post-title

Rasim Qaraca: İki cəbhənin Cəmi(li)


Siyasət dalğaları yeni-yeni köpüklər gətirir – onlardan biri də AXCP sədrinin humanitar məsələlər üzrə müavini professor Cəmil Həsənlidir. 13 avqust 2003də «Azadlıq» qəzetinə verdiyi müsahibədə Cəmil müəllim çağdaş ədəbi proseslə bağlı bəzi məsələlərə münasibət bildirib, bu cümlədən «60-cı illər ədəbi nəslinə qarşı hücumlardan
narahat oduğunu» dilə gətirib. Cəmil Həsənlinin subyektiv mülahizələrinə əsaslanan həmin müsahibənin üstündən sükutla keçmək olardı, lakin hal-hazırda içərisində olduğumuz siyasi vəziyyətlə bağlı bir prinsipial məqam Cəmil müəllimin cavabını sıcağı-sıcağına vermək ehtiyacı doğurdu.

Heç bir səbəb olmadan 60-cılar ədəbi nəslinin müdafiəsinə qalxan, «bu adamların günahı nədir ki, ataları qələm sahibi olublar» deyən professor son dərəcə qəribə təsir bağışlayır, ən radikal müxalifət partiyasının birində mühüm vəzifə daşıyan bu adama demək istəyirsən – elə isə İlham Əliyevin günahı nədir ki atası dövlət başçısı olub? C. Həsənlinin xoruz buraxdığı göz qabağındadır. Prezident seçkiləri ərəfəsində onun daxil olduğu partiyanın sədri , şübhəsiz, hakimiyyətə gələrsə filan şeyləri bəsməkan edəcəyindən, bütün sahələrdə, o cümlədən incəsənət və ədəbiyyat sahəsində yeniliklərə meydan açacağından və sairədən danışacaq, ancaq təəssüf ki, onun bu sözlərinə heç kim inanmayacaq, çünki humanitar məsələlər üzrə müavini Cəmil bəy Həsənli ədəbiyyatda köhnəlmiş sovet idarəçilik metodunu qoruyub saxlayanların, ədəbiyyata vərəsəliklə gələn və bu gün onun inkişafına mane olanların havadarıdır, onsuz da iqtidarın himayəsində olan bu adamların müxalifət düşərgəsindəki qəyyumlarından biridir.

Cəmil Həsənli yazır : «Sizi inandırıram ki, bu gün Yazıçılar Birliyinin sədri Anar deyil, İsa Hüseynov və ya Əkrəm Əylisli olsaydı, ona da həmin hücumlar olacaqdı. Həmin tənqidləri mən ədalətsiz və yersiz sayıram». Bu gün Heydər Əliyev iqtidarına qarşı çıxışlar edən, tənqidi fikirlər səsləndirən AXCP haqqında da eyni məntiqlə «bu gün Azərbaycan dövlətinin başçısı Heydər Əliyev deyil, İsa Qənbər və ya İlyas İsmayılov olsaydı, ona da həmin hücumlar olacaqdı» şəklində mülahizə yürütmək mümkündür, o zaman biz də deyə bilərik, «həmin tənqidləri ədalətsiz və yersiz sayırıq» - yox əgər qarşılıqlı şəkildə boşboğazlığı bir tərəfə qoyub məsələyə bir qədər ciddi yanaşsaq durum ayrı cürədir.

Cəmil Həsənli bilməlidir (bilmirsə siyasətdə nə işi var) ki, onun sinəsini qalxan etdiyi Yazıçılar Birliyi bu gün (elə əvvəllərdə olduğu kimi) siyasiləşmiş bir təşkilatdır və hücumlarından narahatlıq keçirdiyi gənclər, bu təşkilatın, rəhbərliyində kimin olmasından asılı olmayaraq, siyasiləşməsinin əleyhinə olublar. Adlarını çəkdiyiniz Anar, Elçin, V.Səmədoğlu yazıçı adı altında birər siyasətçidirlər, və elə buradaca qeyd edim ki, sizin guya mübarizə aparmalı olduğunuz siyasi düşərgəyə mənsubdurlar. 

Təzə abzasdan çox maraqlı bir nöqtənin üstünə basmaq istəyirəm – Anar, Elçin, V. Səmədoğlu yazıçı uşaqları olaraq öz seçimlərini ediblər, nəyə və kimə qulluq etdiklərini bilirlər, bunu xalq da bilir. ƏCƏBA, SİZ KİMƏ VƏ NƏYƏ QULLUQ EDİRSİNİZ CƏMİL HƏSƏNLİ? Onlar ən yaxşı halda təkcə bizim ədəbiyyatımızı uçuruma aparırlar, bəs siz, Cəmil Həsənli, Azərbaycan inqilabi düşüncəsinin odaq mərkəzi bir partiyanın humanitar məsələlər üzrə başqanı, bizi hansı uçuruma aparırsınız?

Cəmil Həsənli yazır: «…60-cılar özlərindən əvvəlki nəsli tənqid etmirdilər. Əksinə, həmin nəslin yaradıcılığındakı yaxşı cəhətləri əxz edirdilər». Soruşan lazımdır, ay Cəmil müəllim, - özün də siyasi mübarizənin qaynar qazanında olan adamsan, səhv eləmirəmsə millət vəkilisən - bununla nə demək istəyirsən? Tənqid olmayan yerdə hansı inkişadan danışmaq olar? Elə isə nə üçün sən özün siyasi iqtidarı tənqid edirsən (partiya olaraq), olmazmı onun yaxşı cəhətlərini əxz edib sakitcə yerində oturasan, və ya gedib Yeni Azərbaycan Partiyasına üzv yazılasan, daha belənçinə müxalifət adına xalqın başını aldatmayasan.

Cəmil Həsənliyə və onun mövqeyinə (mövqesizliyinə) şərik olanlara Yazıçılar Birliyinin siyasi bir təşkilat olduğunu sübut etmək üçün bu təşkilatın idarəedicilərindən biri olan şair Fikrət Qocanın «Ədəbiyyat qəzeti»ndə – 26 iyun 2003 – dərc olunmuş «Ədəbiyyatımız yaşayır» məqaləsindən bir cümləni burada xatırlatmaq yerinə düşər : «İqtidar partiyasından başqa hansı partiya Azərbaycan Yazıçılar Birliyinin sanbalında, çəkisindədir», bu fikrin təstiqi məqsədilə Fikrət Qoca Birliyin on beş nəfər üzvünün xalq tərəfindən seçilmiş millət vəkili olduğunu qeyd edir həmin məqaləsində.

Dolayısı ilə Yazıçılar Birliyi C. Həsənlinin millətə sırışdırmaq istədiyi kimi yaradıcı bir təşkilat deyil, sözün əsl mənasında bir siyasi partiyadır, bunu təsdiq etmək üçün kifayət qədər misal gətirmək olar və bu təşkilat ikiüzlülük etmək istəyən siyasətçilər üçün əlverişli sığınacaqdır və ehtimal etmək çətin deyil ki, müxalifət partiyalarında təmsil olunan yazıçıların (əgər onlara yazıçı demək olarsa) bir əli iqtidarın ətəyindədir. 

O zaman cəmilhəsənlilərin bu sayaq canfəşanlığını görəsən nə cür qiymətləndirmək lazımdır? İmanımı yandıra bilmərəm, bəlkə o özü də Yazıçılar Birliyinin üzvüdür. Yəni, həm iqtidar partiyasının üzvüdür həm müxalifət və sairə…
Bəylər, bir saniyə vaxtınızı almaq istəyirəm, gözünüzü açın və görün, millət artıq bu cürə uşaq oyuncaqlarını yemir, bəsdir bizə kəf gəldiyiniz, gedin öz simanızı müəyyənləşdirin, hələ bir özünüzə başqa iş tapın. 60-cılar ədəbi nəsli kifayət qədər köhnəlmiş və siyasətə bulaşmış insanlardır, bu günün gənc nəsilləri onlardan və C. Həsənli kimi geri düşüncəli siyasətçilərdən yaxşı heç nə gözləmir, ümidlər 60-cı illərdə ədəbiyyata gələnlərə deyil, 60-cı illərdə doğulan ədəbi qüvvələrədir.

Ədəbiyyat elə-belə şeydir deyib üstündən keçməyin – hər hansı bir siyasi liderin və partiyanın siması onun incəsənətə, ədəbiyyata münasibətində çox bariz görünür. Prezident seçkiləri ərəfəsində xalqın çox böyük bir hissəsi özlərinin siyasi qənaətlərini hakimiyyətin ədəbiyyata və incəsənətə olan münasibətinə görə müəyyənləşdirəcək – əgər Əli Kərimli və ya İsa Qəmbər hakimiyyətə gələcək və ədəbiyyatımızda 60-cı illər («xruşşov qızdırması» dövrü) düşüncəsi hökm sürəcəksə bu elə ictimai həyatımızın bütün sahələrində heç bir dəyişikliyin olmayacağı deməkdir. Elə isə sual doğur – indiki hakimiyyəti dəyişdirmək cəhdləriniz nəyə lazımdır ?

2003-cü il, 17 avqust
Rasim Qaraca
Yuxarı