Qismətin "Rus postmodernizmi haqqında yığcam qeydlər" essesini təqdim edirik.
Rus ədəbiyyatı haqqında düşünəndə fikrim, nədənsə, uzaq XVII-XVIII əsrlərə fokuslanır. Duelləri – əvvəl bir-birinə kürəyini çevirən, sonra bir-birinin üzünə atəş açanları – düşünürəm. Lorkanın misrası ilə desək, “yumurtasını yaranın içinə qoyan ölüm”ləri. Məncə, rus mədəniyyətinin kodlarını çözmək, o mədəniyyətə nüfuz etmək üçün nəzərdə saxlanası vacib məqamlardan biri də dueldir. Fransızlardan mənimsədikləri duelin tapançası Rolan Bartdan çox-çox illər öncə öldürmüşdü rus müəlliflərini – Puşkini, Lermontovu…
Rus ədəbiyyatşünas Viktor Şklovski bədii ədəbiyyatı təkrardan, monotonluqdan xilas etməyin iki yolunu təklif edirdi. Bunlardan birincisinə mən “Fetida metodu”, ikincisinə isə “Feniks metodu” deməyi sevirəm. Birinci metod əlimizdən su kimi, qum dənəsi kimi axıb gedən gündəlik həyatın içindəki ən adi, sadə anlara fokuslanmağı, yəni bir növ Peleyin qollarına düşənəcən cilddən cildə girən Fetidanı yada salır. İkinci metod isə ədəbi ənənənin daim təkrar emal edilməsini, yenilənməsini təklif edir, yəni bir növ öz küllərindən doğulan Feniksin təcrübəsini.
Elə bu məqamdaca Nabokovun Tolstoy haqqında yazdığı bir fikir yada düşür. Nabokov yazır ki, Tolstoy ömrünün sonlarında heç nə oxumurmuş, yalnız bircə kitabı ara-sıra götürüb vərəqləyir və ləzzət alırmış: “Anna Karenina”! Bu, Nabokovun uydurmasıdır, ya yox, bilmirəm. Amma bu əhvalatda maraqlı odur ki, “Dirilmə”nin müəllifi bir qatar stansiyasında ömrün son fitini eşitməmişdən öncə, sanki özünü özü üçün yenidən bərpa etmək, yada salmaq, “diriltmək” istəyirmiş.
Çağdaş rus nəsrinin ulduzu Viktor Pelevin də mənə görə bu “diriltmə” əməliyyatı ilə məşğuldu, əlbəttə ki, tamam ayrı kontekstdə. Təkcə bir cümləsini xatırlamaq bəsdir ki, Pelevinin yenidən dəyərləndirmə dünyasına viza alaq. Nitsşenin məşhur fikri xatırlanır: “Allah öldü!”, Pelevin tezcə əlavə edir: “Ölübsə, deməli Allah deyilmiş.”
Pelevin “Çapayev və Boşluq”, “Omon Ra”, sonuncu romanı “3ZB”-də hər dəfə nəyisə yenidən dəyərləndirir, “dirildir”, əvvəllər yan-yana gəlməsi ağlasığmaz görünən başqa-başqa şeylərlə calaq edir. Pelevinin romanlarında sanki sovet dönəmini “duel”ə çağırır, amma silahını təkcə keçmişə tuşlamır. Məsələn, son romanı “3ZB”-də sosial şəbəkələrin insan həyatına təsirindən, virtual reallığa zəncirlənmiş “neo-Prometey”lərdən bəhs edir. Virtual dünyada özünü pəncərə-pəncərə çoxaltsa da, insanın təkləşməsindən, minlərlə dostu olsa da, cəmiyyətə yadlaşmasından yaranan və yarana biləcək fəlakətləri göstərir, təxmin edir. Boşa güllə sıxmır, ironiya darağını düz hədəfə boşaldır. Bu virtual dünya vaxtilə Bodriyarın dediyi simulyativ dünyadır. Burda gerçəkliyin sonsuz sayda təkrar istehsalı mümkündür. Reallıq köhnə mənasını itirib, burda artıq o, hiperreallıqdır. Bu elə bir dünyadır ki, burda nəyin təqlid, nə gerçək olmasını ayırd etmək çətindir, kopyalar gerçəklərin yerini işğal edib. “Pıqqapıqla qaynayan informasiya qazanı içində” (Bodriyar) hər gördüyünü həqiqət, hər oxuduğunu bilgi sayanların dünyasıdır bu dünya. Romanın adı da mənada çoxmənalıdır: “3ZB”. Bu ad Pelevinin bir neçə sözdən yaratdığı, özündən uydurduğu pul vahididir – Zükerbrin. 3 aydındır ki, rəqəmdir; Z hərfi Facebook-un yaradıcısı Zükerberqi, B hərfi isə Google-u kəşf edən Brinin adlarına işarədir.
Çağdaş rus postmodernist nəsrinin nümayəndələrinin – Pelevinin, Sorokinin, Limonovun, Priqovun, Prilepinin – sarkazmını Qoqola qədər aparmaq olar, amma məncə, XX əsrdə iki müəllif olub ki, onlardan keçməyən bir nəfər də olsun rus postmodernisti yoxdur. Onlar Andrey Belıy və Vladimir Nabokovdur. Belıy və Vladimir abzasına keçməmiş deyim ki, başda Pelevin olmaqla rus postmodernistləri üçün səciyyəvi cəhət, məncə, hamısının seyrçi qalmağa, tamaşaçı olmağa qarşı aqressiyasıdır. Onlar hamısı düşünürlər ki, facebook diliylə desək, bədii mətn oxucunu həm də “dürtməlidir”.
Ədəbiyyatşünaslıqda “ikinci dalğa” adlandırılan, rus ədəbiyyatının gümüş dövrünün nümayəndəsi sayılan simvolist Andrey Belıy ilk şeir kitabından tutmuş məşhur romanı “Peterburq”a qədər bənzərsiz forma, söz və ritm oyunları, musiqidəki, rəssamlıqdakı, riyaziyyatdakı yeniliklikləri bədii mətnə tətbiq etməsilə qısa zamanda məşhurlaşıb. Andrey nəzəri-akademik yazıları ilə də nəsildaşlarına yol göstərib. Andrey Belıyın yaradıcılığına bir neçə ştrix də əlavə etmək üçün, başqa bir rus yazıçısının – Yevgeniy Zamyatinin vaxtilə onun haqqında yazdığı yazıdan kiçik bir parçaya baxaq: “…Konkret desək, Andreyin əsərlərinin rusca olub-olmadıqlarını deyə bilmərəm: onun söz sırası son dərəcə qeyri-adidir, söz dağarcığı yeni sözlərlə doludur. Kitablarının dili Belıyın dilidir, eynən “Uliss”in dili ingiliscə yox, Coysca olduğu kimi.
…Belıy rus simvolist məktəbinin qurucularından biri və ən ciddi nəzəriyyəçisi idi. Rus intelegensiyasının dini arayışları ilə möhkəm örtüşən bu ədəbi istiqamətin bütün özünəməxsusluğuna baxmayaraq, fransız simvolizmiylə – Mallarme, Bodler, Huysmans ilə olan əlaqəsi danılmazdır.
…Belıy öz əsrinin uşağıydı, narahat rus təbiətinə sahib idi, əldə etdiyindən məmnun qalmayan Dostoyevski qəhrəmanlarına bənzəyirdi. Çox keçmədi ki, məşhur şair, hətta yeni ədəbi məktəbin liderlərindən biri olmaq ona bəs etmədi: ən ağrılı “əsrlik” suallara cavablar axtarmağa başladı. Bu cavabları hər yerdə axtardı: Peterburq “Din və fəlsəfə cəmiyyəti”nin iclaslarında; səhərə qədər mübahisələr gedən dumanlı tələbə otaqlarında; rus məzhəbçilərinin ibadətxanalarında və sosialistlərin gizli toplantılarında; çayxana və meyxanalarda, başı yüngülvarı dumanlı arabaçıların, əlağacında xaş şəkli olan rus səyyahı ilə bağlı dərin söhbətə daldıqları yerlərdə…”
Yaşadığı dövr “qızıldan” yox, “gümüşdən” olsa da, soyadının üzüağlığına söykənib ən cəsarətli, eyni zamanda, uğurlu eksperimentlərlə bənzərsiz novator olan Andrey Belıy, mənə görə rus ədəbi düşüncəsinin sərhədlərini genişləndirənlərin başında gəlir.
***
“Postmodernist zarafatın atası” (Orxan Pamuk) Vladimi Nabokov yeni rus nəsrinə ən ciddi təsir edənlərdəndir. Nabokovun təkcə Amerikada yaşadığı dönəmdə yazdığı romanlar yox, həm də ayrı-ayrı universitetlər də rus və qərb ədəbiyyatından oxuduğu mühazirələri kitablaşandan sonra çoxlarına ciddi təsir etdi. Bugün Nabokovu Amerika ədəbiyyatı tarixinə salmaqdan məmnuniyyət duyan amerikan ədəbiyyatşünasları belə etiraf edirlər ki, o təkcə böyük üslubçu, estet yox, həm də bədii mətnə ən xırda çıxıntısına qədər bələd olan böyük ədəbiyyatşünas – tənqidçi idi.
Nabokovun Qoqol yaradıcılığına tamam yenidən rakursdan yanaşdığı “Nikolay Qoqol” kitabı post-sovet Rusiyasındakı intellektual dairələrdə çox populyar oldu və onun təsirilə çoxlu bu cür alternativ baxışla yazılmış kitab ortaya çıxmağa başladı.
Andrey Belıydan forma, ritm, səs oyunlarını, Vladimir Nabokovdan kameranı fərqli rakursdan qurmağı və bütün dünya mədəniyyətini öz mədəniyyətinin bir hissəsi kimi qavrayıb faydalanmağı öyrənən çağdaş rus yazıçıları özünəməxsus ironik dil, parodik temalar və karikaturizasiya etmək qabiliyyətləri ilə bir-birindən maraqlı romanlar ortaya qoydular.
Köhnə sovet romanlarını, sosrealist ədəbiyyatı parodikləşdirərkən mifologiyadan, ezoterikadan, okultizmdən gen-bol istifadə edən Viktor Pelevin, radikal avanqard xəttin nümayəndəsi Sorokin, Priqov, yaxud qadınların dünyasını həm tünd, həm də açıq tonlarla ifadə edən Lyudmila Ulitskayanın əsərləri rus postmodernist nəsrinin günümüzdəki ən parlaq örnəkləridir.
(“Dünya ədəbiyyatı” jurnalı, Rusiya sayı, 1/2015)
Sim-sim.az