Erkin Qədirli: Dinlə dövlət arasında münasibətlərə dünyəvi baxış
Bir vaxtlar, erkən çağlarda, insanlar bir deyil, çox tanrıl…
Finlandiyada təhsil aldığım
il iştirak etdiyim dərslər, tədbirlər, söhbət etdiyim insanlar və şəxsi mütaliyəmdən
gəldiyim qənaət bunu deməyə əsas verir ki, Finlandiya ilə Azərbaycan arasında
tarixi inkişaf baxımından fərqliliklərlə müqayisədə oxşarlıqlar daha çoxdur.
Griqory Petrovun bir millətin oyanışı – “Bəyaz Zanbaqlar Ölkəsində” adlı
kitabını oxumaqla, Finlandiya haqqında biliklərimi bu məqalədə yazmaq qərarına
gəldim. Yazıda “bataqlıqlar ölkəsi” Finlandiyanın “bəyaz zanbaqlar ölkəsi”nə
çevrilməsində mühüm rolu olan fin milli oyanış və maarifçilik hərəkatının Azərbaycanda
baş verən milli oyanış və maarifçilik hərəkatı ilə çox bənzər olmasına
baxmayaraq, neft ölkəsi Azərbaycanın zanbaqlar ölkəsinə çevrilməməsinin müqayisəli
izahını verməyə çalışmışam. Demək olar ki, hər iki ölkə eyni tarixi prosesi
keçib və problemləri yaşayıb. Bənzərliklərin bu qədər çox olduğunu gördükdə,
bizim hansı səbəblərdən geri qalmağımızın cavabını verməyə məhkum olduğum
suallar beynimi məğul edirdi. Məsələn, 1917-ci ildə Finlandiya müstəqilliyini
ilk paytaxtı, təhsil aldığım Vaasa şəhərində elan etmiş, bir neçə aydan sonra
paytaxt Helsinkiyə köçürülmüşdür. Sanki hər iki cümhuriyyətin təməlləri eyni
ssenari ilə qurulub – Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qurulub, sonra
Bakıya köçürülməsi kimi! Mövcud olan fərqlər daha çox coğrafi mövqe və təbii sərvətlərin
qeyri-bərabərliyi ilə əlaqədardır ki, bu, əslində bizim daha çox inkişaf etmiş
ölkəyə çevrilməyimiz üçün potensial üstünlüyümüz idi. Böyük oxşarlıqlara və fərqliliklərin
bizim daha çox xeyrimizə olmasına baxmayaraq, Finlandiya tərəqqi edib inkişaf
etmiş ölkələr sırasında yer aldığı təqdirdə, biz hələ də geridəqalmış 3-cü
dünya ölkələrin sırasındayıq
Avropada baş verən
aydınlanma və sənaye inqilabından geri qalan Finlandiyada aydınlanmanın
başlanması demək olar ki, bizim ölkə ilə eyni dönəmə təsadüf edir, hətta mən
deyərdim ki, bizdən də gec başlamışdı. Biz İran, Çar Rusiyası və sonralar
Sovetlər birliyindən çəkdiyimiz əziyyətin 5 qatını finlər İsveç krallığı və Çar
Rusiyasından, sonralar isə Sovetlər birliyindən çəkmişdilər. Ruslar 1809-cu
ildə İsveç Krallığını məğlub edərək Finlandiyanın böyük ərazisini öz
imperiyasına qatdı. Çar imperiyası Azərbaycanın işğalını isə hamımıza bəlli
olduğu kimi 1813 və 1828 Rusiya-İran müharibələrinin sonu olaraq tamamlamışdı.
İsveç Krallığı dönəmində finlər insan yerinə qoyulmur, demək olar ki, şimalın o
soyuq iqlimində ölümə, spirtli içki, xəstəliklər və misgin bir həyata məhkum
edilmişdilər. Bir millət olaraq, həmişə alçaldılmış və cəhalətdə saxlanmışdır.
Rusların gəlişi ilə finlərin əlinə ilk dəfə milləti oyatmaq fürsəti düşmüşdü.
İsveç Krallığından fərqli olaraq, ruslar yerli idarəetmədə, məmur postlarında
əsl finlərin işləmələrinə imkan yaratmışdılar. Bu zamana kimi finlər idarə
etmədən uzaq tutulmuş və bütün məmur postlarını isveç əsilli məmurlar tutmuşdu.
Fin maarifçiləri gənc
hegelçi Johan Wilhelm Snelman rəhbərliyi altında ölkəni qarış-qarış,
kəndbəkənd, şəhərbəşəhər gəzərək, bütün insanları maarifləndirməyə,
təhsilləndirməyə çalışırdılar. Gənc aydınlar xalqa yazıb oxumaqla yanaşı,
sağlam həyatdan tutmuş daha məhsuldar əkin-biçinlə məşğul olmağı belə
öyrədirdilər. Fin dili və mədəniyyətinin təbliği milli oyanışın və fin
millətçiliyin əsas qayəsini təşkil edir və xalqın bütün nümayəndələrini –
kəndli və elit təbəqənin bir millət adı altında birləşdirmək məqsədi güdürdü.
Çar Rusiyası bizim coğrafiyaya gələndən sonra yalnız azərbaycanlı aydınların
apardığı mübarizəni, xalqı ayıltmaq üçün gördükləri işləri, milli oyanış
dövründə cumhuriyyətin qurucularının gördüyü işləri hamımız yaxşı bilirik və
onların da finli aydınlar qədər iş gördükləri həqiqətini də qəbul etməliyik.
Birinci dünya
müharibəsinin sonu Çar Rusiyası parçalanır, Finlandiya azadlığına qovuşur, onun
ardınca bizlər, Qafqaz xalqları öz azadlıqlarına qovuşurlar. Fin xalqı
azadlığını qoruyub saxlaya bilir, lakin bizlər 23 aydan sonra işğalla barışmalı
oluruq. Tarixçilər bəlkə də haqlı olaraq, bu işğalın qarşısıalınmaz, qaçılmaz
olduğunu vurğulayır, lakin mən bunun əsas səbəbinin ümumilikdə o dövr
insanımızın geridəqalmışlıq, cəhalət və savadsızlığı ilə əlaqələndirirəm. Bəlkə
də əsas səbəblərdən biri məhz bu idi. Təqribən 50 ziyalının cəhalət
qaranlığında uyuyan müsəlman ümmətindən bir millət yarada bilməsi, yoxdan
dövlət var etmələri böyük tarixi uğur olsa da, bu dövlətin yaşaması, ağıllı və
savadlı bir millətin olmasını zəruri edirdi. Lakin müsəlman dünyasında və
şərqdə ilk demokratiyaya və səsvermə hüququna sahib olan Fatmanisə xalanın bu
dəyəri anlayacaq dünya görüşü, savadı, bu azadlığı qorumaq üçün Məhəmmədhəsən
əminin vətən, millət və azadlıq eşqi, azadlıq yanğısı yox idi. Uzun müddət
İsveç, sonra isə Rus əsarəti altında yaşayan fin xalqı XIII əsrdən ilk
müstəqilliklərinə qədər (XIX əsrə qədər) heç bir zaman azadlığın, dövlət
olmağın nə olduğunu bilməmişdi. 13-cü əsrdən ilk cumhuriyyətimizə gedən tarixi
yolda bizlər nə imperiyalar, nə dövlətlər qurmuşduq. Bəli həmin o cəhalət idi
ki, biz cumuriyyətimizin sevincini 23 ay yaşa bildik. İkinci dünya
müharibəsində Sovetlər Finlandiyanı işğal etmək üçün 2 böyük cəhd göstərsə də
buna nail ola bilmədi. Fin xalqı istər diplomatik olaraq, istərsə də savaşaraq,
müstəqilliklərini qoruyub saxlaya bildi. Polşa, Baltikyanı və digər ölkələr isə
işğaldan canlarını qurtara bilmədilər. Qurduqları dövləti qoruyub saxlamaq
yalnız ağıllı xalqların bacara biləcəkləri iş idi. Bu xalq müharibədən sonra
nəinki dövlətlərinin yaşamasını təmin etdi, həmçinin hegomon qonşusu ilə ortaq
dil tapıb iqtisadi-siyasi əlaqələr belə qurmağa və bu əlaqələrdən tərəqqi
etməyə müvəffəq oldu.
Finlandiya 2-ci dünya
müharibəsindən sonra Sovetlər birliyinə müharibənin qalibi kimi müharibə zərəri
olaraq, dönəmin pulu ilə çox böyük miqdarda – bir qismi nəğd, digər qismi isə
sənaye məhsulları və xam mal qismində cərimə ödəməli idi. Cərimə 1938-ci ilin
qiyməti ilə 300 milion dollar (bu günün pulu ilə 4-5 miliard avro) 8 il ərzində
ödənilməli idi. O zaman üçün bu, fin iqtisadiyyatı üçün çox böyük yük
idi. Ölkə iqtisadi olaraq tamamilə çökmüş, böhran içində, müvcud olan
yalnız meşə sənayesi və kənd təsərrüfatı var. Lakin bu ağır iqtisadi yük
Finlandiyada sənayeləşmənin sürətlənməsinə səbəb oldu. Sovetlər ilə ağıllı
qonşuluq siyasəti çərçivəsində finlər həm öz ixracatını reallaşdırmaq üçün Sovetlər
kimi böyük bir bazara, həmçinin ucuz enerji daşıyıcılarını almaq üçün etibarlı
tərəfdaşa sahib oldular. Finlər müharibə zərərini nəğd pul ilə yanaşı aşağıdakı
şəkildə ödəməli idi:
Ağac və kağız sənayesindən başqa digər sahələr inkişaf etməsə də, finlər bu sahələrin inkişafına və bununla da sənayenin diversifikasiyasına (şaxələnməsinə) nail oldular. Xüsusi ilə də mühəndislik və gəmiqayırma sahələrinin inkişafına nail olmaqla finlər meşə sənayesi və kənd təsərrüfatı ölkəsindən ağır sənaye ölkəsinə çevrilmiş oldu. Qeyd etməliyəm ki, bütün bu iqtisadi nailiyyət 8 il ərzində baş vermişdir. Bu hətta bizim 25 illik müstəqillik dövrümüzdə milyardlarla neft pullarının ölkəmizə gəldiyi XXI əsrdə əldə edə bilmədiyimiz bir uğur göstəricisidir. Beləliklə, ağıllı siyasətin nəticəsi olaraq, Finlandiya sonralar Sovet İttifaqından əsasən neft və digər xammal idxal etməklə yanaşı, əvəzində maşın, avadanlıq və istehlak malları ixrac edirdi. 70-ci illər ucuz Sovet nefti Finlandiyaya bahalı dünya neft bazarından qorunmağa yardım etdi. 1983-cü ildə Sovet İttifaqı ilə iqtisadi əlaqələrini ən yüksək zirvəyə çatdıraraq, idxalı 27, ixracatı isə 25 faiz yüksəltmişdir. Sovetlərlə qonşuluq münasibətini pozmadan illərlə Avropa Birliyinə girməkdən imtina edən Finlandiya hökuməti həm onun üstünlüklərindən yararlanmış, həmçinin Avropa Birliyi ilə münasibətləri daim isti saxlamışdır. 1991-ci il Sovet ittifaqı dağılmadan öncə Avropa Birliyinin (AB) təklifini qəbul etməyən Finlandiya elə növbəti il Sovetlər birliyinin dağılmasından istifadə edərək, AB-yə üzvlük üçün müraciət etmiş, 1995-ci ildən rəsmən AB üzvü və 2005-ci ildən isə AB-nin vahid pul sisteminə (yevro) qoşulur. Finlandiya bəzi iqtisadi, sosial, təhsil və digər göstəricilərinə görə AB-nin qurucusu olan Fransa, Almaniya, İtaliya, Belçika, ABŞ və Yaponiya kimi güclü dünya ölkələrini qabaqlayır. Fin xalqı dünyanın ən çox mütaliyə edən xalqları sırasında birinci yerdədir. Unikal təhsil sistemi, uşağa, məktəbli və tələbəyə fərqli yanaşma və münasibət, özünəməxsus tədris metodları, müəllim pedaqogikası ilə dünya sıralamasında fin təhsil sistemi ön sıralarda yer alır. Sabitlik və təhlükəsizlik baxımından Finlandiya dünyanın ən təhlükəsiz ölkəsi hesab olunur. Güclü səhiyyə sistemi, tibbi sığorta sistemi insanların normal yaşaması, xəstəliklər zamanı pulsuz müalicə və müayinə olunmasını təmin edir. Sosial yönümlü sistemə sahib olduğu üçün Finlandiyada dövlət vətəndaşı iş yeri olmadıqda, evlə və aylıq təqribən 800 avro məbləğində müavinətlə təmin edir. Bir sözlə, dövlət vətəndaşları ən azı minimum yaşaması üçün zəruri olan hər şeylə təmin edir. Haşiyəyə çıxaraq bildirmək istəyirəm ki, 5 ay Vaasa şəhərində yaşadığım müddətdə mən çöldə dilənən çox az sayda (2 ya 3 dəfə) insan gördüm. Finlandiyada məktəbəqədər, orta və ali məktəb təhsili pulsuzdur. Hər bir tələbə 500 avro aylıq təqaüd alır.
Johan
Wilhelm Snelman və onun yaratdığı ziyalı qrupu, fin gəncinin aydınlatdığı
beyinlər özlərinin dili ilə desək, əziz Suominin çiçəklənməsinə nail oldu.
Bizim Snelmanlarımızmı yox idi, ya aydınlarımızmı onlar qədər çalışmırdılar?
Yox, təbii ki. Bizim aydınlar da az deyildi və hər iki ölkənin aydınları eyni
həvəs, güc və ehtirasla xalqlarının aydınlanması üçün mübarizə aparırdılar.
Yalnız bir fərq ondan ibarətdir ki, fin xalqı öz aydınlarına inanır, onlara
etimad göstərir, yaşlarının gənc olmasına baxmayaraq xalqı ağ günə çıxaracaqlarına
inanırdılar. Snelman və onun başçılıq etdiyi bir qrup ziyalıya nəinki xalq,
həmçinin məmurlar, həkimlər, tacirlər və s. inanır, onlarla əməkdaşlıq edir,
xalqın maariflənməsi üçün öz tövhələrini verirdi. Məlumat üçün deyim ki,
Finlandiyada sənayeləşmə Helsinkidə Luteran Keşiş Alfred Kihlmanın (1825–1904)
Helsingfors oğlanlar üçün məktəbini yaradaraq ona rəhbərlik etməsi ilə
başlamışdır. Bu adam keşiş olmaqla yanaşı çox güclü maliyyəçi, biznesmen və
kapitalist olaraq, sahibkarlığın inkişafına ağıllı investisiya yatırımları edib
və 1871-ci ildə Nokia şirkətinin yaranmasına öz tövhəsini vermişdir. Biz
finlərlə müqayisədə təbii sərvətlərin, iqlimin, münbit torpaqların, gursulu
çayların, günəşli saatların miqdarı və s. görə çox şanslıyıq. Bizim aydınlarımız
da fin aydınlarından az deyildi, və onlar qədər cəhalətdə uyuyan xalqlarının
oyanması üçün mübarizə aparırdılar. Mirzə Şəfi Vazehdən üzü bu yana, Bakıxanov,
Şirvani, Axundov, Zərdabi, Cəlil, Sabir, Cəfər Cabbarlı, Haqverdiyev və
digərlərinin apardığı maarifçilik mübarizəsində xalqın bu aydınlara arxalarını
çevirdiyini, min bir maneələrlə qarşılarını aldığını, öldürmək cəhdlərini və s.
çox aydın görmüşük. Xalq ağıllı ziyalıların məsləhətinə, tövsiyyəsinə məhəl
qoymayıb, cahil, savadsız və yalançı mollaların ətəyindən yapışmışdı. Bir
sözlə, bizim aydınların çəkdiyi əzab-əziyyət, dini xurafat, cəhalət, insanların
aydınlara olan etimadsızlığı (burda necə də Sabirin “Oğul mənimdir əgər,
xutmuram əl çəkin!, Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!” misraları yada
düşür) bizi bu prosesdə geri saldı. Yuxarıda adını çəkdiyim Luteran keşişin
Finlandiyaya verdiyi tövhə qədər Azərbaycana tövhə verən bir molla, din xadimi
tanıyırıqmı? Maarifçilərin əsərlərindən oxuduğumuz molla simalar yalnız şərin,
yalanın, qaranlığın təmsilçiləridir. Bizdən fərqli olaraq, fin din xadimləri
daim aydınların yanında yer alıb və maarifçilik ideyalarının yayılmasında
iştirak ediblər. Ümumiyyətlə, istənilən xristian ölkəsinin tarixinə baxsaq son
2 əsrdə ölkənin maariflənməsinə tövhə verən ən azından bir nəfər də olsun keşiş
tapa bilərik. Din xadimlərinin ziyalılarla çiyin-çiyinə mübarizə aparması
nümunəsini mən bizim tarixdə görməmişəm.
Müasiri
olduğumuz dövrdə belə dövrümüzün aydınları ardınca getmək istəyənlərin sayı
barmaqla sayılacaq qədər azdır. Biz millət olaraq aydınları inkar edərək gəlib
bu günümüzə çıxmışıq. Bizim aydınlar çox böyük adamlar olublar vallah, bu qədər
maneənin qarşısında tab gətirib, hələ bizim üçün bir cümhuriyyət də qurublar.
Aydın övladlarına etimad edən finlərin qurduğu və bu günə daşıdığı ölkə ilə
aydınlarını inkar edən azərbaycanlıların qurduğu ölkənin müqayisəyə
gəlməməsindəki fərq əslində bu qədər sadədir. İnsan övladı artıq kosmosun
sirrinə vaqe olub, digər planetlərdə yaşamaq üçün qarşısına hədəflər qoyduğu bir
dönəmdə biz yüz illərdir ki eyni yalnışı etməkdə davam edirik. Yaşadığımız
21-ci əsrdə belə insanlarımız müxtəlif radikal dini təriqətlərdən gələn dini
düşüncələrlə silahlanıb cəhalətə yuvarlanırlar. Biz iki əsr bundan öncə
əcdadımızın etdiyi inkarçı mövqeyi sərgiləyərək, maarifçi aydınlarımızın yolu
ilə deyil, cəhalət yolu ilə gedirik. İşin faciəvi tərəfi odur ki, ölkəni idarə
edən qüvvələr belə 20-21-ci əsr aydınlarını inkar etməklə hakimiyyətdə qalmaq
yolunu seçiblər. Bir xalq o zaman yazıq olur ki, onun hakimləri xalqı cəhalət
və geridəqalmışlaqla idarə etsin. Yuxarıda qeyd etdiyim kimi Fin xalqı 8 il
içərisində sənayeləşmənin əsasını qoya bildi. Bu gün müstəqilliyimizin 25-ci
ilidir, finlərlə müqayisə olunmayacaq dərəcədə təbii sərvətlərlə zəngin bir
coğrafiyada yaşayırıq. Bu illərdə milyardlarla neft pulları gəldi, nə güclü
sənayemiz oldu, nə güclü iqtisadiyyatımız, təhsil, səhiyyə və ümumi mədəni
durumumuz isə göz qabağındadır. 1918-ci il cümhuriyyətimizin məğlubiyyəti bizi
tarixi məcramızdan sapdırdı. Aydınların qurduğu cumuriyyətimiz daha uzun
yaşasaydı, 17-ci ildə fin aydınların qurduğu Suomi kimi Azərbaycan da daha
güclü və inkişaf etmiş bir ölkəyə çevrilə bilərdi. Əminəm ki, finlərin tərəqqi
etmələrinin səbəbi məhz budur, aydınların qurduğu Suomi. Əslində bir yol var,
ölkəmizi öz tarixi məcrasına geri qaytarmaq, aydınlara qulaq asmaq, onlara
etimad göstərmək, güvənmək, dəstək vermək, onların işıqlandırdığı yoldan
getmək, idarə edənlərimizi aydınlardan seçmək, dövlətimizin və gələcəyimizin
təminatçısı olan aydınlarımızın ətəyindən bərk-bərk yapışmaq. Necə ki Suomi
insanları gənc aydınlarının ətəyindən bərk yapışmışdı. Hələ də gec deyil.
Fərid Zülfüqarlı
Azadlıq.az