post-title

Xaqani Səfəroğlu: “Kartofu əllə yığırlarsa raket nəyə lazımdır?” SOVET SÖHBƏTİ


- Xaqani müəllim, SSRİ tarixi ilə çox dərindən maraqlanırsınız...

- Mən ixtisasca tarixçiyəm. Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişəm. Jurnalist kimi fəaliyyət göstərirəm. Sovet tarixi ilə maraqlanmışam. Son beş ildə bu barədə xeyli oxumuşam, araşdırmışam. Tələbə vaxtı da bu mövzu mənim üçün maraqlı idi. Görəsən, Sovet quruluşu necə bir quruluş idi? Mənim şüurlu yaşım onu xatırlamağa yetmir. Biz Sovetin sonuncu illərində yaşamışdıq. Yetkinlik yaşına çatanda artıq SSRİ dağılırdı.

- SSRİ-nin ən xoşbəxt dövrü hansı idi?

- “SSRİ-nin xoşbəxt dövrü” bir az mürəkkəb anlayışdır.

- Əhalinin rahatlığa çıxdığı illər yəni...

- 60-cı illərin sonundan başlayıb 80-ci illərin əvvəllərinə qədər olan dövr müəyyən qədər rahat zaman olub. Bilirsiniz, Sovet İttifaqı mənə həmişə maraqlı olub. Belə bir böyük dövlət olub, dünyaya meydan oxuyub və günlərin birində də süqut edib. Bu süqutun obyektiv səbəbləri olmalıydı. Təəccüblənirdim: Hər şeyi olan bu boyda dövlət necə olub ki, süqut edib. Beləcə başladım bu superdövlətin siyasi tarixini araşdırmağa .

- Xaqani müəllim, SSRİ necə bir dövlət idi?

- Çox qəribə... Əvvəla qeyd edim ki, ölkə Rusiya İmperiyasının torpaqları üzərində yaranmışdı. Odur ki, ərazi baxımından imperiyanın varisi sayıla bilərdi, amma ideoloji baxımdan tamam ayrı bir dövlət idi. Bütün xalqlar “sovet xalqı” deyilən bir anlayış altında birləşdirilmişdi. Oxuduqca çox maraqlı bir detalı müşahidə etdim: SSRİ –də hər rəhbərin öz xalqı olub. Stalinin, Xruşşovun, Brejnevin, Qorboçovun… Bu bəlkə inanılmaz görünür – amma hər liderin rəhbərlik etdiyi öz xalqı olub.

- Nəsillər olub yəni...

- Hər liderin ideoloji mənada formatlaşdırdığı qövm olub. Bu insanlar da həmin dövrə uyğun həyat yaşayıblar. Sovet cəmiyyətində nəsillərin bir-birinə yad olmasının bir səbəbi də bəlkə budur. “Stalin nəsli” “Xruşşov”çulara qəzəbli idi, “Brejnev erası”nın xalqı “Xruşşov nəsli”ni anlamırdı. “Qorbaçov”çular üçünsə, “Stalinçilər” və “Brejnev” nəsli istehza və anlaşılmaz nəsil idi.

- Sovet İttifaqı sanki müxtəlif illərdə müxtəlif qaydalarla yaşamış cəmiyyətlərin zorakı birliyindən ibarət olub.

- Məncə, burada SSRİ-ni yaradan və idarə edən liderlər arasında antiqonizmdən doğan bir məsələ də rol oynayıb. SSRİ-nin ilk dövrlərinə baxaq: 1918-20 -ci illərdə Sovet Rusiyasının və SSRİ-nin yaradıcıları idealistlər idi: Lenin, Trotski, Buxarin, Tomski… Bunlar sovet ideologiyasının əsaslarını nəzəri cəhətdən işləyən adamlar idi. Sonrakı dövrlərdə isə bu adamlar sıradan çıxarıldı. Bu liderlərin yerini vətəndaş müharibəsində, Sovet sistemi uğrunda döyüşən hərbi, siyasi bürokratiyanın rəhbərləri tutdu. Bura ilk növbədə Stalin və onun komandası daxil edilir. Düzdü, Stalinin sosialist cəmiyyətinin formalaşdırılması barədə özünün də nəzəriyyə yaratdığını deyirlər, ancaq Stalinin “sosialist quruluşunun resepti” elə Leninin ideologiyasının variasiyası olub. Onları fərqləndirən mühüm detal nədir? Biz Leninin ideoloji platformasında yaradılmış Sovet İttifaqını görmədik. Lenin 54 yaşında, inqilabın 6-cı ilində öldü. Bizim üçün naməlumdur: Lenin SSRİ-nin hansı platformada görürdü? Onun quracağı SSRİ necə olacaqdı? Bunlar artıq cavabı olmayan suallardır.

- Marksın ideologiyasına görə, inqilabi yolla bütün dünyada sosialist cəmiyyət qurulacaq. Lenin də bu fikri inkişaf etdirdi. Təcrübədə bu cəmiyyət nə ilə fərqlənirdi?

- Sovet İttifaqının ideoloji platforması Marks və Lenin üzərində qurulmuşdu. Lakin zaman keçəndən sonra sovet rəhbərləri anladılar ki, bu platforma tam mənası ilə kamil deyil. Xüsusən Stalin dövründə bu kəskinliklə üzə çıxdı. “Permanent inqilab” tərəfdarı olan Trotski deyirdi ki, inqilab davam edir. Ancaq Stalin başa düşdü ki, artıq “dünya inqilabı” ideyası bitmək üzrədir. Kapitalist ölkələrində böyük böhrandan sonra belə bir trend ortaya çıxdı: Cəmiyyətin rifahı üçün işləmək…

Stalin başa düşdü ki, Sovet İttifaqını qorumaq lazımdır. Odur ki, SSRİ-nin fəhlə və kəndli hökuməti olması barədə ideologiyanı saxladılar. Ancaq dünya dövlətlərinin istifadə etdiyi idarəçiliyə üstünlük verməyə başladılar. 30-cu illərdə sənayeləşmə başladı. Stalin sənayeləşdirmə adı ilə Rusiyada 100 illərlə formalaşmış aqrar sistemini dağıtdı. Sənayeləşmə nə qədər inkişaf etsə də, rus kəndi də o qədər geridə qaldı.

- Sizcə, bu addım ağıllı adım idi?

- Stalin sənaye dövləti yaratmaq istəyirdi. 30-cu illərdə dünyada bu trend idi, hamı sənayeləşməyə keçmək məcburiyyətində idi. Mənim fikrimə görə, Stalinin ən böyük səhvi kollektivləşdirmə ilə bağlı olub. Onlar kəndin idarə olunmasının doğru yolunu tapa bilmədilər. Kolxoz quruculuğu ciddi fəsadlar yaratdı. Milyonlarla adam kəndi atıb şəhərə üz tutdu. SSRİ-də görünməmiş daxili miqrasiya başlandı. Fəhlə və qulluqçuların sayı əgər 1928-ci ildə 9 milyon idisə, 1940-cı ildə bu rəqəm 23 milyona qalxdı. Şəhər əhalisinin sayı kəskin şəkildə artdı. Ən böyük fəlakət zorakı kolxoz sisteminin gətirdiyi aclıq oldu. 1932-33-cü illərdə SSRİ-də baş vermiş aclıq dəhşətli idi. Ukrayna, Belarus, Şimali Qafqaz, Cənubi Ural, Qərbi Sibir, Qazaxıstan və digər yerləri əhatə edən bu kütləvi aclıq nəticəsində 7 milyon adam acından öldü.

- Rusiyada sovet hakimiyyəti qurulanda da dəhşət aclıq var idi...

- Bəli. İqtisadiyyat tam dağılmışdı. Ona görə də Lenin “hərbi kommunizm” sistemini ləğv edib yeni iqtisadiyyata keçid elədi. “Yeni iqtisadi siyasət” adlanan bu sistemdə xüsusi mülkiyyətə önəm verildi. Sistem daxilində dava da elə burdan başladı. 1927-ci ildən kolxoz sisteminin yaradılmasına start verildi. Bu da dediyimiz kimi ciddi səhvlərə yol açdı. Sovet hakimiyyəti bu səhvi SSRİ-nin sonrakı dövrlərində də düzəldə bilmədi. Stalinin vaxtında kənd təsərrüfatı arxa planda idi: Yəni “kolxoz” sistemi “dəmir qanunlarla” idarə edilirdi və buna heç bir düzəliş etmək mümkün deyildi. 1976-cı ildə Sov İKP-nin 25-ci qurultayında baş katib Leonid Brejnevin hesabatı var. Orda Brejnev qəribə söz deyir. Deyir ki, kənd təsərrüfatına 60 il ərzində qoyulan 320 milyard manatın 220 milyardı 1964-76-cı illərdə, yəni 9 və 10-cu beşilliklər ərzində qoyulub. Yəni, kənd təsərrüfatı yalnız 60-ların sonunda yada düşüb.

- Ondan sonra SSRİ-də vəziyyət yaxşılaşmağa başladı...

- Müəyyən qədər düzəldi. 60-cı illərə qədər kənd təsərrüfatı bərbad vəziyyətdə olub. İnsanlar ac idi, işləmək istəmirdilər. Həm də sənayeləşdirmə kəndi tamam boşaltmışdı.

- Xaqani müəllim, belə bir şayiə var ki, Leninin İsveçrədən Rusiyaya getməsinə ona görə icazə verilib ki, getsin SSRİ-ni qursun və Rusiya I Dünya müharibəsindən çıxsın. Bunun üçün Almaniya ona zirehli qatar da veribmiş.

- Almaniya düşünürdü ki, Böyük Britaniyaya qarşı Rusiya ilə müttəfiq ola bilər. Ancaq Almaniyanın təminatı ilə Leninin Rusiyada inqilab etməyi gülüncdür. Rusiyada inqilabı bolşeviklər eləməyib. Fevral–burjua inqilabı adlanan və çar II Nikolayı taxtdan salan üsyanda Rusiyada olan bütün siyasi qüvvələr iştirak edib. Bolşeviklər isə orada əhəmiyyətli yer tutmayıblar. O zaman bolşevik liderlərinin əksəriyyəti xaricdə idi: Plexanov, Lenin, Tomski, Trotski... Bunlar inqilabın nəzəri sistemini qurub yazanlar id. Deyim sizə ki, “nəzəriyyəçilərlə” Rusiyada qalan digər bolşeviklərin bir sıra problemləri olub. Nə mənada? Stalin 1907-ci ildə “Bakinskiy raboçiy”-də məqalə yazmışdı ki, Lenin, Trotski xaricdə uzun müddət yaşamaqla Rusiya reallığından uzaq düşüblər. Stalin praqmatik idi, idealistləri bəyənmirdi və mübahisələri yaranırdı. Ancaq bütün bu söz-söhbətlərə baxmayaraq, bolşevik inqilabı XX əsrdə ideoloji baxışların yekunu oldu. Karl Marksın ideyası praktikada öz həllini tapmalıydı. Məsələn, repressiyalara baxaq. Repressiyalar Stalinə qarşı güclü alternativ olan köhnə inqilabçıları aradan götürmək üçün idi. Köhnə inqilabçı kim idi? Trotski. Ttotski Sovet ideologiyasının yaradıcılarından biri idi. Fəhlə-kəndli ordusunun qurucusu idi. Leninlə birgə bu sistemi o qurmuşdu. Ancaq Trotski hakimiyyət uğrunda savaşda zəif çıxdı. Bunların Stalinlə konflikti o idi ki, inqilab davam eləməlidir. Bu peşəkar inqilabçı nəsli partiya işinə könül vermirdilər, bütün günü kabinetdə oturmağa razı deyildilər.

Stalinə qarşı peşəkar inqilabçıların böyük bir dəstəsi birləşmişdi. Onlar hətta 1927-ci ildə 7 noyabrda Böyük Oktyabr Sosialist İnqilabının ildönümündə alternativ parad da keçirə bildilər. Stalin repressiyalarının səbəbi barədə onun silahdaşı Kaqanoviçin maraqlı etirafı var. O yazırdı ki, Trotski, Zinovyev, Rıkov və digərlərinin hamısı hökumətin üzvləri idi. Hər birinin “Trotski höküməti”, “Zinovyev höküməti”, “Rıkov höküməti” vardı: “Bu çox təhlükəli idi. Stalinin əleyhdarlarından üç hökumət yarana bilərdi. Onları azadlıqda necə saxlamaq olardı? Trotski əla təşkilatçı idi və üsyana rəhbərlik edə bilərdi. Onların hamısı gizli yaşamaq qaydalarını bilən təcrübəli konspiratorlar idi”.

- Trotski deyirdi ki, biz təkcə Rusiyada deyil, bütün dünyada sosialist inqilabının baş verməsinə çalışmalıyıq. Kubada inqilab oldu, SSRİ bunu dəstəklədi. Ancaq qəribə bir şey var, Çe Qevara bir çıxışında SSRİ-ni imperialist dövlət adlandırır və dünyada baş verən inqilablara dəstək verdikdə belə imperialist maraqlarını nəzərə aldığını deyirdi. Ona görə də Fidel Kastro Çe Qevarını hakimiyyətdən uzaqlaşdırır. Çe Qevara bu ittihamda haqlı idi?

- Çe Qevaranın söhbəti artıq Sovet İttifaqının başqa bir dövrü haqqındadır. 50-ci illərdə Sovet siyasəti II Dünya müharibəsindən qalib çıxmış dövlətin siyasəti idi. Bu siyasət artıq lokal deyildi, bütün dünya ilə hesablaşırdı. Əvvəl qatı ateist bir dövlət olan Sovet İttifaqı 45-ci ildən sonra kilsə və məscidlərin bərpasına başlamışdı. 45-ci ildə sovet vətəndaşlarından ibarət böyük bir qrupu Həccə göndərdilər.

- Nəyə görə?

- Çünki Podstam konfransından sonra Şərqə yol açıldı. Böyük Britaniyanın süqutundan sonra müstəmləkə sistemi sürətlə dağılmağa başladı. Sovet İttifaqı oralarda olmaq istəyirdi. Ateist dövlət olaraq qatı müsəlman olan dövlətlərlə necə dil tapmaq, necə ora getmək olardı? Ona görə də məscidlər açılmalıydı ki, onlar görsün, Sovet hökuməti deyilən kimi ateist dövlət deyil. Onun mollası da var, məscidi də...

- Xaqani müəllim, Stalinin səhvi nə idi, sizcə?

- Tarixçilər hesab edirlər ki, Stalinin II Dünya müharibəsindən sonra Şərqi Avropada möhkəmlənməsi onun səhvi idi. Çünki Hitlerlə müharibədən sonra Avropa və ABŞ başa düşdü ki, bir daha Avropada müharibə olmayacaq. Stalin isə düşünürdü, hər an Avropadan SSRİ-yə hücum ola bilər və buna hazır olmaq lazımdır.

- Stalin Avropaya girib Hitler kimi dünyanı işğal edə bilərdimi?

- Artıq mümkün deyildi. Çünki artıq Avropada “müharibələr dövrü” bitmişdi. BMT-də razılığa gəlinmişdi ki, bundan sonra problemlər birgə həll olunacaq.

- Xaqani müəllim, Azərbaycanda SSRİ-yə etirazlar var idi?

- Kolxozlaşma dövründə kəndli hərəkatı olub. Ona qaçaq hərəkatı deyirlər.

- Bəs qolçomaqlar kimlər idi?

- Qolçomaqlar Rusiyanın orta kəndli təbəqəsi idi. Sovet hökuməti onlara istismarçı deyirdi. Ancaq qolçomaqlar Rusiya aqrarının orta qızıl xətti idi. Sovet hökuməti isə onları sildi və adamlara dedi ki, bir yerdə işləyəcəyik, qazanacağıq və qazancı böləcəyik.

Lakin bir az torpağı olan insanın var-yoxunu əlindən alınırsa necə sakit otura bilərdi? SSRİ boyu etirazların güclü dalğası 1930-31-ci illərdə olub. Faktlar var: Təkcə 1930-cu ilin martında zorakı kollektivləşmə əleyhinə 6500 qiyam olub. Onların 1000-ə yaxını silahlı müdaxilə ilə yatırılıb. Bütövlükdə isə 1930-cu il ərzində kolxoz əleyhinə 2 milyon yarım kəndlinin qatıldığı 14 min üsyan baş verib. Demək olar ki, SSRİ-də 1929-32-ci illərdə vəziyyət vətəndaş müharibəsi həddində olub.

Cəza tədbirləri də böyük miqyasda aparılıb. 1932-40-cı illərdə cəza düşərgələrinə 1 milyon 800 mindən çox adam göndərilmişdi. Onların 381 min ailə 1930-31-ci illərin payına düşür. Yüz minlərlə adam sürgündə ölüb.

Bu etirazlar tarixən xüsusi mülkiyyət ənənələri olan Azərbaycan kəndlisindən də yan ötməyib. Bizdə də lokal etirazlar baş verib. Azərbaycandakı etirazlar təkcə kolxoz sisteminə etiraz deyildi, həm də öz milli kimliklərini göstərmək üçün edilən etirazlar idi. Bunun son nöqtəsi də 80-ci illərdə başlanan Milli Azadlıq Hərəkatına gedib çıxır. 1920-ci ildə Müsavat hökuməti hakimiyyəti sovetlərə verərkən bolşeviklərlə razılığa gəlmişdi ki, Azərbaycanda siyasi partiya olaraq Müsavatın və digərlərinin fəaliyyətinə imkan veriləcək. 27-ci ilə qədər Müsavat partiyası Azərbaycanda qeyri-leqal fəaliyyət göstərirdi. Çünki ruslar azərbaycanlıların 1918-20-ci illərdəki milli əhval-ruhiyyəsinin şahidi olmuşdular. Rusiya və yerli kommunistlər həmin dövrdə nə qədər çalışsalar da “müstəqil dövlət” ideyasını silə bilmədilər. Azərbaycan Xalq Cümhuriyyətinə xalqın dəstəyi böyük idi. Odur ki, bolşeviklərin fikrincə, Azərbaycanda sovet hökumətinin qurulması üçün “müstəqil dövlət” anlayışı hansısa bir yolla həll olunmalıydı. Odur ki, bolşeviklər 1919-cu ildə taktikanı dəyişdilər: Lenin “Müstəqil Sovet Azərbaycanı” şüarını irəli sürdü.

- Yalnız Azərbaycanda belə oldu, yoxsa başqa ölkələrə bu tətbiq olundur?

- Ancaq Qafqazda. Başqa ölkə deyəndə, Orta Asiyada dövlət qurulmamışdı. Amma burda dövlət yaranmışdı.

- Buna görə də Rusiya Azərbaycana fərqli siyasət tətbiq etdi...

- Ruslar “müstəqil Sovet Azərbaycanı” ideyasını qəbul elədilər. Onlar vəd verdilər ki, Azərbaycan dövlət kimi qalacaq, ancaq bu Sovet Azərbaycanı olacaq. Ruslar Qafqazda milli hissiyyatı, Şeyx Şamili görmüşdülər. Ona görə də insanların azad yaşamaq istəyinə toxunmurdular. 1927-ci ildən sonra repressiyalar aktivləşdi. Sovet hökumətinə düşmən olanlar cəzalandırılmağa başladı. İnsanlar da sovetin ideologiyasına uymuşdu və qorxu çox böyük idi. Düzdü, səhər işə gedib, axşam evində sakit otururdunsa sənə heç bir problem olmazdı. Qorxu içlərində alternativ düşüncə daşıyanlarda olurdu. Alternativ fikri olan sovet vətəndaşları isə sovet tarixinin hər periodunda olub. Məsələn, 60-cı illərdə “SSRİ-də niyə çörək qıtlığı var?” sualı belə alternativ fikir kimi geniş müzakirə olunurdu.

- Çörək təmin edə bilmirdilər?

- Xeyr. Kanadadan, Avropadan alırdılar.

- Bəs SSRİ-nin Ukraynası, Qazaxıstanı, Özbəkistanı var idi...

- Sənayeləşmə olandan sonra kənd yaddan çıxdı. 60-cı illərdə Andrey Amalrik adlı SSRİ-nin məşhur dissident alimi vardı. O, bir kitabı yazıb: “SSRİ 1984-cü ilə qədər yaşaya bilərmi?” Orda müəllif çox gözəl qeyd edir ki, “mən doğulduğum kənddə kartofu əllə yığırlar, amma SSRİ kosmosa raket göndərir”.

- Təzadlar vardı yəni...

- Bu qədər də təzad olmaz ki... Əllə kartof yığan əhali milyardlarla pul yığıb kosmosa gəmi yollayır. Birinci, bu texniki fərqi həll etmək lazımdı. 60-cı illərdən sonra, hakimiyyətə Brejnev gələndə diqqət kənd təsərrüfatına verildi. Amma təəssüf ki, Sovet hökuməti nə qədər çalışsa da elmi-texniki inqilabı təsərrüfata tətbiq edə bilmədi. SSRİ-nin bütün qurultaylarındakı hesabat məruzələrində elmi-texniki tərəqqidə problemlərin olduğundan danışılırdı.

- Xaqani müəllim, o qurultayların fəaliyyəti necə idi?

- Müttəfiq respublikalar üzrə deputatlar qurultaya seçilirdi. Həmin deputatlar növbəti qurultay üçün partiyanın xəttini, növbəti beşillik tapşırıqları müəyyən edirdi.

- Yəni qurultayda hər kəs öz fikrini deyə bilirdi, yoxsa rəhbərliyin dediyi olurdu?

- Təbii ki, rəhbərliyin dediyi olurdu və hər kəs əl çalıb dağılışırdı. Çox az hallarda təkliflər ola bilərdi.

- Şoloxovun qurultayda çıxışı var ki, heyvanlar açıqda qalıb, tövlələr yoxdu. Kolxoz sədrinə etirazlarını bildirir...

- Sovet hökuməti əhalinin rifahı üçün lazım olan sahələri yoluna qoya bilmədi. Biz 30-cu illərdəki kənd təsərrüfatının vəziyyətindən danışdıq. Digər vacib məsələ əhalinin həyat şəraiti ilə bağlı idi. Əhalinin az-çox normal həyat şəraiti 60-cı illərdən sonra formalaşmağa başlayıb.

- Bəs “dəmir pərdə” anlayışı nə vaxt yarandı və nə vaxta qədər getdi?

- “Dəmir pərdə” 30-cu illərdən artıq başlamışdı. Camaatın xarici ölkələrə sərbəst çıxışına ciddi məhdudiyyətlər var idi. Elita gedə bilirdi. Amma məsələn, sadə sovet vətəndaşı Avropanı yalnız II Dünya müharibəsində gördü. Sovet döyüşçüsü Berlinə qədər gedib çıxdı. Gedib gördülər ki, burda tam başqa – rahat bir həyat mövcuddur. Almaniyaya gedib çıxmış əsgər, mərhum yazıçımız İsmayıl Şıxlı öz gündəliyində yazırdı ki, kaş ordakı yollar bizim kənddə də olardı. Yəni gözəl bir həyat tərzi gördülər Avropada. Sovet adamı düşündü ki, bəs biz inqilab eləmişdik, biz gərək hamıdan yaxşı yaşayaydıq. Amma “çürüməkdə olan kapitalizm” bizdən yaxşı yaşayır. Bu söhbətlər 50-60-cı illərin qeyri-leqal qrupların və mətbəx söhbətlərinin geniş müzakirə mövzusu idi.

- Müharibədə əsir düşmüş sovet hərbçilərini qayıtmağa da qoymurdular...

- Onlar qayıda bilmirdilər. Qorxurdular. Gələnləri də həbs edirdilər. Stalin absurd bir qərar vermişdi ki, müharibədə əsir düşmək olmaz. Bu düşüncəni izah etmək olmur. Ümumiyyətlə, Stalinin bir çox fikirlərini izah etmək mümkünsüzdür.

- Bolşeviklərin ilkin vaxtlarda belə bir şayiə yayılmışdı: Qadınların ictimai olmalıdır. Bu necə bir ideya idi?

- Bolşeviklər hesab edirdi ki, qadın öz hüququna sahibdir. Qadın kimlə yaşayacağını, kimlə dost olacağını özü bilər. Bu düşüncəyə görə, hamı hamıya məxsusdur. Əcaib bir proletariat ideyası. Amma bu ideya praktikada işləmədi.

- Bu ideya Azərbaycanda etirazlara səbəb olardı...

- Bu ideya dalğası Azərbaycana heç gəlmədi. Ruslar hansısa bir ideyanı irəli sürməzdən əvvəl bunun nəticələrini də düşünürdülər. Azərbaycana yanaşma müəyyən qədər spesifik idi. Məsələn, burada Rusiyadakı kimi din xadimlərinin kütləvi qətli olmadı. Azərbaycanda bunu eləyə bilmədilər, çünki ictimai rəyə pis təsir edə bilərdi. Şərqin xarakteri başqadır. İnsanların hörmət etdiyi din xadimini güllələyərsən və 100 min düşmən qazanarsan. Amma əvəzində dini “görməməziliyə” vurdular: Azərbaycanda din heç nəyi ifadə etmirdi. Sən dindarsan, nə olsun? Heç nə demirdilər sənə. Ancaq sən açıq desən ki, mən dindaram, bütün karyeran məhv olurdu. Ateizm Sovet ittifaqının əsas faktoru idi.

- Azərbaycanlılar Həccə də gedirdilər. 44-cü ildə olmuşdu. Sonra yavaşladı.

- Mən bu haqda yazı yazmışdım: “Məkkəyə gedən Sovet hacıları”. 30-cu illərdə dayandırılmışdı Həccə getmək. Bunun səbəbini açıq demirdilər. Bəhanə gətirirdilər ki, Dardanel boğazı kapitalistlərin əlindədir, bizim camaat oradan keçə bilməz. Demirdilər, buraxmırıq, sadəcə imkan olmadığını deyirdilər. 44-cü ildə çox məhdud gedənlər olmuşdu. Ancaq 60-cı illərə qədər Həccə getmək yox idi. Məscidlər bağlanmışdı. Dini dövlətdən kəskin şəkildə ayırmışdılar. Yalnız Təzə Pir məscidi fəaliyyət göstərirdi, səhv eləmirəmsə. O da xaricdən gələn qonaqlara göstərmək üçün.

- Sovet hökumətindən danışırıq. Bir məsələni də qeyd etmək istəyirəm. Rusiyada bir çox intellektual bolşevik hökuməti ilə barışmadı və xarici ölkələrə getdi, Məşhur “fəlsəfə gəmisi”ni xatırlayıq. Mühacirətdə rus kilsəsi, “ağ hərəkat” yaradıldı. Bu müxalifətin SSRİ-yə təsiri çox oldu?

- Rusiyada bolşevik inqilabından sonra bir çox insan xaricə getdi. Zadəganlar, elita, böyük çinli rus zabitləri. Onlar olduqları xarici ölkələrdə xaotik fəaliyyət göstərirdilər. Sovet hökumətinin uğuru o oldu ki, bu təbəqə orda təşkilatlana bilmədi. Avropa SSRİ-yə təzyiq metodu kimi onlardan istifadə edirdi. Ancaq beynəlxalq şərait dəyişdikcə “ağ kart” da əhəmiyyətini itirməyə başladı. Digər tərəfdən mühacirətdə olanlar gördülər ki, sovet hökuməti yaransa da Rusiya yerində qalır. Rus şovinizminə əsaslanan təfəkkür hələ də onlarda qalırdı. Rus mühacirləri hesab edirdilər ki, “torpaq yerindədir, hər şey əvvəlki kimidir, bir gün də bolşeviklər gedərlər, biz yenə qayıdacağıq”.

- Sizcə, Sovet hökuməti həqiqətən fəhlə-kəndli dövləti idi?

- Rəsmi olaraq fəhlə və kəndli ideyası üstünlük təşkil edirdi. Universitetə qəbul olan iki nəfər arasından seçmək etmək məcburiyyəti yarananda fəhləni seçirdilər. Bütün parametrlər o biri namizəddə olsa belə yenə də fəhlə seçilirdi. İdeologiya belə idi. Sovetlərin kadr yetişdirməyi daha çox ideologiyaya əsaslanırdı. SSRİ-nin üç “periodu” olub. 70-ci illər SSRİ-nin “qızıl dövrü” sayıla bilər. Baxmayaraq ki, həmin dövr “durğunluq” adlandırılır. 70-ci illərdə neftin qiymətinin artması ilə SSRİ “neft iynəsinə” oturdu. Nefti satırdı və ölkəyə çox böyük həcmdə valyuta gəlirdi. Sovet rəhbərliyi həmin illərdə tam anladılar ki, sovet iqtisadi sistemi işləmir. İslahatlar eləmək istədilər. Yuri Andropov DTK-nın sədri olanda başa düşürdü ki, Sovet hökuməti tənəzzülə doğru gedir. Onlar başa düşmüşdülər ki, tək sənayeləşdirmə ilə insanları təmin eləmək olmur. Kənd təsərrüfatı, məişət avadanlıqları yerində olmayanda sənayeləşdirmə heç bir xeyir gətirmir. Ölkə taxılı xaricdən alır. İctimai mülkiyyət SSRİ-də heç bir zaman hörmət qazanmadı.

- Bu SSRİ-nin məntiqi süqutu idi, yoxsa Qorbaçov süni şəkildə dağıtdı?

- İqtisadiyyatın bərbad olması SSRİ-nin süqutunu labüd eləyirdi. Bunu rəhbərlik də anlayırdı və bu vəziyyətdən çıxmaq istəyirdi. Yuri Andropov 83-ci ildə SSRİ Nazirlər Sovetinin yanında xüsusi komissiya yaradır ki, ölkədə iqtisadi islahatların mexanizmini tapsın. Brejnev 70-ci illərdə ABŞ prezidenti Niksonla danışıqlardan sonra ABŞ-la münasibətləri yaxşılaşdırmışdı. SSRİ müəssisələri Qərbdən kompensasiya üsulu ilə kömək istədi: “Qazanaq və bölək”. “Pepsi-Kola” gəlməyə başladı ilk olaraq. Bu dövrdə SSRİ başa düşmüşdü ki, onların iqtisadi sistemi dünyadan geri qalır. Ölkədə kolbasa tapılmırdısa, bu artıq absurd idi. Sovet əhalisini yüksək siyasət maraqlandırmırdı, o mağazaya girib görürdü ki, heç nə yoxdur. Sovet hökuməti 70-ci illərdə nefti satırdı, ondan gələn gəlirə taxıl alırdı. Qalanını da silahlanmaya sərf edirdi. Amma iqtisadiyyatı inkişaf etdirə bilmirdi. Daxildə istehsal tələbatı ödəmirdi. Vəziyyət elə qəlizləşdi ki, 80-ci illərin əvvəllərində SSRİ-də “Ərzaq Proqramı” qəbul olundu. Proqrama görə, ərzaq ehtiyatı yaradılmalıydı. Etiraf olundu ki, SSRİ-də ərzaq çatışmır.

- Və bunlar SSRİ-nin süqutunu labüd elədi...

- SSRİ-nin dağılmasının qarşısını almaq istəyən bir komanda olub. Bu DTK-nin rəhbəri Yuri Andropovdan başlayan xəttdir. Yuri Andropov təzadlı adam olub: Dövlət Təhlükəsizlik Komitəsinin sədri olanda alternativ düşünənlərə qarşı cəza tədbirləri genişlənib. Saxarov sürgünə göndərilib, Solijenitsin qovulub, dissidentlərin həbsi... Ancaq o başa düşürdü ki, SSRİ dağılır. O zaman Andropov daha çox siyasi xəttə diqqət yetirməyə cəhd edirdi. Baş katib olan kimi Siyasi Büronun “qocalardan” ibarət siyasi elitasını yeniləməyə cəhd etdi. Heydər Əliyev, Liqaçov, Qorbaçov, Şverdnadze məhz Andropovun irəli çəkdiyi gənc sovet liderləri idi.

Brejnev, Suslov, Andropov öləndən sonra SSRİ hakimiyyəti daxilində yeni avtoritetlər müharibəsi başladı. Sual verirlər ki, “Andropovun islahatları alınsaydı, SSRİ yaşayacaqdımı?” Bunu deyə bilmərik. Amma hamıya məlumdur ki, Qorbaçovun siyasi olimpə gətirilməsində Andropovun birbaşa rolu olub. Mixail Qorbaçovun memuarında var: “Almaniyanın kansleri 1983-cü ildə SSRİ-yə səfərə gəlir. Bu zaman Andropov xəstə idi. Onu birtəhər Kremlə gətirirlər. Helmut Kol xəstə Andropovun vəziyyətini görü”r. Daha sonra söhbət zamanı Kol Andropovdan soruşur: “Yuri Vladimiroviç, dünyanın işini bilmək olmaz. SSRİ kimi nəhəng dövlətin qeyri-müəyyənlikdə saxlamaq da doğru deyil. Varisiniz varmı siyasi hakimiyyətdə?”. Andropov varisinin Mixail Qorbaçov olduğunu deyir. Yəni Andropov özündən sonrakı iyerarxiyanı müəyyənləşdirmişdi. Yalnız tez öləcəyini təxmin etməmişdi.

Andropov öldükdən sonra baş katib postuna Konstantin Çernenko gəldi. Bu adam da çox qəribə bir adam idi. Mərkəzi Komitənin ümumi şöbəsinin rəhbəri olan Çernenko ömrü boyu Kremldən qırağa çıxmayıb. Bürokrat olub. O, da vəfat etdikdən sonra Mixail Qorbaçovun üzərində dayanırlar. Onsuz da Çernenko xəstə olduğu müddətdə Siyasi Büronun iclaslarını Qorbaçov aparırdı. Ancaq bütün hallarda Qorbaçovun baş katib olacağı aydın deyildi. Kreslo üstündə çox adam mübarizəyə qoşulmuşdu. Odur ki, bu məsələni həll etmək üçün Siyasi Büronun ən qocaman üzvü, xarici işlər naziri Andrey Qromıkoya müraciət olundu. Qromıkoya deyirlər ki, “sən Siyasi Büroda Qorbaçovun baş katib postuna namizədliyini irəli sürsən, sənə heç kim heç nə deməyəcək, çünki sən ən yaşlı və hörmətli üzvsən”. Qromıko razılaşır və Büronun iclası başlayan kimi dərhal Qorbaçovun namizədliyini irəli sürür. Qorbaçov yeni heç nə gətirmədi, Andropovun ideyasını davam elətdirdi.

- Yenidənqurma Andropovun ideyası idi?

- Yenidənqurma deyil, Sovet sistemini iqtisadi baxımdan formatlamaq... “Yenidənqurma” ideyası 1986-cı ildə yarandı.

- Qorbaçovun vaxtında mədəni sahədə də yumşalma oldu...

- Bu tamam başqa epoxa idi. Artıq bu klassik sovet hökuməti deyildi. Mixail Qorbaçovun yenidənqurma ideyası Sovet hökumətini yeni standartlara çıxardı. Alternativ fikirlər, alternativ iqtisadiyyat üzə çıxmağa başladı.

- SSRİ-nin ləğvinə gələk...

- 1991-ci ilin dekabrında nəhəng dövlət süqut etdi. SSRİ-də 1988-ci ildən artıq milli münaqişələr və ciddi böhran başlamışdı. Sistem dağılırdı. Qorbaçovun islahatları alınmadı. O, siyasi islahatları apara bilmədi. Üstəgəl Sovet xalqı rahat yaşamağa öyrəşmişdi. 60-cı illərdən bu yana pis-yaxşı nəsə tapılırdı. Qorbaçovun vaxtında heç nə tapılmırdı, mağazalar boşaldılmışdı.

- Amerika ilə gizli razılığa gəldiyi fikri irəli sürülür. Qorbaçov onlarla görüşüb və SSRİ-nin dağılmasına razılıq verib.

- Gizli razılıq məsələsi doğrudur. Ancaq SSRİ-nin dağılması ilə bağlı deyildi. Sovet İttifaqındakı islahatlarla bağlı idi, yəni birgə işləmək təklifi ilə razılıq olub.

- Belə çıxır ki, SSRİ kapitalist dövlət olacaqdı.

- ABŞ SSRİ-nin dağılmasını istəyirdi. Birmənalı olaraq belə bir sistemin mövcudluğunu rədd edirdi. Amerikada iki qüvvə vardı. Bir qüvvə iqtisadiyyatı zəiflədib onların nəzarətinə keçməsinin tərəfində idi. O biri qüvvə isə “SSRİ dağılmalıdır” deyirdi. SSRİ-nin dağılması 15 ölkənin müstəqil olması demək idi və bunlar Amerika üçün xammal ölkələr hesab olunurdu. Amerika bu cür düşünürdü. Ancaq SSRİ-nin dağılmasında milli məsələlər də mühüm rol oynadı. Özü də qəribə orasındadır ki, SSRİ-də milliyyətçilik ilk olaraq ruslarda başlayıb. Çünki ruslar 15 respublikanın vətəndaşlarının Rusiya şəhərlərində, Moskvada rahat gəzməsini həzm edə bilmirdilər. Rusiyada daima “gizli millətçilik” olub. Beləliklə millətçi hərəkatlar başladı. SSRİ xalqı o qədər sıxmışdı ki, bir az boş buraxan kimi bütün problemlər, milli məsələlər ortaya çıxdı.

- Yenidən SSRİ-də yaşamaq istəyərdiniz?

- Putinin yaxşı bir sözü var: “SSRİ-ni xatırlamayanın ürəyi yoxdur, onun bərpasını istəyənin ağlı.” Böyük dövlətdə yaşamaq maraqlıdır. Ancaq ədalətli olmayanda yox. Ədalətli, müstəqil dövlətdə yaşamaq daha gözəldir.


Mirmehdi Ağaoğlu
Ayxan Ayvaz
Kulis.az

Yuxarı