Qərb mətbuatı ilin yekunlarını dərc edir. Azad sözə, vətəndaş cəmiyyətinə basqılar, münaqişələr, seçkilər, ilin sürprizləri və sairə haqda yazırlar. CNN telekanalı isə 2016-cı ili «musiqinin öldüyü il» adlandırıb.
1959-cu il, fevralın 3-də gənc rokçular Buddy Holly, Ritchie Valens və J.P.Richardson təyyarə qəzasında həlak olanda, mətbuat həmin günü «musiqinin öldüyü gün» elan edibmiş. CNN müəllifləri 2016-cı ilin pop-musiqisi ulduzlarından ötrü ölümcül olduğunu deyirlər. Ötən bazar günü dünya şöhrətli ifaçı George Michael-ın vəfatı musiqisevərlərə qorxulu ilin hələ bitmədiyini xatırladıb.
CNN 2016-cı ilin «əlvida» dediyi ifaçıların siyahısını dərc edib.
10 yanvar: David Bowie
David Bowie həm musiqi, həm də istedadlı yenilik ustası kimi yadda qaldı. «Ziggy Stardust» ifa sənətinin əsasını qoymuş D.Bowie 69 yaşında, xərçənglə 18 aylıq sakit mübarizədən sonra öldü. Amma ölənə qədər çalışdı. Onu son albomu «Blackstar» ölümündən cəmi bir neçə gün öncə çıxmışdı.
17 yanvar: Glenn Frey
Glenn Frey «The Eagles» rok qrupunun yaradıcılarından idi. Sakit və rahat şəxs kimi tanınır, sənətində əks etdirdiyi Kaliforniya ahənginə görə sevilirdi. «Best of My Love», «Lyin' Eyes», «One of These Nights» və «Hotel California» kimi məşhur ifaların müəlliflərindən idi. 2016-cı ildə, 67 yaşında vəfat etdi.
28 yanvar: Paul Kantner
Gitaraçı Paul Kantner 60-cı illərdə «Jefferson Airplane» psixodelik rok qrupunun yaradıcılarından idi. Onu «San Francisco» adlandırılan ahəngin yaradıcısı hesab edirdilər. Onu sevənlərlə 74 yaşında vidalaşdı.
4 fevral: Maurice White
Maurice White çox tanınan «Earth, Wind&Fire» qrupunun yaradıcısı və lideri idi. Onun qeyri-adi və həyat dolu ifalarını həm ağ, həm də qaradərili musiqi həvəskarları sevə-sevə dinləyirdilər. «Shining Star», «Sing a Song» və «September» kimi mahnılarını həmişəlik sevdirmiş Maurice White 2016-cı ildə, 74 yaşında vəfat edib.
4 mart: Joey Feek
Joey Feek məşhur duet «Joey + Rory»nin əsas ifaçısı – «yarıcanı» idi. O, ötən il, 40 yaşında xərçəngdən öldü.
11 mart: Keith Emerson
Klavişli alətlərdə ifa edən Keith Emerson-un yaratdığı «Emerson, Lake&Palmer» proqressiv rokun ilk superqrupu hesab edilirdi. Onun yararlandığı texniki vasitələr, xüsusi səhnələşdirmə, o cümlədən pirotexnika tamaşaçıları cuşa gətirir, onu böyük kütlənin sevimlisinə çevirmişdi. K.Emerson 71 yaşında ölüb. Təhqiqatçılar musiqiçinin özünü gülləylə vurduğunu dedilər.
23 mart: Phife Dawg
Doğulandan Malik Taylor adlandırılsa da, o, reper Phife Dawg kimi tanındı. «A Tribe Called Quest» yenilikçi hip-hop qrupunun yaradıcılarından idi. Reper, söz ustası Phife Dawg-ın cəmi 45 yaşı vardı. Şəkərli diabetin ağırlaşması nəticəsində vəfat etdi.
6 aprel: Merle Haggard
Musiqiçi-bəstəkar Merle Haggard şikayətçi «kantri» musiqisinin əfsanəsi hesab edilirdi. Onun «Okie from Muskogee» və «Fightin' Side of Me» kimi klassik ifaları fəhlələrin sevdiyi əsərlər idi. 79 yaşında, sətəlcəm xəstəliyinə tutulandan sonra öldü.
21 aprel: Prince
Prince Rogers Nelson-un musiqisi pop, rok və fans üslublu cazın əla remiksi hesab edilirdi. Onun ifa etdiyi «When Doves Cry», «Purple Rain», ya da «Kiss» mahnıları 30 ildən sonra da dinlənir. 57 yaşında qəfil ölümünün yaratdığı qüssə Prince-in musiqiyə, sənətə təsirinin əzəmətini göstərdi.
10 noyabr: Leonard Cohen
Kanadalı Estrada müğənnisi Leonard Cohen-in tərzi, bəstələdiyi mahnılar və yazdığı şerlər saysız-hesabsız musiqiçilərə təsir edib. Tənqidçilər onun əsərlərindəki ironiyanı, həm də qüssəni xüsusi vurğulayırdılar. 82 yaşını haqlasa da, Leonard Cohen ölümündən bir az əvvəl «You Want It Darker» adlı yeni albomunu çıxarmışdı. Bu albom ölüm və Allah haqda geniş müzakirələrə səbəb oldu.
13 noyabr: Leon Russell
Rok ustası Leon Russell 74 yaşında, yatdığı yerdə öldü. O, uzun illər pianoçu kimi çalışmış, 70-ci illərdə ansambldan kənarda fəaliyyət göstərməyə başlayandan sonra şöhrət qazanmışdı. Səhnədə duruşu, cazibəsinə görə onu «Zaman və məkanın sahibi» adlandırırdılar.
18 noyabr: Sharon Jones
Soul və fank üslublu caz ifaçısı kimi tanınan Sharon Jones uzun illər anonim ifaçı kimi sevilirdi. Fanatları onu 2000-ci illərin ortalarında aşkar etdilər. Sonralar canlı şouları ilə əfsanəyə çevrilən Sharon Jones kumiri James Brown-la müqayisə olunacaq səviyyəyə çatmışdı. 60 yaşında xərçəngdən vəfat etdi. Ölümündən əvvəl «Rolling Stone» jurnalına müsahibəsində demişdi: «Xərçəng mənə deyil, mən xərçəngə tutulmuşam».
7 dekabr: Greg Lake
Proqressiv rok ifaçısı və basist Greg Lake də xərçəngin qurbanıdır. O da «Emerson, Lake&Palmer» qrupunun, həmçinin «King Crimson»un yaradıcılarından biridir. Britaniyada daha çox şəxsi ifalarına görə sevilib. 69 yaşında vəfat edib.
25 dekabr: George Michael
Əslən yunan olan George Michael «Wham!» duetinin üzvü kimi məşhurlaşmağa başlamış, «Club Tropicana» və «Last Christmas» mahnılarını dillər əzbəri etmişdi. «Ötən Milad» mahnısının ifaçısı elə Milad günündə, 53 yaşında dünyasını dəyişdi. Həkimlər müğənninin ürəktutmadan öldüyünü deyirlər.
Azadliq.org