post-title

Sarı maşın

“Nə tökərsən aşına,
O çıxar qaşığına"

(Azərbaycan ata sözü)

ABŞ prezidenti Trampın qızının dükanla problemləri haqda yazmışdım. Yəqin xəbəriniz var, İvanka adlı bu qızın mallarını dükanlar satmırlar. Hətta prezident özü də bundan şikayətləndi. Trampın miqrantlar haqda qərarını məhkəmə ləğv eləmişdi, ümid edirdi bəlkə apellyasiyada qərar təzədən qüvvəyə minər. Ancaq Tramp saydığını saysın, ABŞ məhkəməsi isə müstəqildir. Orda Ali Məhkəmə sədrinin düyməsini basıb istədiyin nömrəni keçirdə bilməzsən. Budur, Apellyasiya Məhkəməsi də prezidentin əleyhinə qərar çıxartdı.

Dövləti dövlət edən, gücə çevirən belə şeylərdir. Qanuna hörmət qoyulan ərazidə insanlar yaxşı yaşayırlar. Yoxsa “masonlar belə elədi”, “yəhudilər filan işi gördü”, “imperializm çürüyən kapitalizmdir” kimi çeynənmiş, düşük söhbətlər lazım deyil. Hətta idiotun da rəhbər seçilmək imkanlarını tanıyacaq qədər demokratik olacaqsan. Eyni zamanda, qanunlar və dəyişilməz qaydalarla istənilən idiotu cilovlamaq imkanların olacaq. İcra hakimiyyətinin, qanunverici və tənzimləyici orqanların funksiyalarını ayıracaqsan, bir-birinin işinə kobud müdaxiləsinə yol verməyəcəksən. Söz azadlığını heç bir halda pozmayacaqsan. Karbürator akkumulyator ola bilməz. Motor ayrıdır, əyləc ayrı. Təkərə “qabaq şüşəni sil, yolu görmürəm” deyə bilməzsən. Nəticədə bunlar hamısı ayrı-ayrılıqda öz işini görüb maşını hərəkətə gətirib səni istədiyin yerə aparacaq. Dövlət mexanizmləri də eynilə bu cürdür.

London yaxınlığında bir qədim kənd var. Orda evlər faktiki orta əsrlərdəki görkəmində qalıb, bu səbəbdən turistlərin sevimli məkanlarından biridir. İngiltərəyə gedib o küçədə şəkil çəkdirən yüz minlərlə adam varmış. Ancaq bütün bu turistlərin başının bəlasına çevrilən bir ekzotik problem də var. Təqaüdə çıxmış bir diş həkimi orda ev alıb, bunun da maşını sarı rəngdədir. İş-güc yox, adam pensiyada, təbii ki, maşın sutka boyu evin qabağında durur, turistlərin şəklini korlayır. Hamı o maşından şikayətlənirmiş, deyirlər qədim küçədə şəkil çəkdiririk, içinə bu əcaib sarı maşın girir. Həqiqətən, sarı da var sarı da var - bu maşının sarısı yalan olmasın, kənd yumurtasının sarısı kimi bir sarıdır. Az qalırsan o qədim binaların fonunda bunu görəndə “Sarı gəlin” mahnısı oxuyub ağlayasan.

Uzun sözün qısası, nəhayət, keçən həftə kimlərsə bezib, kişinin maşınına əl bulayıblar: üstünü cızıq-cızıq ediblər. Məsələn, arxa tərəfinə “Məni yu” yazıblar. Zarafat edirəm, yazıblar ki, nəhayət, bu maşını burdan rədd elə. Yazıq kişi BBC-yə açıqlama vermişdi, deyir dəyən ziyanın məbləği 8 min funt sterlinqə bərabərdir, düzəltdirməkdənsə təzəsini alsam ucuz olar. Ancaq tərs adamdır, deyir təzəsini daha sarı rəngdə alacağam, geri çəkilmək yoxdur.
Bu əhvalat mənim yadıma Bakının qədim məhəllələrinin başına gələnləri xatırlatdı. Yapistlər hər biri tarixin yadigarı olan binaları manıs turnirləri, maşın yarışları, “müasir daş parkları” üçün sökdülər, dağıtdılar. Londonda bir maşını tarixin qabağından götürməyin davası gedir, bizdə isə tarixi maşının altına salıb çığnadılar. Fərq budur. Buna görə biz ingilis kimi yaşamırıq - rahatlığımız, həyatımız, təhsilimiz, səhiyyəmiz və sairəmiz ordan geri qalır. Buna görə Britaniya parlamentində həmişə maraqlı diskussiyalar gedir, bizim deputatxanada isə “Həccə 28 dəfə getməklə Ginnesin rekordlar kitabına düşmüşəm” deyən karikaturalar oturur.

Zamin Hacı 

Musavat.com
Yuxarı