Xalq artisti kəraməti
Baxıb görürəm ki, axır vaxtlar bəzi ağzıgöyç…
Bu günlər faşizm üzərində qələbənin 70-ci il dönümünü yaşayırıq. Zaman keçdikcə, müvafiq tarixi hadisələrin iştirakçıları yeni nəsillərlə əvəzləndikcə əlamətdar günlər daha çox təqvim bayramı funksiyasını daşıyır, ilkin məğzi və əhəmiyyəti sanki azalır.
1945-ci ilin mayında insanlıq misilsiz qurbanlar hesabına da olsa öz laqeydliyi ucbatından buraxdığı səhvi aradan qaldırdı: Avropadakı faşist rejimini yıxdı. Faşizm nədirʔ
Faşizm elə bir düşüncə tərzidir ki, sənə özün kimi olmayanlara əzablar çəkdirmək haqqı tanıyır. Bu təfəkkürün yeridildiyi on milyonlarla insan - özü də kifayət qədər proqressiv və savadlı bir cəmiyyətdə - elə bir böyük ət maşını yaratdılar ki, onun içinə həm on milyonlarla özlərindən aşağı saydıqları həmcinslərini, həm də özlərini sığışdıra bildilər.
Nəhayət bu qurbanlar nəticəsində dövrün faşist yuvalarından sadəcə bir neçəsi darmadağın oldu. Amma bunu sadəcə sənaye və hərbi cəhətdən ən inkişaf etmiş və həmçinin ən iri miqyaslı aqressiya nümayiş etdirən nümunələrin məhvi saya bilərik. Çünki günü bu gün də planetin müxtəlif tərəflərində faşist mahiyyətli puç ideyalara inanan insanlar yaşayır. Onlar hələ də belə düşünürlər ki bir insanın irqi, dini, milli, ya da hər hansı bir kimliyi onu ölümə və ya əzablara düçar etməyə bəs edir. Həyatda hər an baş verən zərurət və təsadüflər bu cür düşüncə sahibi şəxs və qrupları kütlələri idarə etmək mənsəbinə gətirərsə növbəti qırğınlar da qaçılmazdır.
Beləliklə, hələ biz arxayınlıqla deyə bilmərik ki bəşəriyyət 1945-ci ildə aldığı dərslərdən nəticə çıxarıb. Doğrudur, bəzi inkişaf etmiş cəmiyyətlərdə qurulan ictimai peyvənd mexanizmi onların özlərinin bu xəstəliyə tutilma riskini kəskin aşağı salır. Amma bununla belə bu mexanizm həmişə işlək vəziyyətdə saxlanılmalı, sadəcə ətalət qüvvəsi sayəsində çalışan bürokratik qeydlərdən ibarət olmamalıdır. Yerdə qalan əksər cəmiyyətlərdə isə bu xəstəliyin inkişaf etməsi üçün münbit şərait hələ də qalmaqdadı. Münbit şəraiti yaradan əsas səbəb isə insanlara bu dərslərin yaxşı başa salınmaması, informasiyasızlıq, ümumi götürəndə savadsızlıq olub.
Məhz bu savadsızlığın, hadisələrin miqyasının doğru çatdırılmamasın nəticəsidir ki, hələ də insanlar arasında faşizmə rəğbət duyanlar tapılır. Son nəticədə on milyonların ölümünə, yüz milyonların əzabına bais olmuş bir düşüncəyə normal bir insan rəğbət bəsləyə bilərmi? Faşizmin hansı məziyyəti bu qədər qurbana bəraət qazandıra bilər? Yəqin ki insan ya çox savadız, ya da hüdudsuz pis niyyətli daxili aləmə malik olmalıdır ki, bu fəlakətlərə səbəb olmuş ideyanı təqdir etsin.
Biz də Sovet respublikalarından biri olaraq bu hadisələrin iştirakçısı olmuşuq. Qurbanlar vermiş, məşəqqətlər çəkmişik. Amma bizim də aramızdan faşizmə meyl edən adamlar çıxır, halbuki faşizmlə üzbəüz döyüşmüşük, gərək ki, çıxmayaydı. SSRİ dağılandan sonra yaşadığımız artıq üçüncü onillik ərzində digər müttəfiq respublikaların da əksəriyyətində zaman-zaman radikal millətçi ideyalar özünə tərəfdar tapa bilib. Demək faşizmin əsl mahiyyəti, mədəni cəmiyyətə yaraşmaması sovet xalqının şüuruna yaxşı oturdulmayıb. Əgər sovet cəmiyyəti faşizm və bənzəri ideyalardan zamanında arındırılsaydı, həqiqi sivil cəmiyyətin qurulması üçün zamanında səmimi addımlar atılsaydı, bəlkə də onun çöküşündən sonra bu qədər ağrı-acı yaşanmazdı. Bəlkə də heç SSRİ çökməzdi.
Kommunist sistem isə nəinki hadisələrin məğzini insanlara çatdırır, hətta tam əksinə, təhrif edirdi. II Dünya müharibəsinin sadəcə 1941-45-ci illərdəki zaman kəsiyinə fokuslanır, əslində 1939-cu ildə başlayan müharibənin ilk həftələrindən aktiv iştiraka başladığını gizlədirdi.
II Dünya Müharibəsi adlanan, dünya tarixindəki ən əhəmiyyətli hadisələrdən biri hesab olunan bu müharibənin başlanğıc tarixi 1 sentyabr 1939-cu il Almaniyanın Polşaya hücumu hesab olunur. Bu tarixdən cəmi 16 gün sonra, ayın 17-də SSRİ “uğurlu hərbi əməliyyatlar münasibətilə” Almaniyanı təbrik edir və təbriklə kifayətlənməyib öz ordusunu faşistlərin darmadağın etdiyi qonşusu Polşaya yeridərək, Almaniyayla əvvəlcədən razılaşdırılmış gizli razılaşmaya əsasən (Molotov-Ribbentrop müqaviləsinin əlavə sənədləri) çəkilmiş xəttə qədər irəliləyir. 1939-cu il sentyabrın 22-də Sovet və Alman qoşunları o zamana qədər Polşaya məxsus olmuş Brest şəhərində birgə parad keçirir. (Paraddan çəkilmiş video görüntüləri internetdə rahatlıqla tapıb baxmaq mümkündür.) Polşa dövlətçiliyinə birgə son verdikdən sonra SSRİ şimal qonşusu Finlandiyaya hücum edir, fin dövlətinə məxsus ərazinin onda birindən də çoxunu özünə birləşdirir. Müharibənin ikinci ilində isə öz kompanyonu tərəfindən hücuma məruz qalır və yalnız bundan sonra Antihitler Koalisiyasına qoşulur.
Məlum olur ki, dünyadakı gəlmiş-keçmiş ən böyük qarşıdurmanın ilk iki ilində biz aqressorun tərəfində olmuşuq. Və bundan xəbərimiz yoxdu. Bu qədər tragikomik vəziyyət. Əlbəttə bir tərəfdən baxanda XX əsrin əvvəllərindən dünyaya gözünü açmağa başlayan toplum üçün bu normaldı.
Yalnız ötən əsrin sonlarının Yenidənqurma dalğasında SSRİ-nin II Dünya Müharibəsinin ilk illərindəki fəaliyyətinə işıq salınmağa başlandı. Amma yeni dəyərlər vahid məkanda oturuşmamış parçalanma baş verdi, hərənin başı özünə qarışdı.
İndi beynəlxalq cəmiyyətin bərabərhüquqlu üzvü olduğumuz vaxtda tariximizə düzəliş etməyin vaxtı çoxdan çatıb. Özü də II Dünya Müharibəsi elə bir məşhur hadisədir ki, onun axışı bəlkə də dəqiqəsinə qədər sənədləşib və maraqlanan hər kəs xronologiya ilə tanış ola bilər. Necə ki müharibənin sonunda ABŞ-ın Yaponiyaya atom bombası atması beynəlxalq ictimaiyyətdə hamıya məlumdur, eləcə də SSRİ-nin II Dünya Müharibəsinə faşist Almaniyası ilə çiyin-çiyinə başlamasından hamının xəbəri var. Yəni tarixçiliyimizi redaktə etməməklə sadəcə özümüzə ziyan vurmuş oluruq. Özünü doğrulda bilməmiş totalitar rejimin təhriflə çatdırdığı tarixi reallıqları mahiyyətinə uyğun qiymətləndirməməklə əhalinin siyasi savadsızlıq içərisində qalmasını dəstəkləyirik. Siyasi savadsız cəmiyyət isə faşizm kimi ideyalar üçün həm öz içində münbit şərait yaradır, həm də kənardan gələ biləcək bu cür təsirlər qarşısında əhalinin immunitetini zəif buraxır.