post-title

Hüseynbala Səlimov: O, elə bir ömür yaşadı ki...


Rəsulzadə ilə bağlı daha bir tarix ötüşdü. Yox, indi nə ona qarşı qısqanclıqdan, nə də diqqətsizlikdən gileylənəcəyik. O diqqəti ki, o, özünə qarşı istərdi, yetərincədir...
Qısqanclığa gəldikdə isə, yel qayadan nə aparacaq? O, belə küləkləri çox gördü, o belə “tənə”ləri çox eşitdi. Heç birinin faydası olmadı. Bundan sonra da olmayacaq, çünki həqiqətin gücü var...
O elə bir gücdür ki, əsrlər onu aşındıra bilməzlər. O elə bir gücdür ki, özünə özü kimi bütövləri, güclüləri tapındırır...
Bunların güzgüsü, bu hakimiyətin prizması əvvəldən qüsurludur, əvvəldən sınıqdır. Böyük bir Çin filosofu olub - Lao Szı. Bu adam ömrünün axırını hiss edəndə tənhalığa çəkilmək üçün ölkəni tərk etməli olur. Amma sərhəddə onu saxlayırlar və deyirlər ki, Dao-Yol fəlsəfəsi haqqında bildiklərinin hamısını yazmasa onu buraxmayacaqlar... 
Lao Szı məcbur olub Dao fəlsəfəsi haqqında çox qiymətli bir əsər yazır... Mən bunu elə-belə xatırlamadım. Sovet hakimiyyəti gələndə M.Rəsulzadə də məcbur olur Lahıcda gizlənməyə. Səhv etmirəmsə, orada bir əsər yazır - adı da olur “Əsrimizin Səyavuşu”...
Mən bu əsərin məziyyətlərindən danışmayacam. Bunsuz da hər şey bəlldir. Məni başqa bir şey maraqlandırır. Adam bir ideyaya nə qədər vurğun olmalıdır ki, bir an belə onu yaddan çıxarmasın? Hətta ən ağır günlərdə belə bu adamı Azərbaycanın istiqlaliyyət ideyası tərk etmir...
Bilirsiniz, istiqlal uğrunda mübarizə aparan, bu ideyaya töhfə verən çox olub, amma mən elə bir adam xatırlamıram ki, həmin ideyaya bu qədər vurğun olsun...
Bəli, bu istək vurğunluq səviyyəsində idi. Rəsulzadə Azərbaycanın istiqlaliyyətinə aşiq idi. Bunu indi çoxu etiraf edir. Etiraf etməyənlər isə qoy özləri özlərindən küssünlər - onlar uzun bir ömür yaşadılar, amma işığın nə demək olduğunu bilmədilər...
Mən çoxdandır ki, bir detala fikir verirəm. Bunlar N.Nərimanova daha isti münasibət bəsləyirlər. Mən Nərimanov haqqında burada çox şey yazmayacam və bir-iki kəlmə ilə kifayətlənəcəm. Nərimanov mürəkkəb şəxsiyyət olub, amma onun haqqında bir söz demək olar: bu adam Azərbaycanın təsadüf etdiyi bütün bolşeviklərdən-kommunistlərdən fərqli olub, onda Vətən sevgisi də olub, millət sevgisi də...
Amma tarixin bir ironiyasına baxın. Bunlar- bu hakimiyyətdəkilər Nərimanovu özlərinə daha yaxın “bilirlər”!.. Halbuki onlar arasında yerlə göy arasındakı qədər fərq var...
Mən bu “yaxınlıq” haqqında çox düşünmüşəm. Nə demək olar? Bu da bunların illüziyasıdır. Qoy, düşünsünlər. Amma heç olmasa bir parametrə görə Nərimanova bənzəsinlər! Amma bənzəyirlərmi? Əsla...
Nə isə. Deyəsən, haşiyə böyük oldu. Hər halda, mənim özümə də belə gəldi.
 Rəsulzadədən danışırdıq axı... 
Nə demək olar bu adam haqqında? O vaxt ki, heç kim bu adam haqqında yazmırdı, danışmırdı, bir nisgil vardı... İndi hamı yazır, hamı danışır. Hətta o qədər yazırlar, o qədər danışırlar ki, yeni heç nə deyilmir...
Əslində bundan da gileyli olmaq lazım deyil. İndi tarixi dəyərlərin bir nəsildən o biri nəslə ötürülməsi prosesi baş verir. Ona görə də bu prosesdə bir böyük yenilik var- indi yazan və danışan yeni nəsildir...
Onlar bizim hamımıza bəlli olan şeyləri yenidən kəşf edirlər. Buna da normal yanaşmaq lazımdır. Bu da normaldır. Gənc nəsil, yeni nəsil öz tarixini, özünün əsl tarixini özü üçün yenidən, bir daha kəşf edir...
Mən isə onun haqqında, Rəsulzadə haqqında yazını bircə cümlə ilə başlardım: o, elə bir ömür yaşadı ki...
Bəli, o dəfələrlə cəhd etdi. Alınmayanda sınmadı. Bir daha cəhd etdi. Əslində bizi də bu düşündürməlidir. Biz yetərincə cəhd etdikmi?...
Hamının əvəzinə danışmaq, hamının əvəzinə cavab vermək olduqca çətindir.
Amma ötən müddət ərzində bir şey demək olardı: cəhdlər də çox oldu, cəhd edənlər də...
Bəli, kifayət qədər oldu... Alınmamağı bir başqa məsələ... Amma cəhdlər yetərincə oldu. Alınmaq məsələsinə bir daha gəldikdə isə... Bilirsiniz, heç nə boş yerə, mənasız şəkildə yox olub getmir, hər şey bir iz buraxır, heç nə olmadan da ən azı insanlar şahidlik edir ki, bəli, filankəslər, nəsə etdilər və elə bir adam tapılır ki, o, bir cümlə deyir: onlar elə bir ömür yaşadı ki...

Musavat.com
Yuxarı