post-title

Fuad Poladovla Qiyas İbrahimovun etirazına sözardı

Razılaşmamaq da bir haqqdır! Məni razılaşmağa vadar etməyə sənin ixtiyarın yoxdur! Ailədə böyüklüyün, icmada ağsaqqal-avtoritetin, sosial statusun, ictimai çəkin, dövləti vəzifən məni zorən sənlə razılaşdıra bilməz. Uzaqbaşı kompromisə gedərəm. Güc gələrsən, etiraz edərəm!

Başqa toplumlarla işim yoxdu. Yaşadığım İsveçdə neçə ilin müşahidələrindən bu qənaətə gəldim ki, isveçli yuxarıda təxmini cızdığım bu həyat düsturuyla böyüyür, yaşayır. Mənsub olduğu cəmiyyət, dövlət bunu uşaqlıqdan ona aşılayır.

İnkişaf etmiş toplumların gəlişmə səbəblərini arasanız, şübhəniz olmasın, etirazı kültürəl dəyərlərdən biri kimi görəcəksiniz.

“Ozon adamlar” yazısında belə yazmışdım bir vaxt: “Etiraz azadlığın birinci şərtidir! Etiraz eləmədən azad olmaq, azad olmadan da ləyaqətli ömür yaşamaq mümkün deyil!”

Bizim nəsil azadlıq mücadiləsindən qorxmadı! Tank qarşısına da çıxdı, güllə qabağına da. Yaralandı, əlil oldu, öldü də.

Amma bizim nəsil azad cəmiyyət qura bilmədi! Üstəlik müstəqilliyin şirin tamından çatdırıb doyunca dadmadı. İndi angedonik (zövq ala bilməmə) ömür sürür.

Niyə?

Biz, sovet məktəbində oxuyub, şərqli müsəlman ailəsində tərbiyələnmişik. Sovet əxlaq kodeksi də dini ehkamlar kimiydi – hər ikisinin hədəfi “öz adamını” yaratmaqdı. Onlar öz idealoji inkubator-bətnlərində yeni “sosial varlıqlar” vücuda gətirirlər. Bu canlı “material”dan biri “kütlə”, o biri “ümmət” yaradır.

Bizim nəsil yarı “kütlə”, yarı “ümmət” oldu. Bu günün “kütləvi ümmətləşmə” qaynağı elə özümüzük.

Biz, qadağalar, “olmazlar” hesabına etiraz vərdişini itirmiş, unutmuş bir toplumun yetirmələriyik.

Etiraz cəsarətin əyanda şəklidi. Qəlbinə, ruhuna qorxu hakim olana bu proyeksiya yaddı.

Etiraz şərəfin “qapı iti”di, fərq etməz “qoruyan mələk” də deyə bilərsən, anlamı birdi.

Fuad Poladovu səhnəmizin mogikanı hesab edirəm. Amma əminəm, onu bizim “obıvatel” tamaşaçıya sevdirən sənətindən çox şəxsiyyətidi. Neçə gündü hamı işdən getməsini deyir. Diqqətimi daha çox bir vaxtlar “İbrus”dakı tamaşalarına həvəslə getdiyim Mehriban Zəkinin bu fikri çəkdi: “Bir məqama təəssüf edirəm ki, bizim tamaşaçılar teatra mədəniyyət və sənət xatirinə deyil, aksiya xatirinə gəlirlər”.

Neyləyib Fuad Poladov? Gənc həmkarının üzləşdiyi qanunsuzluğa etiraz edib, işdən çıxıb. O, cəmiyyətdən aldığı ictimai statusuna yaraşan vicdanlı addım atıb. Cəmiyyət bunu şok effekti yaradan görünməmiş hadisə hesab edir.

İcazə verin, mən bu şoku Fuad Poladovun qəhrəmanlığına yox, tanınmış sevilən şəxslərin mövqe sərgiləməsinə aclıq keçirən toplumun acizanə durumuna aid edim. Bu “işdəngetmə” elə bizim kimi cəmiyyətlərdə qəhrəmanlıq sayıla bilər. Doğrudan da kütləvi qorxu sükunətində əsl qəhrəmanlıq hayqırtısıdı bu, razıyam.

Amma…

Amma mən bunun bir qəhrəmanlıq olduğunu bir isveçliyə izah edə bilərəmmi? Uşaq baxçasından etiraz etmək vərdişiylə böyüyən, etirazını bildirməyi təbii insan haqqı sayan isveçli məni başa düşərmi? “Qanunsuzluğa hər ləyaqətli adam etiraz etməlidir!”, deyib keçər, yəqin.

Qınamaram! O bəxtəvər isveçli Azərbaycan kimi ölkələrdə imtinanın ağır bədəlindən xəbərsizdi. Etiraz edən isveçli sənətkar bilər ki, imtina onun həyatını alt-üst etməyəcək, şərə-böhtana, intiqama tuş gətirməyəcək, əksinə sabah itirdiyindən də yaxşısını tapa biləcək!

Yoxsa, isveçli səndən, məndən ürəkli deyil ki!

Qəhrəmanlıq Qiyas İbrahimovun etirazıdı! Onun protesti Fuad Poladovun etirazından daha risklidi – müqayisəyə də gəlmir. Ona görə müqayisəyə gəlmir deyirəm ki, bu etirazların hədəf dərəcəsi fərqlidi. Teatrda haqsızlığa dözməməklə dövlətin idarə sisteminə etirazın yükü eyni deyil, qaynağı bir olsa da. Nəticələr hədəflərin miqyasına mütənasibdi – ustad sənətkar iki işindən birini itirdisə, gənc fəal çiçəkləyən ömrün 10 ilindən məhrum oldu.

Biçarə toplumsa birinə ayaqüstə alqışlar yağdırdığı halda o birinə müticəsinə susdu. Kiçik hədəfli etirazdan vəcdə gələn toplum böyük hədəfli protesdən uzaq durdu.

***

Bizə umud olmayın, gənc qızlar, cavan oğlanlar!

Gələcəyin azad cəmiyyətini bu günün düşünən, düşündüyünü hər yerdə müzakirə və mübahisə etməkdən çəkinməyən gənclik yaradacaq. Etiraz etməyin qəhrəmanlıq yox, hüquq olduğu dövləti siz quracaqsınız!

Hər dürlü “kütlə” və “ümmət” psixozuna yoluxmayan, ETİRAZı milli dəyərə çevirməyi bacaran azad gənclik edəcək bunu!

Sən edəcəksən, etiraz edə bilən vətəndaş!

Vahid Qazi

Kungsmarken, İsveç
Yuxarı