post-title

Aygün Qurbanlı: Adı var, özü yox dövlət proqramları altında uşaq tərbiyəsi, mənəviyyat və sosial davranış dərsi......


Bu yaxınlarda “ər arvadının başını kəsdi” tipli xəbərlərdən biri sosial şəbəkələrdə paylaşıldı, bu dəfə başı kəsilən qadın 23 yaşlı üç uşaq anası Ruxsanə Astanova idi. Hadisənin təfərrüatı haqda danışmağa ehtiyac yoxdu, haqqında kifayət qədər danışıldı; diqqətimi qadını “əxlaqsız olduğu üçün başı kəsildi” deyib qınayanların və bu qismə qarşı duran “kişi kişi olsa qadın bu yola düşməz” deyə müdafiə edənlərin rəyləri cəlb etdi. Əlbəttə əvvəlcə bu durumda ikincilər birincilərdən daha humanist kimi görünürlər, lakin bir məqam var ki onu hər kəs unudur və ya ötürür: kişinin kişi və ya qadının qadın olması üçün onlardan birinin mütləq o birisinə arxalanması vacib deyil.  Bizim toplum üçün daha ümumi hal almış şəklini deyim: qadının əxlaqlı olması üçün evində, ailəsində və ya həyatında kişinin olması mütləq deyil. Axı, biz çox sayda istər oğul, istər qız övladlarını təkbaşına böyüdüb, tərbiyə verməyi bacaran tək ailə başçısı qadınlar tanıyırıq. Qadın və ya kişi həyatda kimsəsiz qala, tək yaşaya bilər, boşluq həmin insanın yetişməsində kimlərin necə rol oynadığı məqamdadır. Ruxsanə və onunla eyni talehi yaşayanların həyatlarında ortaq paylaşdıqları durum onların heç kimdən, nə öz valideynlərindən, nə də ətraflarında müsbət təsir ala biləcəkləri insanların olmamasıdır. Bizə görə əxlaqi sayılan keyfiyyətlərin bu qadınlarda olmaması onların səhvi deyil, dərinliyinə varanda bu nə səhvdi, nə də həyat tərzi. Bu, yaşamağa məhkum olanların çıxış yoludur. Doğulub çöllərə atılanlardan, valideyn qayğısı haqda heç bir anlayışı olmayan, onlardan təhqir eşidən, az yaşlı çağlarından şiddət, laqeyidlik görənlərdən öz anlayışımızla qəbul etdiyimiz əxlaqı tələb etmək bizim dayazlığımızdır. Mauqli tərz həyat sürən insandan ( istər qadın, istər kişi heç bir fərqi yoxdur) nəyinki “namus”, heç oğurluğun pis hal olduğunu anlamasını gözləyə bilməzsiniz, çünki cəngəllikdə bu kimi anlayışlar yoxdur.

İstənilən cəmiyyət gözlədiyi əxlaq normalarını tələb etməzdən öncə onun formalaşmış modelini təqdim etməyə borcludur, bu dərs öncə fərdlərin uşaqlıq dövrünün keçdiyi mühitdən başlayır, yaşamağa qərar verdiyi yerə qədər davam edir. Uşağın kimin tərəfindən və hansı şəraitdə böyüdülməsi vacib şərtdir. Bunu qısaca “ailə” deyə adlandırsaq, uşaqlar ailə daxilində üç əsas prosesdən təsirlənərək xarakter və mənəviyyat öyrənirlər: 

1) sevgi hissinin formalaşması;
 
2) düzgün sosial davranış; 

3) idari gücə hörmət və qaydalara riayət.

Bütün doğru və yalnışları öyrətmə sevgi hissilə başlayır, yəni uşaqların valideynləri ilə (və ya onları böyütməkdə məsuliyyət daşıyan kəslərlə) aralarında yaranan isti, mehriban emosional bağın əsasının qoyulması ilə. Uşaq sevildiyini hiss etməlidir, valideyn isə uşağında bu hissi yarada bilməsilə fəxr etməlidir. Çünki növbəti mərhələ bundan sonra yaranır, uşaqlar məhz onlar üçün əhəmiyyət daşıyan, məna kəsb edən kəslərdən daha çox təsirlənirlər, bu insanlar ən ilkin dövrdə onların ailə daxilində sıx təmasda olduqları valideynləri və ya himayəsində böyüdükləri şəxslərdir; uşağın təsirlənə biləcəyi, özünə ideal hesab edə biləcəyi şəxslər hələ sonrakı dövrdə peyda olacaq. Əgər uşağın valideyni ilə arasında emosional bağı qurulmadısa, yəni aralarında dolğun sevgi yaranmadısa valideynin “müəllim” rolu, yəni mənəvi dəyər bələdçisi funksiyası sarsılacaq. Sosial psixoloq V. V. Hartupun sözlərilə desək, “ uşağın sosial aləmlə münasibətinin yararlılığı onun ən yaxın münasibətdə olduğu insanlardan aldığı təcrübədən qaynaqlanır.”

Lakin yalnız sevgi ilə iş bitmir, sevginin necə ötürülməsi, hansı şəkildə aşılanmasından həmin uşağın xarakterinin formalaşması asılıdır, ancaq bu tam ayrı mövzudur. Hələlik, ilkin mərhələnin sevgi olduğunu nəzərə alaraq sonrakı prosesin uyğun sosial münasibətin, mənəvi dəyərlərin düzgün öyrədilməsidir deyək. Bu, ən çətin prosesdir, biz buna ata-babalarımız “anasına bax, qızını al”, “ana gəzən budağı bala budaq-budaq gəzər”, “ ot kökü üstə bitər” deyərkən rast gəlmişdik. Təxmin etdiyiniz kimi burada uşağa düzgün model göstərməkdən söhbət gedir, “düzgün model” də bir qədər mübahisəli və həssas məsələdir, hansı düzgün model deyə sual vermək yerinə düşür. Yazının əvvəlində əxlaq, namus anlayışlarına qarşı formalaşmış baxışları yaşadığımız toplumda böyük üstünlüyün tələbilə nəzərə alacağımı eyham etmişdim. Yəni biz nəyi görmək istəyiriksə onu göstərməliyik. Uşaqlar istər yaxşı olsun, istər pis, gördükləri modeli tətbiq edəcəklər. Özünü inkişaf etdirmədən hələ danışmayın, bu da sonrakı mərhələdir, həyatının ilkin dövrünü yaşayan körpə özünə Buddanı ideal seçə bilməz, o sadəcə gördüyünü təkrarlayacaq və bu, onu həyatının sonuna kimi az-çox izləməkdə davam edəcək. Bəs ona necə kömək etmək olar? Cavab: başqalarını da sevməyi aşılamaqla, lakin bu məqamda valideyn özünün sahib olduğu mənəvi dəyərlərindən asılı olaraq uşağına başqalarını necə sevməyi öyrədəcək. Burada “hər uşaq ailəsinin güzgüsüdür” misalı özünə haqlı yer tapacaq. Bu prosesi düzgün inkişaf etdirmək istəyən valideynlərə uşaqlarına tez-tez “sən düz etmədin, bu doğru davranış deyil, sən incidiyin kimi o, da inciyir axı, sənin olmayan heç nəyi götürməyə çalışma, sən ağladığın kimi başqaları da ağlaya bilir” demələri tövsiyyə olunur. Sonuncu proses tez-tez “bizim mentalitetimiz belə tələb edir, ata-babalardan belə görmüşük” tərzində ifadə olunan idari gücə hörmət hissinin aşılanmasıdır. Təqdirə layiq hissdir, lakin necə təlqin olunmalıdır? Digər sosial psixoloq V. Damonun fikrinə görə əgər uşaq ilk olaraq ailə sferasında düzgünlük, əməkdaşlıq, məsuliyyət, özünə inam, idari gücə hörmət (burada valideyn nəzərdə tutulur), sosial qaydalara doğru əməl öyrənərsə əsas xarakterik xüsusiyyətlər formalaşacaq. Yəni ailə daxili qanunların necə işləməsi modeli həmin uşağın gələcəkdə necə bir vətəndaşa çevrilməsinə bünövrədir.

Oxucuda haqlı olaraq ailə mühiti və himayəsi görməyən körpələrin necə düzgün tərbiyə alacaqlarına dair sual yarana bilər. İstər uşaq, istər kimsəsiz qadın və ya kişi fərqi yoxdur, dövlətin hər kəs üçün uyğun proqramları, siyasəti var, əziz oxucu, hansı ki hamımız adını eşidirik,  real fəaliyyətlərini görmürük. Ruxsanənin və onun həyatını paylaşanların durumunda dövlətin bu kimi qanunlarını yerinə yetirməkdə borclu olan məsul şəxslər vaxtında araya girməli, vəziyyətə müdaxilə etməli idi. “Biz ona dedik düzgün həyat sürmürsən” deyən el-oba camaatının, həmin kəndin “ziyalılarının” yalnışı ona kənardan ağıl öyrətmək idi. Onlar bilməli idilər ki, nəyin düzgün, nəyin yalnış olduğunu bir-birindən ayrıd edə bilmək iqtidarında olmayan qadın üçün el-oba məsləhətinin heç bir faydası olmayacaq, bu məqamda dövlət müdaxiləsi lazım idi, onu məsləhət deyil, qanunlar idarə etməli idi.


Aygün Qurbanlı
Kultura.az

Yuxarı