Bu günlərdə 81 yaşını qeyd edən görkəmli rejissor Vudi Allen “Esquire” jurnalına müsahibəsində həyata, peşəyə və yazıb yaratmağa dair fikirlərini oxucularla bölüşür. Müsahibəni təqdim edirik.
- Doğrudanmı ananız sizin farmasevt olmağınızı arzulayırdı?
- Bəli.
- Bəs həqiqətən belə olsaydı necə? Sizdən yaxşı farmasevt çıxardımı?
- Məndən farmasevt-filan çıxmazdı, məktəbdə qiymətlərim sadəcə olaraq bərbad idi. Çox güman, mənə ən çox uyğun gələn hansısa bir şübhəli karyera olardı - məsələn, poker və yaxud hansısa başqa qumar oyunları. Bilirsinizmi, yuxarı siniflərdə mən iki il ispan dili öyrənmişəm, bu icbari tədris idi. Kollecə daxil olanda isə, ispan dilinə sıfırdan başladım, amma buna baxmayaraq, heç vaxt dili öyrənmədim - indiyədək də öyrənməmişəm. Onçün də şou-biznesə girişməsəydim, ya kartlarla, ya da sümüklərlə oynamalı olacaqdım. Həvəskar illyuziyaçı kimi özümü sınayandan bəri bütün bu cür şeylər məni özünə cəlb edirdi. Amma bəxtim gətirdi: qeyri-müəyyən bir səbəbdən özümdə gülməli hekayələr yazmaq istedadı kəşf elədim. 16 yaşım olanda maşın parkında baş verən müxtəlif hadisələr və qaynana mövzusunda reprizlər bəstələyirdim, daha doğrusu bu işin ən aşağı divizionunda baş girləyirdim. Ancaq elə o andan etibarən bu işlə məşğul olduğuma görə, mənə haqq ödəməyə başlamışdılar.
- Belə təəssürat yaranır ki, başqalarını mütəəssir etsə də, siz öz işlərinizi o qədər də qiymətləndirmirsiz.
- Heç vaxt belə şeylə üzləşməmişəm. Fikirləşmirəm ki, nə baş verməsindən asılı olmayaraq, kimisə nəsə mütəəssir etmişəm. Mən tamamilə obyektiv olaraq, heyranı olduğum rejissor Martin Skorzesin insanlara böyük təsirini görürəm. Spilberqin və başqalarının da təsirini görürəm. Mənim təsirimi isə, yox görməmişəm.
- Hekayəni yazandan sonra, ekranda hər şeyin necə görsənəcəyini nəzərə alırsızmı, detallara göz qoyursuzmu?
- Əlbəttə! Demək olar hər kadrda. Mən kostyum, saç düzümü, makiyajla bağlı bütün görüşlərdə iştirak edirəm - hələ o vaxtdan, kinoda atdığım ilk addımlardan, heç nə bilmədiyim dövrlərdən bəri bütün bu şeylərə mübtəlayam. “Pulu qamarla və qaç”, “Bananlar” filmlərini çəkəndə ümumiyyətlə bilmirdim ki, nə etməliyəm. Amma “Məhəbbət və ölüm”ü çəkən anda ayaqlarımın üstündə möhkəm dayanmışdım və artıq yaxşı baxılan bir film çəkmək iqtidarında idim.
- Öz iş üslubunuzu necə xarakterizə edərdiniz?
- Antiperfeksionizm kimi. Mən ideala can atmıram. Mənə mümkünsüz görünən işlərə baş qoşmuram. Əgər tutalım, saat altıdır, birazdan beyzbol matçı başlayacaq və birdən mikrafon kadra düşərsə, mən ideal dubl əldə etmək üçün kadrı təkrar-təkrar çəkməyəcəm. Çox asanlıqla evə gedə bilərəm, çünki səmimi desəm, kino həyatımdakı ən əsas şey deyil.
- Bəs nə əcəb keçən il “Amazon” üçün serial çəkməyə razılıq verdiniz?
- Onlar iki il idi müraciət edirdilər, mənsə bu zaman ərzində etiraz edirdim: “Yox, bu mənim üçün maraqsızdır, mən televizora az baxıram və teviziyadan başım çıxmır”. Onlarsa cavab verirdilər: “təəssüf, onlar hərəsi bir saat yarımlıq cəmi 6 seriyadır, nə istəsəniz çəkə bilərsiniz, biz sizin nə işlə məşğul olduğunuzla heç maraqlanmayacağıq da. İstəsəniz hadisələri Fransada, yaxud Texasda baş verən lap elə ağ-qara kino çəkə də bilərsiniz”. Onlar təkrar-təkrar yanıma gəlirdilər, vəd edilən məbləğ isə artdıqca artırdı, axırda başa düşdüm ki, sadəcə olaraq özümə “yox” deməyə icazə verə bilmərəm.
- Daha yaxşı dilemma ola bilməzdi?
- Mən əsas rollardan birini oynayacam - orada yeri gəlmişkən, mənə uyğun bir rol var. Bu isə qocalığı nəzərə alsaq, gün keçdikcə daha nadir ələ düşən bir şeydir. Bundan başqa, kinoda Eleyn Mey və mənim keçmiş rəfiqəm Mayli Sayrus rol alacaq.
- Mayli sizi hansı xüsusiyyətinə görə cəlb elədi?
- Övladlarım “Hanna Montana”ya baxanda mən həmişə düşünürdüm: “Kimdir bu qız? Belə gözəl, üstəlik belə sağlam zarafat edə bilir - daha doğrusu tamaşaçıya bu və ya digər itiliyi çatdıra bilir”. Bir gün bəlli olanda ki, ssenaridəki rollardan biri sadəcə olaraq onun üçün yazılıb, onda dedim: “Hə, belə-belə işlər. Mayli Sayrusu dəvət edək”. O, rola ideal idi.
- “Aristokrat həyatı”nın qəhrəmanlarından biri Ben “Cinayətlər və qəbahətlər” filmində qardaşının xahişiylə qətl təşkil edən Cerri Orbax personajına çox bənzəyir. Belə personajlar barədə nə düşünürsüz?
- Bilirsiniz, mən qanqsterlərin yerli mədəniyyətin bir parçası olduğu Bruklində böyümüşəm. Vaxtında mənim atamı muzdla tuturdular ki, gedib Albert Anastaziya, yaxud hansısa başqa bir mafioz üçün kazinoda pul qoyuluşu etsin. Hər zaman bu oğlanların iş görə bacardıqlarını hesab etmişəm. Başa düşün, həyatda belə bir konflikt hər zaman olur: bax sən çalışırsan ki, cəngəllik qanunlarından fərqli olaraq, mədəni insan kimi yaşayasan, xeyirxah vətəndaş olasan, problemləri ağılla həl eləyəsən. Ancaq elə bir an gəlir sənin bütün alicənablığın, sağlam yanaşman sadəcə olaraq işə yaramır. Sən ləyaqətli olmağa, güzəştlər axtarmağa çalışa bilərsən, günlərin bir günü isə elə bir situasiyaya düşürsən ki, yalnız güc yoluyla hərəkət etməli olursan. Bu dünyada ömür sürməkdən ötrü insan şərin həqiqətən mövcud olmasıyla barışmalı olur. Və sən onun öhdəsindən necəsə gəlməli olursan.
- Ben axirət dünyasını arzulayır - ona görə də katolikliyə meyl edir. Bəs sizi ölümdən sonrakı həyat maraqlandırır?
- Mən istərdim yaxınlaşan ölüm bizim həyatımızın qaçınılmaz faktı olmasın. Axı gecənin üçündə, tam qaranlıqda öz yatağında yuxusuz uzanarkən bu həqiqəti düşünmək şapalaq yemək kimidir. Zənnimcə, qeyri-şüuri ölüm ən yaxşısıdır, çünki axirət dünyası fikrinin səni qorxutmadan zövq verəcəyini düşünmək sadəcə olaraq mümkün deyil. İnsan, özünüz başa düşürsüz, dünyanı indi necə görürsə, həmişə elə qəbul eləmək istəyir - bu isə istənilən halda mümkün deyil. Ona görə də sadəcə olaraq qəbul eləmək lazımdır ki, sən bir gün sakitcə yoxa çıxacaqsan.
- İdeyalar ağlınıza əvvəlkitək asan gəlir? Və duş əvvəlkitək düşünmək üçün ən yaxşı yerdir?
- Hə, bəli! Dostum Maykl Brikmanın fikrincə, bütün söhbət vücuddakı yüklü ionların müsbət olmasından ibarətdir.
- Bəs siz həmişə eyni yerdəmi yazırsız?
- Bəli, yataqda. Sarı kağızlı boş səhifələri olan blaknotu və qələmi əlimə götürürəm. Sonrakı bir neçə günü çap işinə həsr edirəm.
- Hansı makinadan istifadə edirsiz?
- Məndəki portativ “Olimpiya”dır. Onu 16 il əvvəl 40 dollara almışam. Yadımdadır satıcıdan soruşmuşdum: “Uzun müddət işimə yarayacaqmı?”. O isə belə demişdi: “Mən öləcəm. Sən və makina isə hələ də xidmətdə olacaqsız”. Və bu həqiqətdir! Düşünürəm onu heç bir problemsiz alman texnikasının əla nümunəsi Empayr-steyt-bildinqlə dəyişmək olar.
- Olurmu ki, filmlərinizdən hansınısa xatırlayanda ondan razı qaldığınızı hiss edirsiz?
- Bilirsiniz, mən realistəm. O qırx - yaxud da nə qədər çəkmişəmsə o qədər - filmdən yalnız 10-12-si tarixdə qalmağa layiqdir. Qalanları ya açıq-aşkar uğursuzdurlar, ya da ortabab.
- Deyirlər məmnun qalmadığınızdan “Manhetten” filminin prokata çıxmasını əngəlləməyə çalışmısınız?
- Bunu başa düşmək mənimçün çətindir, ona görə ki, çəkilişin üstündən 35-40 il keçsə də, bir dəfə də olsun o filmə baxmamışam.
“Manhetten filmindən kadr”
- Nə danışırsız?
- Mən ümumiyyətlə onlara heç vaxt baxmıram. “Manhetten”i bitirəndə kabinetdə tam məyus halda necə oturduğum yadımdadır. Mənə elə gəlirdi film alınmayıb, o, axmaq əxlaqçılıqdan başqa bir şey deyil. “United Artists” studiyasının rəhbərliyi ilə yaxşı münasibətlərim vardı, ona görə də dedim: “Bu filmi çıxarmayın! Mən sizinçün birini də çəkəcəm, tam pulsuz-parasız”. Ancaq onlar cavab verdilər: “Sən dəlimi olmusan?! Əla filmdir! Və üstəlik, biz sənə belə şeyi icazə vermərik, bankdan çəkilişlər üçün kredit götürürük axı. Bizdə işlər belə görülmür”.
- Siz ona baxmalısız - həqiqətən də əla filmdir.
- Mən bacarmıram. Yeri gəlmişkən, bür müddət əvvəl belə bir təklifi geri çevirmişəm. Nyu-York filarmoniyası payızda “Manhetten”i nümayiş etməyə hazırlaşır, filmdəki Gerşvinin musiqisini isə orada orkestr ifa edəcək. Əlbəttə, onlar mənə zəng etdilər. Ancaq mən dedim ki, “Yox, heç bir vəchlə yox! Layihəni həyata keçirə bilərsiz, etirazım yoxdu, ancaq mən orda iştirak eləməyəcəm”.
- “Enni Holl” filmində deyirsiz ki, həyat ya bərbad olur, ya da bədbəxt. İndidəmi belə düşünürsüz?
- Əlbəttə. Amma indi deyərdim ki, həyat deyilən şey ya bərbad olur, ya da ümumiyyətlə bərbad.
“Enni Holl” filmindən kadr
- İşləriniz nə qədər avtobioqrafikdir?
- Bilirsiniz, yadımdadır bir dəfə müsahibələrinin birində Marlon Brando şikayətlənirdi ki, insanlar onu oynadığı personajlarla səhv salırlar. “Enni Holl” ekranlara çıxanda çoxları fikirləşdi ki, mən özümü oynayıram. Amma bu belə deyil. Mən elə axmaq deyiləm. Daha çox disiplinliyəm. Mən uşaqlıqda idmançı olmuşam, heç də zəif olmamışam. Buna baxmayaraq, o personaj mənə xeyli yaxşı şey də qazandırıb.
- Siz ilə bir film çəkirsiz. Bu sizi hələ də məmnun edirmi?
- Bu sizin fikirləşdiyiniz qədər də çətin deyil. Və üstəlik ağlıma gətirə bilmirəm ki, istirahətə yollansam, nəylə məşğul olacam. Mən axı bank məmuru, yaxud aptek satıcısı deyiləm ki, özümə vaxt ayırmaq üçün həftə sonunu iplə çəkim. Beyzbolla oynadığıma görə mənə haqq ödəyirlər.
- Nəyəsə görə peşmançılıq çəkirsiz?
- Bütün həyatım elə peşmançılıqlardan ibarətdir. Kolleci bitirmədiyimə görə peşmanam. Musiqi istedadımı boşa verdiyimə görə peşmanam. Gəncliyimdə hədsiz utancaq olduğuma görə peşmanam. Ümumiyyətlə isə, hər şeydən çox fürsəti artıq qaçırdığıma görə peşmanam.
Mənbə: Esquire jurnalı
Rus dilindən tərcümə: Cavid Ramazanlı
Qaynarinfo.Az