Həyat insanla zarafatlaşmağı sevir. Bütün ömrün boyu mürəkkəbliklərə və qəliz məsələlərə can atır, elmə və fəlsəfəyə baş vurursan. Amma axırda məlum olur ki, o şeyi ki, sən axtarırsan, o, kiçik bir şeirdə, çox kiçik bir rübaidə və yaxud da M.F.Axundovun dediyi kimi, bir təmsilatda ifadə olunub...
Elmin, fəlsəfənin və hikmətin, elə həyatın əlçatmaz sirri də elə bəlkə bundadır - böyük həqiqətlərə çatmaq üçün böyük yol qət etmək lazımdır. Amma ən son anda bəlli olur ki, ən böyük hikmət qarşındakı ağ vərəqdədir və yaxud da ki, bu ağ vərəqdə yazılmış bir-iki sətirdədir...
Bəli, deyəcəksiniz ki, bu adam yenə də fəlsəfəyə vardı. Amma Azərbaycan elə ölkədir ki, siyasətdən yaza-yaza adam axırda dönüb lap “filosof” olur...
Elə bu səbəbdən də çatdırmaq istədiyim mətləbi adicə sualla başlayıram. Lap İ.Krılovun təmsilində deyildiyi kimi: Bulağın ayağında dayanaraq suyu bulandırmaq olarmı?.. Özüm də cavab verirəm ki, başqa yerləri və məmləkətləri deyə bilmərəm, amma Azərbaycanda olar və hətta çox asan məsələdir...
Ona görə ki, bu ölkədə adama qarşı bir gün dünyanın heç bir ölkəsində ağla da gəlməyən ittiham irəli sürə bilərlər...
Elə o üzdən bu günlərdə daha bir haqsızlıq haqqında oxuyanda İ.Krılovun təmsili yadıma düşdü. Bir daha anladım ki, buralarda “quzu” olmaq çox böyük dərd imiş...
Bəli, İ.Krılov deyirdi ki, güclünün qarşısında gücsüz həmişə təqsirkardır. O sarıdan da gərək, çalışıb güclü olasan, ya da ki, aqibətinlə barışasan...
Qərəz, bir də görürsən, hamıda belə təsəvvür yaranır ki, bəli, deyəsən, mülayim bir siyasət dövrü gəlir. Amma heç bir ay keçmir ki, azad olunan insanların, məhbəs həyatından qurtulanların yerini başqaları tutur. Bunu da belə də yozmaq olardı ki, haqsızlığa qarşı mübarizə davam edir və insanlar birdəfəlik ağ bayraq qaldırmaq istəmir...
Amma bunun digər yozumu da var ki, onu heç dilə gətirmək istəmirsən. O da budur ki, çox təəssüf, bu ölkədə getdikcə daha çox adamın yolu “o tərəflərə” düşsə də, daha çox adamın adı siyasi məhbusların siyahısında hallansa da, “bu tərəflər”də hər şey köhnə vaxtlardakı kimi qalır...
O səbəbdən bu ölkədə nə vaxtsa siyasi islahatlar aparılacağına ümidimi tamam itirmişəm. Etiraf edirəm, heç əvvəllər də belə ümidlərə qapılmırdım. Əslində bu ölkədə demokratiya heç bir vaxt olmamışdı və bunu bütün səmimiliyi ilə deyirəm. Sadəcə, müxtəlif dövrlərdə cəmiyyət demokratiyaya münasibətdə müxtəlif reaksiyalar təzahür etdirirdi. Bəli, bu reaksiya azala-azala gəldi və bu gün demək olar ki, tamam etinasızlıq və biganəlik həddinə çatdı...
İndi ayrı-ayrı insanlar, fərdlər nəyəsə cəhd edir, ölkənin tamam, büs-bütün Türkmənistana çevrilməsinin qarşısını almağa çalışırlar. Əslində biz indi Türkmənistanı da bir neçə parametrə görə geridə qoymuşuq...
Buranın Türkmənistanla fərqi yalnız bilirsiniz nədədir? Siyasət həmin siyasətdir və hakimiyyət həmin hakimiyyətdir, sadəcə, cəmiyyət tamam həmin türkmən cəmiyyəti deyil....
Fərq yalnız bundadır... Yalnız və yalnız ayrı-ayrı fədakar insanlar Azərbaycanla Türkmənistan arasında birdəfəlik bərabərlik işarəsini qoymağa imkan vermirlər. Bizim də üzümüz yalnız və yalnız onların sayəsində ağdır. Amma bu, həmin insanlara, necə deyər, çox baha başa gəlir və getdikcə daha çox fədakarlıq hesabına mümkün olur...
Ən dəhşətlisi isə budur ki, indi heç nədən, adi bir sözə görə də “yanmaq” olar. Bəli, adi bir sözə, adi bir hərəkətə görə dəmir qəfəs arxasına düşmək mümkündür. Bu özü isə o deməkdir ki, rejim getdikcə avtoritarlaşır və getdikcə daha dözümsüz olur.
Elə İ.Krılovdan təmsili də nahaq yerə sitat gətirmədim. Məsələn, on il, on beş il bundan əvvəl etdiyin etirazı bu gün etsən, bəlkə də adamı dara çəkərlər...
Eləcə də bu gün etdiyini on, on beş il bundan əvvəl etsəydin, bəlkə də adama heç toxunmazdılar!..
Bunu heç də insanların şücaətinə və fədakarlığına şübhə salmaq cəhdi kimi yozmaq lazım deyildir. Bir az əvvəldə dedim ki, yalnız belə insanların hesabına hələki Türkmənistanla Azərbaycan arasında tamam bərabərlik və eynilik işarəsi qoymaq olmur. Amma biz hamımız getdikcə daha çox yel dəyirmanı ilə vuruşan Don Kixotlara bənzəyirik...
Bəlkə də on il bundan sonra indiki çağlar da daha demokratik görünəcək, necə ki, bizə on beş, iyirmi il bundan əvvəlki vaxtlar əsl azad dövranlar kimi görünür! Allah belə aqibətdən qorusun!.. Ona görə ki, hətta məzarda da rahat olmayacağıq və bir sual bizə dinclik verməyəcək. O sual da budur ki, kişilər, övladlarınıza hansı dövləti və ya hansı siyasi sistemi miras qoyub getdiniz?..
Hüseynbala Səlimov
Musavat.com