Hekayə
Ətrafdakı hər kəsdən göz görə-görə seçildiyin halda, təkbaşına şəhərin küçələrini arşınlamaq yaxşı fikir deyil bəlkə də, amma bəzən insanın yollara düşüb məqsədsizcə gəzib dolaşmaqdan başqa təskinliyi olmur. O da indi beynini didişdirən suallardan qurtulmaq üçün, soyuq Yanvar Günəşinin altında Bakı küçələrində ayaq döyürdü. İnsan axınına qarışıb dalğın-dalğın sürüklənir və sifətinə zillənən baxışlardan əzab çəkirdi. “Gərək vecimə almayım bu baxışları, - deyirdi öz-özünə - gərək fikir verməyim!” Bu isə asan deyildi, hövsələdən çıxır, hirsindən yumruqları düyünlənirdi...
Karqbo damağında şirin tamı qalmış dövrləri xatırlayırdı. İnsan qələbəliyinə qarışanda xoşbəxt olduğu, ona dikilən baxışlardan həzz aldığı çağlar indi necə də uzaqlarda görünürdü, elə bil üstündən əbədiyyət gəlib keçmişdi. Amma halbuki cəmi bir neçə ay əvvəlin söhbətiydi, ya yox. O vaxtlar o, sevgilisinin barmaqlarını barmaqlarına düyünləyib Tarqovıya, Dəniz kənarı parka bilərəkdən can atardı ki, heyrətli, həsəd dolu nəzərləri üzərlərində hiss edib məst olsun. Qız heç nəyi vecinə almazdı, camaatın içindəcə “mənim şokoladım” deyib onun qalın, zənci dodaqlarından öpər, uzun gəzintilərdə yanında şıltaqlıq edərdi. Yanındakı cazibədar sevgilisinə görə Karqbonun içi fərəhlə dolardı, özünü fərasətli kişi sanardı. İndi isə ağrıyan ürəyi köksünə sığışmırdı... Qız arxasında böyük müəmma, qeyri-müəyyənlik qoyaraq qeybə çəkilmişdi. Karqbo buna “qeybə çəkilmək” deyirdi, çünki tərk edilmək fikriylə heç cür barışa bilmirdi. “Ola bilməz deyirdi, - o öz-özünə, - o, insanlarla oyuncaq kimi oynayıb, bir küncə atan qızlardan deyil, nəsə baş verib, nəsə olub ki, belə bir addım atmalı olub. Amma nə?!...”
Karqbo gəlib dənizin kənarında, soyuq beton plitənin üzərində oturdu. Arın arxayın ləpələnən dəryadan xəfif neft qoxusu gəlirdi. O, “smartfon”unda sevgilisiylə birlikdə keçmiş günlərdə çəkilən şəkillərə baxır, acı-acı köks ötürürdü... Bir də başını qaldırıb tündləşən havanı, sahilin o biri ucunda yanan təkəmseyrək işıqları görəndə isə anladı ki, artıq lap çoxdandır burdadır, üşüdüyündən dişi dişinə dəyir. Vəziyyəti dözülməz idi, üzərindəki bu yükdən xilas olmalıydı, heç olmasa, müvəqqəti, bugünlük, yoxsa qəhərdən çilik-çilik olacaqdı. Karqbo bulvardan çıxıb birbaş kilsəyə getdi.
***
Uzaq, isti ölkədən Bakıya təzə gələndə, “Müqəddəs Məryəmin Məsum Hamiləliyi” kilsəsi kənardan ona vahiməli görünmüşdü. Ola bilsin, bu sırf öyrəşmək məsələsiydi, ona görə ki, onun doğulub dünyaya göz açdığı yerlərdə kilsələr adətən balacaydı, bəzək-düzəksizdi. Yəqin, məsələ elə öyrəşməkdəydi, belə olmasa, o, bir müddət keçəndən sonra bu heybətli kilsəyə bağlanmazdı. Bura tez-tez gəlirdi. Kilsənin həyətinə ayaq basmağıyla sanki qəlbindəki hərc-mərclik aradan qalxar, buradan çıxanda isə özünü İsanın diriltdiyi ölülərtək yenidən həyata gəlmiş sanardı.
Axşamçağı idi, kilsədə ayin keçirilirdi. Karqbo sıralardan birinə keçib ayinə qoşuldu. Uzun müddət dua etdi, Tanrıdan ona güc verməsini, günahlarını bağışlamasını dilədi, bir də ondan möcüzə göstərməsini xahiş etdi. “Məhəbbətdə bəxtim gətirmədi, amma heç olmasa, bu niyyətim gerçəkləşsin, mümkünsüz də olsa gerçəkləşsin. Təki əllərimi ata-ata quruca geri qayıtmağa məcbur olmayım. Ulu Tanrı, bu dar günümdə məni aciz eləmə, mənə kömək et!” – deyib aman istədi...
Təpəsində yekə xaç işaran kilsəni arxada qoyub, qaranlıq küçəylə geri qayıdarkən həqiqətən də dirilmiş kimiydi. Etdiyi dualar yanıb qovrulan qəlbinə su sərpmişdi. Karqbo qətiyyətli olmaq qərarına gəldi, niyyətinin gerçəkləşməsi ehtimalı çox aşağı idi, bu, suda boğularkən xilas olmaq naminə əlini saman çöpünə atmağa bənzəsə də, başqa çarəsi yoxuydu, bunu etməliydi. O, xaç çəkib axır ki, Elmara zəng elədi və ondan axşam saat 9-da şəhər mərkəzindəki “Dikkens” pabında görüşmək barədə söz aldı.
Elmar Karqbo Consun keçmiş tələbəsiydi, bir vaxtlar ingilis dili danışığını irəlilətmək üçün 5-6 ay Karqbonun dərs dediyi kursa gəlmiş, vaxt keçdikcə araları isinmiş, yoldaş olmuşdular. Bəzən onlar dərsdən sonra gedib haradasa oturub pivə içərdilər. Amma Elmar proqramı bitirəndən sonra, həm işi-gücü çoxaldığından, həm də bu görüşmələr artıq ona mənasız gəldiyindən əlaqəni kəsdi. Uzun müddətdən sonra Karqbo gözlənilmədən zəng edib görüşmək istədiyini deyəndə isə, o, barmağını dişlədi, “yəqin nəsə işi düşüb”, - deyə düşündü. Ancaq görüşə razılaşdı, nə də olsa köhnənin tanışıydılar, “yox” demək yaxşı çıxmazdı. Elmar ünvanı razılaşdırıb birbaş deyilən yerə gəldi.
Səs-küylü “Dikkens” pabının barında oturub pivədən qurtumlaya-qurtumlaya ordan-burdan danışıb qurtarandan sonra, Karqbo nəhayət, Elmara Nigeriyaya qayıtmaq təhlükəsiylə üzləşdiyini dedi.
“Buna görə görüşmək istəyirmiş, yəqin, pul istəyəcək” – dedi Elmar ürəyində, lakin ağzından yarı süni, yarı həqiqi tamam başqa kəlmələr çıxdı: “Doğurdaan, nəyə görə?”
“Oturum müddətim bitir, vaxtı uzatmaq istəmirlər”, - Karqbo qüssəylə cavab verdi.
- O vaxt mənə demişdin pul yığırsan Avropaya getməyə, yığa bilmisən heç, kursda işləyirsən?
- Yox, bir neçə aydı çıxmışam. Kurs batırdı, tələbə filan yoxuydu. Çıxmalı oldum.
- Bəs necə yaşayırsan?
- Yığdığımdan xərcləyirəm. Bir tanışım mənə Azərbaycan rəqsləri öyrətmişdi, müxtəlif məkanlara gedib rəqs eləyirdim, pul verirdilər, biraz da bundan qazanmışam.
Karqbo Elmarın sual dolu baxışlarını görüb izahat verdi:
“Varlı day-dayların əyləncə məclisləri olurdu, çağırırdılar, gedib hansısa villada, malikanədə Azərbaycan rəqsləri oynayırdıq. Özün bilirsən, pullu daydaylar xoşlayırlar belə şeyləri. Biraz rəqs eləməyi öyrənmək lazımdı, ondan sonrası asandı”.
Karqbo “smartfon”unu çıxarıb həmin məclisləri, afrikalı qızlarla-oğlanların Azərbaycan rəqsləri oynadığı video roliki Elmara göstərdi. Videoda oriyental rəqqasə paltarında, məmələri çölə daşan, yarıçılpaq qaradərili qız şıdırğı “ləzginka” oynayırdı. Sərxoş kişilər də qızın başından aşağı pul tökürdülər, sonra da ortaya zənci oğlanlar girirdilər.
“Bu yaxşı iş idi, heyf, daha çağırmırlar məni”, - Karqbo təəssüflə söylədi.
- Yəqin daydayların pulu qurtarıb.
- Hə, böyük ehtimal.
- Bəs geri qayıtsan, neyləyəcəksən?
- Belə boş-boşuna geri qayıda bilmərəm, ora qayıtmaq hər şeyə nöqtə qoymaq deməkdir. Qayıtsam, batıb qalacam orda.
- Sənin qaldığın yer o terror təşkilatı…
- “Boko Haram”
- Hə, o olan yerə yaxındır?
- Bir dəfə deyəsən, sənə danışmışdım, bizim şəhər Nigeriyanın müsəlman bölgəsiylə sərhəddədir, hücumlar olur, xüsusən də kəndlərə. İnsanlar ordan baş götürüb qaçmağa çalışırlar, çıxan bir də geri qayıtmır. Axşam havanın qaralmağıyla şəhərdə həyat ölür, evdən çıxmaq təhlükəlidir, yaşayış, iş-güc yoxdur. Mən bura gəlmək üçün min-bir əziyyət çəkmişəm, qayıtsam, belə imkan bir də ələ düşməyəcək. Ailəm üçün darıxıram, amma heç ailə üzvlərim də istəməzlər ki, mən bu qədər əziyyətdən sonra, bir fərsiz oğul kimi əllərimi ata-ata geri qayıdım.
- Bayaq sualıma cavab vermədin, Avropaya getmək məsələn necə oldu bəs?
- Dəfələrlə cəhd elədim, viza vermədilər. Evin, mülkün, bank hesabında pulun olmalıdır ki, mühacir getmədiyinə inansınlar. Yoxsa heç cür viza vermirlər.
- Həə, getmək xeyli çətinləşib. Axmaqdılar da, daha o qədər pul-para varsa, Avropanı neynirəm, şellənərəm də özümçün burda. Düz demirəm?
Karqbo başını tərpətdi. Fikri kənardakı masaya sürüşmüşdü: orta yaşlarında, sifətindən toxluq, rifah yağan bir avropalı yanındakı qızın belini qucaqlayıb nəsə danışırdı. Qız gözəl idi və xeyli özünəinamlı görünürdü, hayıl-mayıl olmuş sərxoş avropalı pozuq ingilis ləhcəsində danışır, qız da ahəstə-ahəstə ona nəsə başa salırdı, Karqbo ha diqqət eləsə də, səs-küydən nə danışdıqlarını eşidə bilmirdi. Qiymətmi danışırdılar? Qiymət danışana oxşamırdılar, qız deyəsən, elə avropalıyla bərabər gəlmişdi... Məkana səs-küylə daxil olan bir dəstə gənc Karqbonun diqqətini yayındırdı. İndi fikir verdi: sən demə, Elmar bayaqdan Avropadakı vəziyyətdən danışırmış. Oturduqları məkan köpüklü pivə parçlarının toqquşmasından, dodaqların arasından sürətlə üfürülən siqaret tüstülərindən, musiqidən, gülüşlərdən, qışqır-bağırdan asta-asta yırğalanırdı.
“Sevgilin vardı sənin, Cəmilə, bir yerdəsiz yenə?” – Elmar soruşdu.
Karqbo tutuldu, “biz ayrılmışıq, - dedi məyusca, - mən gedə bilmədim, amma Cəmilə Hollandiyaya getdi”.
“Doğurdaan, nə vaxt, necə oldu?!” – Elmar bu dəfə həqiqi təəccüblə soruşdu
“Nə bilim, belə alındı, qəfildən çıxıb getdi, heç bilmədim…”, - Elmar Karqbonun səsinin qırıldığını, qəhərini gizlətmək üçün pivə parçını götürüb iri qurtumlarla içdiyini gördü və yalnız indi fərqinə vardı ki, həmişə yaxşı geyinən Karqbonun paltarları nimdaşlaşıb, atletik bədəni sınıxıb, yanaqları içəri çöküb, gözlərinin ağları da bərələ qalıb.
“Dostum, deyəsən vəziyyət fırıqdı”, – Elmar dedi.
Karqbo zorla gülümsəməyə çalışdı, pivə parçını yenə başına çəkib, axıradək içdi. Nəsə demək istəyirdi, amma qəhərdən içi düyünlənmişdi, sözlər yol tapıb çıxa bilmirdilər. Elmar araya çökən sükutu doldurmaq üçün siqaret dənəsi çıxarıb filterini masaya döyəcləməyə başladı, yandırıb, dərin bir qullab alıb tüstüsünü halqalar şəklində çölə buraxdı. Karqbo yuxarı qalxdıqca çözələnib yoxa çıxan ağ zərrələrə uzun-uzun tamaşa etdi, ta o vaxta qədər ki, içinin düyünü açıldı, yığılıb qalan sözlər çölə fışqırdı:
“Plan qurmuşduq Avropaya birlikdə gedək. Əvvəlcə mən gedəcəkdim, arxadan da o gələcəkdi. Mən saysız-hesabsız viza müraciətlərindən sonra, gördüm leqal yolla getmək mümkün deyil, gərək mütləq bir maxinasiya eləyəsən. Bir tanış tapdım Almaniyada, çox inandırıcı danışırdı, deyirdi ki, kömək edəcək. Xeyli pul lazımıydı, gördüm başqa variantım yoxdur, başladım gecə-gündüz işləməyə. Əlavə tələbələr götürdüm. Bəzən heç çölə çıxmağa vaxtım olmurdu. Axırda pulu düzəltdim, lazım olan adamlara verdim. Amma yenə alınmadı, adamlar pulu alan kimi yoxa çıxdılar… Hədsiz pis olmuşdum, tamamilə ümidsizləşmişdim. Cəmilə isə mənə təsəlli verirdi, nəvaziş göstərirdi, deyirdi: üzünü asma, qalırıq da burda, pul yığıb yenə nəsə bir şey fikirləşərik.
Bir müddət beləcə keçdi, hər şey öz axarına düşdü. Günlərin birində axşam işdən çıxandan sonra, Cəmiləylə görüşdüm, getdik gəzdik, sonra apardım metroya evinə ötürməyə, öpüşüb ayrıldıq. Evə qayıdanda gec idi, Cəmiləyə “gecən xeyrə qalsın” mesajı yazdım, cavab gəlmədi. Fikir verməyib, yatdım. Səhər yuxudan duranda gördüm cavab yazmayıb. Günorta oldu, səs çıxmadı, axşam işdən çıxanda zəng elədim, telefonu qapalıydı. “Facebook”una girdim, gördüm deaktiv edib. Qız yoxa çıxmışdı əlli-ayaqlı... Bir gün, iki gün, üç gün keçdi üstündən, heç bir xəbər çıxmadı. Başımı itirmişdim, nə olduğunu anlamırdım, qorxurdum başına bir şey gələr, xəstələnər, köməyə ehtiyacı olar. Ağlıma dəhşətli şeylər gəlirdi. Yalnız onda başa düşdüm ki, mən onun ad-familyasından başqa, haqqında heç nə bilmirəm - bir onu bilirdim ki, mənə dediyinə görə, atası azərbaycanlı, anası rusdur...
Yollara düşüb onu axtarırdım, gündə 100 dəfə telefonuna zəng edirdim, nahaq yerə. Axırda elə bil başıma ildırım çaxdı, bir nəfər yadıma düşdü, Cəmilənin sinif yoldaşı. Tibb universitetinin həndəvərindəki apteklərdən birində işləyirdi, bir dəfə onun yanına dərman almağa getmişdik, ordan yadımda qalmışdı. Getdim qızı həmin yerdə tapdım. Heç düz-əməlli ingiliscə bilmirdi, bir təhər vəziyyəti başa saldım, dedi çalışar kömək eləməyə. İki gündən sonra mesaj yazıb, Cəmilənin işlədiyi yerin ünvanını verdi. Günortaydı, mesaj gələn kimi qaça-qaça getdim yazdığı ünvana. Elə ordaca öyrəndim ki, Cəmilə Hollandiyaya gedib, daha doğrusu köçüb… İş yoldaşı olan bir qız dedi mənə. Elə axırıncı dəfəki görüşümüzün səhərisi təyyarəylə uçubmuş. Əvvəlcədən məndən xəbərsiz hazırlıq görüb…”
Karqbo Elmarın siqaret qutusundan bir gilə götürüb əsəblə barmağında oynatmağa başladı. Ofisiant qız dolu pivə parçını onun qabağına qoydu. Karqbo pivəni başına çəkib yarıya qədər içdi.
“Başını ağrıtmıram ki?”, - Elmardan soruşdu.
“Yox, yox, ürəyini boşalt”, - dedi Elmar.
- Heç nə başa düşə bilmirdim. Təsəvvür elə, qızı evə yola salırsan, o sənə heyran-heyran baxır, gözlərini səndən çəkə bilmir, qollarını boynuna dolayıb səni öpür və bu demək olar, hər gün təkrar olunur. Sən də fikirləşirsən: hər necə də olsa, həyat gözəldir, ümidini itirməyə dəyməz, bu möhtəşəm qız səni sevir, sənə məxsusdur, qalan məsələlər də bir təhər düzələr. Sonuncu dəfə qatara minib gedəndən sonra isə, qız bir dəfəlik ilim-ilim itir, həyatından silinir, elə bil heç yerli-dibli olmayıb. Niyə belə elədiyini indiyəcən başa düşə bilmirəm...
- Əlaqəniz olmayıb o gedəndən?
- O, yaxın durmadı. İş yoldaşına dedim kömək eləsin, heç olmasa bir-iki kəlmə deyim, dəfələrlə xahiş elədim, amma qız sadəcə məni başından elədi. Bircə onu dedi ki, Cəmilə deyib viza alıb gəlsin bura, bu da yalan söhbət idi. Sonra öyrəndim, sən demə, Cəmilənin sosial şəbəkələrdəki hesabları dururmuş, sadəcə məni silibmiş hamısından, başqa hesablardan yazdım ona, cavab vermədi...
Səndən bir şey soruşum, sən o vaxt bir-iki dəfə bizlə vaxt keçirmişdin. Səncə, Cəmilə mənlə sadəcə vaxt keçirirdi, necə deyim, sadəcə artistlik eləyirdi, özünü fərqli göstərməkçün mənlə fırlanırdı?
- Belə yaxından tanımamışam axı, bir iki dəfə qısa vaxt keçirmişəm sizlə. Demək çətindir. Bir o yadımdadır ki, çox emosional qızıydı, dayanmadan deyib-gülürdü...
Amma Elmar heç olmasa, təskinlik vermək xatirinə dedi: “Dostum, dünya dağılmayıb ki. Gedib gedib dəə, cavan adamsan, bir başqasını taparsan, dünya qıznan doludur”.
- Məni yandıran bilirsən nədi, məntiqsizlik. Getmək istəyirdi, deyərdi gedirəm, qabağını kəsən deyildim ki. Adam niyə birdən elə yoxa çıxsın, niyə səni hər yerdən silsin?
- Sən məncə, boşuna məna axtarırsan. Bilmirsən bəyəm, onların beyinləri başqa cür işləyir... Sən onun dərdindən belə arıqlayıb-eləmisən? Xəbərin var özünnən? Başında bir quş yuvası çatışmır.
- Elə-belə şeydi, son vaxtlar biraz özümə fikir vermirəm...
- İncinmə, dostum, sənin xətrini çox istədiyimdən deyirəm: sən belə eləməklə təkcə özünə pislik eləyirsən. Bir qızdan ötrü adam özünü həlak eləməz.
- Sən başa düşmürsən… Bilirsən başqa şeylər var, onunla ikimizin arasında olan şeylər. Bunları sözlərlə izah eləmək çətindir. Biz bir-birimizə çox yaxın olmuşuq, sirlərimizi, ağrılarımızı bölüşmüşük, dəfələrlə göz yaşlarımız bir-birinə qarışıb. Mən əmindim ki, aramızda sevgi var. Sadəcə nəsə oldu, nəsə hadisə baş verdi. Bu qədər dağa-daşa düşməyimin səbəbi budur, bilmək istəyirəm ki, mənlə belə rəftar eləməyinə səbəb nə olub? Bircə bunu bilsəm, sakitləşərəm. O belə qəddarlıq, riyakarlıq edəcək qız deyildi. Onun ürəyi vardı, onu necə sevdiyimi bilirdi, bir şey olmasa, durduq yerdə həyatımı alt-üst eləməzdi. Nəsə Cəmiləni belə hərəkət eləməyə sövq edib. Yoxsa ki bir səbəb yoxdu, çünki mən ona həmişə yaxşı davranmışam, zərrə qədər də xətrinə dəyməmişəm...
- Bəlkə də xətrinə dəyməmisən deyə, belə eləyib.
- Necə yəni?
- Onlar bəzən gözləyirlər sevgililəri, ərləri, nə bilim məşuqları onların xətirlərinə dəysin, dəyməyəndə də, çıxıb gedirlər.
- Məzələnirsən?
- Yox! Sənə deyirəm onlarda baş başqa cür işləyir, inanmırsan! Qulaq as, gör nə deyirəm. Mənim bir xalam var, 50 yaşı olar, ərə gedən böyük qızı var. Amma xalam iki gündən bir gözüyaşlı bizə gəlir. Əri kobudun, köntöyün biridir. Tez-tez evdə dava-dalaş salır, arvada əl qaldırır, ağzına gələni deyir. Bu da onun əlindən gah qızıgilə, gah da bizə qaçıb gəlir. Tez-tez də bəyanatlar verir ki, boşanacam! Amma boşana bilməz, heç özü də istəmir bunu. Qonum-qonşudan ayıbdır, ya da yaş keçib deyə yox, sadəcə sevir! Mən bu yaxınlarda başa düşdüm ki, artıq saçlarına dən düşən, qız köçürdən bu qadın bəlkə də otuz ildir bu adamı sevir. Nə olsun adam kobuddur, köntöydür, axmağın biridir. Sən qadının ona necə qulluq elədiyini, onun sözlərinə necə qımışdığını, kişi guya xoş bir söz deyəndə necə həyacan keçirdiyini görsən, çaşıb qalarsan. Mən elə bilirdim eşq-məhəbbət kimi söhbətlər cavanlara məxsus şeydir, ötəri hissdir, keçib gedir. Xalamı görəndən sonra başa düşdüm yox, söhbət başqadır. Ona görə də, sən nahaq yerə məntiq-filan axtarırsan bunların hərəkətlərində. Xəbərsiz çıxıb gedibmiş. Gedib-gedib də, sən kefinə bax, dünyada hələ 3 milyarddan çox dişi var!
Masaya növbəti dəfə pivə parçları qoyuldu. Elmar pivənin təsirindən qızışmış, qadınların məntiqsiz məxluq olmaları barədə uzun bir monoloqa başlamışdı. Karqbonun isə fikri yenidən yan masaya yönəlmişdi. Bayaqkı avropalıyla qızın yanına tanışları gəlmişdi, indi hay-küylə sevincək halda nəsə danışırdılar. Karqbo gözlərini onlara zilləyib, fikrən çox uzaqlara gedib çıxmışdı... 12-13 yaşı vardı, toz-torpağın içində özü yaşda, elə özü kimi qaradərili uşaqlarla futbol oynayırdı. Kənardan oyunu izləyən, istedad axtarışında olan hansısa futbol klubunun skautları - iki avropalının gözünə girmək üçün uşaqlar özlərini həlak edirdilər. Karqbo ən yaxşı oynayanlardan sayılırdı, bəlkə də ən yaxşısı, amma elə ki, skautlar oyuna baxmaq üçün gəlirdilər, ayağı top tutmurdu, paslar ünvana çatmır, zərbələr ölüvay alınır, əfəlləşirdi, bilmirdi nəyə görə. Beləcə ondan futbolçu çıxmadı. Əvəzində isə böyüyəndən sonra, varlanmaq, pul qazanmaq eşqilə ömründə haqqında eşitmədiyi, adını düz-əməlli tələffüz eləyə bilmədiyi bir ölkəyə gəlib çıxdı. Ona demişdilər: Bakı yeni şəhərdir, varlı neft ölkəsinin paytaxtıdır, yaxşı çalışsa, əlaqələr qursa, babat pul qazana bilər. Amma heç nə alınmadı, uğursuzluğa düçar oldu. Sonuncu ölgün ümidlərini dikdiyi qarşısındakı yarısərxoş adamın da dünya-aləm vecinə deyildi, elə hey üyüdüb-tökürdü...
Karqbonun hövsələsi tükəndi, qadın cinsini yıxıb sürüyən Elmarı sakitləşdirib, hesabı ödəyib çölə çıxdılar.
Çöldə gözəl hava vardı, dumduru, soyuqtəhər qış gecəsi. İkisi də pivənin təsirindən ağırlaşmışdı, susqun-susqun mərkəzi küçəylə gedirdilər. Karqbo hiss elədi ki, Elmarla ciddi danışmağın vaxtıdır. Bilmirdi necə başlasın, amma tərəddüdü kənara qoyub birbaş dedi: “10 000 dollar olsaydı, hər şey şey fərqli olardı, cəmi onca min dollar...”
“Necə bəyəm?”, - Elmar soruşdu.
“Bu pul əlimdə olsaydı, Türkiyədən ucuz pal-paltar alıb, aparıb Nigeriyada satardım. Orda ehtiyac var, camaat taraş eləyər paltarları. Təyyarəylə iki-üç belə reysdən sonra əməlli pul qazanmaq, özünü tutmaq olar”, - Karqbo bunu deyib yandan sınayıcı nəzərlərlə Elmarın üzünə baxdı. Bilirdi ki, onun atası hansısa bizneslə məşğuldur, Elmarın da əli həmişə pulla oynayardı, onu inandıra bilsəydi, xilas olardı.
“Mənim tanışlarım var bu işnən məşğul olan, - Karqbo dilləndi, - onlar da kömək eləyəcəklər, amma pul tapa bilmirəm. Cəmi onca min...
- Bu, az pul deyil amma, - Elmar dedi.
- Bilirəm, ancaq bu, yüz faizlik qazanclı işdir, qısa zamanda o 10 mindən yüz min çıxarmaq olar!
Elmar reaksiyasız idi və Karqbo daha da cürətli olmağa qərar verdi: “Bəlkə sənlə ikimiz girişək bu işə?”
- Mənlə?
- Dostum, sən məni tanıyırsan, etibar edə bilərsən mənə, bütün yükü, qara işi mən öz üzərimə götürürəm, sən sadəcə yatırım edəcəksən və pul qazanacaqsan. Etibarlı olsun deyə, işi sənədlə, qanunla görərik... Bilirsən, sənə danışdım hər şeyi. Bu mənim axırıncı şansımdır, oturum müddətimi yəqin daha artırmayacaqlar. Həm də artırsalar da artıq burda qalmağım mənasızdır, iş yoxdur, pulu da dollara çevirəndə heç nə edir. Səndən başqa, tanıdığım adam da yoxdu müraciət eləməyə. Ona görə də sənə ağız açıram. Mənə kömək eləsən, mütləq əvəzini çıxaram, cəmi on min dollar lazımdır, bu pul əlimdə olsa... mənə kömək edəcəklər, söz veriblər...
Elmar yerində donub qalmışdı, bir neçə andan sonra özünə gəldi və Karqboya “Mənim pulum yoxdu axı, hardan verim?, - dedi: Ölkədəki vəziyyəti bilmirsən məgər? Atam bankrot olub, kreditorların, borc verənlərin əlindən boğaza yığılmışıq. İnanırsan, hər gün nə qədər adam zəng edib pul istəyir, hədələyirlər, evimizdə dinc otura bilmirik... Pulum olsaydı, bəlkə fikirləşmək olardı. Sənə inanıram inanmağına, dostluq eləmişik, tanıyıram səni, amma imkan yoxdur həqiqətən... Həm də pul bir tərəfə, bu işin özü də riskli məsələyə oxşayır axı, yol uzaqdı, sən özün də heç vaxt belə iş görməmisən...
- Mən özümə arxayınam, Elmar. Bu işi yüz faiz alındıra bilərəm, mənə kömək eləməyə söz verən adamlar var.
- Bəs onlar da səni Avropaya getməyə söz verən tanışların kimi aldatsalar necə?
- ... yox, yox. Nə danışırsan, bunlar başqa adamlardı, neçə illik dostlarımdı!
- Bağışla, dost, heç cür kömək eləyə bilmərəm. Çox istərdim, amma mümkün deyil...
- ...əgər səndə alınmırsa, məsləhət görəcəyin başqa bir tanışın varmı?
- Adam?? Yox, belə bir tanışım yoxdu.
- Kaş kömək eləyən bir adam olaydı, qalanı rahatdı, tanışlarım var, kömək edəcəklər, sadəcə maya lazımdı...
Karqbo beləcə uzun müddət Elmarı inandırmağa çalışdı, amma nə qədər dil töksə də, xeyri olmadı. Axırda Elmarın bezikmiş, hövsələsiz sifətini gördükdə, hər şeyi anladı, niyyəti gerçəkləşməyəcəkdi, israr etməklə sadəcə özünü gözdən salırdı. Çoxdan bəri fikrində olan bu ideya indi ona o qədər bəsit, axmaqca gəlirdi ki, bu söhbəti açdığına görə özündən zəhləsi gedirdi... Gör saf-saf nələr düşünübmüş, ona durduq yerdə 10 min dollar versinlər, o da gedib pul qazansın, elə bil hansı dünyada yaşadığını unudub...
Karqbo pərt halda Elmara “dediklərimi yaddan çıxar, elə bil heç belə şey deməmişəm”, - deməkdən başqa bir şey edə bilmədi.
Aralarına dəmir pərdə kimi ağır sükut çökmüşdü. Amma Elmar cəld tərpəndi, pərtliyi aradan qaldırmaq üçün gedib hardasa əylənməyi təklif elədi.
“Eternity” adlı bir gecə klubuna gəlib çıxdılar. Karqbo Bakıya təzə gələndə burada olmuşdu, ona görə də bu məkanın mahiyyətini yaxşı bilirdi, indi sadəcə içəri genişlənmiş, interyer-dizayn dəyişmişdi. İçəridə onlarla yarımçılpaq fahişə oturur, durur, gəzir, oynayır, kokteyl içir, özünü gözə soxur, müştəriylə qiymət danışırdı, hara baxırdın yarımçılpaq bədənlər görürdün. Kimisinin sifəti sırtılmış, kimisininki donuq, bir başqasının çöhrəsindən isə məsumluq yağırdı, hələ təzəydi. Aralarında çirkinləri də vardı, gözəlləri də. Elmar qonaq eləyirdi, Karqbo hansını istəsə seçə bilərdi... Karqbo bura ilk dəfə gəldiyi günü sanki dünənmiş kimi xatırladı. Bakıya təzəlikcə gəlib düşdüyü günlər idi, köksündə reallaşdıracağı xəyallar rəngarəng kəpənəklər kimi uçuşurdu. O, klubda qədəh-qədəh cin-tonik içib məst olmuş, doyunca rəqs eləmiş, sonra da diqqətlə seçdiyi üzü sırtılmamış totuq-motuq bir qızla evinə getmişdi...
Arxa tərəfdə Elmar əvvəldən tanıdığı bir qızla möhkəm söhbətə girişmişdi, gözləyirdi Karqbo seçimini eləsin, çıxıb lazım olan yerə getsinlər. Dəri divanda oturub boş-boş qarşısına baxan Karqbonun isə ürəyi sıxılırdı, sanki gözəgörünməz qorxunc bir bədheybət çiyninə dırmaşıb onun xıncımını çıxarırdı... Cəmiləni, bəlalı məhəbbətini anımsayırdı. Bir dəfə Elmar, Cəmilə və özü yol gedirdilər. Elmar telefonda qurdalanırdı. Birdən Cəmiləyə nədənsə hərf sözünün ingiliscəsi lazım oldu, Karqbodan soruşdu. Belə bir asan kəlməni isə həmin an o, xatırlaya bilmədi, karıxmışdı, sözün ingiliscəsini heç cür yadına sala bilmirdi. Onda Cəmilə Elmardan soruşdu: “İngiliscə hərfə nə deyirlər?” Elmar dərhal cavab verdi: “letter”.
“Mənim ingilis dili müəllimimə bax, tələbəsi ondan yaxşı bilir, hahaha”, - Cəmilə açıq ironiya ilə irişdi.
Karqbonun bu ironiyadan ovqatı çox pis təlx oldu, Cəmiləyə heç nə demədi, amma möhkəm incimişdi. Yadındadır, acığından yata bilməmişdi həmin gecə.
Bu axmaq xatirə indi hardan peyda olmuşdu?..
Onun içi içini gəmirirdi, köksündə yekə bir qara dəlik vardı. Qarşısındakı qədəhdəki tünd viski, içdiyi parç-parç pivələr, ətrafındakı çılpaqlıq, təbəssümlər, işvələr də onu ovuda bilmirdi... Karqbo gödəkcəsini götürüb, Elmardan xəbərsizcə çölə çıxdı və tələsik addımlarla ara küçələrdə qaranlığa qarışdı...
***
10 gündən sonra Karqbo artıq təyyarənin göyərtəsindəydi. Pəncərə tərəfdə oturmuşdu. Əlini çənəsinə dayaqlayıb, hissiz-hissiyatsız çölə baxırdı. Buludlu bir qış günü idi deyə, hər yana cansıxıcı bir bozluq hopmuşdu - insan dünyaya baxmaq istəmirdi.
Birazdan təyyarə hərəkətə gəldi. Qəribədir, təyyarənin tərpənməsi Karqboya qeyri-adi hadisə təsiri bağışladı, sanki ona minəndə uçacağına inanmamışdı, sanki hansısa bir möcüzə baş verməli, təyyarə yerindən tərpənməməliydi, lakin o, nəinki tərpəndi, hətta yavaş-yavaş sürətini maksimuma çatdıraraq göyə qalxdı. Karqbo çaşmışdı, istədi ayağa qalxıb nəsə eləsin, hay-küy salsın, təyyarəni aşağı endirsin: bəlkə bütün şanslarından istifadə etməmişdi, bəlkə yenə də nəyəsə cəhd eləmək olardı?!.. Amma ağlından bu fikirlər keçsə də, o, yerindən qımıldanmadı, bu düşüncələr beynində bir qığılcımtək yanıb söndülər... O, əlini çənəsinə dayaqlayıb eləcə oturmuşdu, elə bil əlini çəksə, başı qucağına düşəcəkdi.
Təyyarə sanballa göyə qalxmağa davam edirdi. Karqbonun gözlərinin qarşısında evlər, binalar, maşınlar, tək-tük çılpaq ağaclar kiçilir, yavaş-yavaş balacalaşıb yoxa çıxırdılar. Birazdan qırçınlı don kimi yırğalanan nəhəng dəniz göründü, ağ köpüklü ləpələr inssiz-cinssiz sahillərə, xırda çılpaq təpələrə çırpılırdı. Karqbonun ağzında acı bir tam vardı - boğazına daş kimi bərk qəhər yığılmışdı. O, aşağı baxırdı - boz, bulanıq, ümidsiz ənginliyə. Qəfildən o heç nə görmədi - dəniz, sahil və təpəliklər qaramtıl bulud təbəqəsinin altında yoxa çıxdı. Karqbo gözlərini yumdu...
Cavid Ramazanlı