Babək Abbaszadənin "Geopolitik qəsəbə" hekayəsin təqdim edirik.
Səkkizinci sinifdə oxuyan iki yeniyetmə Şakirlə (Ermənistan), Sübhan (Azərbaycan) birinci sinifdən bu yana hər gün tutaşırlar, ya dalaşırlar, ya da uzaqdan bir-birinin varyoxuna söyüb hədələyirlər. Qonşular da bezib bunların əlindən, bunarı sakitləşdirməkdən.Burda aralayırlar, gedib o tərəfdə boğuşurlar, bir-birinin paltarını, üzünü-başını cırır, gözünə qum tökür, çantasını tapdalayırlar.
Bir dəfə məhlədən yaşlı, saç-saqqalı ağarmış nurani bir qoca (Avropa) keçəndə gördü ki, dalanda iki uşaq tutaşıb. Bir-birin saçını yolur, üzünə cırmaq atır, böyüklər dalaşanda bir-birinə vurmadığı namərhəm yerlərdən vururlar. Yenə bizim bu Şakirlə, Sübhan. Ağsaqqal gülə-gülə bunları araladı, nə qədər öyüd-nəsihət verdi, izah elədiki, indi sizin dalaşan yox, oxuyan, elm öyrənən yaşlarınızdır.
Balacalar həvəslə başladırlar qocanın yanında bir-birini ittiham eləməyə, hərəsi özünü təmizə çıxarmağa, “Birinci o vurdu”, “Mənə qəhbənin balası dedi”, “Karandaşlarımı oğurlayıb deyir mənimdir” qoca da gördü ki, adi uşaq söhbətləridir bir-iki kəlmə də deyib çıxıb getdi. O gedən kimi bunlar yenə tutaşdılar.
Bir gün də uçaskovu Vaqif (ABŞ) nivası ilə keçəndə bunları gördü - fikirləşdi ki, camaat deyər guya polisdi amma dava-dalaş heç vecinə də deyil - maşını yavaşlatdı, başını pəncərədən çıxardıb qışqırdı: “Neynəliyirsiniz əəə, köpəyuşağı, qudurmusuz? Dayanın gəlirəm yanınıza”. Sonra gördü “paçan”lar bunu veclərinə almır maşını saxladı, qapını açıb ayağını iki dəfə möhkəm yerə vurdu ki, guya, indi düşüb bunların dalınca qaçacaq. Yeniyetmələr azca həyəcanlandılar və çantalarını götürüb fitillədilər. Vaqif fikirləşdi: “Qoy elə qırsınlar bir-birini. Bəlkə, yanıma şikayətə gəldilər, üçdən-beşdən alıb buraxaram”.
Amma yeniyetmələr elə yeniyetmə olduqlarına görə qanun, polis filan hərləmirlər, şikayətə həmişə məhlənin “polojeniya”sına baxan Vidadinin (Rusiya) yanına gedirlər. O da otuzüç yaşında həlləm-qəlləm bir oğlandı. Heç kim baş açmır nə tip adamdır. Səbəbsiz yerə qonşunun itini öldürür, məhlədən qızla oğlan keçəndə çağırıb oğlanı döyür, başqası eyni temaya görə həmin oğlanı döyəndə tutub o oğlanı da döyür ki, nə işin var camaatın uşağı ilə. Harda görsə ki, bir zəifi bir güclü döyür, həmişə zəifi onun əlindən alıb, sonra özü döyür. Bir ara başlamışdı varlıları soymaqdan, kasıblara əl tutmaqdan filan “zakon talkovat” eləməyə. Hətta bir ara cəhd də elədi, sonra gördü ki, danışmaq onluq deyil, onunku vurub-yıxmaqdır, söhbətin başını buraxdı.
Bunun tay-tuşları ailə saxlayır, biznes qurur, bir işlə məşğul olurlar, amma Vidadi bir işin qulpundan tutmur, bir yaralı barmağa işəmir. Otuzüç yaşında o boyda kişi qoşulub bu yeniyetmələrə onları qızışdırır. Birinə deyir ağzına-ağzına vur, o birinə deyir sən də onun anasına söy.
Görəndə ki, balacalar nə vaxtdır dalaşmırlar, Vidadi bir mövzu tapıb onları boğuşdurur, davanın qızğın yerində araya girib hərəsinə bir şapalaq vurur.
Məhlədəki xalalar da (Beynelxalq ictimaiyyət) baxıb deyirlər, sağolsun Vidadi, o olmasa uşaqlar bir-birini qırarlar.
Vidadi heç vaxt yeniyetmələrdən konkret birinin tərəfini tutmur. Həm vaxt öldürməyə mövzu lazımdır, həm də bu uzun və mənasız qovğadan istifadə eləyib ikisini də qazlayır. Tutaşanda hansının arxası ona tərəf çevrildisə o birinə göz vurub, işarə eləyir ki, qorxma mən səninləyəm. Şakirə pulsuz, ucuz üzüklər verir ki, al dalaşanda barmağına keçir, qoy sifəti dağılsın. Əvəzində onu siqaret almağa göndərir, ya əlinə məktub verir ki, apar bunu o qıza ver, denən filankəs göndərib, ya da o biri məhlənin avaralarının yanına göndərir ki, get gör məndən nə danışırlar gəl mənə de, gedim ağızlarını cırım.
Sübhana da həmin üzüklərdən verir, amma əvəzində ona evdən məktəbdə yemək üçün verilmiş sendviçi onun əlindən alıb yeyir, fantasını əlindən alıb içir, ciblərini yoxlayıb nə qəpik-quruş tapsa özünə “ştuçnu” siqaret alır. Yeniyetmələrin hər ikisi onun hörmətini saxlayır, harda görsələr gəlib ikiəlli salamlaşırlar. Şakir Vidadi ilə Sübhanın qorxusundan dostluq edir. Sübhan isə bilir ki, Vidadinin sözü uçaskovunun da yanında keçir. Nə vaxtsa oğurluq elədiyinə görə tutulsa Vidadinin köməyi lazım olacaq.
Sübhanın bir əmisioğlu var. İdris (Türkiyə). Eyni qəsəbədə, ayrı məhlələrdə yaşayırlar. İdrisin 23 yaşı var. Namaz qılır, amma bazarın arxasındakı kafelərdə qumar oynayır, qumarda əli gətirməyəndə oğurluq edir. Elmdən kitabdan danışır, amma hələ bir kitabın ağzını açmayıb. Bütün elmlərin bir kitabda yazıldığı deyir, ancaq heç o kitabı da oxumur. Dindardır lakin, işin sonunda pul varsa İdrisin gözünə heç nə görünmür. Qara, parıltılı ayaqqabı və kurtka geyinir. Qızıl dişi, qızıl üzüyü var. İdris də qəsəbədə vorzakon olmaq istəyir, amma Vidadi, Vaqif kimi adamlarla işi yoxdu. Orda-burda deyir ki, Vidadi mənim böyük qardaşımdır. Uçaskovu Vaqifdən xoşu gəlməsə də, qorxusundan onun da hörmətini saxlayır. Harda balaca, zəif uşaq-muşaq var onlara ilişir. Onlar da gecə qaranlıqda İdris gələndə yola məftil bağlayırlar, başına butulka atıb qaçırlar. Ona görə də İdrisin sifətində həmişə qaysaqlamış yaralar olur. Əlləri, dirsəyinə qədər qolları sıyrıq-sıyrıq olur.
İdris 50 il axund olmuş, qəsəbədə 50 il məktəbin açılmasına mane olmuş babası Əbdülqasım ilə fəxr eləyir. Atası İdrisi 15 yaşına qədər döyə-döyə oxutsa da xeyri olmadı. Kişi ölən kimi o oxumağın başını buraxdı. İçki içdiyinə görə, onu oxumağa məcbur elədiyinə görə onun mərhum atasından xoşu gəlmir. İdris babasının yolunu gedir.
Qəsəbədə şaiyələr gəzir ki, İdrisin babası axund Əbdülqasım qoçulara pul verib Şakirin babası Qulamı öldürdüb. Biri deyir öldürüb, biri deyir ancaq qovub. Vidadi ilə Vaqif buna görə həmişə İdrisə xox gəlirlər ki, özünü yığışdır. Söhbəti biz də təsdiqləyərik, kişinin adı bədnam olar. İdris babasını ilə fəxr elədiyinə görə, özünü ona oxşatmaq istədiyinə görə bu söhbətdən bərk qorxur və onlar nə desə razılaşır.
Həm bu qan düşmənçiliyinə görə, həm də Sübhanla əmioğlu olduğuna görə İdrislə Şakirin bir-birlərindən zəhlələri gedir. İdris 8 ildir ki, nə vaxt Sübhanı görsə deyir narahat olma əlimə keçəndə Şakiri tutub mələdəcəm. Sübhan ona bu məsələdə möhkəm inanır. İnanır ki, bir gün o doğrudan da Şakiri döyməkdə ona kömək eləyəcək. Amma İdris Şakiri görəndə yolunu dəyişir ki, deməsinlər hələ də düşmənçilik aparır, babası babasını öldürdü, indi də nəvəsi nəvəsindən əl çəkmir.
Qəsəbədə Yaqub (İran) adında qoca bir müəllim də yaşayır. Yaqub müəllimlikdən bir şey çıxmadığını görəndə mollalığa qurşandı. İndi dərsdən sonra yasa gedir, dua yazır, siğə bağlayır (həm özünə, həm başqalarına), fala baxır. Bir sözlə pul gətirən və əbləh qadınları asanlıqla cəlb eləyən bütün mistik söhbətlərə girişir. Əvvəllər uçaskovu Vaqif ilə çaşka-loşka idilər, yeyib-içirdilər, masaja gedirdilər. Mollalığa başlayandan sonra Yaqub özünü elə aparır ki, guya Vaqifdən zəhləsi gedir. Yas məclislərində Vaqif olmayanda onun dalınca danışır, Vaqif olanda içkinin, siğəsiz masajın günahlarından danışıb onun qarasına danışır.
Yaqub bilir ki, uzaqdan-uzağa Sübhanla ana tərəfdən qohumluqları çatır, lakin o vaxtı Sübhanın atasına 3 hektar torpaq fırlatdığına görə Sübhana çox üz vermir. Fikirləşir birdən böyüyəndə həmin torpaq haqq-hesabı Sübhanın yadına düşər. Buna görə Şakirə dərsdə kömək eləyir ki, yüngülvari bir texnikum filan oxusun, qayıdıb qəsəbədə bir vəzifə sahibi olub Sübhanın qabağını alsın. İmkan verməsin ki, Sübhan baş qaldırsın.
Bu boyda məhlədə oxuyan, mədəni, müəllimlərin sözünə baxan bircə nəfər uşaq var, Mikayıl (Gürcüstan). Mikayıl, yaxşı təhsil verdiyinə görə qonşu qəsəbədəki litseydə oxuyur, həmin qəsəbənin oxuyan uşaqları ilə də dostluq eləyir. Buna görə tez-tez Vidadi Mikayılı tutub şillələyir. Deyir, o qəsəbədən kişi çıxmayıb, sən də gəl öz məhləmizdə oxu, öz məhləmizin uşaqları ilə otur-dur. Şakirlə Sübhana bax dərs götür, dalaş, siqaret çək, qızlara söz at, kişi kimi böyü.
Çox oxuyan uşaq nə Vidadiyə, nə İdrisə, nə də Yaquba sərf eləmir. Bircə bu məsələdə üçünün də sözü üst-üstə düşür. Çünki oxuyan uşaqlar nə dalaşır, nə qumar oynayır, nə də mollaya inanırlar.
Qaynarinfo.Az