post-title

Knut Hamsun: Sirli dərd - Hekayə

Kultura.az məşhur norveçli yazıçı, Nobel mükafatçısı Knut Hamsunun maraqlı hekayələrindən birini oxucularına təqdim edir

 
 
Onunla dördüncü dəfə görüşdüm. Sanki o, hər addımımı izləyir və elə bil ki, hər an mənə xətər yetirə bilər; yəni bir də görürsən ki, budur haradansa pırtlayıb çıxdı və qəti ürəyimdən olmayan bir şəraitdə görüşməli olduq.
Hətta bir dəfə onunla öz otağımda, Xristianiyada görüşdüm. Yox, yaxşısı budur hər şeyi başdan ayağa sizə danışım.
 
I
 
İlk dəfə onunla 1879-cu ilin Yeni il bayramında Kopenhagendə rastlaşdım. Onda, səhv etmirəmsə Klyarsbodendə yaşayırdım.
 
Otağımda oturmuşdum, notların üzünü köçürürdüm. Not oxuya bilmirəm deyə bu iş lap zəhləmi tökürdü. Birdən astaca, küt səslə, qapım döyüldü. Elə bildim ki, qapını qadın əlilə döydülər. Sevinclə qışqırdım: «Buyurun!» O, daxil oldu.
 
O, otuz yaşlarında, solğun bənizli, tutqun baxışlı, sısqa kürəkli, bəli, bəli, qeyri-adi dərəcədə sısqa kürəkli bir adam idi, bir əlinə də əlcək geyinmişdi. Qapının ağzında papağını çıxartdı, gözlərini üzümə zilləyərək yaxınlaşmağa başladı. Əvvəlki kimi oturmuşdum, yazırdım. Hər şeydən əvvəl üzrxahlıq elədi ki, belə çağrılmamış yanıma soxulub. Pansiona girib-çıxdığımı dəfələrlə görübmüş və ona elə gəlib ki, biz çoxdan tanışıq. Mən onu xatırlayırammı?
 
-Kezlingerdə tanış olmuşuq, onda mən, orada polisdə xidmət edirdim.
-Axı mən heç vaxt Kezlingerdə olmamışam! Bu deyəsən anlaşılmazlıqdır.
-Nə bilim, bu bəlkə də Mamlyödə olub tanışlığımız
-Mamlyödə heç vaxt olmamışam.
Daha bir neçə şəhərin adını çəkdi və hər dəfə də etiraz eliyəndə o, deyirdi:
-Yox, bir dayanın, axı tamamilə inanıram ki, sizinlə görüşmüşəm, lakin harada görüşdüyümüzü xatırlaya bilmirəm.
Nəhayət o, Xristianiyanın adını çəkdi, candərdi onunla razılaşdım; ola bilsin ki, doğrudan da orada görüşmüşük. Elə bil ki, məni ovsunladı, özümü itirdim və heç cürə deyə bilmədim ki, onunla Xristianiyada görüşməmişəm.
-Nə isə,-dedi,-sizə təzə heç nə deməyəcəyəm. Sizinlə sadəcə bir yerli kimi, bir tanış kimi görüşmək istədim.
Bir dəqiqəyə yaxın o qədər lazımsız şeylər haqqında söhbət elədik ki, indi onlar yadımda qalmayıb. Yadımda bircə o qalıb ki, o, elə danışırdı ki, onun sözlərini istədiyin kimi yozmaq olardı. Bu sözlərin altında gizli, xüsusi bir məna gizlənmişdi və bir də bu adam məndə nə isə sirli təəssürat yaratdı.
Yerindən durdu, getməyə hazırlaşırdı, bir də gəldiyi üçün üzrxahlıq elədi və sözarası dedi:
-Yaman darıxıram, düzü heç bir iş görmürəm, heç bir müəyyən məşğuliyyətim yoxdur. Bir ara vaxtımı öldürmək üçün polisi aldatmaq qərarına gəlmişdim, lakin bu o qədər asandı və o qədər az zəhmət tələb edir ki, demək olar ki, daha məna əyləndirmir.
Tamam ciddi danışırdı, lakin mən bunu elə-belə, zarafat kimi qəbul etdim. Qapıya çatarkən dayandı, geri döndü, elə bil başına təzə fikir gəlmişdi və məni axşam gəzməyə çağırdı, dedi ki, köhnə tanışlığı təzələyək. Özüm də bilmirəm, nədənsə əvvəlcə boyun qaçırtdım, amma sonra razılaşdım. Axırda isə xəbərdarlıq elədi ki, özümlə pul götürməyim.
-Pulla heç vaxt istənilən qədər ehtiyatlı olmaq mümkün deyil-dedi,-ona görə də yaxşı olar ki, verin pulunuzu ev sahibi saxlasın.
 
Sözün düzü, onu yaxşı anlamadım, lakin bütün sözlərinə «bəli» cavabı verib, saat beşdə «At»ın yanında olacağımı bildirdim. Gedəndən sonra onun özü və dedikləri barədə götür-qoy eləməyə başladım. Belə qənaətə gəldim ki, onun mənim yanıma gəlməsi tamamilə qəribə bir hadisədir. Axı, puldan niyə söz saldı? Əvvəlcə bir az təəccübləndim, lakin sonra bütün bunlara əhəmiyyət vermədim, bir də qəribçilikdə adamlar çox tez bir-birilə yaxınlaşırlar: bir neçə saat ərzində tamam yad adam yaxın yoldaş, bəzən isə əsl dost ola bilər.
 
Şərtləşdiyimiz vaxt «At»ın yanında idim. Hava sakit idi, yol isə o qədər islanmışdı ki, fayton tutmalı olduq; faytonçuya dedik ki, faytonun üstünü qaldırıb, aynaları bağlasın. Günbatan tərəfə getdik. Lyadeqarddan, Radisveyq bağının içindən və su nasosunun yanından keçdik. Yol boyu, demək olar ki, ikimiz də susurduq, bir də ki, fayton elə guruldayırdı ki, danışmağa imkan yox idi. Hrendal körpüsünü keçib, Uterslof çölünə yaxınlaşanda, yol yoldaşım cibindən bir qamçı çıxartdı və onu əlində oynatmağa başladı, həm də bu zaman o, diqqətlə mənə baxırdı. Faytonun içi əməlli-başlı qaranlıq idi, bununla belə onu görürdüm. Arxa oturacaqda yan-yana oturmuşduq, birbirimizə baxırdıq. Qəfildən o, məndən soruşdu:
 
-Mənə elə gəlir ki, siz qorxursunuz?-Bu vaxt qamçını düz mənim üzümə yaxınlaşdırdı. Güldüm və titrək səslə dedim:
-Yox, axı bir də nədən qorxacağam?
Əslində isə qorxudan əsirdim və fikirləşirdim ki, faytonçunu çağıran zəngin kəndirini əlimə keçirim. Hə, bir də məni dəli eləyən bu idi ki, o, qamçını burnumun düz qabağında oynatmaqda davam edirdi, buna görə də qalxıb qabaq yerdə oturdum.
Bu minvalla bir müddət də yol getdik. Gözlərini yumdu, qamçını cibinə qoydu və deyəsən vacib bir məsələ haqqında düşünməyə başladı. Birdən qamətini düzəltdi və faytonun aynasından nəyi isə göstərib həyəcanlı qışqırdı:
-Baxın, baxın, ora baxın…
 
İstər-istəməz başımı o göstərən səmtə çevirdim və elə o dəqiqə də soyuq bir şey məni boğmağa başladı. Yol yoldaşım yarı əyilmiş vəziyyətdə qabağımda durub, soyuq barmaqları ilə məni boğurdu. Bilmirəm, qışqırdımmı, yoxsa yox, nə isə inanmıram, ona görə ki, bu vaxt qəribə hala düşmüşdüm. Ani olaraq başıma belə bir fikir gəldi ki, bu adam ya məni qorxutmaq istəyir, ya da adicə olaraq zarafat eləyir. Bəli, onun məni boğmaq arzusunda olmaması əməlli-başlı aydın idi. Birdən qəzəbləndim, onu itələdim, lakin o, boğmaqda davam edirdi. Arxamdakı zəngin kəndirinə toxundum və onu dartdım. Zəngin necə səsləndiyini o, eşitdi, buna baxmayaraq məndən əlini çəkmədi. Bir müddət mübarizə apardıq, o, sağ qulağımın yanını yaraladı. Həyasızlığı bütün sərhədləri keçdi. O, məni ya qarmaq, ya da şüşə ağzı açanla, bir sözlə, sancağa oxşayan bir alətlə yaraladı, yara çox incidirdi. Nəhayət, yumruqlarımı hara gəldi döşəməyə başladım, bu yolla onun əllərindən xilas ola bildim. Bu vaxt faytonçu qapını açdı, ancaq indi faytonun dayandığını hiss elədim.
 
-İcazənizlə gerimi qayıdım?-faytonçu soruşdu.
 
Acıqlı-acıqlı faytondan düşdüm, yoldaşım isə heç nə olmayıbmış kimi yerindən tərpənmədi.
 
-Bəli, geri qayıdacağıq,-dedi.
-Mən isə başqa səmtə kedəcəyəm,-deyə etiraz etdim,-siz isə, əziz faytonçu, əgər istəyirsinizsə bu adamı lap cəhənnəmin qatı yerinə aparın.
-Necə, siz piyada gedəcəksiniz?-deyə faytonçu soruşdu.
 
Yol yoldaşım susur və mənə baxırdı. Nəhayət, lap hirsləndim, faytonçuya hökmlə qışqıraraq dedim ki, dönüb geri qayıtsın, özüm isə atılıb faytona mindim və qəzəblə qapını çırpdım. Həyəcanlı idim, ona görə də özümü güclü hiss eləyirdim, çox güclü.
 
İndi yol yoldaşıma lap yaxın oturmuşdum, bacardıqca oturacağa yayılmağa çalışdım, daha çox yer tutum və onu tamam küncə sıxım. Yerimi rahatlayıb, onu kobudcasına dirsəyimlə itələdim, lakin o, əvvəlki kimi tamam sakit və lal-dinməz oturmuşdu. Ancaq şəhərə qayıtdığımız vaxt o, bic-bic gülərək dedi:
 
-Hə, bu barədə polisə xəbər verəcəksinizmi?
Ayaqlarının ikisi ilə də çıxartdığım şlyapamı ayaqladı və qabaq oturacağa atdı. Dabanlarının bütün gücü ilə şlyapanın dik yerini əzdi, əzilən şlyapanın xışıltısını eşitdim. Bir daha bu qənaətə gəldim ki, bu adam sadəcə məni qorxutmaq istəyir, özümü dəhşətli dərəcədə alçalmış və utanmış hiss elədim.
-Bax, əgər siz məni polisə vermək istəyirsinizsə,-sözünə davam etdi,-onda bu dəqiqə etməlisiniz, yoxsa bir azdan burada heç izim də qalmayacaq. Sizi inandırıram ki, bəlkə də sübhə qədər buradan çox-çox uzaqlarda olacağam. Şonendə. Hə, inanın ki, heç nə məni saxlaya bilməz.
Elə hey buradan çıxıb gedəcəyindən danışırdı, lakin axırda dedi:
-Bəlkə də heç yerimdən tərpənmədim. Ola bilsin ki, sabah sizi Osterqadda salamlamaq şərəfinə nail oldum.
Cavabında dedim ki, çalışaram onu görməyim, qarşılaşanda yanından düz keçərəm, onu heç saymaram və əgər cəsarət eləyib bir də mənə yaxınlaşsa, yerə çırpıb təpikləyərəm.
-Sizi asılmış görmək üçün ağzımı da açmaq istəməzdim,-dedim,-sizə nifrət edirəm. Sizi faytonun pəncərəsindən atmaqla əllərimi ləkələmək belə istəmirəm.
 
Heykəlin yanında faytondan düşdük. O, faytonçunun pulunu verdiyi vaxt mən yoluma düzəldim. Evə şlyapasız getdim.
 
Bu bizim ilk göruşümüz idi. O vaxt onun vurduğu yaranın yeri indi də boğazımda ağarır.
 
II
 
Üç-dörd ildən sonra Almaniyaya kiçicik bir səfərə çıxmaq qərarına gəldim, elə həmin gün də hazırlaşdım ki, Hamburqdan Bramenhafenə yola düşüm. Vağzala gələndə qatarın yola düşməsinə on beş dəqiqə qalırdı, odur ki, rahat nəfəs almağa vaxtım var idi. Qatarın yanı ilə getməyə başladım, özümə yaxşı bir yer tapmaq istəyirdim; gəlib düz paravozun yanına çatdım. Birdən kiminsə, vaqonun aynasından mənə qəribə işarələr göstərdiyini gördüm, təəccüblü burası idi ki, bu adamın şəxsində «köhnə tanışımı», onun özünü, Kopenhagendə qeyri-adi  gəzintiyə çıxdığım o adamı tanıdım.
 
İstər-istəməz bir addım dala durdum; naməlum, xoşagəlməz bir hiss mənə hakim kəsilməyə başlayırdı, vaqonun yanından ötüb keçdim və uzaqlaşdığım zaman birdən ağlıma gəldi ki, sonra o, elə başa düşər ki, yəqin mən ondan qorxdum. Artıq bir neçə yaş böyümüşdüm, təcrübəm də artmışdı, ona görə də heç şübhəsiz ki, bu çox maraqlı şəxsi əlimdən çıxarmaq istəməzdim. Bu məqsədlə də qayıdıb, özümü elə apardım ki, guya qatarda özümə yer axtarıram, guya təsadüfən onun vaqonunun qabağında dayanmışam. Qapını açıb içəri girdim. Demə kupe boş imiş: orada ondan başqa heç kim yox idi. Kupeyə girərkən lap onun yanından ötüb keçdim, o, məni buraxmaq üçün lap küncə sıxılmağa məcbur oldu. Bu vaxt o, üzümə baxırdı, elə bil ki, məni ömründə birinci dəfə idi görürdü, yenə də inanırdım ki, indicə mənə əl eləyən o idi. Necə oldusa, qeyri-iradi şlyapamı çıxartdım, hətta salamlaşdım da, lakin o, təzimimə cavab vermədi.
 
Divanın küncündə oturdum, salam verdiyimə görə özümdən zəhləm gedirdi, çalışırdım ki, özümün etinasız-nifrətamiz vəziyyətimi saxlayım. Elə bil ki, bu müddət ərzində o heç zaman qocalmamışdı, lakin tamam özgə cürə geyinmişdi. Onda, ilk görüşümüz zamanı o çox gözəl, hətta demək olar ki, nəfis zövqlə geyinmişdi, indi isə o, adi rəngli, ona yaraşmayan bir kostyumda idi. Dəri çamadan düz qabağında, oturacağın üstündə idi. Üçüncü zəng çalındı, qatar tərpəndi.
 
Yerimi rahatladım, ayaqlarımı boş oturacaqlara uzatdım. Beləcə təxminən on beş dəqiqəyə kimi oturdum. Özümü elə göstərdim ki, guya kupedə təkəm, yanımda heç kim yoxdur, o isə dərin fikirlərə qərq olmuş adama oxşayırdı. Bir xeyli vaxtdan sonra o, yan cibindən meşin qablı bir qutu çıxartdı, qutunun içində olan pas atmış saysız-hesabsız müxtəlif alətləri əlinə alıb, onları diqqətlə nəzərdən keçirməyə başladı. Bunlar, çox əcaib-qəraib, əyri-üyrü alətlər idi: bəzisi yastı, bəzisi dəyirmi, onların içində yoğun və nazikləri də var idi. Onlara nəzər salanda anladım ki, bunlar tam bir qapıaçan qarmaqlar dəstidir. Bu qarmaqların nəyə lazım olduğunu o, heç gizlətmək də istəmirdi. Əksinə, onların hər birini əlində o tərəf-bu tərəfə elə çevirirdi ki, sanki qabağında qıfıl vardı və qıfılı açırdı. Hətta, qarmaqların biri ilə ez çamadanını açmaq istədi. Aydın məsələdir-o, bilərəkdən bu qarmaqların nəyə qadir olduğunu göstərmək istəyirdi. Oturub ona baxırdım. Diqqətlə öz-özümə düşündüm,-yəqin mənə sataşır, bu hərəkətlərin arxasında nə isə gizlənir, mənə kələk gəlmək istəyir.
 
Sonra özünün pul kisəsindən kiçicik bir yeyə çıxartdı, burğu açanın ucunu yeyələməyə başladı. Hər bir aləti yeyələdikcə bir-bir öz yanında oturacağın üstünə düzürdü. İndi isə, xahiş eləyirəm mənim oturuşuma diqqət yetirin; ayaqlarımı onun oturduğu yerə elə uzatmışdım ki, ayaqqabılarım az qalırdı onun pencəyinə dəysin. Heç bir dəqiqə keçməmiş, elə bil o, mexaniki olaraq təmizlədiyi qarmağı mənim dizimin üstünə qoyur, yenisini götürürdü. Bəli, bu igid, qarmağı dizimin üstünə qoyur, mən də durub ona baxıram. Tərpənmirəm, sanki gözləyirəm ki, görüm sonra neyləyəcək. Hə, necə bilirsiz? Dizimin üstünə qarmağın ikincisini, üçüncüsünü düzür, nəhayət, dizlərimin üstündə beş və ya altı qəribə əyri-üyrü dəmir. parçaları özünə rahat yuva tapır.
 
Axır ki, hövsələm daraldı, çox sürətlə yerimdən qalxdım, yəni ki, məni saxlamaq istəyənə kimi bütün qarmaqlar yerə töküldü. Bu vaxt bir şey haqqında düşünürdüm-onun etinasız münasibətinə eləcə də cavab verim. Qarmaqlar töküləndə bir söz demədi. Onları bircəbircə yığmağa başladı.
 
Bu vaxt vaqon nəzarətçisi kupeyə girdi. Təəccüblü bu idi ki, yol yoldaşım öz qarmaqlarını gizlətmək üçün heç bir cəhd eləmədi; nə qədər ki, nəzarətçi kupedə idi, onlar göz qabağında düzülmüşdü. Nəzarətçi gedəndən sonra o, rahatca qarmaqları qutuya yığdı və şalvarının arxa cibinə qoydu. Elə bil xoş bir təsadüf axtarırdı ki, özünün şübhəli alətlərini açıq-aşkar nümayiş etdirsin.
 
Yarım saat beləcə keçdi. Bir stansiyanın yanından ötüb keçdik, yol yoldaşım hələ də susmağında davam eləyirdi. Mən isə özümü elə aparırdım ki, guya kupedə tək-tənhayam; oturacaqda uzandım, bərkdən əsnədim, arabir də öz-özümə zümzümə eləməyə başladım ki, ona qarşı tam etinasızlığımı və nifrətimi nümayiş etdirim, o isə bunları elə bil heç görmürdü. Nəhayət, siqar çıxarıb yandırdım və yanan kibriti onun əlinin üstünə atdım. Bu kibrit çöpünü ona tərəf elə saymazyana atdım ki, sanki o küncdə heç kəs oturmamışdı və gördüm ki, kibrit düz əlinin üstünə düşdü. Yenə də lal-dinməz dayanmışdı və ağzını yavaşca tərpətdi, adicə olaraq dodaqlarını büzdü, sanki gülümsəmək istəyirdi, sonra isə əvvəlki kimi lal-dinməz oturmağında davam etdi.
 
Sonra yenə xeyli müddət sakitcə yol getdik, o, birdən pəncərədən bayıra baxdı, sanki tanış şeylərə gözü sataşmışdı, tez yerindən qalxdı, cəld çamadanını götürdü, qatar naməlum kiçik bir stansiyada dayanana kimi bir neçə dəqiqə beləcə dayandı. Bu vaxt o, kinayə ilə qımışaraq dönə-dönə təzim etdi, bir söz demədi, hətta mənə baxmadan iki-üç addım geri, yenə də əvvəlki kimi kinayə ilə təzim elədi və vaqondan düşdü. Elə həmin dəqiqə hambal çağırdı, şeylərini ona verib vağzaldan  çıxdı.
 
Bütün səfərimiz müddətində bir söz demədi və heç mənə baxmadı da.
 
III
 
   Bir neçə il keçdikdən sonra onunla Nyu-Yorkun ucqar bir yerində, qumarxanada rastlaşdım.
Qumarxanaya ondan qabaq gəlmişdim və o, içəri girəndə mən qumar dəstəyinin qabağında oturmuşdum. Xidmətçi ona yaxınlaşdı ki, şlyapa və paltosunu alsın, lakin o, etiraz əlaməti olaraq başını buladı. Bir qədər keçəndən sonra axır ki, şlyapasını çıxartdı, ancaq onu əlində saxladı.
 
Qumar masası arxasında ona da yer verdilər, o da oyuna qarışdı. Mənə elə gəldi ki, o, öz oyunundan daha çox mənim gedişlərimi izləyir. Mən elə hey uduzurdum. Həmişə qara xanəni seçirdim, hər dəfə də uduzurdum. Birdən o, bütün masa boyu Norveç dilində mənə qışqırdı:
 
-Bəyəm görmürsünüz ki, sizə kələk gəlirlər?
 
Risk edirdi, axı onun sözlərini başqaları da başa düşə bilərdi, onda onun işi əməlli-başlı fırıq olardı. Bununla belə, o, sözünü dedi, həm də çox yüksəkdən və diqqətlə mənə baxdı.
 
Özümü elə apardım ki, sanki onun sözlərini tamam eşitmədim, yenə də həmin rəqəmi, həmin rəngli xanəni seçdim. Və eləcə səliqə-sahmanla da hər oyunu uduzurdum. Hərdənbir hirsimdən qan beynimə vururdu, öz-özlüyümdə qərara aldım ki, əgər o, bir də oyunuma qarışmaq fikrinə düşsə, onda qumar nəzarətçisindən xahiş edəcəyəm ki, onu başımdan uzaq eləsin. Getdikcə daha çox həyəcanlanmağa başlayırdım; belə ki, özüm görürdüm ki, mənə kələk gəlirlər. Qumar nəzarətçisinin əlində mismara oxşayan bir alət var idi. Bu aləti o, gizlincə qumar şarına toxundurdu; inanıram ki, bu mismar maqnitdən idi. Bunu bilə-bilə oyunumu davam etdirirdim və uduzurdum.
Birdən “köhnə tanışım” qumar nəzarətçisinə tərəf dönüb dedi:
 
-Mismarınızı cibinizə qoyacaqsınız, ya yox?
 
O, tam soyuqqanlı və inamla danışırdı, qumar nəzarətçisi o saat itaət elədi, ancaq izahat xatirinə dedi:
 
-Bu kassanın açarıdır, yaxşı olar ki, əlimin altında olsun.
 
Lakin buna baxmayaraq o, itaət elədi, mən həqiqi mənada qəzəbləndim. Bir də məni cin atına mindirən o oldu ki, qumar nəzarətçisi ona qulaq asdı, son on frankımı yenə qara xanənin üstünə qoydum, oyunun nəticəsini gözləmədən qumarxanadan çıxdım.
 
Keçən qış həmin adama Xristianiyada rast gəldim. Onda çox yuxarıda, dördüncü mərtəbədə otaq tutmuşdum. Bir dəfə, gözəl günlərin birində nahardan evə qayıtdığım zaman, sirli tanışım otağımın ortasında dayanmışdı; açar bayır tərəfdən qıfılın üstünə asıldığından, rahatca evə girə bilmişdi. O, yazıq-yazıq əlini uzadıb xahiş elədi ki, ona 16 yör pul verim. İstədiyini alıb, təşəkkür elədi, ikiqat əyildi və qapıya tərəf yönəldi. Astanada dayandı və dedi:
 
-Aman allah, siz nə qədər səfeh imişsiniz.
 
Bu sözləri ən nifrətamiz tərzdə dedi. Elə bu vaxt bu adama olan köhnə qəzəbim yenidən baş qaldırdı, ona tərəf bir neçə addım atdım. O, qapının dəstəyinə əl atıb onu açmaq və aradan çıxmaq istəyirdi ki, özümü saxlaya bilmədim və dedim:
 
-Dayanın, ümidvaram ki, otağımdan heç nə oğurlamayıbsınız?
Bu sözləri onu təhqir etmək məqsədilə dedim; özüm də inanmırdım ki, o belə iş tutar, lakin onu alçaltmaq istəyirdim.
Sözlərim görünür ki, ona heç təsir də eləmədi, o hətta heç hirslənmədi də, ancaq geri döndü və təəccüblə soruşdu:
-Nə oğurlaya bilərəm ki?
Sonra gəlib söz-söhbətsiz stulda oturdu, pencəyinin düymələrini açdı və qoltuq cibindən içi kredit vərəqələri ilə dolu olan pul kisəsini çıxartdı və mənə bir neçə kron göstərdi.
-Hə, indi deyin görüm sizdən nə oğurlaya bilərdim,-deyərək güldü. Yenə də hiss elədim ki, məğlub olmuşam. Bu adam bütün məsələlərdə məndən uzaqgörən imiş və onunla bütün görüşlərimdə utandırılmış vəziyyətdə qalıram. Ayağa qalxıb gedəndə, mən tərpənmədim, onu saxlamaq üçün heç ağzımı da açmadım. Çıxdı, getdi. Onun ayaq səsləri aşağı pilləkənlərdə eşidiləndə, ağlıma belə bir fikir gəldi: nə isə bir şey etməliyəm. Tez cumub qapını açıb örtdüm; onu elə çırpdım ki, bütün ev lərzəyə gəldi; bacardığım bircə bu oldu. Nifrətini göstərmək üçün verdiyim həmin 16 yörü də götürməmişdi. Pulu onun oturduğu stolun üstündən tapdım. Elə hirsli idim və özümü elə alçaldılmış hiss edirdim ki, bütün künü o pula əlimi vurmadım, umid eləyirdim ki, gələcək, qoy görsün ki, pula əlimi vurmamışam.
 
Bir müddət keçəndən sonra öyrəndim ki, o, yaşadığım evin sahiblərinin də yanında olmuş, orada da özünü çox qəribə aparmışdır. Polisdə işləyən ev sahibi kəsə deyib ki, onunla heç bir münasibətdə olmaq istəmir və o, ev sahibində tam normal olmayan adam təəssüratı yaradıb. Bununla belə, bu qırsaqqız cənab nəyin bahasına olursa-olsun Hollandiyada hazırlanmış qədim mis qəhvədanı almaq istəyib, həmin vaxt qəhvədan odun üstündə imiş, onun arzusunu yerinə yetirmədiklərinə görə yaman narazı olduğunu bildiribmiş.
 
Həddindən artıq təkrarolunmaz bir adamla görüşlərimin tam, həm də qırıq-kəsik tarixi haqqında məlumat bundan ibarətdir. Sonralar onun haqqında kinsiz-küdurətsiz düşünməyə alışdım; o, məni çox maraqlandırır və hey onunla yeni görüş gözləyirəm. Elə bil ki, gözlərim açılıb və mənə elə gəlir ki, indi onu, onun axmaq hərəkətlərini daha yaxşı anlayıram. Bir neçə ay bundan qabaq otuz yaşlı bir qadınla görüşdüm. Bu qadın öz həyatı haqqında çox danışdı və onun söhbətlərindən sonra tanımadığım tanışımın hərəkətlərinin məğzi mənə aydın oldu. Mənim oyanmağıma səbəb o qadın oldu. Bu qadın bir dəfə elə bir cinayət eləyib ki, guya bu cinayətə görə onu cəzalandırmalı, uzunmüddətli həbsə almalı idilər. Bu vəziyyət onun ağlını daha da dumanlandırır. Elə bil ağlını itirir; lakin nə vicdan əzabı, nə də ki, peşmançılıq çəkir. Törətdiyi, əslində çox kiçicik cinayətə görə qəribə, çətin izah oluna bilən bir hiss keçirir, cəzalanmaq, həbs olunmaq, tutulmaq arzusu ilə yaşayır. Bir müddət hətta özü cəhd edir ki, günahkar olduğunu sübut etsin, lakin heç cürə polisi öz izinə sala bilmir ki, işi təfərrüatı ilə açsın; öz məqsədinə nail ola bilmir. Bu müvəffəqiyyətsizlikdən sonra o, sayıqlığını daha da itirir, daha cəsarətli olur; dəhşətli dərəcədə hirslənir ki, onu həbs etmirlər. Cəza almaq üçün dəfələrlə əsas yaradır. Polisin onun izinə düşməsindən çəkinmir, heç nədən qorxmur, daha böyük cinayətlər edir.
 
Onun söhbətlərinin bəzi təfərrüatları istər-istəməz yadıma öz sirli tanışımı, o qaragözlü adamı saldı. O da, şübhəsiz ümid edirmiş ki, öz hərəkətləri ilə məni məcbur eləsin barəsində polisə xəbər verim. Nə qədər çalışdısa, məqsədinə nail ola bilmədi.
 
Nəzəri cəlb eləməyən, lakin qeyri-adi ürəkli, qəribə şəxsiyyətlər var imiş.
 
İnsan əzab çəkir; o qorxur ki, bir vaxt onun törətdiyi cinayət açılmayacaq, bu cinayətə görə o, cəza çəkməyəcək, bu bir sirr olaraq qalacaq, heç vaxt heç kəsə bəlli olmayacaq.
 
Tərcümə: Cəlil Nağıyev
 
Kultura.az
Yuxarı