post-title

Qadını bütün dinlərdən, ilahi qüvvələrdən yüksək tutan Osmanlı rəssamı


XIX  əsrin sonlarına yaxın, artıq Osmanlı imperiyası  bütün sahələrdə olduğu kimi, mədəniyyətdə də Avropaya yaxınlaşmağa başlamışdı. Avropada təhsil görmüş bəstəkarlar, rəssamlar artıq Osmanlı mədəniyyətinə yeni bir nəfəs gətiriridilər. Bu gün haqqında danışacağım Osman Həmdi Əfəndi də bu dövrün rəssamlarına aiddir. Təsadüfi deyil ki, Türk rəssamlığının ilk əsasını qoyan 3 dahi rəssam, Osmanlının Avropaya təhsil almağa göndərdiyi Şəkər Əhməd Paşa, Süleyman Seyyidi və Osman Seyyididir.

Osman Həmdi Əfəndi 1842-ci ildə, İstanbulda, sədrəzəm (vəzir) İbrahim Ədhəm Paşanın ailəsində doğulub. Onun xaricdə təhsil almaq istəməsi də, atası İbrahim Ədhəm Paşanın arzularından biri olub. Yeniyetməlik vaxtında atası ilə Vyanada getdikləri muzeylər, qalereyalar Osman Həmdinin yetişməsində böyük rol oynayıb. 1860-cı illərdə atası Parisə hüquq təhsili almağa göndərsə də, əsas işi rəssamlığı öyrənmək oldu və fransız rəssam-heykəltaraş Jan-Leon Jeromun emalatxanasında uzun müddət çalışdı. Türkiyəyə qayıtdıqdan sonra Osman Həmdi Əfəndi, Muzeyi-Humayun (İmperator muzeyi) rəhbəri olaraq çalışmış və qısa bir zaman ərzində muzeyi dünya səviyyəli bir muzey kimi formalaşdırmışdır. Həm də, ilk türk arxeoloqu kimi, Türkiyə Arxeologiya Cəmiyyətini yaratmışdır. Osman Hamdi Əfəndi 1910-cu ildə elə İstanbulda, Kuruçeşme-dəki evində vəfat edib.

Отображается файл

Rəssamın diqqət çəkən, ən məhşur əsərlərindən biri, ilkin adı “Yaradılış” olan, sonralar isə cəmiyyətə “Mehrab” olaraq tanıdılan, uzun illər ətrafında qalmaqallar səngiməyən bir qadın portretidir. Üzərində Quran ayələri yazılmış kaşı mehrabın önündə, rəhil üzərində, arxası qibləyə tərəf oturmuş dekolte geyimli bu hamilə qadının ayağı ətrafına Quran, Zend-Avesta və Buddizmin müqəddəs kitablarından olan Sakiya-Muni-nin səhifələri səpələnib. Qadının önündə, ətrafa zəif tüstü yayan buxurdan və sol tərəfində isə nəhəng şamdan diqqəti cəlb edir. Osman Hamdinin ilk araşdırmaçılarından olan tarixçi Mustafa Cezar yazılarında əsərin ilk adını bilmədiyi üçün “Mehrab” kimi adlandırsa da, əsər özü 1901-də Berlində, 1903-də Londonda sərgilənən zaman kataloqda adı “La’Genese” yəni “Yaradılış” kimi qeyd olunub. Rəssam özü, əsərlərinə ad qoyarkən bütün məna yükünü o ada daşımağa çalışırdı. Əsərdəki xanımın, rəssamın həyat yoldaşı Nailə xanım olduğu güman edilir (bəzi mənbələrdə isə rəssamın evində çalışan erməni qulluqçu qız) və rəssamın müəllimi olmuş Jan-Leon Gevorun Tanagra adlı heykəlindən qaynaqlandığı düşünülür. Osman Hamdi irsinin araşdırmaçısı, həm də ona qohumluq əlaqəsi olan, Prinston universitetinin proffesoru Edhem Eldem, müsahibələrində, araşdırmasında, Osman Hamdinin bu əsərində qadını bütün dinlərdən, ilahi qüvvələrdən yüksəkdə tutduğunu, bütün başlanğıcın qadın, ana kultundan qaynaqlandığını diqqətə çatdırır. Rəsmdəki qadının, müasir geyimdə, sinəsini irəli vermiş haldakı duruşu və hamilə olması, bu deyilənləri bir daha da təsdiqləyir. Əsərdə niyə ancaq Şərq dinlərinə aid kitabların olmasına gəldikdə isə, tədqiqatçılar bunu rəssamın bir oriyentalist olduğunu, şərq elementlərindən daha çox istifadə etməsi ilə əlaqələndirirlər. Öz zamanında sərgilərdə çox diqqət çəkməsə də, əsərdəki detallar səs-səda doğurmasa da, sonradan bu əsərin başı çox qalmaqallı olmuş, böyük müzakirələrə gətirib çıxartmışdır. Kataloqlarda, son sahibi Demirbank adlı bir bank olduğu bilinsə də, axtarış zamanı əsərin itdiyi ortaya çıxmışdır. Əsərin orijinalı olmasa da, çox yaxşı reproduksiyaları şəxsi kolleksiyalarda, muzeylərdə qorunur.

Отображается файл

Osman Hamdi bəyin diqqət çəkən digər əsəri isə “Tısbağa tərbiyəçisi” adlanır. Əsər 1906 və 1907-ci ilərdə, iki versiyada işlənmişdir. Əsərin süjetinde elə kəskin bir fərq olmasa da, 2-ci əsərdə tısbağaların sayı daha çoxdur və sağ tərəfdə ərəb əlifbasıyla yazılmış bir lövhədə  Rus-Türk müharibəsində, Qafqaz cəbhəsinin komandanlarından olmuş Əhməd Muxtar Paşaya hədiyyə olunduğu barədə yazı var. 

 Əsərdə, əlində ney tutmuş yaşlı bir adamın, yorğun halda, önə doğru əyildiyini, yerdə isə tısbağaları görə bilərik. Əsərin mənası isə, çətin tərbiyə olunan bir qövmün inkişafa, tərəqqiyə qarşı laqeyd olması, başları ancaq gündəlik yeməyə, güzərana qarışması kimi başa düşülür. Tərbiyəçi yorğun, ümidsiz halda üzü Qərbdə yerləşən pəncərəyə durub, ümidsiz halda baxır, yerdəki tısbağalar isə öz yeməkləri ilə məşğuldur. Həmin bu tısbağa tərbiyəçisi elə Həmdi bəyin özüdür ki, var.

Bir qrup tədqiqatçı isə, təlimçinin əlindəki neyin, kütlənin, qövmün yalnız mədəniyyətlə inkişaf edəcəyini bildirdiyini qeyd edirlər. Rəssam,  Parisdə təhsil aldığı illərdə, məhşur Tour du Monde qəzetində gördüyü  “Charmeur de tortues” adlı bir yapon qravürasından təsirlənərək bu əsəri yaratdığı güman edilir.

Beləliklə, mütərəqqi, yenilikçi bir rəssam olan Hamdi Osman Əfəndi həyatının son günlərinə kimi mənsub olduğu cəmiyyətin inkişafına çalışmış, Osmanlı Türkiyəsində bir çox yeniliklərə imza atmışdır.  

Kənan Möyləmli 
Kultura.az

Yuxarı