post-title

"Çiçəklər açaraq nə demək istəyirsə, mən də şeir yazaraq onu"



“İnkar Mübarəkdir” adlı avtobioqrafik romandan bir parça

Şeir nədir nə deyildir

Bir az da şeirin özü haqqında danışmalıyıq sanıram. Nədir şeir? Nə üçün minlərlə, milyonlarla insan şeir yazır və oxuyur? Eyni zamanda böyük əksəriyyətə bu iş son dərəcə mənasız görünür. Şairlik peşə olaraq adətən ciddiyə alınmasa da, yenə şairlik adıyla meydana atılanlar bu yoldan çəkilmir, yaxşı şair adı almağa iddialılar bulaq kimi qaynayıb daşır. Bu sualların birmənalı cavabı yoxdur. Mənim düşüncəmə görə şeir yazmaq, o cümlədən rəsm çəkmək, mahnı oxumaq və ya rəqs etmək insanın təbiətində var. İnsan təbiətən özünü ifadə etmək, iz qoymaq və ya gələcəyə məsaj ötürmək istəyən varlıqdır. Azərbaycan şairlərin sayına görə dünyada birinci yerdədir deyirlər, halbuki dünyanın hər yerində bu adı daşıyan insanların nisbəti elə bizdə olduğu qədərdir. Guya texniki tərəqqi şeirin məhv olmasına gətirib çıxaracaq, lakin biz bunun əksini görürük, şeir texnokratik dünyada insanların sığındığı bir məbəd rolunu oynayır, yeni əsrdə şeriyyət ölmür, əksinə yeni şərtlərə uyğunlaşır. Bax, bu məqam önəmlidir, yeni əsrdə şeirin vəzifəsi fərqlidir. Onun qurtarıcılıq funksiyası daha da ağırlaşıb, ilham pərisi əvvəllərdə olduğu kimi qanadlı deyil, elə insanların özü kimidir. Bəzən makiyajsızdır, bəzən sadə geyimdə, bəzək-düzəksiz. Mənim düşüncəmə görə, bəşəriyyət kamillik dövrünə qədəm qoyanda artıq hər kəs şeir yazacaq və ya rəsm çəkəcək, rəqs edəcək, mahnı bəstələyəcək. Ola bilsin kimlərsə bunların hamısını birdən edəcək. Çünki həyat nemətləri uğrunda çarpışmaq, çalışmaq insanın var oluş missiyasına daxil deyil, bu yalnız vasitədir, insanoğlu yer üzünə şeir yazmaq, rəsm çəkmək və rəqs etməkdən ötrü gəlib. Get-gedə insanlar daha az çalışacaq və daha çox incəsənətlə məşğul olacaq. Bu dediklərimdən çıxan bir nəticə vardır: şeir yazmaq seçilmiş insanların görəcəyi məşğuliyyət deyildir. Onu meydana gətirmək üçün xüsusi bir talant və ya vergi olmasına gərək yoxdur, bu talant əslində hər kəsə doğulduğu gün bonus olaraq verilib, sonradan kimlərsə onun fərqində olmur, həyat yollarında salıb itirir, kimlərsə qoruyub son mənzilə qədər özüylə aparır. Kimlərsə sənətin hər hansı bir növünə daha çox konsentrasiya olur, həyat şərtləri, maddi imkanları buna uyğundur və buna görə də yaxşı nəticələr əldə edir. Ən yaxşı nəticələr əldə edən kimsəyə biz “talantlıdır” deyirik. Müqayisə üçün, hər kəs maşın sürə bilər, ancaq yaxşı maşın sürmək, üstəlik yarışlarda qalib gəlmək üçün maksimum səy və təcrübə lazımdır. İlahi vergi mənasız söhbətdir. Yüz metrədən topu səbətə atmaq nə qədər ilahi vergidirsə yaxşı şeir yazmaq da bir o qədər ilahi vergidir, halbuki, yaxşı antröman nəticəsində topu səbətə 200 metrədən də atanlar vardır. O ayrı məsələdir ki, görülən hər bir işə yüksək ideallıqla və sevgiylə yanaşmalısan. Bu isə o deməkdir ki, hər şey Allahdan deyil sənin Özündən asılıdır.

Dolayısıyla, dünyanın ən məsumanə məşğuliyyətlərindən biri olsa da, tarixin müxtəlif aşamalarında şairlərin iqnor edilməsi, təqiblərə məruz qalması, sürgünlərə göndərilməsi və hətta edam edilməsi şeir sənətini təbii halından çıxarıb və ona özəl mənalar yükləyib. Dinin hakim olduğu cəmiyyətlərdə şairlər şeytanın xidmətçiləri adlandırılıb. Kahinlərə hər kəsin şeir yazdığı cəmiyyətlər deyil, hər kəsin ibadət edib nəzir verdiyi idarə olunan cəmiyyətlər lazım idi, halbuki şeir yazmaq özü ən böyük ibadət sayıla bilər, çünki yaxşı şeir yazmaqdan ötrü sən kainatla harmoniyada olmalısan, nəinki Allahı, insanları, heç özünü də aldatmamalısan. Şair olmaq insanın əsl olmalı olduğu halda olmaq deməkdir. Belə olarsa o azaddır və heç kəsdən asılı deyil və başının üzərində heç bir avtoritet tanımamaqdadır. İnsanları istismar üzərində qurulmuş demokratik olmayan quruluşlarda isə azad söz ən təhlükəli silahdır. Buna görə də şairlər təqib edilib, zindana salınıb, öldürülüb. Eyni zamanda despotik hakimiyyətlər idarəolunan şair kultunu meydana gətiriblər. Şair sıradan insan olmaqdan çıxıb, yeri gələndə siyasi gücə və hər an sərtləşə bilən alətə çevrilib... Hər kəs gözəl şeirlər yazmalıykən, şeir yazmaq – sözlərdən kompozisiyalar qurmaq hər kəsin bacardığı bir məşğuliyyət olmalıykən bizi onun xüsusi adamlara verilmiş qeyri-adi üstünlük olduğuna inandırıblar, həmin şairlər də bizim bu səfehliyimizə bərabər bir həyasızlıqla özlərini göydən düşmüş elan edib, bəzən böyük imtiyazlar alıblar, haqq etmədikləri şöhrətə çatıblar və adları da “əbədiləşib”. Bir çoxlarının da əclaf olduğu sonradan üzə çıxıb, ancaq dünyada hələ axmaqların sayı ağıllılardan çox olduğuna görə onların heykəllərini uçurtmaq, adlarını əbədiyyət divarlarından qazımaq mümkün olmayıb.

Uzaq 70-ci illərdə ilk şeirlərimi qəzet və jurnal redaksiyalarına göndərənə şeir yazmaq mənim üçün necə əyləncəli məşğuliyyət idisə, indinin özünə qədər bu yanaşmamda bir dəyişiklik olmayıb. Düzdür indi çox az yazıram, dağılmış fikirlərimi şeir üzərində cəmləyə bilmirəm, ancaq dünyaya gəlmiş milyardlarla insandan biri kimi, ilk fürsətdə ana təbiətin çağırışı olan şeir yazmaq məşğuliyyətinə yenidən qayıtmaq arzusunu qəlbimdə sönməyə qoymuram. Yaxşı şeirlər yazmaq ilk növbədə özümə zövq verir, hər kəsdə olduğu kimi, uğurlu bir misra yazan zaman kainatdakı missiyamı yerinə yetirmiş kimi hiss edirəm özümü. Bu hissin psixoloji alt yapısını insanın ölməzlik arzusu, əbədiyyətə qarmaq atmaq istəyi kimi yoza bilərsiniz. Lakin mənə görə belə deyil. Şeir yazmaq insanın yaradılış proqramındadır, həyatın mənası nədir əbədi cavabsız sualının cavabını da elə insanın incəsənətə bu izaholunmaz bağlılığında axtarmaq lazımdır. “Çiçəklər açaraq nə demək istəyirsə, mən də şeir yazaraq onu” – bir şeirimdə belə demişəm. Məncə həyatın mənasına çox da məna yükləmək lazım deyil. İlkin başlanğıc nöqtədəki məna insanın poetik olana bağlılığında idi. Sonradan hər şey pozuldu. İnsanlar təbiətdə bir çiçək, bir ot kimi yaşamalı ikən əbədi mübarizə yolunu seçdilər, yaşamaq uğrunda mübarizə bu günkü müharibələrə səbəb oldu, həyatın şeiriyyəti unuduldu. Bu gün ali məqsəd həmin o ilkin olana gedib çatmaqdır. Bu mənada əsl şairlər əbədiyyət məşəlinin daşıyıcılarıdır. Əbədiyyət isə oradadır, hamının şeir yazdığı, rəsm çəkdiyi, rəqs etdiyi, musiqi bəstələdiyi, fotoqraflıq etdiyi, özünü təmin etməkdən ötrü ay ərzində cəmi 5 gün işlədiyi mütləq işıqlı gələcəkdə.

Rasim Qaraca

Azadliq.org
Yuxarı