Daha aydın olsun deyə qısaca olaraq Aleksandr Sokurovun sözlərinə belə şərh yaza bilərik. Vizual sənətlə məşğul olan hər bir kəs mütləq oxumalıdır. Özü də oxumaq xatirinə oxumamalıdır, ciddi şəkildə, müntəzəm, düşünərək, oxuduqlarını başqaları ilə müzakirə edə-edə oxumalıdır. Əks halda o nə qədər enerjili olsa da, öz sahəsinə aid texnikanı nə qədər mənimsəsə də ortaya qoyduğu məhsul ideya baxımından sönük, emossional baxımdan yoxsul, həyatla bağlılığı səthi görünəcəkdir. Bu yaxınlarda kino ilə məşğul olan və məşğul olmaq istəyən bir qrup gənclə ünsiyyətim oldu və bu ünsiyyət nəticəsində onların az oxuduqları, ancaq filmlərə baxdıqları açıq-aşkar göründü. Yaratmaq, ortaya məhsul qoymaq, uğur qazanmaq istəyən, qəribə ideyalar axtaran bu enerjili gəncləri əgər oxumasalar onları gözləyən labüd aqibətdən bacardığım qədər xəbərdar etməyə çalışdım. Xəbərdarlığım, dediklərimnə qədər ağıllarına batdı, nə nəticə çıxartdılar, nələr düşündülər bu onların öz işləridir. Nə bilmək olar bəlkə də niyyətim xoş olsa da xeyli zəhlələrini tökmüşəm.
Xalqımızın kifayət qədər tanınmış bir nümayəndəsi bir dəfə söhbət zamanı bəndənizə ədəb-ərkanla, heç bir koqnitiv dissonans keçirmədən belə bir söz dedi :“Sən yorulmadın bu “Səfillər”i təbliğ etməkdən? Bilirsən dünyada nələr baş verir?” Və başladı NASA - dan uzun-uzadı danışmağa.
Dünyada baş verənləri bacardığım qədər izləməyə çalışıram, amma bunun “Səfillər”i təbliğ etməyə, “Səfillər”in oxunmasına hətta təkrar-təkrar oxunmasınanə dəxli var? Dünyada baş verənlər öz yerində, bəyəm “Səfillər”də yazılanlar, ortaya qoyulan problemlər hələ də bizim ölkədə aktual deyilmi? Viktor Hüqo italyan naşirinə yazdığı məktubunda bu söhbətə çox gözəl aydınlıq gətirir:
“ ...Bu əsərin hamı tərəfindən oxuna biləcəyini deyə bilmərəm, amma mən onu hamı üçün yazmışam. Bu kitab İngiltərəyə olduğu qədər, İspaniyaya, İtaliya kimi Fransaya, Almaniya kimi İrlandiyaya da aiddir. Quldarlıq yaşayan ölkələrdən tutmuş, kəndli istismarçılığı olan imperiyalara qədər. Sosial problemlər sərhədləri aşıb keçir. Bütün dünyada müşahidə olunan bəşəriyyətin bu acılarının, bu böyük yaralarının qarşısını, dünya xəritəsində çəkilmiş mavi və ya qırmızı xətlərlə almaq qətiyyən mümkun deyil.
Bütün o yerlərdə ki, insan cəhalət içində yaşayıb ümidini itirir, qadın bir çörək parçası üçün bədənini satmalı olur, uşaq ona bilik verən bir kitabdan və onu isidən komadan məhrum edilir, bax, o zaman “Səfillər” kitabı qapını döyür və deyir: “Açın qapını, mən sizin üçün gəlirəm!”
... Qısaca onu deyim ki, "Səfillər" adlanan bu kitab bizim üçün olduğu qədər, sizin üçün də bir güzgüdür. Bəzi adamlar, bəzi kastalar bu kitaba qarşı üsyan edirlər. Mən onları anlayıram. Gerçəklikləri ifadə edən bu güzgülər nifrətə layiq ola bilərlər, amma bu onların yararlı olmağına mane olmur.
Mənə gəldikdə, mən bu əsəri ölkəmə olan dərin bir sevgiylə yazsam da, onu hamı üçün yazmışam. Ancaq Fransaya aid qayğılarım hansısa başqa bir xalqa olan narahatlığımdan heç də üstün olmayıb.
Yaşa dolduqca sadələşir və daha çox bəşəriyyətin patriotuna çevrilirəm. Bu, eyni zamanda bizim indiki dövrümüzün istiqaməti və Fransa inqilabının işıq saçan qanunudur. Sivilizasiyanın sürətlə genişlənməsinə cavab vermələri üçün bu kitablar, yalnız fransız, italyan, alman, ispan, ingilis olmaqda deyil, ümumavropa, daha da irəli gedib deyərdim ki, ümumbəşər əsərlərə çevirilməlidirlər.
Bir sözlə, bacardığımı etməyə çalışıram, yaşadığım iztirablar, əzablar bəşəridir və mənim üzərimə düşən iş onların acısını azaltmaqdır. Ancaq əlimdə olan yalnız yetərincə güclü olmayan insandır və mən hamıya üzümü tutub hayqırıram: mənə kömək edin!
Cənab, məni bütün bunları sizə deməyə vadar edən sizin məktubunuzdur. Mən bunu sizə və sizin ölkənizə üz tutub deyirəm. Mənim bütün bunları belə təkidlə yazmağıma tək səbəb məktubunuzdakı bir cümlə oldu. Siz yazırsınız:
“Bir çox italyanlılar deyirlər ki, bəs “Səfillər” romanı fransız kitabıdır və bunun bizə heç bir aidiyyatı yoxdur. Fransızlar bu kitabı sadəcə həyat hekayəsi kimi oxuyurlar, biz isə roman kimi.” Təəssüf! Bir daha təkrar edirəm, istər fransız olsun, istər italyan, səfalət bizim hamımıza aiddir”.
“Dünyada bilirsiniz nələr baş verir, “Səfillər”i oxumağın heç yeridir” deyən və belə düşünən adamlara yuxarıda yazılanlar çox gözəl cavabdır. Yaxınlarda Jül Vernin “Kapitan Qrantın uşaqları” əsərini oxudum. Düşündüm ki, bəlkə doğurdan da bəlkə bu əsər aktuallığını itirib, bu gün üçün maraqsızdır, biz də əbəs yerəelə hey uşaqların, yeniyetmələrin yaxasından yapışıb niyə oxumursunuz deməkdə israr etməkdəyik. Düşündüm ki, “Kapitan Qarantın uşaqları” əsərini bugünkü gözlə oxuyum, görüm bu əsərdə nələr yazılıbdır. Oxudum və gördüm ki, əsərdə sevgi var, mecəra var, çoxlu məlumatlar var, süjet var... Daha nə olmalıdır ki? Bəyəm Jül Vern dirilib əsərini oxuyan adamı belində gəzdirməlidir?
Yeri gəlmişkən, “Kapitan Qrantın uşaqları” əsərini oxuduqca o dövrdə dəniz səyahətlərinə çıxan adamların cəsarətinə heyrət etməkdə idim. Doğurdan da o dövrdə dənizə, okena çıxmaq üçün adamda nə qədər cəsarət olmalıdır. Bəlkə də bu günümüzdən o adamların hərəkətləri, taxta gəmilərlə dənizə, okeana çıxmaqları cəsarət kimi görünür. Bəlkə də bizim bugünkü həyatımız, hər hansı hərəkətlərimiz gələcək nəsillər üçün cəsarət kimi görünəcək və onları heyrətləndirəcəkdir.
Bir dəfə dostlarla Batumiyə getmişdik. Oturub söhbət etdiyimiz yerdə göy bərk guruldamağa, şiddətli yağış yaqmağa başladı. Həyatımda gördüyüm ən şiddətli yağışlardan biri idi. Dillə deyiləsi, qələmlə yazılası deyil. İşıqlar söndü. Ətrafa qaranlıq çökdü. Yaşadığımız evin balkonu dənizə baxırdı. Dəniz isə olduqca vahiməli görünürdü. Bu vahimə canımıza keçir və bizi qorxudurdu. Qonşu otaqdayatan bir dostumuz səs-küyə yuxudan oyanıb yanıma gəldi və dedi: “Bu nədir belə? Deyəsən dünya dağılır”. Mən isə vahiməli dənizi göstərib dedim ki, indi siz o vaxt taxta gəmilərlə dəniz səhayətlərinə çıxan adamların belə vəziyyətlərdə düşdükləri halı təsəvvür edin. O yazıqlar fövqəlqüvvələrə inanmasınlar bəs nə etsinlər?
İndi isə gəlin Nobel mükafatı laureyatı Mario Varqos Lyosanın “Ədəbiyyatsız dünya necə olardı” adlı essesindən bəzi hissələri diqqətlə oxuyaq.
“.... Kitab oxumaq imkanı ola-ola oxumamaq qərarına gəlmiş milyonlarca insana acıyıram.
Onlara acımağımın səbəbi təkcə əldən verdikləri ləzzətin fərqində olmamaqları deyil. Onlara həm də ona görə acıyıram ki, ədəbiyyatsız cəmiyyətlərin, ya da ədəbiyyatı – gizli günah kimi – ictimai və şəxsi həyatın ucqarlarına sürgün edən, fanatik təriqətlərə bənzər bir şeyə çevirən cəmiyyətlərin ruhi baxımdan vəhşiləşəcəyinə, daha da pisi, əvvəl-axır öz azadlığını təhlükə altında qoyacağına inanıram.
Biz elmin və texnologiyanın ağlasığmaz inkişafı etdiyi, bilginin sonsuz parçalara, hissələrə ayrıldığı, ixtisaslaşdığı bir dönəmdə yaşayırıq. Bu kulturoloji meyl, qarşıdan gələn illərdə daha çox müəyyənlik qazanacaq. İxtisaslaşma, şübhəsiz ki, bir çox cəhətdən faydalıdır. Daha dərin araşdırmaların və daha böyük təcrübələrin həyata keçirilməsinə imkan yaradır, inkişafa təkan verir. Amma neqativ nəticələri də var, çünki insanların birgəliyini, bir-biriylə ünsiyyət qurmasını, yardımlaşma duyğusunu diri saxlayan ortaq intellektual və kulturoloji özəllikləri məhv edir. İxtisaslaşma ictimai düşüncənin yox olmasına, insanların texnik və mütəxəssis gettolarına bölünməsinə gətirib çıxarır. Əldə olunan bilgilər get-gedə daha çox özünəməxsus, parçalı hala gəldikcə, ixtisaslaşan bilgi günü-gündən daha çox özəl dil və şifrə, leksika tələb edir. Əcdadların “yarpaqlara baxıb ağacı görməmək, ağaclara baxıb meşəni görməmək” – dedikləri, əslində bu detalçılığa və bölünməyə qarşı bir xəbərdarlıqdır. Meşənin varlığının fərqində olmaq, cəmiyyəti bir-birinə bağlayan ictimailik hissini, aidlik duyğusunu yaradır və cəmiyyətin çoxlu solipsist qruplara bölünməsinin qarşısını alar. Solipsizm – nifrətə, savaşlara, soyqırımlara yol açan paranoya və sayıqlamalara, həqiqətin təhrif edilməsinə gətirib çıxarır.
Bizim zamanımızda elm və texnologiya fraqmentarlaşıb, çünki ixtisaslaşma, eləcə də onun xaosuna yol açmış bilginin sonsuz zənginliyi və təkamül sürəti artıb. Amma məsləkləri, həyatdakı məqsədləri, coğrafi və kulturoloji təyinatları, fərdi durumları nə qədər fərqli olur-olsun, ədəbiyyat insanların özlərini dərk etdikləri və bir-biri ilə ünsiyyət qura bildikləri insan yaşantısının ortaq məxrəclərindən biridir. Ədəbiyyat imkan yaradıb ki, fərdlər öz həyatlarının bütün fərqli özəlliklərinə rəğmən tarixi aşıb keçsinlər; Servantes, Şekspir, Dante və Tolstoyun oxucuları kimi, zamanı və məkanı aşaraq bir-birimizi tanıyırıq, özümüzü eyni növün nümayəndələri kimi dərk edirik: Çünki bu yazarların əsərlərini oxuyarkən, bizi bir-birimizdən ayıran dərin fərqliliklərin ötəsinə keçir, hamımızda ortaq olanı öyrənirik. Bütün millətlərdən olan insanlar təməldə bərabərdir, onların arasına ayrı-seçkilik, qorxu və boyunduruq toxumlarını səpən ədalətsizlikdi: İnsanları, önhökmün, irqçiliyin, dini, ya da siyasi fanatizmin və özündən başqa hər şeyi dışlayan milliyətçiliyin axmaqlıqlarına qarşı, bütün böyük ədəbi əsərlərdə qarşımıza çıxan böyük həqiqətdən – insanların bərabər olması həqiqətindən yaxşı heç nə qoruya bilməz.
Etnik və kulturoloji fərqlərdə insanlıq mirasının zənginliyini görməyi, bu fərqləri bəşəriyyətin çoxtərəfli yaradıcılığının simptomu kimi dəyərləndirməyi ədəbiyyatdan daha yaxşı heç bir şey öyrədə bilməz. Yaxşı ədəbi əsərləri oxuyanda, heç şübhəsiz, böyük ləzzət alırıq, amma həm də insani bütövlüyümüz və qüsurlarımız içində gördüyümüz işləri, xəyallarımızı və kabuslarımızı, təkliyimizi və bizi başqalarına bağlayan münasibətləri, cəmiyyətdəki obrazımızda və şüurumuzun gizli çıxıntılarında kim olduğumuzu, necə olduğumuzu öyrənirik.
Ədəbiyyat insanlar arasında qardaşlıq bağı yaradır ki, bu bağ onların dialoqa girməyinə, ortaq bir əcdad və ortaq bir məqsədin varlığından xəbərdar olmaqlarına yardım edərək bütün zaman maneələrini aşır. Ədəbiyyat bizi keçmişə daşıyır və bizə gəlib çatmış, indi bizə ləzzət verən, xəyal qurduran o mətnlərdə, bir vaxtlar bizim kimi ləzzət almış və xəyal qurmuş insanlarla aramızda bağ yaradır. Zamanın və məkanın ötəsində, özünü ortaq insan yaşantısının bir parçası kimi hiss etmək mədəniyyətin ən böyük qələbəsidir; bu duyğunun hər nəsildə təzələnərək davam etməsinə ədəbiyyatdan daha çox heç nə kömək edə bilməz.
“Ədəbiyyat nəyə yarayır?” – bu sual Borxesi həmişə narahat edib. Axmaqlıq hesab etdiyi bu suala Borxes belə cavab verib: “Bülbülün cəh-cəhi, ya da gözəl bir qürub çağının nə yararı var? – deyə soruşmaq kimin ağlına gələr ki?!”. Bu cür gözəl şeylər varsa, bu gözəl şeylər həyatın çirkinliyini və hüznünü bir anlıq da olsa azaldırsa, bütün bunlara praktiki təsdiq axtarmağın nə mənası var?
Ədəbiyyatın birinci faydası dil qatında baş verir. Yazılı ədəbiyyatı olmayan xalq, əsas ünsiyyət vasitəsi olan sözü öz ədəbi mətnləriylə cilalayıb yetkinləşdirmiş xalq qədər detal zənginliyi ilə və birbaşa özünü ifadə edə bilməz. Oxumayan, ədəbiyyata yaxın durmayan cəmiyyətlər qaba və ibtidai dilləri ucbatından dəhşətli ünsiyyət problemləri olan sağır-dilsizlər topasına, söz yaratma qabiliyyətindən tamamilə məhrum xalqa çevrilir. Eyni şey fərdlər üçün də keçərlidir. Qəti oxumayan, az oxuyan, ya da ancaq bayağı şeylər oxuyan insan çox danışsa da, az şey deyir, çünki söz dağarcığı özünü ifadə etməyə yetərli deyil.
Və bu təkcə söz ehtiyatının məhdudluğu deyil, eyni zamanda təfəkkürdə və fantaziyada da məhdudluqdur. Düşüncə yoxsulluğudur, çünki mövcud vəziyyətin gizlinlərini qavramağımıza yardım edən düşüncələr və anlayışlar sözlər olmasa müstəqil şəkildə var ola bilməzlər. Səlis danışmağı – və məsələnin hər yanını düşünərək səliqəli, zərif danışmağı – yaxşı ədəbiyyatdan, yalnız yaxşı ədəbiyyatdan öyrənirik; insanların ünsiyyət qurmaq üçün ehtiyac hiss etdikləri dildə ustalaşmaq məsələsində heç bir təlim, heç bir sənət növü ədəbiyyatın yerini verə bilməz.
Ədəbiyyat sevginin, təşnəliyin və cinsəlliyin bədii yaradıcılıq xüsusiyyəti qazanmasına da yardımçı olub. Ədəbiyyat olmasaydı, erotizm olmazdı. Sevgi və həzz kasıb olar, həssaslıqdan və incəlikdən məhrum qalar, ədəbi təxəyyülün təklif etdiyi dolğunluğa çatmazdı. Dünyada oxuyub yazmaq olmasaydı, sevgi və cinsi istək heyvani tələbatdan fərqsiz olar, elementar instinktlərin kobudca təmin olunmasından o yana getməzdi.
Ədəbi illüziya bizi götürüb tarixdən kənara atır, zamansız bir ölkənin vətəndaşlarına çevirir və beləcə, ölümsüzləşdirir. Sıradan həyatın məcburi yeknəsəqliyindəki vəziyyətimizdən daha güclü, daha zəngin, daha qarmaqarışıq, daha xoşbəxt və daha duru oluruq. Kitabı bağlayıb ədəbiyyatın illüziyasından çıxanda gerçək həyata dönürük və onu bir az əvvəl ayrıldığımız o gözəl ölkəylə qarşılaşdırırıq, böyük bir xəyal qırıqlığına düşürük! Amma eyni zamanda müdhiş bir şeyin də fərqinə varmış oluruq: Romandakı xəyali həyat, kitab oxuyarkən huşa gedib ayrıldığımız real həyatımızdan, içinə düşdüyümüz həyatın sərhədləri və darıxdırıcılığından daha yaxşıdır, daha gözəldir, daha rənglidir, daha tutumludur və daha yetkindir. Deməli, yaxşı ədəbiyyat, həqiqi ədəbiyyathəmişə dağıdıcı, boyun əyməyən və asidir: var olana bir meydan oxumadır.
“Hərb və sülh”ü, ya da “İtirilmiş vaxtın sorağında”nı oxuyandan sonra, mənasız təfərrüatlardan, aralıqda meydan sulayan və xəyallarımızı addımbaşı yerlə bir edən məhdudiyyətlərdən və yasaqlardan ibarət dünyamıza qayıdanda, aldadılmışlıq hissinə qapılmırıqmı? Mədəniyyətin davamlılığını təmin etməsi və dili zənginləşdirməkdən başqa ədəbiyyatın bəşəriyyətin inkişafına ən böyük töhfəsi, bəlkə də, (çox vaxt fərqində olmadan) bu dünyanın quruluşunun ədalətsiz olduğunu; bunun əksini irəli sürənlərin, güclülərlə bəxtigətirmişlərin yalan danışdıqlarını; dünyanın düzələ biləcəyini, fantaziyamızın və dilimizin yaratdığı dünyaya daha çox oxşayanını qura biləcəyimizi bizə xatırlatmasıdır.
Həyatın adiliyinə və səfilliyinə üsyan etməsəydik, hələ də ibtidai vəziyyətdə yaşamış olardıq, tarix yerində saymış olardı. Belə olan halda, azad fərd yaradılmamış, elm və texnologiya inkişaf etməmiş, insan haqları tanınmamış, azadlıq kəşf olunmamış qalardı. Bütün bunlar bədbəxtlikdən, yetərsiz və dözülməz bir həyata meydan oxumaqdan yaranıb.
“La Mançlı əsilzadə Don Kixot” çap olunanda romanın ilk oxucuları həm bu xəyalpərəst cəngavərə, həm də romanın digər personajlarına lağ eləmişdilər. Amma bu gün artıq bilirik ki, hüznlü cəngavərimizin yel dəyirmanlarını yox, divləri gördüyünü deməsi və mənasız hesab edilən hərəkətlər etməsi, əslində səfil dünyanı dəyişdirmək ümidi ilə səsini yüksəltməyin yollarından biri idi. Ədəbiyyatsız dünyada mənəviyyata yer olmazdı. Bundan başqa, belə bir dünya həyatın dözülməz monotonluğuna təslim olar, hər şeyin həmişə belə qalacağı, bunu heç kimin və heç nəyin dəyişdirə bilməyəcəyi duyğusundan yaranan qapqara pessimizmin boyunduruğuna girərdi”.
Yuxarıda yazılanları tam olmasa da qismən izah etmək üçün konkret bir misal gətirək. Tutaq ki, bir insan ikinci dünya müharibəsinin tarixini çox yaxşı hətta deyək ki, olduqca əla bilir. Saatlarla bu mövzuda danışa bilər. Amma əgər həmin insan ədəbiyyat vasitəsi ilə müharibənin ayrı-ayrı fərdlərin həyatına gətirdiyi dəhşətləri öyrənməyibsə ümumilikdə ikinci dünya müharibəsinin gətirdiyi dəhşətlərin miqyasını təsəvvür etməkdə çətinlik çəkəcəkdir. Emosiyasız tarix tarix deyil, rəqəmlərdən ibarət hadisələr yığnağıdır. Əgər tarixi hadisələrin iştirakçısı insandırsa insanı hiss etmədən, insanı başa düşmədən tarixi hadisələrin həqiqi mahiyyətini necə başa düşmək olar? Məhz insanı tanımadıqlarına, hiss, emosiya olmadığına görə nə qədər məlumatlı adamlar əldə etdikləri məlumatla həyat arasında əlaqə yarada bilmirlər. Bu barədə “Üç əhvalat” adlı yazıda daha geniş yazmışam, həvəsi olan tapıb oxusun, biz də əziyyət çəkib daha təkrarçılıq etməyək. Müəllifi olduğuma görə demirəm doğurdan da faydalı yazıdır. Qısası, emossiya çatışmır, emossiya!
Seymur Baycan