«Qızım mənim!
Bu gün Milad gecəsidir. Mənim kiçik qəsrimin bütün silahlı əsgərləri artıq yatıblar. Sənin qardaşın, bacın yatıblar. Hətta sənin anan da yatıb. Sən məndən nə qədər uzaqdasan! Lakin sənin təsvirin daim gözümün qabağındadır. Sənin portretin burada, masanın üzərindədir və burada, mənim qəlbimdədir. Bəs sən haradasan? Orada, nağıllar diyarı Parisdə, möhtəşəm teatral səhnədə rəqs edirsən. Mən buna əminəm, lakin sanki gecənin qaranlığında sənin addımlarının səsini eşidirəm, göy üzündə ulduzlar kimi işıldayan gözlərini görürəm.
Sənin bayram səhnəciyində tatar xanına aşıq olmuş fars gözəli rolunu ifa etdiyini eşidirəm. Gözəl ol və rəqs et! Ulduz ol və parılda! Lakin əgər tamaşaçıların coşğusu və səni təqdir etmələri səni sərxoş edəcəksə, əgər hədiyyə aldığın güllərin ətrindən huşunu itirəcəksənsə, bir küncə otur və mənim məktubumu oxu, ürəyinin səsinə qulaq as. Mən sənin atanam, Ceraldina! Mən Çarliyəm, Çarli Çapin! Sən körpə olanda yatağının başında neçə yuxusuz gecə keçirtdiyimi, sənə yatmış gözəl, əjdaha haqqında nağıllar danışdığımı bilirsənmi? Gözümdən yuxu töküldüyü zaman isə mən yuxunu qovaraq deyirdim: «Get! Yuxum mənim qızımın arzularıdır!»
Mən sənin arzularını görürdüm, Ceraldina, sənin gələcəyini, bugünkü gününü görürdüm. Mən sanki göylərdə süzən pərilər kimi səhnədə rəqs edən qızı görürdüm.
Tamaşaçılara necə: «Bu qızı görürsünüz? Bu qoca təlxəyin qızıdır. Yadınızdadır, onun adı Çarlidir?» – dediklərini eşidirdim.
Bəli, mən Çarliyəm! Mən qoca təlxəyəm! Bu gün sənin növbəndir. Rəqs et! Mən köhnə cırıq şalvarda rəqs edirdim, sən isə şahzadələrə yaraşan ipək libaslarda rəqs edirsən. Bu rəqslər və alqışlar səni bəzən göyə qalxızacaq. Uç! Göylərə uç! Lakin yerə də en! Sən insanların həyatını görməlisən. Soyuqdan və aclıqdan tir-tir əsən küçə rəqqaslarının həyatını görməlisən. Mən də onlar kimi olmuşam, Ceraldina. Sənin yatdığın gecələrdə, sehrli gecələrdə mən oyaq idim.
Mən sənin mələk simana baxırdım, kiçik ürəyinin döyüntülərini eşidirdim və özümdən soruşurdum: «Çarli, həqiqətənmi bu balaca pişik nə vaxtsa səni tanıyacaq?» Sən məni tanımırsan, Ceraldina. Mən sənə gecələr çox nağıl danışmışam, lakin öz nağılımı heç bir zaman danışmamışam. Mənim nağılım da maraqlıdır. Bu Londonun kasıb məhəllələrində oxuyub və rəqs edən, sonra isə sədəqə yığan ac təlxək haqqında bir nağıldır. Mənim nağılım bax budur! Mən aclığın, başının üstündə damının olmamasının nə olduğunu yaxşı bilirəm. Bundan savayı alçalmanın nə olduğunu da bilərəm.
Lakin bunlara baxmayaraq, mən yenə də sağam. Ona görə unudaq bunları.
Səndən danışaq. Sənin Ceraldina adından sonra mənim soyadım, Çaplin soyadı gəlir. Bu soyad ilə mən qırx ildən artıq səhnələrdə insanları güldürürəm. Lakin mən onların güldüyündən dəfələrlə çox ağlamışam. Ceraldina, sənin yaşadığın aləmdə yalnız musiqi və rəqslər mövcud deyil. Gecəyarısı böyük zaldan çıxaraq sən pərəstişkarlarını unuda bilərsən, lakin sənə evə aparan taksinin sürücüsündən onun xanımı haqqında maraqlanmağı unutma. Əgər onun xanımı hamilədirsə və yaxud əgər onların uşaq bezləri almağa pulları yoxdursa, sürücünün cibinə əlavə pul qoy. Mənim göstərişimə əsasən, bankda sənin bütün xərclərin ödənəcək. Hərdən metrodan və ya avtobusdan istifadə etməyə çalış. Piyada gəzintiyə çıx, şəhəri seyr et.
İnsanlara diqqət yetir! Dul qadınlara və yetim uşaqlara bax! Və heç olmasa gündə bir dəfə özünə de: «Mən də onlar kimiyəm». Bəli, qızım, sən onlardan birisən! Bundan savayı, incəsənət insanın göylərə uçması üçün ona qanadlar bəxş etməmişdən əvvəl adətən onun ayaqlarını qırır. Əgər bir gün sən özünü camaatdan üstün tutduğunu anlasan, dərhal səhnədən uzaqlaş. İlk taksi ilə Parisin kəndlərindən birinə get. Mən o kəndləri çox yaxşı tanıyıram! Sən orada sənin kimi çox rəqqas görəcəksən, hətta səndən daha gözəl və zərif olanları da görəcəksən. Sənin teatrının projektorlarının göz qamaşdırıcı işıqları orada olmayacaqlar. Onlar üçün projektor Aydır.
Diqqətlə bax, diqqətlə! Onlar səndən yaxşı rəqs etmirlərmi? Etiraf et, qızım mənim! Hər zaman səndən daha yaxşı rəqs edən, daha yaxşı oynayan biri tapılacaq! Və yadında saxla ki, Çarli ailəsində hələ heç vaxt fəhləni ələ salan, yoxsula lağ edən kəs olmayıb. Mən öləcəyəm, sən isə yaşayacaqsan. Sənin heç bir zaman kasıblığın nə olduğunu bilməyini istəmirəm. Bu məktubla birgə sənə qəbz göndərirəm. Bu məbləği istədiyin kimi xərcləyə bilərsən. Lakin iki frank xərclədiyin zaman üçüncü frankın sənin olmadığını unutma. O, ona ehtiyacı olan kəsindir. Ehtiyacı olan insanı tapmaq asandır. Ətrafındakı tanımadığın kasıblara nəzər yetirməyin kifayətdir. Mən sənə pullardan danışıram, çünki onların necə bir iblis gücünə sahib olduqlarına bələdəm. Mən sirkdə çox vaxt keçirtmişəm. Və hər zaman kəndirin üstündə gəzənlərə görə narahat olurdum.
Lakin sənə deyim ki, insanlar düz yerdə daha çox yıxılırlar, nəinki kəndirdə gəzənlər kəndirdən. Ola bilsin ki, dəvət aldığın tədbirlərin birində hər hansısa bir brilyantın parıltısı sənin gözlərin qamaşdırsın. Həmin gündən etibarən sən təhlükəli kəndir üzərində gəzirmiş kimi olacaqsan. Və yıxılacaqsan. Ola bilsin ki, günlərin bir günü hər hansısa bir şahzadənin gözəl siması səni heyrətləndirsin. Həmin gündən etibarən sən təcrübəsiz kəndirdə gəzən kimi olacaqsan. Təcrübəsizlər isə hər zaman yıxılırlar.
Öz ürəyini qızıllara və qiymətli əşyalara satma. Ən böyük brilyantın günəş olduğunu bil. O isə hər kəsə işıq saçır. Nə vaxtsa kimisə sevsən, onu bütün qəlbinlə sev. Mən sənin anandan bu haqda sənə yazmasını xahiş etdim. O, sevgidən məndən yaxşı anlayır.
Sənin işin çətindir, mən bunu bilirəm.
Sənin bədənini yalnız ipək örtür. İncəsənət naminə səhnəyə çılpaq da çıxmaq olar, lakin oradan nəinki geyinilmiş halda həm də pak qayıtmalısan. Mən qoca kişiyəm, ola bilsin ki, mənim sözlərim sənə gülməli gəlir. Lakin sənin çılpaq bədənin sənin çılpaq ruhunu sevən kəsə məxsus olmalıdır. Köhnə fikirli olmaqdan və elə görsənməkdən qorxma. Lakin mən sənin səhnədə çılpaq olmağını istəmirəm. Atalar ilə övladlar daim bir biriləri ilə mübarizə aparır. Mənimlə, mənim fikirlərimlə mübarizə apar, qızım mənim!
Mən öz fikri olmayan insanları sevmirəm. Məktubun üzərinə gözlərimdən yaş axmayana qədər bugünkü milad gecəsinin möcüzəvi gecə olduğuna inanmaq istəyirəm.
Bir möcüzə olmasını və sənin mənim sənə demək istədiyim hər bir şeyi başa düşməyini istəyirəm. Çarli artıq qocalıb, Ceraldina. Gec ya tez sən səhnəyə geyinəcəyin ağ libas əvəzinə mənim qəbrimə gəlmək üçün yas libası geyinəcəksən. İndi mən səni üzmək istəmirəm. Lakin hərdən güzgüdəki əksinə diqqətlə bax. Orada mənim cizgilərimi görəcəksən. Sənin damarlarında mənim qanım axır. Mən artıq həyatda olmayanda belə sənin öz Çarli atanı unutmamanı istəyirəm. Mən heç bir zaman mələk olmamışam, lakin daim insan olmağa çalışmışam. Sən də buna çalış.
Öpürəm səni, Ceraldina. Sənin Çarlin. Dekabr 1965-ci il.
Oğuz Ayvaz
Ədalət.az