Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən son seçkilərlə bağlı, siyasi ekspert Rəşad Şirin Qaynarinfo.Az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Rəşad bəy, dünən belə bir status oxudum ki, siz Donald Trampın prezident seçiləcəyini bir neçə ay öncə söyləmisiniz. Maraqlıdır, bir çox insanlar Hillari Klintonun seçiləcəyini proqnozlaşdırarkən, siz nəyə əsasən Trampın seçiləcəyi qənaətinə gəlmişdiniz?
- Burda bir neçə maraqlı fakt var ki, Trampın prezident seçilməyinə təsir etdi. Birincisi, Klinton ailəsi uzun müddətdir ki, siyasətdədir. Ümumiyyətlə, Amerikada siyasətdə olan ailələr var. Buş ailəsi, Klinton ailəsi. Bu ailələr Vaşinqton siyasi elitasını təşkil edən insanlardır. Uzun müddətdir ki, bu ailələr siyasətdədirlər. Trampa da səs verən insanların əksəriyyəti bundan təsirlənmişdi. Yəni Trampa səs verənlər Amerika hakimiyyətində bu ailələrin uzun müddət dominant olmasına qarşı olan şəxslərdir. Bu baxımdan bir çoxları Trampın prezident seçilməsini Amerika siyasi rejiminə qarşı inqilab adlandırırlar. İkincisi, qadın-kişi münasibətləri var. Əgər Klintonun yerinə başqa namizəd olsa idi, səsvermə nəticələri fərqli olardı. Yaxud da Vaşinqton elitasına aid olmayan namizəd və sair. Digər məsələ budur ki, Amerika seçkilərində davam edən dövrlərin dəyişməsi var. Respublikaçılar seçilir, daha sonra insanlar onların konservativ siyasətindən bezir, Demokratları seçir, yenə bir müddətdən sonra Demokratların sistemindən bezib Respublikaçılara üstünlük verirlər. Bu çox təbii bir gedişatdır. Və belə bir-birilərini əvəz edərək davam edir. Hillari Klintonun qadın namizəd olması, Vaşinqton elitasını təmsil etməsi və Demokratların ardıcıl olaraq iki dəfə hakimiyyətdə olması. Məhz bu faktorlar Trampı qalib etdi.
- Müxtəlif institutlar tərəfindən səsvermədə iştirak edən insanların obrazı təsvir olunub. Qeyd olunur ki, Donald Trampa səs verən insanların əksəriyyəti ağdərili, yaşı 40-dan yuxarı olan, xristian və miqrantları sevməyən, mühafizəkar şəxslərdir. Doğrudanmı, Amerikada Meksika ilə sərhəddə divar çəkilməsinə, miqrantların deport edilməsinə ehtiyac yaranıb?
- Bu, təmsilçiliyin böhranıdır. Əsas məsələ əslində nə miqrasiyadır, nə də digər məsələlər. Trampa səsverən insanlar kənarda qalmış şəxslərdir. Yadınızdadırsa, 2002-ci ildə Türkiyədə AKP çox səs toplayan zaman bir neçə maraqlı təhlilər oldu. Qeyd olunurdu ki, uzun müddət elitar siyasi qüvvələr mərkəzlərdəki seçiciləri hədəfləmişdilər və sadə insanlar kənarda qalmışdı, hakimiyyətdə təmsil olunmurdu. Bu həm də təmsil olunmayanların üsyanı idi. Trampın seçilməsi də bu insanların üsyanının göstəricisi idi. Mövzular təbii ki, önəmlidir. Amma bu mövzular kampaniya zamanı daha çox motivasiya üçün insanları həyəcanlandıracaq, təhrik edəcək metoddur. Məsələ isə budur ki, Amerika insanı təmsil olunmamaqdan əziyyət çəkirdi. İndi isə Tramp həmin insanların liderinə çevrilib. Vacib məqam ondan ibarətdir ki, savadlı, oxumuş, yüksək gəlirli amerikan vətəndaşların ortaya qoyduğu liderləri sadə insanlar qəbul etmirlər. Onlar özləri kimi insana səs vermək istəyirlər. Bu maraqlı bir situasiya yaradır. Lider necə olmalıdır? Barak Obama, Bill Klinton, Corc Buş kimi insanlar müəyyən sosial statusa malik olan insanların liderinə çevrilmişdi. Amma az gəlirli insanların liderləri yox idi. Tramp təcrübəsi onu göstərdi ki, əslində lider xalqa aid olmalıdır.
- Amerikadan sonra, Avropanın qabaqcıl ölkələrindən olan Almaniya və Fransada seçkilər keçiriləcək. Mühafizəkarların hakimiyyətə gəlməsi ehtimalı nə qədər realdır? Ümumiyyətlə, Trampın seçilməsi bu mənada digər ölkələrə təsir edəcəkmi?
- Son gedişatlar göstərir ki, Qərbin 1980-1990-cı illərdə formalaşaraq həm dünyaya yaydığı, həm də özünün sahib olduğu liberal-demokratik sistemi bir böhran içindədir. Dəyişməyə doğru gedir. Burada qloballaşmanın rolu çox böyükdür. Son seçkilərdə Trampa səs verən insanlar həm də qloballaşmanın əleyhinə olan insanlardır. Mənəvi baxımdan konservativ insanlardır və düşünürlər ki, qloballaşma onların mədəniyyətini, adət-ənənələrini dağıdır. Bəlkə də daha vacib olan – həm də iqtisadiyyat baxımından qloballaşan dünyada kiçik yerlərdə iş yerləri azalması, həyat şəraitinin pisləşməsidir. Tramp söz verir ki, iş yerlərini Amerikaya geri qaytaracaq. Çünki dünyanın bəzi digər ərazilərində işçi qüvvəsi ucuz olduğu üçün bizneslər və dolayısıyla iş yerləri Amerikadan kənara köçür.
Britaniyadakı anti-miqrasiya dalğası da buna bənzər səbəblərdən baş verir. Qloballaşma və neoliberalizm gətirib ona çıxartdı ki, böyük şəhərlər və elitalar daha çox faydalandılar. Amma kənarda qalanlar, periferiyada olanlar, azgəlirli insanlar, statusu aşağı olan insanlar uçuruma doğru gedirlər. Qloballaşmanın və liberallaşmanın qarşısını almaq üçün xalqın ayağa qalxması nəticəsində Ərdoğan, Putin, Tramp kimi liderlər ortaya çıxır. Rusiyada vəziyyət bir az fərqlidir, amma yenə də bənzərliyi var.
- Bəzi liberallar belə fikir söyləyirlər ki, seçkilərdə populizmi məhdudlaşdıran qanunvericilik qəbul edilməlidir. Bu liberal demokratiyanın qorunması üçün vacibdir. Sizin fikriniz necədir?
- Problem budur ki, bu cür fikirlər liberalizmin özünə ziddir. Məsələn, Amerika seçicilərində bu çox azaddır. Mən bir çox post-sovet ölkələrində seçkiləri müşahidə etmişəm. Onların bəzilərində az olsa da seçki azadlıqlarına, kampaniyaların təşkil olunmasına, ifadə azadlığına məhdudiyyətlər var. Amerika bu baxımdan azaddır. Bu, Amerika ənənəsini, cəmiyyətini əks etdirir. Avropanın özündə də məhdudiyyətlər var. Amma Amerikada bunu məhdudlaşdırmaq olmaz, çünki konstitusiyanın rolu çox yüksəkdir. Konstitusiyada dəyişiklik çox çətin olar.
- Bayaq bir şeyi qeyd etdiniz. Elita hakimiyyətindən danışdınız. Trampın seçilməsindən sonra bir çoxları düşünür ki, elita hakimiyyəti yolun sonuna gəlib. Bunu belə qiymətləndirmək olarmı?
- Bunu demək çətindir və əslində düzgün də olmazdı. İndi ola bilər ki, elita dövrü bitmiş kimi görünsün. Ola bilər ki, 10 ildən sonra yenidən elitaya qayıdış ehtiyacı yaransın. Yeni bir elitar intibah yaşansın. Bunlar daha çox müxtəlif qrupların hakimiyyət uğrunda apardıqları mübarizənin nəticəsidir. Tarix boyu aristokratlar hakimiyyətdə olub, burjualar isə marjinal olublar. Sonra burjualar gəlib inqilablar edib. İndi, belə desək, burjualar və ya kapitalistlər dominantdır, aristokratlar marjinaldır. Aristokrat barədə bu gün heç danışılırmır, amma vaxt var idi ki, zadəganlar, krallar, qraflar, bəylər, xanlar söz sahibləri idi. Dediyim kimi, bu müxtəlif qrupların hakimyyət uğrunda apardıqları mübarizədir, zaman keçdikcə formasını dəyişir.
- Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan öncə müxtəlif sorğu mərkəzləri açıqlama yaymışdı. Deyilirdi ki, əhali Aİ-də qalmağa səs verəcək. Amma seçki tam əksini göstərdi. ABŞ-da keçirilən seçkilər də belə oldu. Demək olar seçkiyə kimi bütün sorğularda Hillari Klinton öndə idi. Amma Donald Tramp seçildi. Maraqlıdır, niyə adətən doğru çıxan sorğular, indi tam fərqli nəticələrə gətirib çıxarır?
- Ola bilər ki, insanlar sorğu aparan qurumlara güvənməsinlər. Onların çıxaracaqları nəticələrə inanmasınlar. Adətən bu sorğuları daha çox müəyyən düşüncə qurumları, “think-tank”lər həyata keçirir. Müxtəlif faktorlar ola bilər. Amma Trampa səs verən insanların böyük bir hissəsi ona səs verdiyini açıqlamamışdı və sırf onun nəticəsində sorğular fərqli nəticələr göstərirdi. Bu təbiidir, aldadıcı ola bilər. İnsanların mediaya və ictimai qurumlara güvənsizliyinin göstəricisidir. Trampı media çox tənqid etdiyi üçün insanlar Trampa səs verəcəklərini deməyə utanırdılar həm də.
- Son olaraq Trampın seçki öncəsi verdiyi vədlərlə bağlı danışaq. Nələr gözlənilir?
- Xarici siyasətdə daha çox dəyişiklik gözləməyə dəyər, nəinki daxili siyasətdə. Amma Tramp həqiqətən də gözlənilməz insandır. Onun hələ nə edəcəyi tam olaraq aydın deyil. Respublikaçılar arasında bəzi xarici siyasət ekspertləri, “think-tank”lərdə çalışan mütəxəssislər seçkidən öncə söyləmişdilər ki, biz xarici siyasətlə bağlı məsləhətlər verməyə hazırıq. Amma bilinmir, Tramp kimlərdən faydalanacaq. Trampın böyük çatışmazlığı ondan ibarətdir ki, onun komandası yoxdur. Dövlət katibi kim olacaq? Xarici siyasətlə kim məşğul olacaq? Bunlar bəlli deyil. Ona görə qeyri-müəyyənlik çoxdur. Rusiya ilə fərqli siyasət yürüdəcəyini söyləyir. Amma Trampın xarici siyasət təcrübəsi yoxdur. Ona görə də Trampın komandası kim olacaq və necə formalaşacaq, bunu zaman göstərəcək. İki ay vaxt var. Bu müddət ərzində konkret addımlar atılmalıdır. “Namizəd Tramp” və “Prezident Tramp” arasındaki fərq yavaş-yavaş görünməlidir. Çünki kampaniya aparan zaman bir çox şeyi söyləmək mümkündür, amma rəsmi post və bürokratiyanın məntiqi başqadır, yanaşmalar daha mühafizəkar və daha status-kvoçudur.
Tramp seçildikdən sonra, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen danışdı. Ondan soruşurlar ki, Tramp deyib NATO-ya Avropadakı dövlətlər daha çox pul ayırmalıdır. Rasmussen isə bildirdi ki, kampaniya zamanı namizədin söylədikləri başqadır. Hakimiyyətə gələn kimi söylədikləri eyni olsa, bu o deməkdir ki, Amerika qlobal təhlükəsizlik öhdəliyindən geri çəkilməyə çalışır. Rasmussen bildirdi ki, mən ümid edirəm, bu məsələdə yeni prezident çox dərinə getməyəcək.
Elkin Xəlilov
Qaynarinfo.Az