıradan talelərin qəlbində yatan, lakin heç biri də özünəməxsus etiraslardan məhrum olmayan insan faciələrinin şeirini yazmaq, heç kimin görmədiyi bir işin katibliyini etmək idi.